Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11993/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublkasının X7 publik hüquqi şəxsinə qarşı “keçirilmiş test imtahanında mübahisələndirilən sualların iddiaçının xeyrinə verilməsi və iddiaçının müsahibəyə buraxılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Dövlət Gömrük Komitəsinə keçirdiyi xx.xx.2024-cü il tarixli imtahanda iddiaçının mübahisələndirdiyi sualların onun xeyrinə verilməsi və müsahibəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 09 iyun 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinə Xidmətə qəbulla bağlı test imtahanı vermiş və imtahanın nəticələrinə görə 80 keçid balından 79 bal toplamışdır. Keçirilmiş test imtahanın nəticələri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şikayəti apellyasiya instansiyası tərəfindən təmin edilməmişdir. Test imtahanın suallarında proqramdan kənar dünya görüşünə dair “Nobel sülh mükafatı almış cənubi azərbaycanlı kimdir?” sualı salınmışdır. Dünya görüşünə dair əvvəlcədən təqdim olunmuş materiallarda dünya görüşünə dair sualların mediadan salınacağı qeyd edilməmiş və konkret olaraq dünya görüşünə dair sualları Azərbaycanın son 250 ildə baş vermiş mühüm hadisələri, Azərbaycan coğrafiyası və Azərbaycan mədəniyyətindən salınacağı qeyd edilmişdir. Ümumiyyətlə qeyd olunan sualla bağlı məlumatı yalnız müəyyən media vasitələrindən əldə etmək mümkündür ki, bununla bağlı proqramda mediadan sualların salınacağı qeyd edilməmişdir. Bundan savayı “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün X8 Komitəsi tərəfindən hansı halda ləğv edilmir?” sualında düzgün cavab qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü tarixli, 2-1(112)-11993/2024 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, “DİM-in DGK-ya keçirmiş olduğu xx.xx.2024-cü il tarixli imtahanda iddiaçının mübahisələndirdiyi sualların (6 və 87-ci suallar) onun xeyrinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası (İPM-in 2.2.2) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq tarixi və nəzəriyyəsi kafedrasının müəllimi E.Əliyev və DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi Departamentinin Orta təhsil üzrə şöbəsinin müdiri M.Əliyev tərəfindən gömrük orqanlarına xidmətə qəbul üçün xx.xx.2024-cü il tarixində keçirilmiş test imtahanında istifadə olunmuş 6 və 87 saylı test tapşırıqlarına dair rəyin surəti məhkəməyə təqdim edilmişdir. Rəyə əsasən, test tapşırığının şərti. “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarına əsasən malların son istifadə xüsusi” gömrük proseduru altında yerləşdirilməsi üçün X8 Komitəsi tərəfindən hansı halda ləğv edilmir? A) İcazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə. B) Məhkəmənin müvafiq qərarı olduqda. C) Prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verildikdə. D) İcazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda. Test tapşırığının doğru cavabı C-dir. А, В və D variantları birbaşa olaraq Qaydaların 3-cü maddəsində öz əksini tapmışdır. 3.1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir: 3.1.4. icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə 3.1.6. məhkəmənin müvafiq qərarı olduqda icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda. Namizədlərin əsaslandıqları C variantı isə özlərinin iddia etdiyi kimi Qaydaların 4.5-ci bəndində əks olunmuşdur: 4.5. Son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir. Test tapşırığını diqqətlə oxuduqda Qaydaların 4.5-ci bəndi ilə test tapşırığının D cavab variantı arasında kəskin fərqlərin olduğu görünür. Fərqlər aşağıdakılardır: 178.3. Test tapşırığının C variantında prosedur sahibinin hüquq və öhdəliklərindən söhbət gedir. Qaydaların 4.5-ci bəndi isə prosedur sahibinin yalnız son istifadə gömrük proseduruna dair hüquq və öhdəliklərinə aid edilir. Məlumdur ki, prosedur sahibi son istifadə gömrük proseduruna dair hüquq və öhdəliklərdən başqa digər hüquqlara da malikdir və buna müvafiq olaraq öhdəliklər daşıyır. Məsələn, Gömrük Məcəlləsinin 177.2-ci maddəsinə əsasən: Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Və ya 178.3-cü maddəsinə əsasən: Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər. Göründüyü kimi prosedur sahibinin son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklərdən əlavə gömrük qanunvericiliyində çoxsaylı hüquq və öhdəlikləri vardır.
1. Test tapşırığının C variantında hüquq və öhdəliklərin digər şəxsə verilməsi əks olunsa da, Qaydaların 4.5-ci bəndində bu hüquq və öhdəliklərin ötürülməsindən söhbət gedir. Hüquq nəzəriyyəsindən də məlum olduğu kimi, bu və ya digər hüquqların üçüncü şəxsə verilməsi ona bu hüquqların daimi verilməsini ehtiva edir. Hüquq və öhdəliklər hər hansı üçüncü şəxsə ötürüldükdə isə bu ötürülmə müvəqqəti xarakter daşıyır. Yəni hüquq sahibi bu hüququ istənilən vaxt geri götürə bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.43-cü maddəsindən də göründüyü kimi, prosedur sahibi dedikdə, hüquq və öhdəliklərin verildiyi deyil, ötürüldüyü şəxs başa düşülür. 1.0.43. prosedur sahibi gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs. Deməli, hüquq və öhdəliklərin ötürülməsi və verilməsi hüquqi aspektdən ayrı- ayrı mənaları ehtiva edir. Yuxarıda qeyd edilənlərə əsasən, test tapşırığında heç bir elmimetodiki səhv aşkar edilməmişdir. Dünyagörüşü ilə bağlı В variantı 87-ci tapşırığın şərhi: Nobel Sülh mükafatına layiq görülmüş cənubi azərbaycanlı: A) Məhəmmədhüseyn Şəhriyar B) Cavad Heyət C) Mahmudəli Çöhrəqani D) Lütfi Zadə E) Nərgiz Məhəmmədi Test tapşırığının doğru cavabı E-dir. Ümumi dünyagörüşü blokunda yer alan bu tapşırıqla əlaqədar olaraq bildirilir ki, həmin tapşırıq Azərbaycan tarixi üzrə elan edilmiş proqrama və orada qeyd olunan tarixi dövrə uyğundur. Eyni zamanda, ümumi dünyagörüşünə aid təqdim edilən tapşırıqların məzmunu yalnız dərs kitablarında yer alan məlumatlarla məhdudlaşmadığına görə elan edilən proqramda ədəbiyyat siyahısı verilməmişdir. Buna görə də tapşırığın proqrama və ya ədəbiyyata uyğun olmadığına dair iddialar əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bu səbəbdən topladığı yekun bal dəyişməmiş qalmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 1.1.27-ci maddəsinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.[ “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən; 1.0.43. prosedur sahibi - gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs; 195.1.Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır. 195.2.Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır: 195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda; 195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda; 195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə; 195.2.4 mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda. 195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 195.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 3.1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir: 3.1.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə; 3.1.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə; 3.1.3. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda; 3.1.4. icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə; 3.1.5. bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulmuş halda; 3.1.6. məhkəmənin müvafiq qərarı olduqda. 4.5. Son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X7 publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra - Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır: 3.1.24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə görə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X2 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qaydanın 2.4-cü bəndinə görə test tapşırıqlarının aşağıdakı növləri var: (2.4.1) qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; (2.4.2) açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; (2.4.3) sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. Qaydanın 2.6-cı bəndinə görə hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: (2.6.1) test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; (2.6.2) hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; (2.6.3) test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; (2.6.4) test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; (2.6.5) test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Qaydanın 4.1-ci bəndinə görə namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: (4.1.1) qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.2) açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.3) esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla. Qaydanın 4.3-cü bəndinə görə namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
13. Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı X7 tərəfindən keçirilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmənin araşdırması ilə sabit olur ki, iddiaçı gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilmiş 09 iyun 2024-cü il tarixli imtahanda 6 və 87-ci sualların onun xeyrinə verilməsi ilə bağlı iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.1-ci maddəsində malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin Komitə tərəfindən verildiyi konkret hallar müəyyənləşdirilmişdir. İddiaçının tərəfindən mübahisələndirilən sualda A variantı (icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə), B variantı (məhkəmənin müvafiq qərarı olduqda) və D variantlarında (icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda) qeyd olunmuş hallar birbaşa olaraq həmin Qaydaların 3-cü maddəsində əksini tapmışdır. İddiaçının mübahisələnirdiyi digər tapşırığa gəldikdə isə, məhkəmə hesab edir ki, ümumi dünyagörüşü üzrə təqdim olunmuş materiallardan müəyyən olunur ki, həmin tapşırıq Azərbaycan tarixi üzrə üzrə elan edilmiş proqrama və qeyd olunan tarixə uyğundur. Tarixlə bağılı məlumatın dünya görüşü testləri sırasında əks olunmasının əldə edilmə mənbəyi və üsulu baxımından iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublkasının X7 publik hüquqi şəxsinə qarşı “DİMin DGK-ya keçirmiş olduğu xx.xx.2024-cü il tarixli imtahanda iddiaçının mübahisələndirdiyi sualların (6 və 87-ci suallar) onun xeyrinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5