Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11286/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “putyovkalarla (yollayışlarla) təmin olunma” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “putyovkalarla (yollayışlarla) təmin olunma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə 08 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı ehtiyatda olan mayordur. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir. 10 oktyabr 1993-cü ildə döyüşdə hər iki ayağından, böyrəyindən çoxsaylı qəlpə yarası almışdır. Dörd ay müalicədən sonra öz xahişilə hərbi xidmətini davam etdirmişdir. Səhhətilə bağlı hərbi xidmətə “Yararsız” kimi 2007-ci ilin sentyabr ayında istefaya buraxılmışdır. xx.xx.2007-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup “əmək qabiliyyətsiz” əlillik təyin edilmişdir. Müharibə zamanı aldığı travma ilə əlaqədar hər il 1993-cü ildən 2007-ci ilədək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında, 2007-ci ildən hal-hazıradək müxtəlif səhiyyə müəssisələrində daima müayinə və müalicə olunur. Sol və sağ ayaqlarından aldığı qəlpə yaralarından, çanaq sümüyündə qalan qəlpələrdən, böyrək və əsəb xəstəliklərindən daima əziyyət çəkir. Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etmişdir, lakin imtina cavabı almışdır. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır, bununla razı deyil. Belə ki, o, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir və onun sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunması qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AESdə qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarına əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyə görə pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Qeyd edilən Qərarla təsdiqlənmiş qaydalara əsəsən hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün üçün putyovkalarla (yollayışlarla) təmin olunması Nazirliyin səlahiyyətləri xaricindədir. İddiaçı “putyovkayla təmin edilmə” tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Göründyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçudur. Ona TSEK-in müvafiq qərarı ilə xüsusi səbəblərdən- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı və məqsədi istefaya buraxılmış hərbi qulluqçu kimi sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmasına yönəlmişdir. Bununla bağlı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı məhkəmədə iddia qaldıraraq müvafiq öhdəliyin həmin qurumun üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin mümkünlük şərtləri ödənilmir. Belə ki, iddiaçı tələbini düzgün cavabdehə qarşı yönəltməmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 29-cu maddəsinə əsasən, əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar. ““Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli qərarının 4.1-ci bəndinə əsasən, əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyası tərəfindən tərtib edilmiş X3 nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar. Həmin qərarın 4.3-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlillik səbəbindən asılı olmayaraq əlilliyə görə əmək pensiyası almaq hüququ olan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci bəndinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının (yollayışlarının) qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların (yollayışların) qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyə görə pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir və putyovkalarla (yollayışlarla) sonuncu xidmət keçdikləri orqan tərəfindən təmin olunurlar. Həmin Qaydaların 4-cü bəndinə əsasən, sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsini almaq üçün hərbi qulluqçular tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini müvafiq orqana təqdim etməklə növbəyə götürülərək putyovkalarla (yollayışlarla) təmin olunurlar. Həmin Qaydaların 5-ci bəndinə əsasən, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkaları (yollayışları) almaqdan ötrü hərbi qulluqçular ərizələrini müvafiq orqana təqdim edib növbəyə götürülməklə təmin olunurlar. Yuxarıda göstərilən normaların tələblərindən görünür ki, mövcud qanunvericilik hərbi qulluqçulara münasibətdə sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsini almaq, habelə pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmalarını onların sonuncu xidmət keçdikləri inzibati orqanın səlahiyyətlərinə aid etmişdir. Hazırkı halda iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, habelə əlilliyə görə əmək pensiyası alan ehtiyatda olan hərbi qulluqçudur. İddiaçının sonuncu xidmət yeri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olduğundan, müvafiq putyovkalarla (yollayışlarla) təmin olunmaq məqsədilə həmin orqana müraciət etmək hüququna malikdir. Müraciətin təmin edilməməsi və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hərəkətsizliyə yol verilməsi hallarında isə iddiaçı pozulduğunu ehtimal etdiyi hüquqlarının müdafiəsi məqsədilə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia ilə müraciət edə bilər. Beləliklə aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məqsədinə nail olmaq üçün əlverişli iddia növündən istifadə etmədiyindən, eləcə də Sosial Xidmətlər Agentliyi hazırkı iddiaya cavab verməli olmayan orqan olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, habelə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Ali Məhkəmənin iddianın mümkünlüyü ilə bağlı Plenum qərarında göstərilir ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.2-3.3-cü bəndlər). Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası növünə aid olduğundan əvvəlcə müvafiq tələb üzrə cavabdehə müraciət edilməsi şərtinə tabedir. Başqa sözlə, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bu baxımdan indiki vəziyyətdə iddiaçıya cavabdehin əvəz edilməsinin təklif edilməsi və nəticədə iddiaçının bu təklifi qəbul edərək cavabdehin əsl cavabdeh AR Müdafiə Nazirliyi ilə əvəz edilməsinə razılıq verəcəyi təqdirdə belə işə mahiyyəti üzrə baxılması üçün əsas yaranmayacaqdır. Çünki bu halda, yeni cavabdehə qarşı da ilkin müraciət şərtinin yerinə yetirilməsi tələb olunur. İddiaçı tərəfindən isə AR Müdafiə Nazirliyinə qarşı müvafiq tələb üzrə əvvəlcədən müraciət edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırkı qərardadda müvafiq hüquq təkliflər verilməklə iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan, işin hallarının tərəflərlə müzakirə edilmədən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi düzgün olmayan cavabdehə yönəldildiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11286/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11286/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver