Məhkəmə qərarları › İş №2-1(112)-1163/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1163/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1163/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qardaşı) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivi ünvanında yerləşən 374 № li bağın 1977 kv.m torpaq sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha spnra məhkəməyə ərizə təqdim edərək “torpaq sahəsinin qeydiyyata almaqla nömrə təkrarlanmasını inventarlaşdırma işlərinin aparılması qaydasında torpaq sahəsinin məxsusluğu barədə arayışın verilməsi” kimi dəqiqləşdirmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X9 bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1967-ci il tarixli, 14060 № li müqaviləsinə əsasən xx.xx.1973-cü il tarixdə vəfat etmiş X3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivi ünvanında yerləşən, 0,20 ha ərazisi olan 374 № li bağ sahəsi verilmişdir. İddiaçı “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı Bakı şəhəri, 3 saylı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Kontoruna müraciət etmiş və xx.xx.2023-cü il tarixdə adma 1959 saylı vərəsəlik işi açılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" qanunun 22.2. maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir. Qeyd olunan normaların tələbinə görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi qeydiyyat orqanının qanunla müəyyən edilmiş bir vəzifəsidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı xx.xx.1973-cü il tarixdə vəfat etmiş X2 adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivi ünvanında yerləşən, 0.20 ha ərazisi olan 374 № li bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında ARAYİŞİN verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********48 qeydiyyat nömrəli məktubu ilə mahiyyəti üzrə cavab verməmiş və mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını heç bir sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. İddiaçı hesab edir ki, mülkiyyətçi kimi vərəsəlik qaydasında miras qalmış əmlaka hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüququna malikdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********04 nömrəli xx.xx.2019cu il tarixli və **********02 nömrəli xx.xx.2019-cu il tarixli məktublarla cavab verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən 374 saylı bağın 1977 kv.m torpaq sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********03 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 374 nömrəsinin göstərilən əraziyə aidiyyatı yoxdur və qonşu bağların nömrə ardıcıllığına uyğun gəlmir. Belə ki, 2200 nömrəsi ilə başlayan bağların ərazisidir. Həmçinin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsindən hasarboyu 300 mmlik qaz xətti keçir. Bundan əlavə idarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsi X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli Müqaviləyə əsasən Mərdəkan qəsəbəsindən 0.20 ha sahəsi olan 374 nömrəli bağ sahəsini həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladıqları inventarizasiya kartoçkasına uyğun olaraq “Trest” (Bakı şəhər Soveti İcraiyə Komitəsinin Bağ təsərrüfatı Tresti) icarəyə vermiş, İcarədar (X10) isə istifadə üçün icarəyə götürmüşdür.

7. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat kontoruna müraciət daxil olmuşdur. xx.xx.1973-cü il tarixdə vəfat etmiş X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən 374 saylı bağ evinin tikintisi üçün ayrılmış sahəsi 0.20 ha olan torpaq sahəsinə və üzərində tikiliyə dair Çıxarışın verilməsi xahiş olunur.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsinin sərhədləri iki tərəfdən mişar daşı ilə hasarlanmış, digər iki tərəfdən isə qonşu hasarla ayrılmışdır. Faktiki sahəsi 0.2024 ha təşkil edir. Bundan əlavə, bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi Mərdəkan bağ massivinin əraziləridir. Qonşu özəl bağ nömrələri 2230B, 2227 saylı bağlardır.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin ətrafında **********35-11301 reyestr nömrəli 2230B saylı bağ evi (2230B, 2232d, 2232V saylı bağ sahələrinin birləşməsi) və **********89-11301 reyestr nömrəli 2227 saylı bağ sahəsi (2227a, 2227, 2230A, 2230-sonradan 2230K saylı bağ sahələrinin birləşməsi) qeydiyyata alınmışdır. Qeyd edilən bağ sahələrinin nömrələrinin dəyişdirilməsi barədə digər hər hansı məlumat arxiv qovluğunda aşkar edilməmişdir. Torpaq sahələrinin 2000-ci ilin əvvəllərində Mərdəkan qəsəbəsi ərazisində olubolmamaması barədə dəqiq məlumat yoxdur. Sorğuda bəhs edilən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 13 nömrəli protokolu ilə ayrıldığı qeyd edilmiş, 374 saylı bağ sahəsinin İcarəyə verilməsi haqqında X7 ilə bağlanılmış 14060 nömrəli müqavilə xx.xx.1967-ci il tarixə aiddir. Həmin bağ sahəsinin nömrəsinin dəyişdirilməsi barədə akt, cizgi və s. arxiv qovluğunda aşkar edilməmişdir.

10. Bakı Regional Qaz İstismarı Departamentinin rəisi tərəfindən məhkəməyə ünvanlanan “Rəy və təkliflərin təqdim edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin və fərdi evin (koordinatlar: X40.509092: Y50.128189) hüdudları daxilindən “Azəriqaz” İB-nə məxsus qaz xətləri keçmir, qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin qarşısından L=0,2 p/m məsafədən “Azəriqaz” İstehsalat Birliyinə məxsus D 89 mm-lik aşağı təzyiqli yerüstü dayaqlar üzərində qaz xətti keçir. D 89 mm-lik aşağı təzyiqli qaz xətti 2016-cı ildə istismara verilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçıya məxsus olan və üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür, fərqli ərazilərdə yerləşir, nömrə təkrarlanması mövcuddur.

13. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X11 izahatında bildirmişdir ki, 1988-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivində yaşayır. İddiaçını tanıyır. Belə ki, üçüncü şəxsə məxsus bağ sahəsi iddiaçıya məxsus bağ sahəsi üzbəüz yerləşir.

14. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 izahatında bildirmişdir ki, 7 ildir həmin bağlar massivində kirayə yaşayır. İddiaçını tanıyır. Belə ki, üçüncü şəxsin yaşadığı bağ sahəsi iddiaçı ilə qonşuluqda yerləşir.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

27. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivi ünvanında yerləşən 374 № li bağ sahəsinin mərhum babası X3 məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli Müqaviləyə əsasən Mərdəkan qəsəbəsində 0.20 ha sahəsi olan 374 nömrəli bağ sahəsini həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladıqları inventarizasiya kartoçkasına uyğun olaraq “Trest” (Bakı şəhər Soveti İcraiyə Komitəsinin Bağ təsərrüfatı Tresti) icarəyə vermiş, İcarədar (iddiaçının babası mərhum X10) isə istifadə üçün icarəyə götürmüşdür.

30. Məhkəmə hesab edir, “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli Müqavilə iddiaçının mərhum babasının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

31. Cavabdeh orqan imtinanın dəlili olaraq eyni nömrəli bağ sahəsinin X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirmişdir.

32. Məhkəmə bununla bağlı nəzərə alır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsi ilə üstüstə düşmür, ayrı-ayrı torpaqlardır.

33. Odur ki, məhkəmə müəyyən edir ki, X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsi və iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi ayrıayrı ərazilərdə yerləşir, nömrə təkrarlanması baş vermişdir.

34. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsindən hasarboyu 300 mm-lik qaz xətti keçir.

35. Məhkəmə nəzərə alır ki, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi tərəfindən məhkəməyə ünvanlanan “Rəy və təkliflərin təqdim edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin və fərdi evin (koordinatlar: X40.509092: Y50.128189) hüdudları daxilindən “Azəriqaz” İB-nə məxsus qaz xətləri keçmir, qaz avadanlıqları mövcud deyildir.

36. Cavabdeh orqan eyni zamanda qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.

37. Məhkəmə qeyd edir ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.

38. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

39. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

40. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

41. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum babasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İnventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Bağlar massivi ünvanında yerləşən 374 № li torpaq sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar