Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1135/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Azərbaycan Respublikasının X2” publik hüquqi şəxsinin nümayəndəsi (vəkili) Vəkil və X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X2” publik hüquqi şəxsinə qarşı “çap subyektinin media reyestrinə daxil edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək: -"Dəryaz" qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması -İddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusu tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuş, ünvan 1 ünvanda yaşayır, "Dəryaz" qəzeti çap mediası subyektinin təsisçisi və baş redaktorudur. "Dəryaz" qəzeti çap mediası subyekti 2003-cü il tarixdən fəaliyyət göstərir. İddiaçı 22 dekabr 2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 26 sentyabr 2022-ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müraciət etmiş, fiziki şəxs kimi təsisçisi olduğu "Dəryaz" qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsini xahiş etmişdir. Cavabdeh 29 dekabr 2022-ci il tarixdə müraciəti əsasında reyestdə qeydiyyatdan imtina haqqında qərar qəbul edib. Cavabdeh qeydiyyatından imtina edilməsi haqda qərarında Qanunun 74.1.3cü, 13.1-ci və 13.2-ci maddələri ilə və Fərmanın 6.5.3-cü yarımbəndinə istinad edib. Cavabdehin imtina qərarı qanunsuz olduğu üçün 10 aprel 2023-cü il tarixdə yenidən təsisçisi olduğu media subyektinin Media Reyestrində daxil edilməsi üçün müraciət etmişdir. Cavabdeh 13 aprel 2023-cü il tarixdə müraciəti üzrə yeni qərar qəbul edib, həmin qərarla təsisçisi olduğu media subyektinin reyestdə qeydiyyatından imtina edib. Qərar birinci qərarın təkrarı idi, hər hansı başqa əsaslar göstərilməmişdi. Cavabdehin təsisçisi olduğu "Dəryaz" qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsi haqda imtina qərarını aşağıdakılara görə qanunsuz sayır. Hesab edir ki, məhkəmə cavabdehin üzərinə sahibi olduğu çap və onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyi qoyan, eləcə də iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 19-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququnun pozuntusunu tanıyan qərar qəbul etməlidir. Cavabdehin "Dəryaz" qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsindən imtina olunması haqqında qərarında qeyd edilən maddələrə istinad etməsi əsaslı deyil və deməli qanunsuzdur. "Dəryaz" qəzeti satirik çap mediasıdır. Çap mediası subyektini digər medialardan fərqləndirən başlıca cəhəti onun satirik nəşr olmasındadır. Qəzetdə dərc olunan materilların hamısı satirik məzmunludur. Dərc edilən məqalələrin hamısını media subyektinin özünün məhsulu olan karikaturalar və yazılarla müşayət edir. "Dəryaz" qəzetində hər hansı başqa mediaya aid olan məqalə 5 faizdən çox olmayan material yayılsa belə, həmin materiala qəzetin məhsulu olan karikaturalar əlavə edilir, həmin materiallar "Dəryaz" qəzetinin satirik redaksiya siyasətinə uyğun olaraq, yenidən işlənilir. Yəni "Dəryaz" qəzetinin yaydığı məzmunun ümumilikdə 90 faizindən çoxu məhz redaksiyanın özünün məhsuludur. Qanunun mətnindən də göründüyü kimi media subyektləri digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər, abunəlik və ya müqavilə olmadıqda isə digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsi istinad edilməklə istifadə oluna bilər. "Dəryaz" qəzeti həmişə, xüsusilə də araşdırdıqları son 7-8 ay ərzində qanunun qeyd edilən maddələrinə əməl edib. Qəzetin yaydığı məzmunun 90-95 faizindən çoxu "Dəryaz" qəzeti redaksiyasının özünün yaratdığı məzmunlar olub. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin imtina qərarı qəbul edərkən qanunun 13.1-ci və 13.2-ci maddələrinə əsaslanması doğru və qanuni deyil. "Dəryaz" qəzetinin fəaliyyəti “Media haqqında” qanuna uyğundur və cavabdeh onun Media Reyestrinə daxil adilməsi haqda qərar qəbul etməli idi. Həm də nəzərə alınmalıdır ki, media subyektlərinin digər media subyektinin informasiyalarından istifadə etməsi, istifadə zamanı istinad edilib-edilməməsi məsələsi, informasiyalardan abunəlik və ya müqavilə əsasında istifadə məsələləri iki media arasında tənzimlənməli olan məsələdir. Mediaların bir-birilərinin informasiyalarından istinad və ya istinad edilmədən istifadə etməsi, həmin informasiyalardan hansı həcmdə istifadə olunması kimi məsələlərlə bağlı qanuni tənzimləmələrin tətbiq edilməsi anlaşılan deyil. Elə medialar ola bilər ki, onlar öz informasiyalarının istinad edilmədən başqa medialar tərəfindən yayılmasında maraqlı ola bilərlər. Yaxud bununla razılaşmayan medialar da ola bilər və bu zaman həmin mediaların əlində müəlliflik hüququ müstəvisində mübahisə açmaq üçün onsuz da hüquqi mexanizmlər var. Media haqqında qanunda bu kontekstdə nəzərdə tutulan tənzimləmələr mediaların redaksiya azadlığı ilə uyğunsuzluq təşkil edir. Bu baxımdan imtina qərarı üçün göstərilən əsaslandırma qanunsuzdur. Qanunun dilindən media subyektinin üzərinə düşən öhdəliyin həcminin, ümumiyyətlə, hansı məntiqə əsaslandığı aydın deyil. Media subyektinin üzərinə başqa medialara aid informasiyaların istinad edilməklə yalnız üçdə birindən çox olmayan hissəsini dərc edə bilmək imkanının verilməsinin hansı zəruri ehtiyacdan irəli gəlməsi və hansı legitim məqsədi güdməsi qeyri-müəyyəndir. İddiaçının müraciətləri üzrə cavabdehin qərarlarında heç bir əsaslandırma yoxdur. Cavabdeh ümumi şəkildə "Media haqqında" qanunun maddələrinə istinad etməklə işini bitmiş sayıb. Halbuki belə vacib bir məsələ ilə bağlı verilmiş qərar detallı olmalı, bütün məsələlərə tam aydınlıq gətirilməli idi. Cavabdeh qanunun maddələrinə istinad edib, ancaq konkret olaraq iddiaçının işinə nəyə görə tətbiq edilməli olduğunu əsaslandıra bilməyib. Cavabdehin qanunun tətbiq etdiyi maddələri keçərli hesab edilməməlidir. Çünki "Dəryaz" qəzeti bütün əvvəlki illərdə olduğu kimi 2022-ci ildə, eləcə də 2023-cü ilin indiyə qədərki dövründə də özünün materiallarını yayıb, başqa mediaların materillarına demək olar ki, ümumiyyətlə istinad etməyib. Qəzet vasitəsilə yayılan kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı informasiyalar olub. Kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırmalar ümumiyyətlə aktuallığını itirmiş olur. Cavabdehin qərarı o zaman əsaslandırılmış sayıla bilərdi ki, o, qəzetin hansısa sayındakı konkret məqalənin, materialın və ya başqa kütləvi informasiyanın başqa konkret mediaya məxsus olduğunu ortaya qoyardı. Cavabdeh bunu edə bilməzdi, çünki, "Dəryaz" qəzetinin yaydığı informasiyalar bütün başqa medialardan fərqli olaraq, satirik məzmunludur, redaksiyanın özünün məhsuludur. Göründüyü kimi, cavabdeh gərəkli araşdırmaları aparmayıb, "Dəryaz" qəzetinin yaydığı məzmunu ümumiyyətlə araşdırmayıb və özbaşına qərar qəbul edib. Azərbaycanın da tərəf olduğu beynəlxalq standartlara əsasən, media ilə bağlı qeydiyyat tələblərinin tətbiq edildiyi proses özbaşınalığın qarşısının alınması üçün lazımi təminatlarla müşayiət edilməlidir (X4 Məhkəməsi, Gias Nadezhda və Elenkov Bolqarıstana qarşı iş). Avropa Məhkəməsi işi araşdırarkən qanunun qeyri-müəyyənliyinin səlahiyyətli orqana həddindən artıq diskresion səlahiyyət verməsini də nəzərə alır (Meltex Ltd. və Mesrop Movsesyann Ermənistana qarşı, paraqraf 65). Beləliklə, idiaçının media subyekti kimi ifadə azadlığı xüsusiyyətləri və cavabdehə qanunla verilən geniş səlahiyyətlərin işığında, cavabdeh, imtina qərarını xüsusi həssaslıqla əsaslandırmalı idi. Hazırkı işdə cavabdeh buna əməl etməyib və iddiaçı ifadə azadlığı hüququnu kobudca pozub. Təsisçisi olduğu "Dəryaz" qəzeti çap mediası subyekti qanunun qəbul edilməsindən daha əvvəl təsis edilib, müntəzəm fəaliyyət göstərib. "Media haqqında" Azərbaycan Respublikası qanununun Media Reyestrinin yaradılması ilə bağlı tələblərinin iddiaçının vəziyyətini çətinləşdirən, iddiaçıya əlavə qayğılar yaradan məzmunda olduğu aydın görünür. Reyestrdə qeydiyyatdan keçməmək isə iddiaçı üçün xeyli ciddi problemlər yaradır - qəzetin rəsmi qurumlarda akreditasiyadan keçmək imkanı əlindən alınır, digər jurnalist hüquqlarına məhdudyyətlər gətirir. Yeni qəbul edilmiş və qüvvəyə minmiş "Media haqqında" qanunun tələbləri qəti olaraq, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən məzmunda deyil. Yuxarıda qeyd olunanlara görə yeni qəbul edilmiş qanunun ağır çətinliklər yaradan müddəalarının illərdir ki, fəaliyyət göstərən medialara tətbiq edilməsi, Konstitusyanın qeyd edilən müddəalarına ziddir. Əslində cavabdeh qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən bütün mediaları avtomatik olaraq, Media Reyestrində qeydiyyatdan keçirməli, onların qanuna uyğun fəaliyyət göstəribgöstərmədiyinə nəzarət etməli idi. Ancaq cavabdeh bunu etməyib, iddiaçının vəziyyətini çətinləşdirən, əlavə qayğılar yaradan yeni qəbul edilmiş qanunu iddiaçıya münasibətdə tətbiq edib və beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsini, xüsusilə də həmin maddənin 7-ci bəndini kobudcasına pozub. Odur ki, "Dəryaz" qəzetinin Media Reyestrinə daxil edilməsindən imtina edilməsi iki halda əsassızdır, birincisi, həm "Media haqqında" qanunun məzmunu qeyri-müəyyəndir, həm də qanuna əməl edilməsi praktiki cəhətdən mümkün olmayan tələbləri özündə əhatə edir. İkincisi, cavabdeh imtina ilə bağlı qərarında doğru müddəaları tətbiq etməyib və hər iki qərarını lazımi səviyyədə əsaslandırmayıb. "Dəryaz" qəzetinin Media Reyestrinə daxil edilməsindən imtina edilməsi redaksiyanın media sahəsində gələcək fəaliyyətinə ciddi maneələr yaradır. Media, redaksiya olaraq, bir sıra imkanlardan məhrum edilmiş olur. Əvvəla, reyestrə daxil olmadan fəaliyyət göstərən media redaksiyalarının bir sıra sanksiyalarla - inzibati və bəzi hallarda hətta cinayət məsuliyyəti ilə üzləşmə risqi var. "Media haqqında" qanun media sahəsində bir sıra imkanları yalnız Media Reyestrində qeydiyyatdan keçmiş subyektlərə təqdim edir. Qanunun 76-cı maddəsinə əsasən, media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi, media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirak, maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə, sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma kimi güzəşt və imtiyazlar yalnız Media Reyestrinə daxil edilmiş şəxslər üçün nəzərdə tutulub. "Media haqqında" qanuna görə, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. Beləliklə, reyestrə daxil edilməyən medialar akreditasiya imkanlarından da məhrum olurlar. Bütün bunların işığında reyestrdə qeydiyyatdan keçməyən mediaların journalist qaynaqlarının qorunması, jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, informasiya əldə etmə, hazırlama, yayma hüququ sahəsində də ciddi problemlərlə qarşılaşacağını ehtimal etmək olar. Bütün qeyd edilənlər Media Reyestrinin yalnız media subyektlərinin formal olaraq qeydə alınması üçün nəzərdə tutulmuş mexanizm yox, dövlət tərəfindən yaradılan və ona tabe olan qurum vasitəsilə medianı nəzarətdə saxlamağa hesablandığını göstərir. Hazırkı işdə də "Dəryaz" qəzetinin reyestrə salınmasından imtina edilməsi qeyri-hüquqi olmaqla heç bir legitim məqsəd güdmür, demokratik cəmiyyətdə zəruri deyil, hansısa təcili social ehtiyaca əsaslanmır və "Dəryaz" qəzetinin Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüququnu pozur. Azərbaycan Respublikasının X2 13 aprel 2023-cü il tarixli media subyektinin (redaksiyanın) Media Reyestrinə daxil edilməsindən imtina haqqında qərarda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 00001053 nömrəli müraciət üzrə “HABİL TAĞİYEV BƏHLUL OĞLU” media subyektinin və "Dəryaz” qəzeti çap mediası redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunsun.
3. Cavabdeh qurumun təqdim etdiyi etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və iddia tələbinin əsassız olması ilə bağlı aşağıdakılar qeyd edilmişdir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilmişdir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Həmin Qanunun 13.1-ci maddəsinin tələbinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Eləcə də Qanunun 13.2-ci madəsinin tələbinə əsasən abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydalarf’mn 6.5.3-cü yarımbəndinə görə Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda onların reyestrə daxil edilməsindən imtina edilir. Belə ki, iddiaçı Agentliyə müraciət etdikdən sonra təqdim edilmiş çap materialları üzrə araşdırma aparılarkən müraciət edən şəxsin Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmayaraq fəaliyyət göstərməsi Agentlik tərəfindən aşkar edilmişdir. Qeyd edilən xüsusatlar aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikasının X2 tərəfindən “Dəryaz” qəzetinin 2022-ci il dekabr tarixli 05 (216) nömrəli sayında “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci və 13.2-ci maddələrinin pozulma faktı aşkar edilmişdir. Belə ki, qəzetin qeyd olunan sayının 2-ci səhifəsində çap edilən “Texniki-humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır’' adlı məqalə istinad verilmədən dərc edilmişdir. 2022-ci il 14 dekabr tarixində qəzetin eyniadlı veb-saytında isə adıçəkilən məqalə iki fərqli media subyekti “Dia.az” və “Yeniavaz.com” veb-saytlarına istinad olunaraq olduğu kimi verilmişdir. Qəzetin həmin səhifəsində çap edilən “Niyazi Bayramovun da vaxtı yetişib... ” adlı məqalə istinad edilmədən dərc edilmiş, ancaq 2022-ci il 12 dekabr tarixində qəzetin eyniadlı veb-saytında bu məqalənin “Gundelik-baku.com” veb-saytından götürüldüyü göstərilmiş və olduğu kimi verilmişdir. 3-cü səhifəsində dərc olunan “Şəkidə şəhid anasının haqqı tapdanır” adlı məqalə isə 2022-ci il 12 dekabr tarixində saat 08:43-də “Dia.az” veb-saytında yerləşdirilmiş və olduğu kimi götürülərək dərc edilmişdir. Qəzetin 7-ci səhifəsində dərc edilən “Tovuzda icra başçısı şəhid ailələrinin su ilə imtahana çəkib” adlı məqaləsinə yerləşdirilmiş karikaturanın müəllifi isə qeyd olunmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının X2 tərəfindən “Dəryaz” qəzetinin 2023cü il mart tarixli 02 (218) nömrəli sayında “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci və 13.2-ci maddələrinin pozulma faktı aşkar edilmişdir. Belə ki, qəzetin qeyd olunan sayının 2-ci səhifəsində çap edilən “Göyçayın “Hərbi komissarlığından” şikayət var” adlı məqaləsinə, 4-cü səhifəsində çap edilən “Füzuli rayon icra başçısının subsidiya maxinasiyaları “köhnə” şəhid ailələri ilə “təzə”qaziləri üz-üzə qoyub” adlı məqaləsinə, 6-cı səhifəsində çap edilən “Kaş, il təhvil olardı balqabaq üstə!” adlı məqaləsinə, 7-ci səhifəsindəki “Aforizmlər” adh məqaləsinə yerləşdirilmiş karikaturaların müəllifi göstərilməməklə müəllif hüquqları pozulmuşdur. Yuxanda göstərilənləri nəzərə alaraq qeyd edilmişdir ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasım və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Göründüyü kimi “Dəryaz” qəzeti çap mediası redaksiyası tərəfindən qeyd olunan maddələrin tələbləri pozulmuşdur. Qeyd edilən xüsusatlarla bağlı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli R/58 nömrəli qərarın qanuni və əsaslı olmasını təsdiq edən sübutlar (çap materialları) iddia ərizəsinə etiraza əlavə edilir. Yuxanda göstərilən səbəblərə əsasən İddiaçı media subyekti və ona məxsus “Dəryaz” qəzeti çap media redaksiyası istinad olunan tələblərə cavab vermədiyindən imtina haqqında qərar (xx.xx.2023-cü il tarixli R/158 nömrəli) qəbul edilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir, xx.xx.2023-cü il tarixli R/58 nömrəli qərar X2 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmışdır. Yuxanda qeyd edilənlərdən əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən həmin qərar ümumiyyətlə mübahisələndirilməmişdir. Belə olan halda cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə ola-ola iddiaçının iddia tələblərinin təmin edilməsi mümkünsüzdür. Həmçinin, iddia tələbində yer almasa da, iddia ərizəsinin mətnində istinad edildiyi üçün X1 xx.xx.2022-ci il tarixli R/102 nömrəli qərarı ilə bağlı qeyd edilmişdir ki, həmin İmtina Qərarından sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar aydın olur ki, iddiaçı Agentliyin xx.xx.2022-ci il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reyestrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraza əlavədə qeyd edilmişdir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Həmin Qanunun 13.1-ci maddəsinin tələbinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Eləcə də Qanunun 13.2-ci madəsinin tələbinə əsasən abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3-cü yarımbəndinə görə Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda onların reyestrə daxil edilməsindən imtina edilir. Hazırki iş üzrə iddiaçı sonuncu dəfə Agentliyə müraciət etdikdən sonra təqdim edilmiş çap materialları üzrə Azərbaycan Respublikasının X2 tərəfindən araşdırma aparılarkən müraciət edən şəxsin Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmayaraq fəaliyyət göstərməsi aşkar edilmişdir. Belə ki, iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Reyestrə daxil edilmək üçün Agentliyə müraciət etdiyindən onun fəaliyyəti ilə bağlı müraciət tarixindən əvvəlki aylar üzrə (yanvar-mart) araşdırma aparılmış və Qanunun 13.1-ci və 13.2-ci maddələrinin pozuntusu faktı aşkarlanmışdır. Qeyd olunan faktlar aşağıdakılardır: “Dəryaz” qəzetinin 2023-cü il yanvar tarixli 01 (217) nömrəli sayının 5-ci səhifəsində çap edilən “Girişpulludur” adlı karikatura 20 dekabr 2022-ci il tarixində “mozalan.az” vebsaytında yerləşdirilmiş, həmin veb-saytdan olduğu kimi götürülərək dərc edilmişdir. Dəryaz” qəzetinin 2023-cü il mart tarixli 02 (218) nömrəli sayının 1-ci səhifəsində çap edilən “Bakı-Moskva, Bakı-Dubay” adlı karikatura 23 iyun 2014-cü il tarixində “hamamtimes”da yerləşdirilmiş, oradan olduğu kimi götürülərək dərc edilmişdir. Cavabdeh bildirilmişdir ki, “Dəryaz” qəzeti çap mediası redaksiyası tərəfindən qeyd olunan maddələrin tələbləri pozulmuşdur. Qeyd edilən xüsusatlarla bağlı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli R/58 nömrəli qərarın qanuni və əsaslı olmasını təsdiq edən sübutlar (çap materialları) iddia ərizəsinə etiraza əlavə edilir. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir, xx.xx.2023-cü il tarixli R/58 nömrəli qərar X2 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmışdır. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən həmin qərar ümumiyyətlə mübahisələndirilməmişdir. Belə olan halda cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə ola-ola iddiaçının iddia tələblərinin təmin edilməsi mümkünsüzdür.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı çap subyektinin media reyestrinə daxil edilməsi barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının X2 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı “HABİL TAĞİYEV BƏHLUL OĞLU” media subyektinin “Dəryaz” qəzeti çap mediası redaksiyasının Media Reyestrinə daxil edilməsi barədə müraciəti üzrə inzibati araşdırmanın aparılması üçün bir ay müddətin təyin edilməsi, qeyd olunan müddətdə “Azərbaycan Respublikasının X2” publik hüquqi şəxsinə aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsinin tapşırılmasına dair 2-1 (112)-9572/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardada (Qərardad Agentliyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur) uyğun olaraq, Azərbaycan Respublikasının X2ndə müvafiq araşdırma aparılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, qeyd olunan media subyektinin Media Reyestrinə 10 aprel 2023-cü il tarixində etdiyi müraciətə uyğun olaraq, “Dəryaz” qəzetinin fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğu baxımından araşdırılmış, nəticədə bir sıra qanun pozuntuları aşkar edilmişdir. “Dəryaz” qəzetinin 2023-cü il mart tarixli 02(218) nömrəli sayında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci və 13.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qəzetin qeyd olunan sayının 5-ci səhifəsində çap edilmiş “Uşaq bağçasının layihəsi ilə yaşayış binası tikilir” adlı məqalə “Modern.az” veb-saytına istinad olunaraq dərc edilmişdir. Həmin məqalə 2023-cü il mart ayının 1-də saat 09:07-də “Modern.az” saytında “Bakıda 9 mərtəbədən hündür binaların tikintisi dayandırılır” başlığı ilə verilmişdir. Müəlliflik hüququ “Modern.az” saytına məxsus olan bu məqalə “Dəryaz” qəzetində yalnız sonuna kiçik abzas əlavə edilməklə istinad edilən Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinin kobud pozuntusu ilə dərc olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Bununla yanaşı, aparılmış araşdırma zamanı “Dəryaz” qəzetinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbini pozduğu da aşkar olunmuşdur. Belə ki, qəzetin çap olunduğu "xxxx" MMC nəşriyyatı tərəfindən Agentliyə təqdim edilmiş arayışla “Dəryaz” qəzetinin Media Reyestrinə müraciət tarixinədək (10 aprel 2023-cü il tarixinədək) yalnız 06 noyabr 2022-ci il, 24 yanvar 2023-cü il və 30 mart 2023cü il tarixlərində çap olunduğu təsdiq edilir. Bu isə o deməkdir ki, müvafiq qəzet Qanunun 59.3-cü maddəsinin tələbinin ziddinə olaraq ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanmamışdır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla bildirilmişdir ki, müvafiq Qərardada uyğun olaraq aparılmış təkrar araşdırma nəticəsində iddiaçının müraciəti müsbət həllini tapmamışdır.
7. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 026 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Dəryaz” qəzeti xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də çap olunmuşdur.
8. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 028 nömrəli xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Dəryaz” qəzeti xx.xx.2023-cü il tarixdə 500 tiraj, xx.xx.2023-cü il tarixdə 500 tiraj olmaqla hər ay mütəmadi olaraq "xxxx" MMC-də çap olunmuşdur.
9. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 029 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən Agentliyə təqdim olunmuş 20 oktyabr 2023-cü il tarixli 026 nömrəli arayışda “Dəryaz” qəzetinin xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023cü il tarixlərində "xxxx" MMC-də çap olunduğu qeyd edilmişdir. Sonradan sifariş mənbələrinə baxılan zaman “Dəryaz” qəzetinin xx.xx.2023-cü il tarixdə çap edilmədiyi müəyyənləşdirilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli 028 nömrəli arayışda qəzetin xx.xx.2023-cü il tarixində çap edildiyinə dair olmuş məlumatın yanlış olduğunu , qəzetin 2023-cü ilin fevral ayında çap olunmadığı bildirilmişdir.
10. İddiaçı tərəfindən tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, "Uşaq bağçasının layihəsi ilə yaşayış binası tikilir" sərlövhəli məqalə "Dəryaz" qəzetinin mart sayında 5-ci səhifədə yerləşdirilib. Məqalə həmin səhifənin yarısını tutur. Məqalədə Modern.az saytında daha əvvəl yayılmış bir abzasa yer verilib: "Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırlması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb". Həmin abzas xüsusi seçilmiş şriftlərlə məqalənin baş hissəsinə yerləşdirilib. Məqalədəki digər hissələr isə millət vəkili Vahid Əhmədovun parlamentdəki çıxışından götürülüb və martın 1-də gecə qəzet çapa getməzdən əvvəl qəzetin əməkdaşları tərəfindən işlənilib, hazırlanıb. Ümumilikdə məqalənin qəzetdə tutduğu yerin həcmi 5-ci səhifənin yarısından da az hissəni təşkil edib. Məqalənin qəzetdə tutduğu yerin həcminin yarıdan çoxunda qəzetə məxsus olan foto-kollaj və karikaturalara yer verilib. Hansı ki, foto-kollaj və karikaturalar məqalənin ayrılmaz tərkib hissəsini təşkil edir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü məcburetmə haqqında iddiadır.
14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. “Media haqqında” Azərbaycan Respublikası Qanun: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.6. çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media; 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 59.1. Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. 59.3. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir. 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.2. çap mediası subyektləri; 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; 76.1. Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər: 76.1.1. media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi; 76.1.2. media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı; 76.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı; 76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə; 76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma. 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.
17. Məhkəmə qeyd edir ki, Media Reyestrinə daxil edilmə media subyektləri barədə məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmaqla həmin Reyestrə daxil edilmiş şəxslər üçün müəyyən güzəşt və imtiyazlar müəyyən edilir. Yəni həmin Reyestrə daxil edilmək (nəticə etibarilə güzəşt və imtiyazlardan faydalanmaq) üçün müəyyən şərtlər (məsələn, hazırkı işdə olduğu kimi dövrilik, digər media subyektlərinin informasiyasının onların razılığı olmadan yerləşdirilməməsi və s.) müəyyənləşdirilib. Lakin həmin şərtlərin ödənilməməsi çap media subyekti olmaq hüququndan məhrum etmir.
18. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 026 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Dəryaz” qəzeti xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də çap olunmuşdur.
19. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 028 nömrəli xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Dəryaz” qəzeti 2023-cü il 24.01 tarixdə 500 tiraj, xx.xx.2023-cü il tarixdə 500 tiraj olmaqla hər ay mütəmadi olaraq "xxxx" MMC-də çap olunmuşdur.
20. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 029 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən Agentliyə təqdim olunmuş 20 oktyabr 2023-cü il tarixli 026 nömrəli arayışda “Dəryaz” qəzetinin xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023cü il tarixlərində "xxxx" MMC-də çap olunduğu qeyd edilmişdir. Sonradan sifariş mənbələrinə baxılan zaman “Dəryaz” qəzetinin xx.xx.2023-cü il tarixdə çap edilmədiyi müəyyənləşdirilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli 028 nömrəli arayışda qəzetin xx.xx.2023-cü il tarixində çap edildiyinə dair olmuş məlumatın yanlış olduğunu, qəzetin 2023-cü ilin fevral ayında çap olunmadığı bildirilmişdir.
21. “Dəryaz” qəzetin çap olunduğu "xxxx" MMC nəşriyyatı tərəfindən cavabdehə təqdim edilmiş 029 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən “Dəryaz” qəzetinin fevral ayında çap olunmadığı və "xxxx" MMC tərəfindən verilmiş 028 nömrəli xx.xx.2024-cü il tarixli arayışında faktiki olaraq yanlışlığa yol verdiyini bildirilmişdir.
22. Məhkəmə qeyd edir ki, “Dəryaz” qəzetinin nüsxələrində qeyd olunmuş tarixlərə və sifariş nömrələrindən aydın olur ki, yanvar 2023-cü il tarixli 01 nömrəli (217 nömrəli sifariş əsasında), fevral 2023-cü il tarixli 02 nömrəli (217 nömrəli sifariş əsasında), mart 2023-cü il tarixli 02 nömrəli (218 nömrəli sifariş əsasında) qəzet çap olunmuşdur. Faktiki olaraq qəzet nüsxələrində qeyd edilmiş sıra və sifariş nömrələrindən aydın olur ki, “Dəryaz” qəzetinin fəaliyyəti davamlı deyildir.
23. Odur ki, “Dəryaz” qəzetinin 2023-cü ilin fevral ayında çap olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinin ziddinə olaraq ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanmamışdır.
24. Digər tərəfdən “Dəryaz” qəzetinin 2023-cü il mart tarixli 02(218) nömrəli sayında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci və 13.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qəzetin qeyd olunan sayının 5-ci səhifəsində çap edilmiş “Uşaq bağçasının layihəsi ilə yaşayış binası tikilir” adlı məqalə “Modern.az” veb-saytına istinad olunaraq dərc edilmişdir. İddiaçı bildirir ki, “Modern.az” veb-saytına istinad olunsa da, məqalədə Milli Məclisin deputatının məhz Parlamentdəki çıxışı qeyd olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, məqalədə millət vəkilinin sözlərinin məhz Parlamentdəki çıxışından olduğuna dair hər hansı qeyd yoxdur, əksinə, məqalədən görünür ki, qeyd edilən sözlər deputatın Modern.az-a açıqlamasıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən abunəlik və ya müqavilə olmadan media subyektinin digər media subyektinin informasiyasına istinad zamanı (iddiaçının qeyd etdiyi kimi) məqalənin fotoşəkillərlə və karikaturalarla birlikdə qəzetdə tutduğu həcmi deyil, məhz oxucuya təqdim edilən informasiyanın özünün həcmi nəzərə alınır və bu zaman hər bir informasiyasının üçdə birindən çox olmayan hissəsi istinad etməklə istifadə edə bilər. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən informasiya yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Konkret halda isə məqalədən də göründüyü kimi abunəlik və ya müqavilə olmadan təqdim edilən informasiyanın böyük bir hissəsi digər media subyektinə istinadən dərc olunmuşdur.
25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva