Məhkəmə qərarları › İş №2-1(112)-12138/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12138/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12138/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında qeydiyyat kitabında düzəliş edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum atası 10 dekabr 1929-cu il təvəllüdlü X4 doğum haqqında qeydiyyat kitabında atası qrafasında səhvən “Həzrətquliyev” kimi yazılmış ata soyadının “Quliyev" soyadına düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum babası X2 miras qalmış əmlakın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi ilə bağlı Xəzər Rayon 7 saylı Notariat ofisinə müraciət etmişdir. Xəzər Rayon 7 saylı Notariat ofisi onun müraciətinə imtina cavabı verərək, xx.xx.1972-ci il tarixdə vəfat etmiş mərhum babası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Səməd Vurğun küçəsi, dalan – 2, ev – 3-ə dair mərhumun xx.xx.1997-ci il tarixdə vəfat etmiş oğlu (atası) X4 doğum haqqında qeydiyyat kitabında ata qrafasında ata soyadında uyğunsuzluq olduğunu bildirmişdir. Belə ki, mərhum babası X3 ölüm haqqında akt qeydində soyadı “Quliyev” yazılmış, mərhum atası X4 doğum haqqında qeydiyyat kitabında atası qrafasında ata soyadı isə “Quliyev” əvəzinə səhvən “Həzrətquliyev” yazılmışdır. Buna görə də, Xəzər rayon 7 saylı Notariat ofisi ona vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Mərhum atası 10 dekabr 1929-cu il təvəllüdlü X4 doğum haqqında qeydiyyat kitabında atası qrafasında səhvən “Həzrətquliyev” kimi yazılmış ata soyadının “Quliyev” soyadına düzəliş edilməsi ilə bağlı Cavabdehnə yazılı şəkildə müraciət etsə də, cavabdeh qurumdan bu günədək müsbət cavab ala bilməmişdir. Bu səbəbdən mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış D/76 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1972-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi S.Vurğun küçəsi, dalan 2, ev 3-ə dair mərhumun xx.xx.1997-ci il tarixdə ölmüş oğlu X4 doğum haqqında şəhadətnaməsində uyğunsuzluqlar olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən təqdim edilmiş DA-01238-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Binə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 10 dekabr 1929-cu ildə doğulan Əzimov (sənəddə olduğu kimi) Nadir İsmayıl oğlunun təvəllüdü qeyd olunur. (Atası: Həsrətquliyev (sənəddə olduğu kimi) X8. Anası: Həsrətquliyeva (sənəddə olduğu kimi) Fizə Almas qızı). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1222/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-844/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı (maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsi) hüquqi faktın müəyyən ediməsi barədə, hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddiaçı mərhum atası 10 dekabr 1929-cu il təvəllüdlü X4 doğum haqqında qeydiyyat kitabında atası qrafasında səhvən “Həzrətquliyev” kimi yazılmış ata soyadının “Quliyev" soyadına düzəliş edilməsini tələb edir. İddia müddəti ötürülmüşdür, odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında ərizə verməklə nail ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Odur ki, iddiaçıya sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsinə dair ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar