Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11691/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilmə üzrə siyahıya daxil edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilmə üzrə siyahıya daxil edilmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Dövlət Təhlükəsizlik Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müharibə veteranıdır və 20 təqvim ilindən artıq qüsursuz xidməti olmuşdur. Qüsursuz xidmətlə əlaqədar Fərmanın tələbinə əsasən Müdafiə Nazirliyinə mənzillə təmin edilmə üzrə müraciət etmiş, müraciətin təminindən DTX-nin Azərbaycan Ordusunun tərkib hissəsi olmaması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Ordusu anlayışı ilə başqa silahlı birlşmələr anlayışı arasında fərq qoyulmuşdur. Müdafiə Nazirliyi Azərbaycan Ordusudur. Odur ki, onun sənədlərinin Maliyyə Nazirliyinə təqdim edilməsi mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi ilə əlaqədar siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Cavabdehin Dövlət Təhlükəsizlik Xidməti yox, Müdafiə Nazirliyi olmasına münasibətdə də məhkəmə hesab edir ki, iddia mümkünlük şərtini ödəyir. Belə ki, hər nə qədər, iddiaçı Xidmətdə hərbi qulluqçu kimi xidmət etmiş olsa, yuxarıda adıçəkilən Fərmanın tələbindən də göründüyü kimi dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən edilməsi ilə əlaqədar Komissiyada Müdafiə Nazirliyi çıxış edir. Həmin siyahıya daxil edilmə ilə bağlı inzibati icraat gedişində Müdafiə Nazirliyinə məlumatların Xidmət tərəfindən təqdim edilməsi mümkün olsa da, siyahıya daxil edilmə ilə əlaqədar səlahiyyət Xidmət yox, Nazirlikdədir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Cavabdehin 11 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, o, Azərbaycan Ordusunda xidmət etmədiyindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanın tələbləri ona şamil edilmir. Dövlət Təhlükəsizlik Xidmətinin 14 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, adıçəkilən Fərman əsasında yaranmış Komissiyada Xidmət komissiyanın üzvü kimi müəyyən edilməmişdir. Azərbaycan Ordusu dedikdə Müdafiə Nazirliyi tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Veteran vəsiqəsindən görünür ki, iddiaçı müharibə veteranıdır. Maliyyə Nazirliyinin 17 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, yuxarıda adıçəkilən Fərmnanda yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlət Təhlükəsizlik Xidmətinin 24 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı 23 yanvar 1991-ci il tarixdən 01 mart 2014-cü il tarixə kimi xidmətdə olmuşdur. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış inzibati məhkəmə mübahisəsinin mahiyyətindən də görünür ki, müraciətin təmini ilə bağlı iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının müddəalarının ona tətbiq edilməsini, 20 ildən artıq qüsursuz hərbi xidmət müddətin nəzərə alınmaqla ona mənzil verilməsində iddialıdır. Lakin cavabdeh isə iddiaçının xidmət müddətinin cavabdehin nəzdində 20 ildən az olduğunu, digər inzibati orqanda xidmət müddətinin Fərmanın müvafiq müddəasının tətbiqi zamanı nəzərə alınmalı olmadığını qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Adıçəkilən Fərmanın: 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Fərmanın Preambulasında isə qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun madditexniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. X1, istərsə də Fərmanın adından görünür ki, mənzillə təmin edilməli olan 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dedikdə məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın təmini və ya rəddi məsələsinə qiymət verilməsi məhz Azərbaycan Ordusu anlayışı və Azərbaycan Respublikası Silahlı Qüvvələri anlayışları arasında fərqin müəyyən edilməsinə zərurət yaradır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunun: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi, Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Beləliklə qanunvericiliyin tələbindən də müəyyən edilir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçu dedikdə məhz Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədə xidmət etmiş hərbi qulluqçu başa düşülür. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmədə 20 təqvim ilindən az xidmət etmişdir. Göründüyü kimi Xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı iş üzrə iddiaçının 20 təqvim ili və ya daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Həmin şərt də ödənilmədiyindən hazırkı iddianın təmin edilməsi barədə tələb də əsassızdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-948/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1996-1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni, xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanun qəbul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi təsbit olunmuşlar. Bu qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Beləliklə, iddiaçının ehtiyata buraxıldığı xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş redaksiyada “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanın məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq xidməti olduğuna dair apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəldiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1996-1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, bununla da iddia əsassız olduğundan rədd edilməlidir. Oxşar mövqe 2-1(102)-1174/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Ordusu ifadəsinin iddiaçının xidmətkeçməsindən sonra Fərmanda qeyd edilməsi də normativ hüquqi aktın həmin tələbinin hüquqi vəziyyətin ağırlaşdırılması istiqamətində qiymətləndirilməsi üçün də əsas deyildir. Belə ki, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa həmin anlayış üzrə qiymətləndirməyə tətbiq edilə bilməz. Qeyd olunmalıdır ki, oxşar mövqe birbaşa Azərbaycan Ordusu ifadəsinin şərhi ilə bağlı olmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi ilə təsbit edilmişdir (2-1(102)-2277/2024 saylı, xx.xx.2024 tarixli qərarı və s) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11691/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11691/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver