Məhkəmə qərarları › İş №2-1(112)-12342/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12342/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12342/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun yenidn hesablanmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 35 il müddətində iş stajının toplanmasına və əmək kitabçasının olması mövcuddur, əlavə qazanc və gəlir əmək müqaviləsi. Əmək müqaviəsi 1967-69-cu ildə olmuş və sovetlər dövrü əlavə qazanc "əmək kitabçası və əmək müqaviləsi" ilə 1967-69-cu illərdən başlamış 1981-1989-cu il tarixdən Azərbaycan Rəssamlar İttifaqının tabeliyində olan bədii fondun yaradıcılıq kombinatında əmək kitabçası ilə əsas iş yeri olaraq yaradıcı rəssam işləmişdir. Ən mühüm dövlət idarələri kolxoz və sovxoz nazirliklərlə dövlət Komitələri ilə müqavilə əsasında işləmişdir. Görülən işlərin 40%-i bədii tərtibatda və yaradıcılıq işlərinin 25%-i dövlət orqanlarına "sosial ödənişlər" və digər aidiyyəti ödənişlər və digər mütəmadi əmək haqqından bütün işçilərin maaşlardan tutulub dövlətə ödənilib. İddiaçı dəfələrlə yaş təqaüdü ilə bağlı sosial müdafiə fonduna dəfələrlə etiraz məktubları yazmışdır ki, pensiyası təkrarən düzgün hesablansın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normanın tələblərinə əsasən iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 299,04 manata, xx.xx.2024-cü il tarixdən 402.68 manata çatdırılmışdır. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və diplomun surətlərinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 35 il 1 ay 28 gün sığorta stajı əsasında pensiyası yenidən hesablanmış və məbləğində (402,68 manat) dəyişiklik olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli 3-1-1/2- 12345/2024 nömrəli məktuba əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlərdə fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Göründüyü kimi, fərdi uçotun təşkili xx.xx.2006-cı il tarixdən başladığından, həmin tarixdən əvvəlki dövrlər barədə məlumatların fərdi şəxsi hesabda əks etdirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçı iddia ərizəsində 1981-1989-cu illərdə müəssisə rəhbəri olduğunu və digər işçilərdən daha çox əməkhaqqı aldığını, lakin həmin dövrlərdə aldığı yüksək əməkhaqqının düzgün hesablanmadığını və pensiyasına əlavə edilmədiyini, bu səbəbdən həmin dövrlərdə aldığı əməkhaqqılar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əməkhaqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Həmin tarixdən qanunvericilikdə edilmiş dəyişikliklə əlaqədar xx.xx.2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (xx.xx.2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanmasına başlanılmışdır. Belə ki, həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006cı il tarixdən sonrakı dövrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddia ərizəsinə münasibətdə qeyd edilir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2015ci il tarixdə qüvvədə olan qanunvericilik əmək pensiyasının orta aylıq əməkhaqqı əsasında deyil, fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanmasını nəzərdə tuturdu. Bu səbəbdən iddiaçının xx.xx.2006-cı il tarixdən əvvəl aldığı əməkhaqqının məbləği və müddəti hazırki qanunvericiliyin tələblərinə əsasən əhəmiyyət daşımadığından, iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçıya aid pensiya işi və inzibati icraat materiallarının surətindən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin 291841 nömrəli pensiyanın uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli 186 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarxli 3-17-1/1-36424/2024 nömrəli qərarına əsasən İddiaçı təyin olunmuş pensiya yenidən hesablanaraq dəyişmədən 402,68 manat məbləğində müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi 26-1 y/h göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024 tarixli, 3-17-1/2-218253/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-55140/2024 nömrəli məktubunda bildirmişdir ki, müraciətinizin məzmununu dəqiqləşdirmək üçün sizinlə işçi qaydada əlaqə saxlanılmış, danışıq zamanı 1972-1989-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının qurumu olan Azərbaycan Bədii Fondunun Yaradıcılıq Kombinatında, 1993-2004-cü illərdə Nair Yaradıcılıq şirkətində əmək fəaliyyəti ilə məşğul olmanıza baxmayaraq aşağı məbləğdə əmək pensiyası təyin olunduğunu və pensiyanızın yenidən hesablanmasına baxılmasını bildirmisiniz. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildiririk ki, fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və sosial müdafiə sahəsində digər x- hüquqların təmin edilməsi üçün hər bir şığortaolunana dair bu Qanunim 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili 2006-cı il 1 yanyar tarixdən başlayaraq aparıldığından vətəndaşların 2006-cı il tarixdən əvvəlki dövrlər barədə məlumatlarının fərdi şəxsi hesablarında əks etdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü maddəsində qeyd edildiyi kimi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlard əmək müqayiləsi (köntraktı) əsasınd işləyənlərin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən əmək pensiyanısının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının hüquqi marağı onun pensiyasının yenidən hesablanması olub öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdə yaranmış, ona həmin tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya təyinatına əsas olan xx.xx.2006-cı il tarixədək ümumi stajı 35 il 1 ay 28 gün olmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir.

1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.1 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.1 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya xx.xx.2015-ci il tarixdə pensiya təyin edilən zaman qüvvədə olmuş: -1.0.11-ci maddəsinə əsasən əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; -1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -1.0.13-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -4.2-ci madəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilmişdir) 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edlmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq iddiaçının pensiyasının baza hissəsi müvafiq artımlara uyun olaraq artırılmış, xx.xx.2010-cu il tarixdən 85 manata, 2015-ci ildən 100 manata çatdırılmışdır. xx.xx.2015=100(BH)+80,87(staja görə SH)= 180,86 manat xx.xx.2016 =110 (BH)+80,87+80,87x4%=184,09 manat; xx.xx.2016=110 (BH)+80,87+80,87x4%=194,09 manat; xx.xx.2017 =110(BH)+84,11+84,11x12,4%=204,52 manat; xx.xx.2018 =204,54+204,54x5,77=216,20 manat; xx.xx.2019= 216,20+2016,20 x 3%=222,76 manat; xx.xx.2020 =222,76+222,76 x 16,6%=259,74 manat; xx.xx.2021 =259,74+259,74 x 11,4%=289,35 manat; xx.xx.2022= 289.35+289,35 x 3,4%=299,18 manat; xx.xx.2023,=(299,18+16,66)+315,84 x 14,7%=362,27 manat xx.xx.2024 = 362,27+362,27*11,2%=402,68 manat. Qanunun qeyd edilən tələbinə uyğun olaraq iddiaçının pensiyası iş stajına görə (35 il 01 ay 28 gün) xx.xx.2015-ci il tarixdən pensiya yenidən hesablanmış, bu zaman iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi stajına görə 35 il 1 ay 28 gün x 170 manat = 5977,20 manat məbləğində olan pensiya kapitalı 2015-ci il tarixə indeksləşdirilərək 5977,20+8,3%16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%=11644,70 manat olmuşdur. xx.xx.2015-ci il tarixə pensiyanın baza hissəsinin məbləği (BH)=100 manat və staja görə pensiyanın sığorta hissəsinin məbləği -11644,70 : 144=80,87 manat olmuşdur. Nəticədə xx.xx.2015-ci ilə iddiaçının pensiyası BH-100 manat+ sığorta hissə 80.87 manat olmaqla cəmi 180,86 manata çatdırılmışdır. xx.xx.2024-cü il tarixə 362,27 pensiya məbləği həmin ilin indeksasiya faizi 11,2% tətbiq edilməklə 402,68 manata çatdırılmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdə qüvvədə olan qanunvericilik əmək pensiyasının orta aylıq əməkhaqqı əsasında deyil, fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanmasını nəzərdə tuturdu. Belə ki, xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilirdi. Haırkı iş üzrə iddiaçının pensiya hüququ isə xx.xx.2015-ci il tarixdən qanuna edilmiş dəyişiklikdən sonra-yəni orta əmək haqqına istinadən hesablanma qaydası aradan qalxdıqdan sonra yarandığından iddiaçının ümumi sığorta stajı əsasıda toplanmış pensiya kapitalı Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinə indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələri tətbiq edilməklə hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövr qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar