Məhkəmə qərarları › İş №2-1(112)-1248/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1248/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1248/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı (üçüncü şəxs Müdafiə Nazirliyi) “3 illik əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç illik əmək haqqının (895x36) 32.220 manat pul təminatının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1992-ci ildə Neftçala rayonunun Xəzər kəndində anadan olmuşdur. xx.xx.2012-ci ildən SHXÇDX-in Neftçala rayon şöbəsində hərbi xidmətə çağırılmış, hərbi xidməti başa burduqdan sonra ordu sıralarında qalaraq МАХЕ çavuş olaraq xidmət etmişdir. Belə bir əzəmətli döyüşlərdə bir azərbaycan əsgəri kimi o, da yaxından iştirak edərək, Kəlbəcər, Şuşa, Füzuli, Xocavənd, Hadrud, Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralananadək döyüşmüş və bununla da fəxr edir. X3 1-ci müavini-Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 2/824 nömrəli göstərişinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Komandanının sərəncamında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks hucum əməliyyatlarında iştirak etmək üçün 27 avqust 2020-ci il tarixli 240 saylı əmrlə xüsusi təyinatlı qüvvələrin təliminə qatılmışdır. Kəlbəcər, Cəbrayıl, Lələtəpə, Hadrud, Füzuli, Şuşa, Xocavənd, 932 saylı yüksəkli, Qırmızıkörpü istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci ildə Qırmızıkörpü istiqamətində gedən döyüşlərdə yanında mərmi partlaması nəticəində ağır travma alaraq yaralanmışdır. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək X2 “partlayış travması, qapalı kəllə-beyin travması, baş-beyin sirkələnməsi” diaqnozu ilə müalicə almışdır. Xidmətdə olduğu zaman başqa bir şəhid onun adı ilə yaşadığı Neftçala rayonunun Xəzər kəndinə atası evinə gətirilib. 2-3 gün atası ona yas məclisi qurub. Tam təsadüfən onun komandiri adı ilə evinə şəhid göndərildiyini bilib və onu ailəsi ilə telefonla danışdıraraq valideyinlərinə belə bir böyük sevinc yaşatmışıdır. Hazırda panik ataklar, yaddaş pozulması, kəskin travma ilə baş ağrıları, əsəbilik, yuxusuzluqla bağlı səhhətində ciddi problemlər yaşayır. Qanunun tələbinə müvafiq olaraq bir kəşfiyyatçı kimi onun 3 illik əmək haqqı müqabilində cavabdeh tərəfindən kompensassiya ödənilməlidir. Tərəfindən bununla bağlı Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarına müraciət etmiş, Daxili Qoşunlar komandanının müavini-şəxsi heyət üzrə idarənin rəisi-şəxsi heyət üzrə idarəsinin rəisinin cavab məktubu ilə pulun ödənilməsindən imtina edilmişdir.

3. İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında hərbi qulluqçuların pul təminatının əlavə növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” qərarı ilə müəyyən edilmişdir. Qərarda hərbi qulluqçulara “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti kimi işləməyə görə hər hansı bir ödəniş növünün və ya vəzifə maaşına əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən qərarın icrasını təmin etmək məqsədi ilə hazırlanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2018-ci il 12 aprel tarixli Q21-001-18 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti kimi işləməyə görə hərbi qulluqçulara hər hansı bir ödəniş növü və ya onların vəzifə maaşına əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən müvafiq ödənişlə təmin edilməniz qeyri-mümkündür.”

4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Daxili Qoşunların hərbi qulluqçularının pul təminatı haqqında qüvvədə olan normativ hüquqi sənədlərdə kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına hər hansı pul təminatının ödənilməsi nəzərdə tutulmamışdır.

5. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icratına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinin arxiv arayışına əsasən: İddiaçı N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2012-ci il tarixli 21 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 143 №li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən ehtiyatdan gəlmiş hesab edilməklə həqiqi hərbi xidmətə qəbul edilib, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 20 iyun 2012-ci il tarixdən hərbi hissə komandirinin sərancamında saxlanılmışdır; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2012-ci il tarixli 24 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli N №-li əmrilə hərbi hissə komandirinin sərəncamından azad edilərək 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 47 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 174 №-li əmrilə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunun 12.7mm iriçaplı pulemyot yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 21 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 58 №-li əmrilə xüsusi təyinatlı dəstədə atəş təminatı həmlə qrupunun 12,7mm iriçaplı pulemyot yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 1-ci xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 21 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 58 №-li əmrilə xüsusi təyinatlı dəstədə atəş təminatı həmlə qrupunun 12,7mm iriçaplı pulemyot yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 1-ci xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 83 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 245 №li əmrilə xüsusi təyinatlı dəstədə 1-ci xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 1-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda atıcı-istehkamçı vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-cı il tarixli 92 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 287 №li əmrilə növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2017-ci il tarixli 38 №-li ş/h üzrə əmrilə növbəti “çavuş” hərbi rütbəsi verilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 173 №-li ş/h üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda atıcı-istehkamçısı vəzifəsindən azad edilib, 10 noyabr 2021-ci i tarixdən həqiqi hərbi xidmətdən buraxılaraq qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə göndərilmişdir. 27 noyabr 2021-ci il tarixə xidmət illəri: təqvimlə - 10 il 05 ay 19 gün; güzəştlə - 00 il 02 ay 06 gün; ümumi - 10 il 07 ay 25 gün təşkil edir. Qeyd: N saylı hərbi hissə komandirinin 2016-cı ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilməmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il 186 nömrəli “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əkskəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Fərmanın 1.4-cü bəndində müvafiq dövlət orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları sadalanmışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sözügedən fərmana əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları siyahısına daxil deyil. Qeyd edilənlərə əsasən, iddiaçının vəzifəsi (hərbi əməliyyatlarda iştirak etdiyi halda tutduğu vəzifə daxil olmaqla) “kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı” vəzifəsi hesab edilmir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddia tələbi 3 illik pul təminatının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

14. İddia tələbi iddiaçının “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti kimi işlədiyinə görə üç illik əmək haqqının (895x36) 32.220 manat pul təminatının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir.

15. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: · zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; · bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; · elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; · kursant vəzifəsi üçün əlavə; · paraşütlə tullanmaq üçün pul mükafatı; · dalğıc işləri üçün pul mükafatı; · hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; · dənizçilər üçün pul təminatı; · döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; · qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; · müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; · şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; · xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; · gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; · hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; · Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; · hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; · xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; · gündəlik və mənzildə yaşamaq xərcləri; · səhrada (çöldə) xidmətetmə pulu; · ev kirayəetmə pulu.

2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

16. Göründüyü kimi iddiaçıya sözügedən Qərarda hərbi qulluqçulara “kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” subyekti kimi işləməyə görə hər hansı bir ödəniş növünün və ya vəzifə maaşına əlavənin ödənilməsi nəzərdə tutulmamışdır.

17. Həmçinin məhkəmə onu da qeyd edir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları siyahısına daxil deyil.

18. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il 186 nömrəli Fərmanına əsasən:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin texniki sahədə əkskəşfiyyat fəaliyyətini.

19. Beləliklə, İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından ona üç illik əmək haqqının (895x36) 32.220 manat pul təminatının ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar