Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11347/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İddia tələbim təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təsdiq edilmiş layihəyə uyğun dövlət reyestrində qeydiyyata alınaraq, İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 noyabr 2021-ci il tarixli 2-1(112)-11347/2021 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi, 12 yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı adına xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Qeyriyaşayış sahəsində yenidənqurma işləri aparılmış, yenidən qurulmuş daşınmaz əmlakın istimarına Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən HS/18 saylı xx.xx.2017ci il tarixli icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin layihəsi qanuna müvafiq şəkildə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinə adına çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, imtina məktubu ilə bildirilmişdr ki, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş və İstismara İcazə sənədi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanında yerləşən qeyriyaşayış sahəsinin təsdiq edilmiş layihəyə uyğun dövlət reyestrində qeydiyyata alınaraq, onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyriyaşayış binasının tikintisinə icazə sərəncamı təqdim edilməmiş, tikinti obyektinin istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və qeyri-yaşayış binasının faktiki vəziyyətinə uyğun tərtib edilməmişdir. Həmçinin, texniki pasportun baş planına əsasən torpaq sahəsi genişləndirilmişdir və bəzi tikililər həmin əlavə torpaq sahəsində inşa edilmişdir. Bundan əlavə, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xətti və su boru xətti keçir. Cavabdeh əlavə olaraq bildirir ki, B, C, D, E, G, H, tikililərinin ümumi sahəsi layihəyə əsasən 1142,4 kv.m olsa da, faktiki olaraq 1357,0 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********57 saylı, xx.xx.2021 -ci il tarixli və **********26 saylı, xx.xx.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanda istifadədə olan 0.011164 ha torpaq sahəsində yerləşən 1/2 mərtəbəli, 856,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1153 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi 12 ünvandakı əmlak kompleksinin yerləşdiyi 4240.9 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair 12 oktyabr 2021-ci il tarixli, 894 №li icarə müqaviləsi bağlanmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı İcra Hakimiyyətinin Başçısına və İddiaçı ünvanlanan xx.xx.2017-ci il tarixli, 18/03-8/1271 saylı məktubdan görünür ki, Suraxanı İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, M-57 saylı müraciət məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanında yerləşən (Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il, ******* saylı çıxarış) qeyri-yaşayış obyektinə bitişik tikilmiş mövcud 1-ci və 2-ci mərtəbə sahəsində dair memarlıqplanlaşdırma həllinə baxıb ("xxxx" MMC-nin işi, memar F.Həsənov) müstəsna hal olaraq razılaşdırıldığı bildirilmişdir. -Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanında yerləşən yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsinin surətindən görünür ki, İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. -Azərbaycan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1271 saylı razılaşması əsasında İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanda yerləşən ümumi sahəsi S=1394.60 m2, tikintialtı sahəsi S=1128.7 m2, həcmi V=5764.0 m2 sahədən ibarət İ və İİ mərtəbəli qeyri-yaşayış binasının tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarət, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edən Ö/002248№li 30 may 2018-ci il tarixli tikintinin istismarına hazırlıq Aktı verilmişdir. - 17 iyul 2017-ci il tarixli Tikinti obyektinin istismarına İcazə sənədindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən 1394.6 kv.metr sahədən ibarət 1 və 2 mərtəbəli tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzə alınaraq 17 iyul 2017-ci il tarixdən qeyri-yaşayış sahəsinin istismarına İddiaçı icazə verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 28 yanvar 2021-ci il tarixli, 213020 203657 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə baxılaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi tikintiyə icazə sərəncamının olmamasına dair dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintiyə icazə sərəncamının deyil, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1271 nömrəli məktubu tikintiyə icazə verilməsinə dair inzibati akt kimi qəbul edilməlidir. Belə ki, məhkəmə təcrübəsində digər işlərlə bağlı (yuxarı instansiya məhkəmələrində) tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən qüvvədə olan qanunvericilikdə hər hansı məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilməli olan inzibati akt qəbul edilmədikdə və həmin inzibati orqanın qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini məktubda göstərdiyi hallarda həmin məktub inzibati akt kimi qiymətləndirilir. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə cavabdehin imtinasının əsaslarından biri kimi istinad etdiyi qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin və su boru xəttinin keçməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbi baxımından cavabdehin istinadı hazırkı mübahisəyə münasibətdə əsaslı hesab edilə bilməz. Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Müddəalar torpaq sahəsinin ayrılmasınadək mövcud olmuş vəziyyətə münasibətdə tətbiq edilir. Hazırkı halda, yüksək gərginlikli elektrik xətti quraşdırılarkən, üzərində hüquqların qeydə alınması iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi artıq iddiaçının istifadəsində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanda inşa edilən 1/2 mərtəbəli, 856,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının tanınması onu deməyə əsas verir ki, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.11 -ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Beləliklə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum olur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanda istifadədə olan 0.011164 ha torpaq sahəsində yerləşən 1/2 mərtəbəli, 856,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən qeyd olunan ünvanda yerləşən əmlak kompleksinin yerləşdiyi 4240.9 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair 12 oktyabr 2021-ci il tarixli, 894 №li icarə müqaviləsi bağlanmış, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Suraxanı İcra Hakimiyyətinin Başçısına və İddiaçı ünvanlanan xx.xx.2017-ci il tarixli, 18/03-8/1271 saylı məktuba əsasən Suraxanı İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, M-57 saylı müraciət məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanında yerləşən (Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il, ******* saylı çıxarış) qeyri-yaşayış obyektinə bitişik tikilmiş mövcud 1-ci və 2-ci mərtəbə sahəsində dair memarlıq-planlaşdırma həllinə baxıb ("xxxx" MMC-nin işi, memar F.Həsənov) müstəsna hal olaraq razılaşdırılmış, qeyri yaşayış binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, Azərbaycan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1271 saylı razılaşması əsasında ümumi sahəsi S=1394.60 m2, tikintialtı sahəsi S=1128.7 m2, həcmi V=5764.0 m2 sahədən ibarət İ və İİ mərtəbəli qeyri-yaşayış binasının tikintiquraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarət, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edən Ö/002248№li 30 may 2018-ci il tarixli tikintinin istismarına hazırlıq Aktı verilmiş, 17 iyul 2017-ci il tarixli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzə alınaraq 17 iyul 2017-ci il tarixdən qeyri-yaşayış sahəsinin istismarına İddiaçı icazə verilmişdir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Günəşli enişi, 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-11347/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11347/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver