Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1246/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xüsusi xidmət şəraitinə görə əlavənin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xüsusi xidmət şəraitinə görə əlavənin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi xidmət şəraitinə görə (uçuşların təhlükəsizliyinə görə) vəzifə maaşının 15%-i miqdarında əlavənin 2010-2015-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-2015-ci illərdə N №-li hərbi hissənin Komanda Məntəqəsində “əməliyyat növbətçisinin uçuşlar üzrə baş köməkçisi’' vəzifəsində xidmət etmiş, bu vəzifədə xidmət edərkən 2009-2010-cu illərdə ona uçuşların təhlükəsizliyinin təmin edilməsinə görə vəzifə maaşının 15%-i miqdarında əlavə ödənilmişdir. Lakin 2010-cu ildə bu əlavənin ödənilməsi dayandırılmış və yalnız onun təkidi ilə xx.xx.2015-ci il tarixdən həmin əlavənin verilməsi bərpa edilmişdir. Bu zaman həmin əlavənin dayandırıldığı tarixdən bərpa olunduğu tarixədək olan müddət üçün (2010-2015ci illər) əlavə hesablanaraq ona ödənilməmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissənin Döyüşü idarəetmə qrupunun əməliyyat növbətçisinin hərbi hava qüvvələri və uçuşlar üzrə baş köməkçisi və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissənin Döyüşü idarəetmə qrupunun əməliyyat növbətçisinin aviasiya üzrə baş köməkçisi vəzifəsində xidmət etmişdir. İddiasına görə 2009-2010-cu illər üçün ona uçuşların təhlükəsizliyinin təmin edilməsinə görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə əlavə pul ödənilmiş, lakin 2010-cu ildən 15% əlavənin verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Qulluqçularının X3” Əsasnamədə pul təminatı ilə bağlı “Xüsusi qulluq şəraitinə görə % əlavəsi aşağıdakı həcmlərdə aylıq əlavə ödənilməsi təmin edilir. Maddə 97 - b) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularına; b/1 vəzifə maaşının 15%-i aşağıdakı göstərilən xidmətləri keçən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusuna, b/2 aivasiya hərbi hissələrində Aəzrbaycan Respublikası Müdafiə Naziri tərəfindən təsdiq edilən siyahılarda adları çəkilən təyyarə və vertolyotların təhlükəsizliyini təmin edən aviasiya mütəxəssislərin vəzifələri. Qeyd olunan 15% əlavə Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin Komandanının əmri əsasında vəzifələr üzrə tərtib olunmuş müvafiq siyahı əsasında ödənilir. Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2007-ci il tarixli əmrinə əsasən tərtib olunmuş siyahıda N nömrəli hərbi hissədə olan “Əməliyyat növbətçisinin uçuşlar üzrə baş köməkçisi” vəzifəsinə əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Eyni adlı N nömrəli hərbi hissədə (yuxarı qərargahda) mövcud olan vəzifə üçün əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Yəni mövcud olan siyahıda öz əksini tapmışdır. Bundan əlavə iddia tələbi araşdırılarkən müəyyən olmuşdur ki, iddiaçıya bir il müddətinə qeyri-qanuni 15% əlavə ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissənin Döyüşü idarəetmə qrupunun əməliyyat növbətçisinin hərbi hava qüvvələri və uçuşlar üzrə baş köməkçisi və xx.xx.2014cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissənin Döyüşü idarəetmə qrupunun əməliyyat növbətçisinin aviasiya üzrə baş köməkçisi vəzifəsində xidmət etmişdir. Hazırda xüsusi xidmət şəraitinə görə (uçuşların təhlükəsizliyinə görə) vəzifə maaşının 15%-i miqdarında əlavənin 2010-2015-ci illər üçün hesablanıb ödənilməsini mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbayxan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: ... - bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; ...
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunveriliyin sadalanan normalarından göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərindən biri də bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavədir. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Aviasiya hərbi hissələrində müdafiə naziri tərəfindən müəyyən edilmiş təyyarələr və vertolyotların uçuşlarının təhlükəsizliyini təmin edən aviasiya mütəxəssislərin vəzifələrinin siyahısı üzrə xüsusi xidmət şəraitinə görə 15% əlavə ödənilir. Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş “Təyyarələr və vertolyotların uçuşlarının təhlükəsizliyini təmin edən aviasiya mütəxəssislərin vəzifələrinin siyahısı”nda Hərbi Hava Qüvvələri İdarəsində (N nömrəli hərbi hissədə) olan “Əməliyyat növbətçisinin uçuşlar və HHQ üzrə baş köməkçisi” vəzifəsinə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədə mövcud olan eyni adlı vəzifə üçün əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya bir il müddətinə həmin əlavənin əsassız olaraq ödənilməsi digər illər üçün də ödənilməsini şərtləndirmir və iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xüsusi xidmət şəraitinə görə əlavənin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov