Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11373/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının qanunu nümayəndəsi İddiaçı1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini, iddiaçıya 01 yanvar 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, mərhum S.Rəcəbovun "xxxx" ASC-də 07 iyul 2007-ci il tarixdən 22 iyul 2010-cu il tarixədək işləməsi, sığorta stajına malik olması nəzərə alınmamışdır. Həmin şəxs 2001-2003-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" fabrikində çalışmışdır, buna dair əmək kitabçası təqdim edilməsə belə, şahidlər tərəfindən təsdiq edilə bilər. Odur ki, onun göstərilənn müəssisələrdə işləməsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə iddiaçıya pensiya təyinatı aparılmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.3-cü maddəsinə əsasən Rəcəbov Seymurun 01 yanvar 2006-cı il tarixədək sığorta stajı həmin dövrə aid olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanaraq 3 il 8 ay təşkil edir. Sığorta stajının hesablanma qaydasına əsasən 1979+15 yaş=1994, 2005-1994=11, 11X4=44 ay(3 il 8 ay). Şəxsin 01 yanvar 2006-cı il tarixədək olan sığorta stajı 3 il 8 ay, 01 yanvar 2008-dən 01 may 2016-cı il tarixinədək qeydə alınmış pensiya kapitalına əsasən 3 il 1 ay, ümumilikdə 6 il 11 ay təşkil edir. Tələb olunan sığorta stajı 8 il 4 ay təşkil etsə də, mövcud sığorta stajı 6 il 11 ay təşkil edir. Bu səbəbdən də ailə başçısının itirməyə görə pensiya təyinatı mümkün olmamışdır. İddiaçının "xxxx" ASC-də çalışmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Həmin dövr daxil edilsə belə iddiaçı 2 illik müddətə istinad edir ki, cavabdeh tərəfindən 2006-cı il tarixinədək qanunvericiliyin tələbinə əsasən 3 il 8 ay müəyyən edilmişdir ki, həmin dövr iddiaçının sübut edə bilmədiyi dövrdən artıq təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 aprel 2025-ci il tarixli imtina məktubunda qeyd edilir ki, Seymur Rəcəbovun sığorta stajı 6 il 9 ay təşkil edir ki, bu da tələb olunan müddətdən 8 il 4 ay azdır. Bu səbəbdən ailə başçısının itirlməsinə görə pensiya təyin edilməsi mümkün olmamış, sosial müavinət təyin edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmək kollektivinin üzvləri siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. Dövlət Statistika Komitəsinin məktubunda qeyd edilir ki, Bakı Makaron Fabriki 04 iyun 1996-cı il tarixdən dövlət reyestrində qeydiyyatdadır. Hərbi biletdən görünür ki, S.Rəcəbov 02 yanvar 1998-ci il tarixdə hərbi xidmətə göndərilmiş, 11 oktyabr 1999-cu il tarixdən ehtiyata buraxılmışdır. Şəhadətnamələrdən görünür ki, S.Rəcəbov və İddiaçı1 nikaha daxil olmuş, həmin nikahdan iddiaçı anadan olmuş, S.Rəcəbov vəfat etmişdir. Dövlət Vergi Xidmətinin və aidiyyəti orqanlarının məktublarında qeyd edilir ki, "xxxx" ASC 19 oktyabr 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Rəcəbov Seymur Mənsur oğlunun vergi ödəyicisi kimi qeydiyyatı müəyyən edilməmişdir. Milli Arxiv İdarəsinin məktubundan görünür ki, adıçəkilən müəssisənin sənədləri arxivə təqdim edilməmişdir. Rəcəbov Seymur Mənsur oğlunun sığorta olunan hesabından çıxarışdan görünür ki, 2008 yanvar-2010 iyul üzrə cəmi gəlir 1716,77 manat, hesablanmış 429,19 manat, ödənilmiş 429 manatdır. Ödəniş ili 2008-ci il tarixdən başlayır. Sığortaedən "xxxx" ASC-dir. Rəcəbov Seymur Mənsur oğlunun sığorta olunan hesabından 2008 yanvar 2016 aprel tarixi üzrə çıxarışdan isə görünür ki, cəmi gəlir 4931,95 manat, cəmi hesablanmış 1232,99 manat, ödənilmiş 1201,73 manat, pensiya kapitalı 2298,75 manat olmuşdur. Sığorta edənlər "xxxx" ASC, "xxxx" ASC, "xxxx"MMC və “X2” MMC-dir Əmək kitabçasından görünür ki, 01 yanvar 2006-cı il tarixədək iddiaçının iş stajına dair hər hansı məlumat qeyd edilməmişdir. “X1” ASC-də sürücü vəzifəsində 07 yanvar 2007-ci il tarixdən işləməsi və 07 yanvar 2009-cu il tarixdən işdən azad edilməsi barədə qeyd mövcuddur. "xxxx" ASC-nin 04 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, Rəcəbov Seymur Mənsur oğlu 2001-2003-cü il tarixlərdə ASC-də işləməyib, əmək haqqı hesablanmamış, sığorta ödənişinə cəlb edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:[60] 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;[61] 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə mərhum S.Rəcəbovun vəfatı ilə əlaqədar övladına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməli olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, 8 il 4 aydan aşağı sığorta stajının olmasına əsaslanılaraq sığorta stajının mövcud olmadığı əsaslandırılsa da, iddiaçının 07 yanvar 2007-ci il tarixdən “X1” ASC-də 22 iyul 2010-cu il tarixədək işləməsi, eləcə də "xxxx" ASC-nin “Makaron fabrikində şəxsin 2001-2003-cü il tarixdə əmək fəaliyyətini göstərməsi nəzərə alınmamışdır. Qeyd olunur ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından ididanın təmini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək cavabdehin vəzifəsidir ki, həmin faktiki şərtlərin mövcudluğu da sübut edilir. Belə ki, iş materiallarında mövcud sorğulara cavab məktublarından, eləcə də "xxxx" ASC-nin məktubundan görünür ki, S.Rəcəbovun həmin ASC-də işləməsi, əmək haqqı alması öz təsdiqini tapmamışdır. Eləcə də, iddiaçının əmək kitabçasında da həmin dövrlərlə bağlı hər hansı məlumat mövcud deyildir. Digər tərəfdən iddiaçı nəzərə almamışdır ki, həmin dövrlər nəzərə alınsa belə, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən 3 il 8 aylıq sığorta stajı dövrü S.Rəcəbov üçün nəzərə alınmaqdadır ki, hərbi xidmət dövrü ilə "xxxx" ASC-də şəxsin işlədiyi dövr götürülsə belə həmin müddət 3 il 8 aydan azlıq təşkil edir. Cavabdehin etirazında da qeyd etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.2.3-cü maddəsinə əsasən vəfat etmiş şəxsin təvəllüdü əsas götürülməklə aparılmış hesablamadan görünür ki, onun 01 yanvar 2006-cı il tarixə 3 il 8 ay sosial sığorta stajı faktiki işlədiyi müddət mövcud olmasa belə, S.Rəcəbov üçün müəyyən edilir ki, həmin müddət iddiaçının istinad etdiyi müddətdən də çoxdur. Lakin, nəzərə alınmalıdır ki, götürülən həmin müddət iddiaçı 01 yanvar 2006-cı il tarixədək işlədiyi faktiki digər dövrlərlə birlikdə yox, faktiki işləmə barədə məlumatların olmadığı hallarda minimum götürülən müdddətdir ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə 3 il 8 ay nəzərə alınmışdır. 01 yanvar 2006-cı il tarixdən sonrakı müddətlə bağlı isə, pensiya altsistemində məlumatlar əsasənda sosial sığorta stajı müəyyən edilmişdir ki, 3 il 1 ay kimi götürülən həmin müddət nəzərə alınmaqla, müəyyən edilir ki, sığorta stajı 6 il 11 ay təşkil edir. Həmin müddət isə tələb olunan 8 il 4 aylıq müddətdən azdır. 8 il 4 aylıq müddətin tələb olunmasına dair cavabdehin müəyyən etdiyi şərtin hesablanma qaydası işin mübahisəli halı olmasa da, iş materiallarından da göründüyü kimi Qanunun 12.1-ci maddəsi və 17.1-ci maddəsinin tələbləri baxımından hesablanmış məbləğ 8 il 4 aydır. İşin mübahisəli halı isə iddiaçının 07 yanvar 2010-cu il tarixdən 22 iyul 2010-cu il tarixədək “X1” ASC-də işlədiyi illərin nəzərə alınmaması ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər üzrə hesablama aparılarkən də hər hansı qanun pozuntusuna yol verilməmişdir. Doğrudur, iddiaçının əmək kitabçasında 07 yanvar 2007-ci il tarixdən “X1” ASC-də işləməsi barədə qeydlər olsa da, 01 yanvar 2006-cı il tarixdən sonra sosial sığorta stajı göstərilən hal üzrə ödənilmiş və tutulmuş məcburi dövlət sosial sığorta haqqları üzrə pensiya kapitalı əsasında hesablanmalı olduğundan, cavabdeh də haqqlı olaraq 2007-ci il tarixdə işləmə barədə qeydləri nəzərə almamış, ödənilmiş sığorta haqqları nəzərə alınmaqla da sosial sığorta stajı hesablanmışdır. Rəcəbov Seymur Mənsur oğlunun sığorta olunan hesabından 2008 yanvar 2016 aprel tarixi üzrə çıxarışdan görünür ki, cəmi gəlir 4931,95 manat, cəmi hesablanmış 1232,99 manat, ödənilmiş 1201,73 manat, pensiya kapitalı 2298,75 manat olmuşdur. Sığorta edənlər "xxxx" ASC, "xxxx" ASC, "xxxx"MMC və “X2” MMC-dir ki, həmin dövrlər üzrə işəgötürən tərəfindən tutulmuş və ödənilmiş sığorta ödənişləri nəzərə alınmaqla şəxsin sosial sığorta stajı düzgün olaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-də şəxsin işləməsi barədə bütün qeydlərin nəzərə alınması mümkün hesab edilə bilməz. Qeyd olunur ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada), sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada)) sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə 2-1(102)-1116/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1298/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11373/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11373/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver