Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12107/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı, X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Nəsimi rayon İcra Hakimiyyəti) “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın ləğv edilməsi, yeni sərəncamın verilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilmısi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Sərəncamın dəyişdirilməsini, yeni Sərəncamın verilməsini və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasını arzulayırlar. İddiaçılar bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ********** qeydiyyat nömrəli ərizə icra olunaraq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 136 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 51 saylı evin, 1 saylı mənzili üzərində İddiaçı daimi istifadə hüququ tanınmışdır. Sonradan Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-72 reyest nömrəli, xx.xx.2021-ci il tarixli “mənzil üzərindəki daimi istifadə hüquqlarının bağışlanması müqaviləsi” əsasında qeyd olunan mənzil üzərində İddiaçı (1/2 hissədə) və X3 (1/2 hissədə) daimi istifadə hüquqları tanınmış və dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin mənzilin ilkin sənədləşdirilməsi üçün təqdim edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 136 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli kirayə müqaviləsi Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən, həmin sərəncam əsasında mülkiyyət hüququnun qeydiyyata alınması yuxarıda qeyd edilən qanunvericilik aktlarının müvafiq müddəaları ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq bildiririk ki, iddia tələbində qeyd olunan xx.xx.2012-ci il tarixli, 136 saylı sərəncamının ləğv edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüquqlarının X2 adına olan hissədə X1 adına keçirilməsi və bu barədə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 hazırki iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi iki hissədən ibarətdir:
1. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 136 saylı Sərəncamının ləğv edilməsi və yeni sərəncamın verilməsi;
2. Mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsidir. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iş üzrə iddiaçıların hüquqi marağı yerli icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilən sərəncamın ləğv edilməsi və yeni sərəncamın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırki iddia tələbi üzrə cavabdeh kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yönəlmişdir. Məhkəmə hazırki cavabdeh inzibati orqanın mübahisəli məsələ üzrə cavabdehlik daşımaması ilə bağlı aşağıdakilara diqqət çəkir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 3-cü və 4-cü bəndlərində yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri səciyyələnmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinin 3-cü və 4-cü bəndlərində Xidmətin fəaliyyət istiqamətləri və vəzifələri göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Xidmətin hüquqları və vəzifələri konkret olaraq Əsasnamənin müddəaları ilə tənzimlənir ki, yerli icra hakimiyyəti tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması, dəyişdirilməsi və ya yeni inzibati aktın qəbul edilməsi vəzifəsi Xidmətin səlahiyyət sferalarına aid deyil. Göründüyü kimi, iddiaçılar Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 136 saylı Sərəncamının ləğv edilməsini və yeni Sərəncamın qəbul edilməsini tələb etsələr də, hazırki iş üzrə cavabdeh qismində çıxış edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bu istiqamətdə hər hansı tədbir görmək səlahiyyətində deyildir. Çünki, həm “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, həmçinin də Nəsimi rayon İcra Hakimiyyəti ayrı-ayrı fəaliyyət sferaları ilə məşğul olan, özlərinə məxsus səlahiyyətlərə malik olan inzibati orqanlardır. Göstərilən bu hallar isə ona dəlalət edir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, yeni aktın qəbul edilməsi istiqamətində hər hansı tədbirin görülməsi cavabdeh tərəfindən mümkün deyildir. Başqa sözlə desək, iddiaçılar inzibati aktın ləğv edilməsi barədə tələbi düzgün cavabdehə qarşı yönəltməmişdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçılar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsi barədə cavabdehə qarşı iddia tələbi irəli sürsələr də və cavabdeh bu sferada tədbir görmək səlahiyyətinə malik olsa da, iddia tələbi bu hissə də mümkünlük şərtlərini ödəmir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, ev 51, mənzil 1 ½ hissə üzərində iddiaçıların istifadə hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların hər iki tələbləri bir-birindən asılı olan tələblərdir. Bu səbəbdən də hazırki iddia tələbinin birinci hissəsi, yəni sərəncamın ləğv edilməsi tələbi həll olunmadan, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsinə baxıla bilməz. Eyni zamanda, qeyd olunur ki, iddiaçılar qismində hazırki iddia ərizəsində çıxarışda adları göstərilən iki şəxs göstərilsə də, iddia ərizəsinin faktiki olaraq yalnız İddiaçı tərəfindən imzalandığı, məhkəmə araşdırılması nəticəsində Elşən Mehdiyevin iddia ərizəsini ümumiyyətlə imzalamadığı, iddianın onun adından imzalama səlahiyyəti məsimsənilərək İddiaçı tərəfindən edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdə mütləq qaydada səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Səlahiyyətli şəxs dedikdə, iddiaçının özü, nümayəndəsi başa düşülür. Nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmaması haqqında məsələ təqdim olunan etibarnamənin məzmunu və MPM-in 74.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, bu maddəyə əsasən, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin-iddiaçının verdiyi etibarnamədə xüsusi göstərilməlidir, yəni nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti etibarnamədə birbaşa nəzərdə tutulmalıdır. Bundan əlavə iş üzrə səlahiyyətli şəxs anlayışı MPM-in 74.2-ci maddəsindən əlavə, MPM-in 69.2-ci maddəsi ilə də tənzimlənir. Həmin maddəyə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırki halda İddiaçı iddia ərizəsini X5 adından imzalamaq üçün etibarnaməyə malik olmamışdır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iddia mümkünlük şərtlərini ödəmir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallarla əlaqədar iddiaçı ilə müzakirə aparmış, iddiaçı iddia ərizəsini müdafiə etdiyini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov