Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-123/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı (3-cü şəxslər: X9 və X7) “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X9 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (zəruri cəlbetmə). Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən, iddia tələbinin “Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin 233 nömrəli, xx.xx.2005-ci il tarixli və 277 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamların etibarsız hesab edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 285 saylı xx.xx.2007-ci il tarixli «İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazənin verilməsi haqqında» Sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə 101 hektar torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin 668073.0 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında 1814/646 №li torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə imzalanmış və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 285 saylı xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Nardaran invest MMC-nə Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi ücün icarə əsasında istifadəsinə verilmiş 101 hektar torpaq sahəsinin 66.8073 ha hissəsinin 21/19 saylı cizgisi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunaraq Cəmiyyətimizə təqdim olunmuşdur. Bu icarə müqaviləsi üzrə torpaq sahəsinin illik icarə haqqı 635762 azn təşkil edir və iddiaçı tərəfindən vaxtı vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X10 İdarəsindəki hesabına ödənilir. İcarəyə verilən torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçərək İddiaçı Məhdud Məsuliyyli Cəmiyyətinin adına cıxanş verilmişdir. Lakin, iddiaçı hal-hazırda dövlət mülkiyyətində olan və dövlət tərəfindən rəsmi qanunvericiliyin tələbinə uyğun olaraq onlara icarəyə verilmiş torpaq sahəsində müxtəlif əngəllərlə rastlaşır. Belə ki, icarəsində olan torpaq sahəsi Nardaran qəsəbəsinin ərazisində yerləşməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin qanunvericiliyin tələbini kobud şəkildə pozaraq müxtəlif şəxlərə vermiş olduğu 233 saylı 01 iyun 2005-ci il tarixli və 277 saylı 21 iyun 2005-ci il tarixli sərəncamlara görə əngəllərlə rastlaşır. Hesab olunur ki, qeyd olunan sərəncamlar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının” Qanunun, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının” Qanunun tələblərini kobud şəkildə pozaraq qanunsuz şəkildə verilmişdir. İddiaçı bu barədə rəsmi şəkildə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan sərəncamların ləğv edilməsi Bələdiyyənin səlahiyyətlərinə aid deyil. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclaslarında iştirak etməmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə bildirir ki, mübahisələndirilən sərəncamlar 2005-ci ilə aiddir və tələb sərəncamların etibarsız hesab olunması ilə bağlıdır. Doğrudur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Lakin, hazırki iş üzrə vəziyyət bir qədər fərqlidir. Belə ki, Bakı ŞİH-nin 2007-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin iddiaçıya ayrılması həyata keçirilmiş, iddiaçı həmin müddətdən etibarən həmin sahəni istifadə etmiş, hətta onun həmin sahə üzərində icarə hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. Buna baxmayaraq ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə dair sərəncamların olduğunu yalnız üçüncü şəxslərin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların etibarsız hesab edilməsi ilə bağlı iddia verdikdən sonra məlumatlı olmuş və xx.xx.2022-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli torpaq sahələrində üçüncü şəxslərə aid tikili olmadığından, iddiaçının torpaq sahəsinin ona ayrılmasından əvvəl qəbul edilmiş sərəncamların mövcudluğundan xəbərdar olmamış, xəbərdar olmasını təsdiq edən sənəd nə cavabdeh, nədəki üçüncü şəxslər tərəfindən təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı RİH tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 285 nömrəli Sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/539 sayh razılıq məktubunu və İddiaçı MMC-nin xx.xx.2007-cı il tarixli, D/04/01 saylı müraciətini nəzərə alaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə, 1.01 ha torpaq sahəsi, icarə əsasında, İddiaçı MMCnin istifadəsinə verilmişdir. Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 636672 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 668073.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüquqları qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 55.3928 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüquqları qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 233 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahələrini Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bağçılıq və bostançılıq üçün ayrılması nəzərə alınmış, Maştağa qəsəbəsi «Ləəç» bağ massivində 37500 kv.m torpaq sahəsi vət. X4 bağçılıq və bostançılıq üçün ayrılması məqsədəuyğun sayılmış, vət. Z.R.X1 «Vergi və ödənişlər» şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etməsi qərara alınmışdır. Yerləşmə sxemindən görünür ki, həmin sxem Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 233 nömrəli sərəncamı əsasında tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 277 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahələrini Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bağçılıq və bostançılıq üçün ayrılması nəzərə alınmış, Maştağa qəsəbəsi «Ləəç» bağ massivində 22.500 kv.m torpaq sahəsi vət. X8 bağçılıq və bostançılıq üçün ayrılması məqsədəuyğun sayılmış, vət. F.B.X2 «Vergi və ödənişlər» şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etməsi qərara alınmışdır. Yerləşmə sxemindən görünür ki, həmin sxem Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 277 nömrəli sərəncamı əsasında tərtib olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, göstərilən 6.6456 ha torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağıdır. Belə ki, bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Göstərilən faktiki sahənin 2/3 hissəsi “Nardaran İnvest" MMC-nin icarə hüququ üzrə dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşür (3.9524 ha). Qalan sahə isə çimərlik ərazisidir. Bundan əlavə olaraq işə əlavə edilmiş torpaq sahələrinin yerləşmə cizgisində hər hansı bir istinad məlumatı göstərilməyib. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki: -Vahid elektron kadastr baza məlumatlarına əsasən X3 iddia etdiyi 37500,0 kv.m torpaq sahəsinin Sabunçu rayon Maştağa bələdiyyəsinin hüdudları daxilində olması barədə məlumat aşkar edilməmişdir. -X3 iddia etdiyi 37500,0 kv.m torpaq sahəsinin yerləşmə sxemində dənizin hansı istiqamətdə yaxınlığını göstərən istinad nöqtəsi və məsafə göstərilmədiyindən naturada yerini müəyyən etmək mümkün deyildir. -Vahid elektron kadastr baza məlumatlarına əsasən X6 iddia etdiyi 22500.0 kv.m torpaq sahəsinin Sabunçu rayon Maştağa bələdiyyəsinin hüdudları daxilində olması barədə məlumat aşkar edilməmişdir. -X6 iddia etdiyi 22500.0 kv.m torpaq sahəsinin yerləşmə sxemində dənizin hansı istiqamətdə yaxınlığını göstərən istinad nöqtəsi və məsafə göstərilmədiyindən naturada yerini müəyyən etmək mümkün deyildir. -Qeyd olunan torpaq sahələri ümumi ərazidə göstərilməklə faktiki olaraq 6.6456 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə göstərilən 6.6456 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 285 nömrəli sərəncamı əsasında İddiaçı MMC-nin istifadəsinə ayrılmış 101 ha torpaq sahəsinin bir hissəsi olmaqla dövlət reyestrində **********64 nömrəsi ilə qeydiyyata alınmış sahə ilə üstüstə düşür. Bir hissəsi isə dənizin mühafizəsi olmaqla çimərlik ərazisidir. -Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 285 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 101.0 ha torpaq sahəsi torpaqayırma zamanı dövlət mülkiyyətində olub. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd, qanuni əsaslarla onun icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələrinin ayrılması barədə sərəncamların etibarsız hesab olunmasıdır. İş materiallarının təhlili göstərir ki, mübahisələndirilən sərəncamlar Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən qəbul olunmuş və torpaq sahələrinin üçüncü şəxslərə ayrılması ilə bağlı olmuşdur. Bu mərhələdə əsas hüquqi məsələlərdən biri, sərəncamların verildiyi torpaq sahələrinin torpaqayırma zamanı aidiyyəti orqanın hüdudları daxilində yerləşibyerləşməməsinin qiymətləndirilməsidir. Çünki torpaq hüquq münasibətlərində səlahiyyət məsələsi birbaşa inzibati aktın hüquqi qüvvəsinə təsir göstərir. Məhkəmə, mübahisə üzrə müəyyən hallarının araşdırılmasının xüsusi bilik tələb edən xarakterinin olduğunu nəzərə almış, bu səbəbdən mütəxəssis və ekspert rəyi əldə etmişdir. Həmin rəylərdən görünür ki, mübahisələndirilən sərəncamlarla ayrılmış torpaq sahələri iddiaçının icarəsində olan sahə ilə əhatə baxımından üst-üstə düşür. Lakin bu da müəyyən olunmuşdur ki, həmin torpaq sahələri ayrıldığı zaman bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 285 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 101.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinin yerləşdiyi ərazi üzrə torpaqayırma hüququ Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olmuşdur. Bu əsaslar onu göstərir ki, cavabdeh bələdiyyə tərəfindən verilmiş sərəncamlar hüquqi səlahiyyətin hüdudlarını aşaraq qəbul olunmuş və müvafiq torpaq üzərində inzibati sərəncamvermə hüququ bələdiyyəyə məxsus olmamışdır. Bu isə "İnzibati icraat haqqında" Qanunun 65.1.2-ci maddəsində nəzərdə tutulan hal, yəni səlahiyyətsiz inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız hesab olunması üçün əsasdır. Məhkəmə bildirir ki, səlahiyyətli olmayan orqan tərəfindən qəbul edilmiş inzibati akt hüquqi qüvvəyə malik sayılmır, belə akt qəbul edildiyi andan etibarsız hesab olunur və heç bir hüquqi nəticə doğurmur. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hazırkı halda isə, ekspert rəyinin razılaşmama əsaslarının mövcud olmadığı aşkardır. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahələri bələdiyyə mülkiyyəyində olmadığından, cavabdehin həmin torpaq sahələrinin üçüncü şəxslərə ayrılması ilə bağlı sərəncam qəbul etmək səlahiyyəti olmamışdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbi təmin olunduğundan, ekspertiza xərci cavabdeh ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin 233 nömrəli, xx.xx.2005-ci il tarixli və 277 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamları etibarsız hesab edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat məbləğində prosessual xərcin X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-123/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-123/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver