Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12171/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən sahəsi 0.0879 ha olan 2027 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 7253 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən 2027 nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Başqa sözlə deyilsə öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, lakin, cavabdeh dəfələrlə onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********13 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Həmçinin eyni sənədlər əsasında əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı sahə göstərilmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümahəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-40113/2024 **********13 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- A-0724/03-8/2025 **********00 nömrəli məktublarla imtina edilmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış “Mərdəkan ərazisindəki 2027 nömrəli bağın istifadəyə verilməsi haqqında” 7253 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonu, Mərdəkan ərazisində 0.10 ha torpaq sahəsi olan 2027 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
9. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş **********131 nömrəli ərizəyə əsasən o, ünvan 3 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin azalaraq 0.0879 ha olmasına və faktiki sahəyə dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini bildirmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 sentyabr 2025-ci il tarixli, 3-52/2-2843/2025 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 218 nömrəli sərəncamından çıxarış məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir. Təqdim edilmiş sərəncamdan çıxarışa əsasən müəyyən edilmişdir ki, «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X3 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 04 №-li protokolu təsdiq edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 No li sərəncamına əsasən: 1.Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. 1.200.Mərdəkandakı 2027 №-li bağ – İddiaçı Fərzi q.(sənəddə olduğu kimi).
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-48332/2025 nömrəli məktubla sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2027 saylı bağ sahəsinə dair sənədlərin, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən bağ sahəsinin qonşuluğunda yerləşən **********76 (2034 saylı bağ sahəsi) və **********86-11301 (2028a saylı bağ evi) reyestr nömrəli daşınmaz əmlakların dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin, müayinə aktının təsdiq edilmiş surətini və ortofo görüntüsünü məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İşin hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 218 nömrəli sərəncamına əsasən Mərdəkanda 2027 №-li bağ sahəsi İddiaçı ayrılmışdır. Sözügedən bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında “Mərdəkan ərazisindəki 2027 nömrəli bağın istifadəyə verilməsi haqqında” 7253 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən torpaq sahəsinin faktiki yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsinə, həmçinin eyni sənədlər əsasında əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı sahənin göstərilməsinə istinad edilmişdir.
22. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçıya ayrılmış bağ sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi və iddiaçı tərəfindən fərqlik konfiqurasiyalı sahənin göstərilməsi hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı işdə mötəbər sənədlərlə müəyyən olunmuşdur ki, sözügedən bağ sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış və həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən əlavə istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. Hətta o, bağ sahəsi üzərində hüquqların hazırda faktiki mövcud olan ölçüsünə - 0.0879 ha-a uyğun qeydiyyata alınmasına etiraz etmir. İddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncamın arxiv nüsxəsi və həmin qərar əsasında verilmiş müqavilənin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən həmin sərəncam və müqavilə mötəbər qiymətləndirilməlidir. İddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın arxiv nüsxəsi mövcud olduğu təqdirdə, bağ sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz, çünki, bağ sahələrinin sxematik xəritəyə uyğunlaşdırılması öhdəliyi cavabdeh orqanın özünün vəzifəsidir. Cavabdehin həmin dəlilinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktubları ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən “2000”-lə başlayan nömrələrə uyğun gəlir. Belə olan təqdirdə, iddiaçının iddia etdiyi bağ sahəsi cavabdehin özü tərəfindən mövcud şərtlər nəzərə alınmaqla sxematik xəritəyə uyğunlaşdırılmalıdır.
23. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.
24. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən sahəsi 0.0879 ha olan 2027 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva