Məhkəmə qərarları › İş №2-1(112)-11774/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11774/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11774/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin qaytarılması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bunda sonra X3) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 325,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 və Təyinat filialı tərəfindən qəbul edilən 24 yanvar 2023-cü il tarixli 3-17-2/3-2162/2023 nömrəli Əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1 -ci maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixindən etibarən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 345,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması Cavabdeh tərəfindən 9 dekabr 2022-ci il tarixli “ərizə-iltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 31 oktyabr 2023-cü il tarixli 3-17-2/3-3- 627/2023 nömrəli Qərarla cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 yanvar 2023-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi bir ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 3 avqust 2023-cü il tarixli 3-17-2/2-R-49042/2023 nömrəli və 17 oktyabr 2023-cü il tarixli 3-17-2/2-R- 63551/2023 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarından sonra artıq ödənilmiş işsizlikdən sığorta ödənişindən yalnız 20,00 manat məbləğində vəsait Filiala geri qaytarılmış, qalan məbləğin geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İşsizlikdən sığorta ödənişinin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 2/3-2162/2023 nömrəli əmrə əsasən 789 nəfər işsiz şəxsə (həmçinin cavabdehə) xx.xx.2023-cü il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. İşsizlikdən sığorta ödənişinin dayandırılması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 2/3-3-627/2023 nömrəli əmrə əsasən 575 nəfər şəxsə (həmçinin cavabdehə) “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələbləri nəzərə alınmaqla işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, cavabdehə 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 345.00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Qanunun 18.0.1-ci maddəsinə əsasər sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 345.00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Qeyd edilən səbəbdən bu məktub cavabdehə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi itə qanunamüvafiq tədbir görüləcəkdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi 1.1 X3 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi” 1.1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - Filial) Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumların mühasibat uçotu, büdcə və smeta təhlilini həyata keçirən, maliyyə hesabatlığını təşkil edən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işsizlikdən sığorta ödənişinin (bundan sonra - sığorta ödənişi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda təyin edilməsi və ödənilməsini, məşğulluq tədbirlərinin maliyyələşdirilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşmış qurumdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 5.2.1. Sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifələrindəndir. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. 13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. “Məşğulluq haqqında” Qanunun: 1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti; 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; 4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; 4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; 4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 4.1.9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər. 4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə: … 4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında “İnzibati icraat haqqında” Qanunun: 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati icraat haqqında qanunvericilik həm inzibati aktın qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə münasibətlərə, həm də inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil edilir. Bu isə o deməkdir ki, inzibat icraatla bağlı qanunvericilik normalarının, prinsiplərinin şamil edildiyi münasibətlər üzrə inzibati aktın qəbul edilib-edilməməsi əhəmiyyət daşımır. Münasibətin publik sferaya aid olması həmin norma və prinsiplərin nəzərə alınmalı olması ilə bağlı konkret qayda müəyyən edir. Adıçəkilən Qanunun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcudluğu müəyyən edilərsə hazırkı iddianın təmini əsasları da aradan qalxmış olardı. Yəni, inzibati orqanın qanunsuz olsa belə əlverişli inzibati aktı və ya hərəkəti etimad hüququnun qorunmasına istinad hallarında vətəndaşa münasibətdə hər hansı mənfi hüquqi nəticəyə səbəb ola bilməz. Odur ki, hazırkı iş üzrə maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcud olub-olmadığı müəyyən edilməlidir ki, hazırkı işin faktiki halları üzrə məhz həmin istinad imkanının mövcud olmadığı 67.6.3-cü maddənin tələbindən irəli gəlir. Həmin maddənin müəyyən etdiyi tələbdən də görünür ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimad hüququnun qorunması halından söhbət gedə bilməz və məhkəmə hesab edir ki, hazırkı iş üzrə də adıçəkilən hal mövcuddur. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən, sığortaolunanın əsas vəzifələrindən biri, sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallardan sığortaçıya 10 gün müddətində məlumat verməkdir. İddiaçı, bu tələbinə uyğun olaraq, cavabdehi sığorta ödənişinin dayandırılması barədə vaxtında məlumatlandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı işsizlikdən sığorta ödənişinin dayandırılması ilə bağlı məsələnin cavabdehin məşğul şəxs olması ilə əlaqəli olduğunu bildirir “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində “Məşğul şəxs” anlayışına nəzər yetirilmiş, məşğul şəxs hesab olunması üçün kriteriyaların əhatə dairəsi müəyyən olunmuşdur ki, kənd təsərrüfatına yararlı torpaq payı olan şəxs də məşğul şəxs sayılır. Bu hüquqi tələbin təfsiri açıq və birbaşa olub, torpaq payı olan şəxs məşğul şəxs kimi qiymətləndirilir. Qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması təkzib olunmaz bir haldır və cavabdeh özü də bu halı təsdiq edir. Buna görə də, cavabdeh kənd təsərrüfatına yararlı torpaq payı malik olduğunu bildiyi halda, onun məşğul şəxs olmasını da bilirdi. Bu səbəbdən də, “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipi bu halda tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsait, yəni 345 manat məbləğin geri qaytarılması tələbində haqlıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 345 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 345 (üç yüz qırx beş) manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar