Məhkəmə qərarları › İş №2-1(112)-11301/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11301/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11301/2021 03.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “R.N. X5 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “R.N. X5 Biznes” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarına əsasən iddiaçı “R.N. X5 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin İyul 2020 - Avqust 2021 tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarı aşağıda qeyd edilən xüsusatlara əsasən vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, “R.N. X5 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin, yoxlama əhatə olunan vergi dövrü İyul 2020 - Avqust 2021. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən hallarda keçirilə bilər. Həmin hallardan biri də (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Göründüyü kimi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edildiyindən iddiaçı vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 15-ci bəndinin tələblərinə əsasən, vergi ödəyicisinin hüquqlarına istinad edərək, vergi orqanında olan və müəssisənin vergitutma obyektinin gizlədilməsi əlamətləri hesab edilən, mənbəyi bəlli olan məlumatların vergi ödəyicisi olaraq, müəssisəyə təqdim edilməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsidən həmin məlumatları ala bilməmişdir. İddiaçı “İnzibati icraat haqqında’' Qanunun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişdir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Yəni vergi orqanı tərəfindən iddiaçının qeyd olunan hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən iddiaçının vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququ vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, qanunvericiliyin tələblərinə əsasən şəxs pozulmuş hüquqlarının, qanunla qorunan maraqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı qanunvericiliyə zidd olaraq, onun üçün heç bir öhdəlik yaratmayan, yəni hüquqlarına və qanunla qorunan maraqlarına toxunmayan məsələlərlə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36, 38-ci maddələri ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir. İddianın mahiyyəti ilə bağlı bildirir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqandır. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. İddiaçının növbədənkənar vergi yoxlamasının hansı mənbəyi bəlli olan məlumata əsasən keçirilməsinin məlum olmaması və yoxlamanın keçirilməsi ilə bağlı dəlillərinə dair bildirir ki, cavabdeh orqana Beynəlxaq Vergitutma və Vergi Monotorinqi Baş İdarəsinin xidməti məktubuna əlavə edilmiş vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyi, həmçinin vergilər və diğər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi səbəbindən və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 04.10.2021-ci il tarixli **********150306 nömrəli Qərar çıxarılmış və yoxlama hal-hazırda davam edir. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilməsi nəzərdə tutulan yoxlamalar barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş və sonuncu da öz növbəsində yoxlayıcı orqan olan cavabdeh tərəfindən iddiaçıda İyul 2020 - avqust 2021-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilməsi barədə çıxarış vermişdir. Qeyd olunanlara əsasən cavabdehin 04.10.2021-ci il tarixli **********150306 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia tələbi tamamilə əsassızdır və iddiaçı tərəfindən irəli sürülmüş tələbin dəlilləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Göstərilənlərə əsasən iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “R.N. X5 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: İyul 2020 - Avqust 2021. İş materiallarında olan 04.10.2021-ci il tarixli (yoxlama kodu: KY2********) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür: yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: “R.N. X5 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********); yoxlamanın müddəti (başlama, sona çatma tarixi) 05.10.2021-17.11.2021; yoxlanılan dövr - 01.07.2020-01.09.2021; yoxlamanın predmeti və hüquqi əsaslar: Vergi qanunvericiliyinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla) [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,11.07.2000. Maddə 38]; yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin ediilməsi üçün əsas: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5; Yoxlamanın müddətinin artırılması: 17.11.2021 tarixindən 29.12.2021 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununun: 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin: 1.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.4-cü maddəsinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci maddəsinə əsasən Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. 1.8-ci maddəsinə əsasən Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarına əsasən “R.N. X5 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə İyul 2020 - Avqust 2021 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərar qəbul edilərkən keçirilməsi nəzərdə tutulan yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması təmin edilməmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmamışdır. Belə ki, mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qeyd olunmuşdur, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə növbədənkənar yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (Vergi Məcəlləsi, maddə 38.3.5) göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarla təyin edilən yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, reyestrdə aparılan qeydiyyat qərarda göstərilən yoxlama ilə əlaqədar deyildir, qərarla təyin edilən yoxlama Reyestrdən çıxarışda göstərilən yoxlama ilə uyğun deyildir, tamamilə fərqlənir, göstərilən yoxlama Reyestrdən çıxarışda qeyd edilməmişdir. Reyestrdə qeydiyyata alınmadan yoxlamanın təyin edilməsi isə qanunsuz və əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi halda növbədənkənar vergi yoxlamasının keçirilə bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə göstərilən əsas (vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi) qeyd olunan normada nəzərdə tutulmamışdır. Qeyd olunan normada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün belə bir əsasın müəyyən edilmədiyi halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi isə qanunsuz və əsassızdır. Bundan başqa, mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, həmin maddəyə uyğun olaraq cavabdeh vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təyin edilən yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı və bununla əlaqədar Reyestrdən çıxarış alınmadığı üçün (qərarla təyin edilən yoxlama Reyestrdən çıxarışda göstərilən yoxlama ilə uyğun deyildir), habelə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün qeyd olunan əsas nəzərdə tutulmadığı halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi üçün göstərilən hallar iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir və iddiaçı qeyd olunan əsaslarla növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarı mübahisələndirə bilər. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “R.N. X5 Biznes” MMC barəsində tərtib edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150306 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar