Məhkəmə qərarları › İş №2-1(112)-11583/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11583/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11583/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mənzil növbəsinə götürülməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2-ci Qarabağ müharibəsində könüllü olaraq hərbi xidmətə getmiş və xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət keçdiyi dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Laçın dəhlizinin müdafiəsi ilə əlaqədar gedən dəyüşlərdə xəsarat almış, 3 gün ölü bilinərək morqda qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından da aydın olur ki, İddiaçı hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər silah növləri ilə törədilmiş və zədələnmiş və ona 2-ci dərəcəli əllilik verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən məlum olur ki, adına daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04/621 nömrəli arayışdan da məlum olur onun adına Nərimanov bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İddiaçı bildirir ki, müharibəyə getməmişdən əvvəl yoldaşı və uşaqları ilə birlikdə Nərimanov rayonunda qeydiyyatsız yaşamışlar. Lakin heç bir ünvanda qeydiyyatları olmadığından, onlara müəyyən çətinliklər yaranmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 79 C ünvanına qeydiyyata düşmüş, 5 ildən artıq müddətdir ki, Nərimanov rayonu ərazisində qeydiyyatsız yaşayırlar. Mənzil şəraitimizin yaxşılaşdırmaq və evlə təmin olunmaq məqsədi ilə Cavabdehə ərizə ilə müraciət etmiş, lakin Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, M-99/2-068 saylı məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edərək, bildirmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 2-ci fəslinin 8-ci maddəsinin 1 -ci və 2 ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bir şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatlarının məhdudluğu ilə əlaqədar, onların mənzil şəraitinn yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməsi barədə ərizənin təmin edilməsi mümkün deyildir. İddiaçı bildirir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. O, 5 ildən artıqdır ki, Nərimanov rayonu ərazisində qeydiyyatsız yaşayır. Bu barədə Mənzil Kommunal İstismar Sahəsindən də arayış təqdim edə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsi qərara alınmışdır. O da, 2020-ci ildə İİ Qarabağ müharibəsində döyüşlərdə rəşadətlə iştirak etmiş və xəsarət alaraq müharibədən qazi olaraq qayıtmış, 2-ci dərəcəli əllillik verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçının mənzil növbəsinə götürülməsi barədə Cavabdehə etdiyi müraciətə cavab olaraq verilən xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə qeydiyyata düşdüyü qeyd olunaraq bildirilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatının məhdudluğu ilə əlaqədar, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməsinin müsbət həllinin mümkün olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. - Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, xx.xx.2021ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1987-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli “vətəndaşın qeydiyyatda olduğu ünvan barədə” elektron arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 246 №-li əmri ilə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən xx.xx.2021-ci il tarixli “vətəndaşın hərbi xidmt keçməsinə dair” elektron arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü ehtiyatda olan əsgər (kursant) İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair və Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Nərimanov rayon bələdiyyəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, arayış ünvan 4 ünvanında yaşayan İddiaçı Nərimanov bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi tərəfindən daxil olan xx.xx.2022-ci il sorğuya cavab məktubu əsasında iddiaçının ailə üzvlərinə məxsus aşağıdakı sənədlər təqdim edilmişdir: - Az-İ№903851 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. - xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, seriyalı X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi 37 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 205 saylı arayışından görünür ki, o, həmin məktəbin 4-cü sinif şagirdidir. - xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, seriyalı X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində (Nizami rayonu) doğulmuşdur. AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi 37 nömrəli tam orta məktəbin xx.xx.2022ci il tarixli, 205 saylı arayışından görünür ki, o, həmin məktəbin 2-ci sinif şagirdidir. - xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı departamenti Nərimanov rayon MKTB-nin 55 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2000-ci ildən ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2021-ci il tarixdən həmin ünvanda daimi qeydiyyatdadır. - Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, X4, X5, X3 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubunda arxiv məlumatlarına əsasən İddiaçı və X1 adına qeydə alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989cu il təvəllüdlü ehtiyatda olan əsgər (kursant) İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş və sair diaqnozlarla iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Aparılan araşdırma ilə özünün və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Uzun müddət Bakı şəhəri, X.R.Ulutürk küçəsindəki 79 c ünvanında qeydiyyatsız, 2021-ci ildən isə qeydiyyata alınmaqla yaşayır. Yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçıya Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etməklə onu mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülməsindən imtina etmişdir. Hazırda iddiaçı mövcud tələbi üzrə mənzil növbəsinə götürülməsi üçün lazimi olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıdakı normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının - 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsin əsasən, Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret olaraq müəyyən edilmiş, lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Belə ki, iddiaçının 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə xəsarət alaraq ikinci dərəcə əlillik qazanması, onun özünün ailə üzvləri ilə birlikdə uzun müddət Bakı şəhərində yaşaması və övladlarının da bu şəhərdə doğularaq hazırda orta məktəbdə təhsil almaları iş materialları və məhkəmədə iddiaçı tərəfin izahatları ilə təsdiqləndiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun sayıla bilməz. Odur ki, iddiaçı mənzil növbəsinə götürülməsi barədə lazımi sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə olan tələbində haqlıdır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi üçün lazım olan olan sərəncamın verilməsi Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar