Məhkəmə qərarları › İş №2-1(112)-12595/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12595/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12595/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı X2 1989-cu ildə Perm Hərbi Texniki Aviasiya Məktəbini bitirmiş, 1989 – 1992-ci illərdə Astraxan şəhərindəki müvafiq hərbi hissədə xidmət etmişdir. Həmin dövrdə gedən müharibə ilə əlaqədar könüllü olaraq Azərbaycan Respublikasına qayıtmışdır. 1992 – 1995-ci illərdə müvafiq Xüsusi Təyinatlı Taborda tağım komandiri və bölük komandirinin müavini vəzifələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1995 – 1997-ci illərdə müvafiq hərbi hissədə Alayın kəşfiyyat rəisi vəzifəsində xidmət etmişdir. Atəşkəsdən sonrakı illərdən onu ixtisasına uyğun olaraq, onu Qaladakı müvafiq hərbi hissəyə öz ixtisası üzrə təyin etmişlər. 1997 – 2009-cu illərdə baş leytenant və kapitan rütbəli vəzifələrdə xidmət etmişdir. Mayor rütbəli vəzifəsindən baş leytenant rütbəli vəzifəyə əsassız olaraq keçirilmişdir. Hərbi hissədə xidmət zamanı Türkiyəvə ixtisasını artırmaq üçün oxumağa getmək istədiyi halda, göndərilməmişdir. Daha sonra digər hərbi hissədə xidmət eldiyi zaman ixtisas artırma kurslarına da müraciət etsə də, nəticə verməmişdir. Perspektivi olmadığından, Azərbaycan Silahlı Qüvvələrində 10 il xidmət elmiş şəxslərə Ordudan təxris olunma qanunvericilikdə əks olunduğu üçün Ordu Sıralarına təxris olunmaq istəmişdir (AR Silahlı Qüvvələrində 10 il xidmətə görə və 10 qüsursuz xidmətə görə 2 medalla təltif olunmuşdur). «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin tətbiq edilməsi üçün ona verilmiş 1-ci məharət dərəcəsi ləğv edilmişdir. N saylı hərbi hissədən təxris olunana qədər müvafiq uçuşların təhlükəsizliyinin təmin edilməsində xidmət etmişdir. 2013, 2015 və 2020-ci illərdə təkrar Ordu Sıralarına qayıtması üçün müraciət etmiş, lakin qəbul olunmamışdır. Müraciətin səbəbi ümumi 23 təqvim ili xidməti olmasına baxmayaraq onu ev növbəsinə götürmürlər – bəhanə Azərbaycan Ordusunda 20 il xidmət etməli olması, hərbi məkləbdə oxuduğu illər, həmçinin SSRİ Ordusıındakı xidməti illəri nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq cavabdeh orqana müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 7 fevral 2022-ci il tarixli məktubunda qeyd edilir ki. “«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdim əsasında həyala keçirilir. Şəxsi heyət baş idarəsinin kadrlar idarəsinə daxil olmuş təqdimata əsasən o (iddiaçı), Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daxil olmuş təqdimat və təqdimata əlavə olunmuş müvafiq sənədlər əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozunlusuna yol verilməmişdir. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına görə onun könüllülük əsasında yenidən hərbi xidmətə qəbul olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir”. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsi başlayanda könüllü olaraq təkrar Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyinin tərkibində (həmin Birliyin şəxsi heyət üzrə sədr müavini olmuşdur) döyüşlərdə iiştirak etmişdir. Qubadlının azad olunmasına görə medalla təltif olunmuş, həmin Birlikdən fəxri fərmanla təltif olunmuş, həmçinin hərbi hissənin fəxri fərmanı ilə təltif olunmuşdur. Göstərilənlərə və İPM-in 12, 14, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156 maddəsinin “e” bəndinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, AR Müdafiə Nazirliyi İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı «əmrin əsaslarının dəyişdirilməsi» tələbinə dair iddiasını qəbul etmir və hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. İddiaçı iddia müddətini ötürdüyündən, iddia mümkün sayıla bilməz. İddiaçı 2009-cu il tarixli müvafiq əmrini 2022-ci ilin oktyabrında mübahisələndirmişdir, bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə və İPM-in 35.1, 38.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 2011-ci ilədək qüvvədə olmuş 298-ci maddəsinə, Mülki Məcəllənin 373-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 apreı 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri bildi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maaddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: - a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); - b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; - v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; - q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; - e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına surəti olavə edilmiş ZE seriyalı ******* nömrəli hərbi biletin 12-ci qrafasındakı (9-cu səhifə) qeydlərə əsasən iddiaçı X3 «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 mart 2009-cu il tarixli 095 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İddiaçının tələbi mahiyyətcə həmin əmrin dəyişdirilməsi barədədir, bu isə, “mübahisələndirmə haqqında” iddiaya aiddir. Bundan başqa, nəzərə alınmalıdır ki, həm mübahisələndirilən 20 mart 2009-cu il tarixli əmrin qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Əlverişsiz inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar tətbiq olunan yeni qanunların qəbul edilməsi və qüvvəyə minməsi əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Müvafiq dövrlərdə qüvvədə olan normalarda dövlət hakimiyyəti orqanının aktlarının “etibarsızlığı” nəzərdə tutulsa da, bu, özündə həm də həmin aktların mübahisələndirilməsini ehtiva etmişdir. Hazırkı işin hallarına görə mübahisələndirilən 20 mart 2009-cu il tarixli əmrin iddiaçıya məlum olma tarixi konkret təsdiqlənməsə də, iddiaçının həmin inzibati akt (əmr) barədə xidmətin xüsusiyyətləri baxımından əmrin qəbul edildiyi ərəfədə məlumlı olması təkzibolunmazdır. Odur ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası ilə bağlı sübut və dəlillər təqdim edilməsinin də iddiaçıya təklif olunmasa zərurət görməmişdir. Bununla da, belə nəticə əldə olunur ki, iddiaçı iddianı iddia müddəti buraxılmaqla qaldırdığından, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar