Məhkəmə qərarları › İş №2-1(112)-11282/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11282/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11282/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun cavabdeh Vəkillər Kollegiyasına qarşı “vəkillər kollegiyasına qəbul edilmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun cavabdeh Vəkillər Kollegiyasına qarşı “vəkillər kollegiyasına qəbul edilmə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər Vəkillər Kollegiyasının üzvü olmuş, yenidən Kollegiyaya qəbulla bağlı müraciət etmiş, lakin müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir. Belə ki, o, uzun müddət məsul vəzifələrdə işləmiş, hakim və məhkəmə sədri olmuş, 10 illik müddət üzrə də Vəkillər Kollegiyasının üzvü olmuşdur ki, onun qiymətləndirilməsinin qeyri-məqbul hesab edilməsi əsası mövcud olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş 11 iyun 2024-cü il tarixli çıxarışından görünür ki, iddiaçının bilik səviyyəsi, hüquqi nəticələr çıxarmaq qabiliyyəti və ümumi dünyagörüşü üzrə aparılmış qiymətləndirməsi nəticəsində şifahi imtahan nəticəsi qeyri-məqbul hesab edilərək üzvlüyə qəbuldan imtina edilmişdir. Vəsiqədən görünür ki, iddiaçı müharibə veteranı statusundadır. Şəhadətnamədən görünür ki iddiaçının soyadı Zeynalovdan Məmmədova dəyişdirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Maddə 4. Vəkillik fəaliyyəti İ. Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Maddə 8. Vəkil İ. Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Maddə 13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər X2, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2nə müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Vİİİ. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İX. İxtisas imtahanının qaydaları Vəkillər X2 tərəfindən müəyyən edilir. X. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının Əsasnaməsi”nin 1.1. Bu Əsasnamə vəkilliyə namizədlərin nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmış Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının (bundan sonra mətn üzrə - Komissiya) fəaliyyətini tənzimləyir. 3.1. Komissiya vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədilə Rəyasət Heyətinin müəyyən etdiyi qaydalara uyğun ixtisas imtahanı keçirir Vəkillər Kollegiyası üzvlüyünə X4 X1”nın: “Vəkillər Kollegiyası Üzvlüyün X4 X1”nın: 2.1. İxtisas imtahanları Vəkillər X2 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X2, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 5.5. Komissiyanın qərarı ilə şifahi müsahibə videokonfrans formatında keçirilə bilər. 6.1. Şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinindigər dövriliyi də müəyyən edilə bilər. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə əvvəllər vəkil kimi fəaliyyət göstərmiş, eləcə də hakim kimi fəaliyyət göstərmiş iddiaçının Vəkillər Kollegiyası üzvlüyünə yenidən təyin edilməli olub-olmaması ilə əlaqədardır ki, iddiaçı keçmiş hakim kimi peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə birbaşa- test imtahanına cəlb edilmədən şifahi müsahibəyə cəlb edilmiş, şifahi müsahibə nəticəsində isə şifahi imtahan qeyri-məqbul kimi qiymətləndirilərək Kollegiya üzv qismində qəbulundan imtina edilmişdir. Yuxarıda göstərilən normativ aktların tələblərindən də göründüyü kimi namizədin peşə yararlılığının müəyyən edilməsi, bu istiqamət üzrə namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsi İxtisas Komissiyasının səlahiyyəti daxilindədir. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “qeyri-məqbul” kimi də qiymətləndirilə və bu barədə protokolda müvafiq qeyd aparılmaqla müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməyə bilər ki, məhkəmə hesab edir ki, İxtisas Komissiyası tərəfindən iddiaçıya münasibətdə aparılmış qiymətləndirmə nəticəsində qeyriməqbul qiymətləndirməyə münasibətdə hər hansı pozuntu halına yol verilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə baxışı həyata keçirilmiş şifahi imtahan müsahibəsinin gedişatını əks etdirən video-görüntülərlə də iddiaçının imtahan nəticəsi üzrə qeyri-məqbul qiymətləndirmənin qanuniliyini istisna edən hər hansı hal da aşkar edilməmişdir. Belə ki, AR İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Qeyd olunmalıdır ki, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində yalnız məcburetmə haqqında iddialarla bağlı təsbit olunan, lakin nəzəri cəhətdən mübahisələndirmə haqqında iddialara da şamil oluna bilən qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hər iki hal üçün başlanğıc nöqtəsi sözügedən hallara şamil edilən və müvafiq normalarda təfsirə ehtiyacı olan dispozisiya şərtləridir. Qiymətləndirmə azadlığına dair ən vacib misallardan biri qismində də hazırkı halda olduğu kimi imtahanla bağlı qərarları göstərmək olar. Məhkəmə təcrübəsində imtahan komissiyalarının qiymətlərin verilməsi zamanı yalnız məlum faktlar əsasında və xüsusi imtahan situasiyası nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması baxımından yoxlanıla bilən qiymətləndirmə azadlığı tanınır. Nəzərə alınmalıdır ki, məhkəmə qiymətləndirmə azadlığının həyata keçirilməsi məsələsinə münasibətdə inzibati orqanın bütün imtahan iştirakçılarına bərabər imkanlar yaradıb-yaratmadığını və ümumi inzibati praktikaya riayət edib-etmədiyini də qiymətləndirməlidir. Mövcud inzibati praktika heç bir səbəb olmadan iştirakçıların xeyrinə və ya ziyanına dəyişdirilə bilməz. Məhkəmə də hesab edir ki, hər nə qədər məhkəmə hüquq sisteminin tərkib hissəsi olsa da, Vəkillər Kollegiyasına üzvlüyə qəbul edilmə meyarlarının, eləcə də vəkilliyə namizəd olan şəxslərin peşə yararlılığının yoxlanılması spesifik təkcə hüquqi biliklərin mövcudluğundan asılı olmayan qiymətləndirmə tələb edir və həmin qiymətləndirməni məhkəmə özünü aparmamalıdır. Qeyd olunan hal isə hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı çərçivəsində qəbul etdiyi qərarın legitimliyinin yoxlanılmasını zəruri edir ki, həmin yoxlama zamanı inzibati orqanın məhz qiymətləndirmə azadlığı çərçivəsində hərəkət etdiyi qəbul edilmiş qərarın göstərilən səbəblərdən yoxlanılmasının fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı isə, istər video-materiallar, istərsə də protokoldan çıxarış əsasında qiymətləndirmə azadlığı çərçivəsində aparılan qiymətləndirilmənin qanuniliyi müəyyən edilir. Yoxlama, video-materiallardan da göründüyü kimi yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq 30 dəqiqəyədək müəyyən edilmiş həddə, hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar iddiaçıya ünvanlanmış, yekun nəticə isə qeyri-məqbul hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar