Məhkəmə qərarları › İş №2-1(112)-11697/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11697/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11697/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “birdəfəlik ödənişin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona pensiyasının 6 misli məbləğində birdəfəlik ödəniş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Komitə sədrinin 2019-cu il 10 yanvar tarixli 14k nömrəli əmri ilə o, öz xahişinə əsasən işdən azad edilmişdir. İşdən azad edilərkən istifadə etmədiyi xx.xx.2018- xx.xx.2019-cu iş ili üçün məzuniyyət hesabına 469,84 manat kompensasiya hesablanmış və onun plastik kart hesabına ödənilmişdir. Pensiya məsələsi ilə bağlı bildirilmişdir ki, Dövlət qulluğu haqqında Qanunun 33.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir, o, pensiyaya 2023-cü ildə çıxdığına görə (Komitədən işdən çıxdıqdan 4 il sonra) Komitə tərəfindən onun pensiyasının 6 mislinin ödənilməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən pensiyasının 6 misli məbləğində birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, 1995-ci ildən Qaçqınların və X2 üzrə Dövlət Komitəsində şöbə müdiri olaraq çalışmışdır. 2013-cü ilin dekabrından Komitənin Yasamal sektorunun müdiri vəzifəsində çalışmışdır. 2018-ci ilin aprelin 2-si iş başında infarkt (kliniki ölüm) keçirmiş, 6 ay müalicə olunmuşdur. Komitə tərəfindən ona heç bir köməklik olunmamışdır. 2019-cu ilin yanvar ayında öz ərizəsi ilə işdən azad olunmuşdur. 2023-cü ildə 65 yaşı tamam olduğu üçün təqaüdə çıxmışdır. DSMF tərəfindən arayış verilmişdir ki, Dövlət qulluğu haqqında Qanunun 33.2-ci maddəsinə əsasən pensiyasının 6 misli birdəfəlik ödənilsin, lakin Komitə bu pulu ödəməkdən imtina edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı müvafiq müraciəti üzrə Komitədə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Komitənin xx.xx.2014-cü il tarixli 17K nömrəli əmri ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Yasamal rayonu üzrə yerli bölməsində sektor müdiri vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmişdir. Komitənin xx.xx.2014-cü il tarixli 393K nömrəli əmri ilə, İddiaçı Komitənin Bakı şəhəri Yasamal rayonu yerli bölməsinin sektor müdiri vəzifəsinə təyin olunmuşdur; Komitənin xx.xx.2018-ci il tarixli 101к nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Republikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı 2018-ci il 10 may tarixindən Komitənin Bakı şəhəri Suraxanı rayonu üzrə yerli bölməsinin sektor müdiri vəzifəsinə keçirilmişdir; Komitənin xx.xx.2018-ci il tarixli 255K nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Republikasının Qanunun 29.2-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı 2018-ci il 01 sentyabr tarixindən Komitənin Bakı şəhəri Yasamal rayonu üzrə yerli bölməsinin sektor müdiri vəzifəsinə keçirilmişdir; Komitənin xx.xx.2019-cu il tarixli 14K nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Republikasının Qanununun 33.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq 2019-cu il 14 yanvar tarixindən İddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Komitənin 2019-cu il 10 yanvar tarixli 14K nömrəli əmri ilə, İddiaçı dövlət qulluğuna məhz “öz xahişinə əsasən” xitam verilmişdir. Nəticədə, İddiaçı dövlət qulluğunda olmasına xitam verilməsinin əsasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Republikası Qanununun 33.1.12-ci maddəsinə əsasən “pensiya yaşına, dövlət qulluğunda olmanın yaş həddinə çatması” deyil, həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən “öz arzusu ilə dövlət qulluğundan çıxma” təşkil edir. İddiaçı, öz arzusu ilə dövlət qulluğundan çıxması məqsədilə Komitəyə müraciət edən zaman, hələ pensiya yaşına çatmamışdır. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Republikası Qanununun 33.2-ci maddəsinin tələblərinə uyğun olaraq, dövlət qulluqçusuna pensiyasının 6 misli məbləğində birdəfəlik ödəniş öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi halında deyil, pensiya yaşına çatmasına görə dövlət qulluğundan çıxdıqda ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia birdəfəlik haqqın ödəniməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, işdən görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli 393K nömrəli əmri ilə, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinin tələblərinə müvafiq olaraq həmin tarixdən Komitənin Bakı şəhəri Yasamal rayonu bölməsinin sektor müdiri vəzifəsinə təyin olunmuşdur. İşdə olan iddiaçının cavabdehə ünvanlanmış ərizəsinin surətindən görünür ki, iddiaçı Komitə sədrinə müraciət edərək onun 14 yanvar 2019-cu il tarixdən işdən azad olunmağı üçün göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli 14K nömrəli əmri ndən görünür ki, Bakı şəhəri Yasamal rayonu sektorunun müdiri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1. maddəsinin tələbinə əsasən 2019-cu il 14 yanvar tarixindən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hazırda 2019-cu il tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verildiyinə görə aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona ödənilməsni xahiş edir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinə görə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.2-ci maddəsinə görə dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. İstinad olunan normanın tələbindən görünür ki, dövlət qulluğuna xitam verilərkən dövlət qulluçusuna ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi üçün:

1. dövlət qulluqçusu pensiya yaşına çatmalı;

2. öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu illərdə yaşa görə əmək pensiyası təyn edilməsi üçün kişilərin yaş həddi 64 yaş olmuşdur. Beləliklə, istinad olunan normaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə dövlət qulluğuna xitam verilərkən aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün onun 64 yaşı tamam olmalı və o, öz arzusuna əsasən işdən çıxmalı idi. İş materiallarında olan sənədlərə əsasən iddiaçının dövlət qulluğuna xx.xx.2019-cu ildə öz arzusu ilə xitam verilməsi müəyyən edilsə də, onun həmin tarixə pensiya yaşına çatması müəyyən edilmir. Çünki iddiaçının həmin tarixə 64 deyil, 61 yaşı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərini ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar