Məhkəmə qərarları › İş №2-1(112)-1192/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1192/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1192/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maneə törədən hərəkətlərin qadağan edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, tikintiyə maneə törədən hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdehin imtinası qanunsuz hesab edilsin, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin tikintisinə maneə törədən hərəkətlərin qadağan edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh icra hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla iddiaçını hüquqlarını pozmuşdur. Belə ki, tikiləcək olan fərdi yaşayış evinin tikinti layihəsi AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanmalı idi. Cavabdehin imtinası qanunsuz hesab edilməli, tikintiyə maneə törədən hərəkətlər qadağa edilməlidir.

4. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 №-li Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən fərdi yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi təyin edilmişdir. Tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinə dair təqdim olunmuş layihənin baş planında ara məsafəsi tələblərinin pozulması tərəfimizdən aşkarlanmışdır. Nəzərinizə çatdırırıq ki, təqdim etdiyiniz fərdi yaşayış evinin layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 №-li Qərarında dəyişiklik edilməsi barədə 24 sentyabr 2020-ci il tarixli, 352 №-li Qərarı ilə təsdiq edilmiş ərazinin tikinti əmsalı və ərazinin tikinti sıxlığı əmsalı qaydalarının tələblərinə uyğun hazırlanmamışdır. Tikintinin yanğın təhlükəsizliyi, təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruriliyini nəzərə alsaq, təqdim etdiyiniz layihədə bu göstəricilər öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq, təqdim olunmuş memarlıq-planlaşdırma bölməsi layihəsi razılaşdırılmadan geri qaytarılır.”

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətə baxılmış, lakin layihənin baş planında ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədiyindən, həmin layihə (memarlıq-planlaşdırma bölməsi) Cavabdeh tərəfindən təsdiq edilməmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında tikiləcək fərdi evinin eskiz layihəsinin Dövlət tikinti normaları nəzərə alınmaqla tərtib edilib-edilməməsi müəyyən edilsin.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6271 №-li ekspert rəyində tədqiqatın nəticəsi: İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında tikiləcək fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə əsasən qonşu və yol ilə sərhəd hasarları arasındakı məsafənin 1.86 metr (6.2x0.3) olmalı olduğunu, faktiki olaraq da "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə həmin ara məsafəsinin 2.1 metr nəzərdə tutulduğunu nəzərə alaraq, Mülkiyyətçi-Layihə MMC tərəfindən tərtib edilmiş layihənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi müəyyən edilmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

16. İddiaçı inşa etməsini planlaşdırdığı tikiliyə törədilən maneələrin aradan qaldıqılmasını cavabdehdən xahiş etsə də, müraciəti təmin olunmamışdır. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş memarlıq-planlaşdırma bölməsi layihəsinin baş planında ara məsafəsi tələblərinin pozulması halı aşkarlandığından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 №-li Qərarında dəyişiklik edilməsi barədə 24 sentyabr 2020-ci il tarixli, 352 №-li Qərarı ilə təsdiq edilmiş ərazinin tikinti əmsalı və ərazinin tikinti sıxlığı əmsalı qaydalarının tələblərinə uyğun hazırlanmadığı hesab edilir.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: 4.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: - 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; - 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; - 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; - 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 69.5-ci maddələrinə əsasən ara məsafəsi aşağıdakı kimi müəyyən edilir: 69.5.1. Divar hündürlüyünün 0.6 hissəsi; - 69.5.2-1. Bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0.3 hissəsi. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 3.0.27-ci maddəsinə əsasən tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. - 5.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:.. 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; - 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. - 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. - 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

20. Məhkəmə cavabdehin imtinasını və məhkəməyə ünvanladığı etirazını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında tikiləcək fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə əsasən qonşu və yol ilə sərhəd hasarları arasındakı məsafənin 1.86 metr (6.2x0.3) olmalı olduğu, faktiki olaraq da "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə həmin ara məsafəsinin 2.1 metr nəzərdə tutulduğu nəzərə alınaraq, "xxxx" MMC tərəfindən tərtib edilmiş layihə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir.

21. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş layihə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanmışdır.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin tikintisinə maneə törədən hərəkətlərin qadağan edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin tikintisinə maneə törədən hərəkətlərin qadağan edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar