Məhkəmə qərarları › İş №2-1(112)-12092/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12092/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12092/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına qarşı “məktubun qanunsuz hesab edilməsi və cavabdehin üzərinə dərəcə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 iyun 2022-ci il tarixli 270 №-li məktubunun qanunsuz hesab edilməsi və cavabdehin üzərinə dərəcə verilməsi məzələsinə yenidən baxılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, noyabr 2022-ci ildən dərəcəsinin artırlıması ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə cavab verilmirdi. Hüququ məsləhətlər üzrə xidmət bürosuna müraciət etdikdən sonra, sonuncu cavabdehə həm ərizənin rəsmi mövcud olub olmaması, həm də mübahisənin təşkilat daxilində həllinin mümkünlüyü barədə məlumat verilməsini xahiş etmişdir. Kitabxana rəhbərliyi 20 aprel 2023-cü ildə cavab göndərməsini şifahi olaraq ona bildirmişdir, lakin surəti təqdim olunmamışdır. Məsələ ilə bağlı yenidən büroya müraciət etdikdən sonra 21 iyun 2023-cü ildə həm hüquq bürosuna, həm də surəti ona təqdim edilməklə məktub göndərildi. Verilən cavabda artıq konkret olaraq bütün qanunsuzluqlar təsdiqlənir. Belə ki, Kitabxana rəhbərliyi başqa nazirliyin müəyyən etdiyi vahid X1na istinad etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsi ilə uzlaşmır. Bundan başqa təsdiq edilir ki, yanvarda təqdim etdiyi ərizə 16 noyabr 2022-ci il tarixli olmaqla əlaqədar cavab 20 aprel 2023-cü ildə şifahi qaydada verilib. Bu da onu təsdiq edir ki, kitabxana rəhbərliyi müraciətə 5 ay sonra yazılı yox şifahi cavab verib ki, öz növbəsində ciddi hüquq pozuntusudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən təqdim olunmuş ərizədə qeyd olunmuşdur ki, bu iddia iddiaçı tərəfindən İPM-nin 2-ci maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, AR İPM-nin 2-ci maddəsində inztibati məhkəmədə icraatı qaydasında baxılan işlərin tam siyahısı verilmişdir. Bu siyahıda əmək münasibətlərində yaranan işlər mövcüd deyildir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcüdluğu isə aşağıda göstərilənlərə əsasən aydın olacaq. İşin materiallarından və iddiaçının iddia ərizəsindən göründüyü kimi, AR ƏM-nin 17-ci maddəsinin tələblərinə əsasən İddiaçı Kitabxananın rəhbərliyi ilə 2006-cı ilin aprel ayında əmək müqaviləsi bağlamışdır və nəticədə, aralarında əmək münasibətləri yaranmışdır. 2022-ci ildə Kitabxananın işçisi olaraq iddiaçı, Kitabxananın rəhbərliyinə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, daha dəqiq desək, dərəcənin yüksəldilməsi, nəticədə isə əmək haqqının artırılması xahişi ilə müraciət etmişdir. Kitabxanın rəhbərliyi onun bu xahişinə “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrin Vahid X1”nı əsas götürərək, imtina cavabı vermişdir. Nəticədə, aralarında əmək münasibətlərin olduğu üçün əmək mübahisəsi yaranmışdır. AR MPM-nin 25.1-ci maddəsinə əsasən, əmək mübahisələri ilə bağlı işlərinə baxılması ümumi məhkəmələr tərəfindən baxılır. Beləliklə, İddiaçı inzibati məhkəməyə yox, ümumi məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; PB seriyalı 034528 №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstituna daxil olmuş və 1991-ci ildə həmin İnstitutu rus dili və ədəbiyyatı ümumi məktəblərdə ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının 1991-ci il 25 iyun tarixli qərarı ilə ona rus dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikası Hüquqi Məsləhətçilər üzrə xidmət bürosunun hüquq məsləhətçisi X2 və surəti İddiaçı ünvanlanmış 271 №-li xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 12 iyun 2023-cü il tarixli məktuba cavab olaraq 18 aprel 2023-cü il tarixli məktub əsasında İddiaçı 20 aprel 2023-cü il tarixində Kadrlar şöbəsinə dəvət olunmuş, şifahi formada ona bildirilmişdir ki, Milli Kitabxanada böyük biblioqrafın əməyinin 12-ci dərəcə ilə ödənilməsi üçün onun kitabxana sahəsi üzrə ali ixtisas təhsilinə də malik olması vacibdir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X1”na müvafiq olaraq (səh.72-74) böyük biblioqraf vəzifəsini tutan işçiyə ali ixtisas təhsilinə və 6 ildən az olmayaraq iş stajına malik olduqda əmək haqqı 12 dərəcə ilə ödənilə bilər. İddiaçı isə 17 illik əmək stajına malik olsa da, kitabxana sahəsi üzrə ali ixtisas təhsili olmadığı üçün onun əmək haqqı “Vahid X1”nın “Giriş” hissəsinin 7-ci abzasına uyğun olaraq 11–ci dərəcə ilə, yəni 1 dərəcə aşağı ödənilməlidir. Bu barədə İddiaçı 2022-ci iln 16 noyabr tarixli yazdığı ərizə ilə əlaqədar da, habelə 20 aprel 2023-cü il tarixində də şifahi cavab verilmişdir. Həmçinin İddiaçı bildirilmişdir ki, gələcəkdə Milli Kitabxanada yaranan vakansiyaların tutulması ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqə və müsahibədə iştirak edə bilər və onun yuxarı vəzifələrə irəli çəkilməsi məsələsinə Nazirliyin müsahibə komissiyasının qərarı ilə baxıla bilər: Bu barədə də İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı məlumat verilmişdir. Böyük biblioqrafın əməyinin 12 dərəcə ilə ödənilməsi üçün müvafiq iş stajı ilə yanaşı, ali ixtisas təhsili də tələb olunur (kitabxanaçılıq və biblioqrafiya ixtisası üzrə bakalavr, yaxud magistr təhsili). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığı üçün hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz Belə ki, iş materiallarından da göründüyü kimi, hazırki mübahisə tərəflər arasında mövcud olan əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1 -ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına qarşı “məktubun qanunsuz hesab edilməsi və cavabdehin üzərinə dərəcə verilməsi öhdəliyinin qoyulması”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar