Məhkəmə qərarları › İş №2-1(112)-12573/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12573/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12573/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi-Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra mətndə DSMF) publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi vəzifəsinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə doğulmuşdur. 2015-ci ildə X2 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il tarixində X7, xx.xx.2018-ci il tarixində X9 doğulmuşlar. Ailə vəziyyəti ilə bağlı elektron formada VEMTAS-dan qeydiyyatdan keçdikdən sonra dövlət tərəfindən onlara sosial yardım təyin edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə verilən ünvanlı sosial yardım dayandırılmışdır. Sosial yardımın dayandırılmasına əsas kimi cavabdeh tərəfindən bildirilmişdir ki, istifadəsində nəqliyyat vasitəsi var, bu səbəblə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Halbuki, daha əvvəl bu hal onun sosial müavinət almağına mane olmamışdır. Qeyd etdiklərinə əsaslanaraq sosial yardımın verilməsinin dayandırılmasını qanunsuz və əsassız hesab edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DSMF əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair 21 sentyabr 2023-cü il tarixli 3-171/2-217715/2023 №li etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə 465,81 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. VEMTAS vasitəsilə aşkar edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2017-ci il tarixdən nəqliyyat vasitəsi mövcuddur. Bunun əsasında iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişləri dayandırılmışdır. İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət edərkən cavabdeh orqan iddiaçının təqdim etdiyi ərizəbəyannaməyə əsasən yoxlama aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların müvafiq bəndindən də göründüyü kimi, təyinat aparılmasını istəyən ailə mütləq surətdə ərizə-bəyannamədəki məlumatları düzgün doldurmalı və gəlirlərdə baş vermiş dəyişikliklər barədə qanunvericiliklə müəyyən edilmiş vaxtda inzibati orqana məlumat verməlidir. Göründüyü kimi iddiaçı atasına məxsus nəqliyyat vasitəsinin etibarnamə ilə ona verilməsi faktını gizlətmiş və bu barədə ərizə-bəyannamədə hər hansı bir qeyd aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh ƏƏSMN-nin nümayəndəsi-Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan məhkəmənin müvafiq sorğularına əsasən: DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 sentyabr 2023-cü il tarixli 3-17-1/2-207498/2023 №li məktubu ilə məhkəməyə təqdim olunmuş ünvanlı dövlət sosial yardım işi üzrə inzibati icraat materiallarından müəyyən olunur ki, beş nəfər ailə üzvündən o cümlədən, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı, xx.xx.1985-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 ibarət aztəminatlı ailəyə xx.xx.2022-ci il tarixdə olunmuş müraciət əsasında 01 aprel 2022ci il tarixdən 31 mart 2023-cü il tarixədək 465,81 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” Bildirişlərdən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə edilmiş müraciətlərinə cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən istifadəsində xx.xx.2017-ci il tarixdən nəqliyyat vasitəsinin olması səbəbindən sosial yardımın təyin olunmasından imtina edilmişdir. Qeyd olunan bildirişlərdə göstərilmişdir ki, İddiaçı, X1, X4, X9 və X5 müraciət hüquqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.9-cu bəndi nəzərə alınaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq 1 (bir) müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-16/2-121891/2023 №li məktubda göstərilmişdir ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı və xx.xx.1985-ci il təvəllüdlü X1 adlarına nəqliyyat vasitəsi qeydiyyata alınmayıb. Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli İ-15/920 №li məktubda göstərilmişdir ki, İddiaçıbala İsa oğlunun adından onun (İddiaçı) adına Bakı şəhəri 8 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 7E-1639 reyestr nömrəsi ilə etibarnamə rəsmiləşdirilmişdir. Həmin etibarnamə onun tərəfindən təqdim edilmiş Bakı şəhəri 1 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli 8İ- 707093 saylı ərizəyə əsasən ləğv edilmişdir. Tətbiq edilən hüquq. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu. Ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi. 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti. 8.1.Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının; - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının X10; 1.3.19. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə (3.7.3); ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.7). Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilməsi nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (ailəsinə) xx.xx.2022-ci il tarixdə 465,81 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh inzibati orqan tərəfindən VEMTAS vasitəsilə aşkar edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2017-ci il tarixdən nəqliyyat vasitəsi mövcuddur və iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət edilərkən atasına məxsus nəqliyyat vasitəsinin etibarnamə ilə onun istifadısinə verilməsi barədə ərizə-bəyannamədə hər hansı bir qeyd aparılmamışdır. Bunun əsasında iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişləri dayandırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ünvanlı sosial yardımın ödənilməsinin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanuni olmaqla “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə uyğundur. Cavabdeh inzibati orqan iddiaçının hüquqlarına qanunsuz müdaxilə etməmişdir “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmış və iddiaçının müraciətini qanuni əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar