Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-126/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil3, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X6 nümayəndəsi Vəkil2, Üçüncü şəxs X2 nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə (üçüncü şəxslər X9 və X7) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları:
1. "xxxx" Firması cavabdeh Bakı şəhəri Səbail rayon bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli, 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m. torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X9, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Tərəflərin əsaslandırması
3. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 2004-cü il tarixli, 632 saylı razılıq məktubu və İddiaçı Firmasının müraciəti nəzərə alınaraq Səbail rayonu, Salyan şossesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin lahiyələndirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında 49 il müddətinə “Malbi" Firmasının istifadəsinə verilmişdir. “Malbi" Firması və Bakı şəhər İcra Hakimiyyəti Başçısı arasında icarə müqaviləsi bağlanmış, torpağın ayrıc aktı tərtib edilmiş, tələb olunan rüsumlar, icarə haqqı və vergilər ödənilmiş, lahiyələndirmə işləri dövlət şəhərsalma qurumları ilə razılaşdırılmışdır. 2020-ci ilin avqust ayında X9 İddiaçı Firmasının istifadəsində olan torpaq sahəsini zəbt etməyə çalışmışdır. Hüquq mühafizə orqanlarının araşdırması zamanı məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli, 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinin X6 adına sənədləşdirilməsinə sərəncam vermişdir. Həmin Sərəncam əsasında “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Aktın tarixi yoxdur və yerli orqanın torpaq şöbəsi tərəfindən qeydiyyata alınmamış və təsdiq edilməmişdir. İddiaçı Firmasına ayrılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Səbail Bələdiyyəsi torpaq ayrılarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki qaydalara əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini almamış, nəticədə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bələdiyyəyə məxsus torpaq sahələrinin ayrılması qərar formasında, bələdiyyə iclasında kollegiyal şəkildə (bələdiyyə üzvlərinin səs çoxluğu əsasında) qəbul olunur. Sözügedən bələdiyyə aktının kollegial orqan olan bələdiyyə tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən qəbul edildiyi, eləcə də qanunvericiliyə zidd olaraq bilavasitə cari işlərin həll edilməsi zamanı qəbul olunması nəzərdə tutulan, fərdi şəkildə qəbul edilən aktla – sərəncamla X8 və X10 torpaq ayrılmışdır. Göstərilənlərə əsasən Səbail Bələdiyyəsinin cavabdehə ayırdığı torpaq sahəsinə dair sərəncamı ləğv edilməlidir.
4. Üçüncü şəxs X9 iddia ərizəsinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı firması iddia ərizəsinin əsası kimi istinad etdiyi Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 nömrəli Sərəncamı ilə X6 adına rəsmiləşdirilmiş 1200 kv.m. torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması əsasları ilə işə digər məhkəmələr tərəfindən baxılmış və iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 2inz(81)-105/2014 saylı qərarı ilə (hakim M.S.Bayramov) iddia tələbi təmin edilərək Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə plan və ölçüsünün hazırlanıb verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmiş X14ı və reyestrinin aparılması, torpaq bazarının təşkili, yer quruluşu ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2-1(81)-8/2017 saylı qərarı ilə (hakim M.S.Bayramov) iddia tələbini təmin edilərək, Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair X6 adına plan və ölçünün verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra tərəfindən həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əldə edilmiş və torpaq sahəsinin 0.06 ha hissəsi tərəfindən 07 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmişdir. Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilmiş Alıcı və satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X6 adına yeni plan və ölçü tərtib edilmiş və torpaq sahəsinin kadastr göstəriciləri yenidən müəyyən edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olması dəlilinin əsassızlığı ilə bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə verərkən tələbini X6 adına olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olması ilə əsaslandıraraq 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 105/2014 saylı qərarın ləğv edilməsini və işə yenidən baxılaraq iddianın rədd edilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məkəmə qərarı ilə tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı Firması qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə işdə tərəf olmasa da, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Eyni zamanda İddiaçı Firmasına icarəyə verilmiş Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və əsas döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. Belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 məxsus Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə dair birinci və alqı-satqı müqaviləsi əsasında ikinci dəfə kadastr göstəriciləri müəyyən edilərkən torpaq sahələrinin kəsişdiyi aşkar edilməli idi. Hansı ki, Bakı şəhər Ərazi İdarəsi tərəfindən belə bir hal müəyyən edilməmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 saylı Sərəncamı ilə X6 adına sənədləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi ilə İddiaçı Firması tərəfindən icarəyə götürülmüş Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinin ünvanlarına diqqət yetirdikdə də, nəinki onların sərhədlərinin kəsişmədiyi, hətta eyni ərazidə yerləşmədiyi aydın şəkildə görünür. Göründüyü kimi, torpaq sahələri ayrı ərazilərdə yerləşdiyindən və sərhədləri kəsişmədiyindən, bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu aşkar olunmadığından onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ belə mövcud deyil. Bundan başqa qeyd edilməlidir ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin kəsişdiyi şərti olaraq qəbul edilsə belə, İddiaçı Firması tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia tələbində istifadəsində olan torpaq sahəsinin 2020-ci ilin avqust ayında X9 tərəfindən zəbt etmək cəhdinin olmasını göstərsə də, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 saylı Sərəncamından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi həmin Sərəncamım verilməsindən əvvəl də X6 istifadəsində olmuşdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı Firması arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilədən isə görünür ki, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi 26 iyul 2005-ci il tarixdə bağlanmışdır. Belə ki, İddiaçı Firması tərəfindən kotec tipli evlərin tikintisi üçün icarəyə götürülmüş və icarə haqqı kimi hər il hazırkı nominal dəyəri 15.575,04 manat icarə haqqının ödənildiyi torpaq sahəsinin X9 tərəfindən zəbt etdiyi onlara 2020-ci ilin ilin avqust ayında, yəni 16 il sonra məlum olması ağlasığmazdır. Göründüyü kimi, mübahisələndirilən Bələdiyyə Sərəncamının 2004-cü ildə qəbul edildiyinə və mübahisəli torpaq sahəsinin həmin ildən X6 istifadəsində olmasına baxmayaraq, iddidçı tərəfindən mübahisələndirmə haqqında iddia 16 ildən sonra qaldırılmış, bununla da həmin növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddət ötürülmüşdür.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs A.Abdullayevin nümayəndəsi Vəkil2 və üçüncü şəxs E.Səfərovun nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İİİ Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 10.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 11.İddia tələbindən görünür ki, iddiaçı hazırda Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 873 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin sərəncamın ləğvinə dair iddia mübahisələndirmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.1). Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 12.Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). 13.Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. 14.Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaya baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətli olmuşdur. 15.Mübahisəli sərəncamla ayrılmış torpaq sahəsi iddiaçının istifadəsinə verilən sahə olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur.
16. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 17.Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 18.İş materialları ilə mübahisəli sərəncamın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. 19.Eyni zamanda işdən görünür ki, mübahisəli torpaq sahəsi boş ərazi olmuş, üçüncü şəxs həmin ərazidə hər hansı bir tikinti işi aparmamış, buna görə də iddiaçının həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasından məlumatlı olması imkansız olmuşdur. 20.Məhkəmə iclasında iştirak edən iddiaçının və üçüncü şəxs E.Səfərovun nümayəndələrinin izahatından müəyyən olunmuşdur ki, Arif Abdullayev mübahisəli torpaq sahəsinin 0,06 ha hissəsini xx.xx.2020-ci ildə E.Səfərova satmış, E.Səfərov həmin ərazidə inşa edəcəyi fərdi yaşayış evinin layihəsini tərtib edərək tikinti işləri apararkən iddiaçı mübahisəli əraziyə üçüncü şəxslərin mülkiyyət hüququnun qeydə alınmasından xəbərdar olmuşdur. 21.Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı cavabdehin xx.xx.2004-cü il tarixli sərəncamından məlumatlı olmamışdır, iddia müddəti ötürülmüş hesab edilə bilməz. 22.Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. 23.İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən müəyyən edilir ki: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqında” xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 632 saylı razılıq məktubu və İddiaçı firmasının xx.xx.2004-cü il tarixli, 25 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şosesinin «Şahinbağ» yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında İddiaçı firmasının istifadəsinə verilmişdir. - 2004-cü il tarixli 04/174 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində 3 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ayrıc aktı tərtib edilmişdir. - İcarəyə verən Bakı şəhər İcra Hakimiyyəti ilə İcarəçi “Malbi firması arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004cü il tarixli, 11655 saylı inşaat pasportu əsasında Səbail rayonu, Salyan şosesinin «Şahinbağ» yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcarəyəverən» icarə əsasında sahəsi 30 000 (otuz min) kv.metr olan torpaq sahəsini, İcarəçiyə 49 il müddətinə istifadəsinə vermiş, İcarəçi isə onu qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi kotec tipli evlərin tikintisi üçun verilmişdir. - 06.12.2006-cı il tarixli **********1000020 saylı Torpaq sahəsinin Kadastr planından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı və xx.xx.2005-ci il tarixli 565 saylı icarə müqaviləsi ilə kotec tipli evlərin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 30000 kv.metr torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmiş, əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmiş, X14 kitabında 2328 nömrə ilə uçota alınmışdır. - İşdən görünür ki, Səbail Bələdiyyəsinin 873 nömrəli, 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilmiş, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-8/2017 saylı qərarı ilə iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə tələbi təmin edilmiş, qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. -xx.xx.2018-сi il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** reyestr nömrəli çıxarış verilmişdir. -AN-İ ******* nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini öz mülkiyyətində saxlamaqla 0,06 hissəsini X1. -********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X6, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. 24.İddiaçı hazırda həmin torpaq sahələrinin ona Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə ayrılmış 3 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini iddia edərək, Səbail Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m. torpaq sahəsinin vətəndaş A.A.Abdullayevin adına sənədləşdirilməsi barədə” 873 nömrəli, 30 dekabr 2004-cü il tarixli Sərəncamını mübahisələndirir. 25.Məhkəmə qeyd edir ki, “Torpaq icarəsi haqqında” Qanunun Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamının qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - Maddə 5. İcarəyə verilən dövlət torpaqları - Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: - dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; - yay və qış otlaqlarının torpaqları; - maddə 10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. - Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Maddə 11. Torpaq icarəsi müqaviləsi - İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. - Maddə 18. Torpağın icarəyə vermək hüququ Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. 26.Həmçinin Torpaq Məcəlləsinin həmin müqavilənin bağlandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. - M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. - M a d d ə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.
3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir.
4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. 27.İstinad olunan normalardan görünür ki, torpaq sahəsinin icarəyə verilməsi üçün:
1. Torpaq sahəsinin seçilmiş sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli;
2. sahənin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilməli;
3. sahənin planı və təsviri hazırlanmalı;
4. sahənin sərhədləri yerə (naturaya) keçirilməli;
5. torpağın icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanmalıdır. 28.İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən yuxarıda qeyd olunan normalara əməl edilmiş, torpaq sahəsinə dair ayrıc aktı tərtib edilməklə onun iddiaçıya verilməsi barədə qərar qəbul edilmiş, daha sonra həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış, kadastr planı tərtib edilmiş, bununla da həmin torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. 29.İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarili məktubunda göstərilmişdir ki, vahid elektron kadastr bazasında sözügüdən torpaq sahəsinə dair “Malibi” firmasının adına **********0020 nömrəli kadastr planının baza məlumatı mövcud olmuşdur. 30.Lakin işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, xx.xx.2004-cü il tarixli sərəncama əsasən Səbail Bələdiyyəsi iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,12 ha hissəsini Arif Abdullayevə ayırmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu qərarı qanunsuz olmuşdur. 31.Belə ki, xx.xx.2004-cü il tarixdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibatiərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Əli-Bayramlı, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 32.İstinad olunan normalardan görünür ki, bələdiyyə yalnız onun mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malikdir. 33.Lakin iş materialları ilə müəyyən edilir ki, Səbail bələdiyyəsi tərəfindən üçüncü şəxs A.Abdullayevə xx.xx.2004-cü il tarixdə ayrılmış 0,12 ha torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsus torpaqlara aid olmuşdur. 34.Belə ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/6230 nömrəli ekspert rəyindən görünür ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə (yerləşmə vəziyyətini əks etdirən sxemə) əsasən tədqiqat aparılmışdır. 35.Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki:
1. qərardadın birinci, üçüncü, dördüncü, beşinci və doqquzuncu sualları üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli, 115 saylı Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsində yerləşən 30000 kv.m torpaq sahəsinin Kadastr planının koordinatlarına əsasən torpaq sahəsi 3.0 ha, mövcud koordinatlara görə isə 3.2 ha təşkil edir. - Mütəxəssis rəyinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şehərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktı koordinatlarla verilməmişdir. Bu səbəbdən də Kotec tipli evlərin tikintisi üçün İddiaçı firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 kitabında 2328 nömrə ilə uçota alınmış və 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004- cü il tarixli Ayrıc aktına uyğun işlənib-işlənməməsini müəyyən etmək mümkün olmamışdır. 2.Qərardadın ikinci sualı üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli, 115 saylı Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsi” və üçüncü şəxs X8 məxsus olan torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şossesi 32" ünvanlarının adlandırılmasına dair dəqiq xəritə məlumatları mövcud deyil. 3.Qərardadın altıncı yeddinci və səkkizinci sualları üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri üzrə həmin torpaq sahəsinin faktiki yeri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriteçəkmə Komitəsi tərəfindən 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında qeyd olunan "Malbi” Firmasına icarəyə verilmiş torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri sənədində qeyd olunan X6 xüsusi mülkiyyətində olan Torpaq sahəsinin üst- üstə düşdüyü müəyyən edilir. 4.Qərardadın onuncu sualı üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyət formasına dair hər hansı məlumat qeyd olunmadığından, X6 və X2 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsi xüsusi mülkiyyət qeydə alınanadək dövlət, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. 36.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X6 və X3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsinə xüsusi mülkiyyət qeydə alınadək dövlət, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olması barədə suala cavab olaraq bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. 37.Həmçinin işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 23040 saylı ekspert rəyindən görünür ki, X8 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin kadastr və yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Nəbizadə tərəfindən imzlanmış xx.xx.2017-ci il tarixli **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən dövlət mülkiyyəti torpaqlarına aiddir. 38.Göründüyü kimi, iş materiallarında olan həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən olunur ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 saylı sərəncamı ilə Arif Abdullayevə ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, bələdiyyənin həmin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. 39.Bundan başqa, işdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 873 nömrəli Sərəncamı ilə X8 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair hər-hansı məlumat aşkar edilməmişdir. 40.Həmçinin mübahisəli torpaq sahəsi üçüncü şəxsə ayrılarkən cavabdehin rayon icra hakimiyyətinin memarlıq xidmətinin rəyini alması iş materialları ilə müəyyən edilmir. 41.Məhkəmə qeyd edir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir... Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)... Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” 42.“İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 43.Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə “İnzibati icraat haqqında” Qanun qüvvədə olmasa da, yuxarıda qeyd edilən prinsiplər ümumi prinsip kimi qəbul edilməli, inzibati orqan hər zaman həmin prinsiplərə uyğun çıxış etməlidir. 44.İşdən görünür ki, cavabdeh inzibati orqan mübahisəli qərarı qəbul edərkən müvafiq rəy və razılaşdırmaları almamışdır. Həmin rəylər nəticə yaratmaq xüsusiyyətindən məhrum olsa da, hazırkı halda qəbul ediləcək inzibati aktın nəticəsini dəyişmək xüsusiyyətinə malik olmuşdur. 45.Belə ki, iddiaçıya ayrılan torpaq sahəsinə dair 23 iyul 2004-cü ildə artıq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsində 04/174 saylı ayrıc aktı mövcud olmuşdur. Əgər cavabdeh üçüncü şəxsə torpaq ayırmaq üçün həmin quruma rəy verilməsi barədə müraciət etmiş olsa idi, mübahisəli sahənin dövlətə məxsus torpaq sahəsinə aid olduğunu və artıq başqa şəxsin istifadəsinə verildiyini müəyyən etmiş olacaq, nəticədə mübahisələndirilən sərəncamı qəbul etməkdən imtina edəcəkdi. 46.Lakin cavabdehin inzibati icraatın gedişində qanunun bu tələbinə əməl etməməsi qanunsuz, iddiaçı üçün isə əlverişsiz inzibati aktın qəbul edilməsinə gətirib çıxarmışdır. 47.Təsadüfi deyildir ki, İPM-in 70.1-ci maddəsi müəyyən etmişdir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 48.Göründüyü kimi, qanunverici inzibati akt qəbul edilərkən inzibati icraatın o şəkildə pozulmasını həmin aktın ləğvi üçün əsas hesab edir ki, bu pozuntu yekunda qəbul ediləcək qərara təsir imkanına malik olsun. 49.Cavabdehin xx.xx.2004-cü il tarixli 873 saylı qərarı qəbul edərkən inzibati icraatı pozması şübhəsizdir. Yuxarıda qeyd edilənlərə əsasən, bu pozuntunun yekun qərara təsir etdiyi təsbit edildiyindən, məhkəmə hesab edir ki, hazırkı halda müvafiq rəylər və razılaşdırmaların alınmaması cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas təşkil edir. 50.Üçüncü şəxs iddiaya etirazında qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçıya torpaq sahəsinin planı və ölçüsünün verildiyini, bununla da onun barəsində qəbul edilmiş xx.xx.2004-cü il tarixli qərarın qanuni olmasının tanındığını bildirmişdir. 51.Məhkəmə bununla bağlı qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 27.0-ci maddəsinə əsasən isə aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. 52.İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)- 8/2017 saylı iş üzrə proses iştirakçısı olmadığından məhkəmə hesab edir ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddiaçı üçün məcburi xarakter daşımır. 53.Bundan əlavə, həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, həmin məhkəmə icraatı çərçivəsində mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı nə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, nə də sonradan onun səalhiyyətlərini icra edən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəməyə hər hansı bir məlumat təqdim etməmiş, bu hal işin araşdırma predmetini təşkil etməmişdir, baxmayaraq ki, elektron kadastr bazasında sözügüdən torpaq sahəsinə dair İddiaçı firmasının adına **********0020 nömrəli kadastr planının baza məlumatı mövcud olmuşdur. 54.Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin istifadəçisi olması sübuta yetirildiyindən, həmin torpaq sahəsinin bələdiyyə torpağı olmaması müəyyən edildiyindən cavabdehin xx.xx.2004-cü il tarixli sərəncamı qanunsuz olmuşdur və ləğv edilməlidir. 55.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci madəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 56.Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı: İddia təmin edilsin. “Bələdiyyə mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Səbail Bələdiyyəsinin 30 dekabr 2004cü il tarixli, 873 nömrəli sərəncamı ləğv edilsin. İş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərci cavabdeh Səbail bələdiyyəsindən tutularaq dövlət büdcəsinə (X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova