Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1282/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 iyuun 1981-ci il tarixdə anadan olmuş, 1984-cü ilin 13 avqust tarixində, yəni 3 yaşı olanda yaşadığı binanın həyətində oynayarkən sağ gözünə dəmir batmış, gözü görmə funksiyasını itirmiş, Milli Oftolmologiya Mərkəzinə aparılmış, 14 avqust 1984-cü il tarixdə əməliyyat olunmuşdur. O, həmin tarixdən gözdən əlil olmuş, atası 05 yanvar 2022-ci il tarixdə vəfat etmiş, ailə başçısını itirməyə görə pensiya təyinatı barədə müraciət etsə də, müraciətin təminindən əlillik təyinatının 05 aprel 2006-cı il tarixdə aparılmasına istinadla imtina etmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılır ki, əlillik altsistemindən əldə edilən məlumata əsasən iddiaçıya ilkin əlillik təyinatı 05 aprel 2006-cı il tarixdə,yəni 24 yaşında aparılmışdır. Ailə başçını itirməyə görə pensiya 18 yaşına çatanadək iddiaçının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədiyindən təyin edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tibbi Sosial Ekspert Komissiyasının arayışında qeyd edilmişdir ki, iddiaçıya 05 aprel 2006-cı il tarixli müayinə aktına əsasən müddətsiz əlillik təyinatı aparılmışdır. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx xxxx 1981-ci il tarixdə anadan olmuşdur. İmtina məktubunda qeyd edilir ki, əlillik altsistemindən əldə edilən məlumata əsasən iddiaçıya ilkin əlillik təyinatı 05 aprel 2006-cı il tarixdə,yəni 24 yaşında aparılmışdır. Ailə başçını itirməyə görə pensiya 18 yaşına çatanadək iddiaçının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədiyindən təyin edilməsi mümkün olmamışdır. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya 05 aprel 2006-cı il tarixdən əlillik təyinatı aparılmışdır. Xəstəlik bir gözün olmaması və ya tam korluğu ilə əlaqədar olmuşdur. Diaqnoz OD-göz almasının subatrofiyası VOD=0-dır. Pensiya işindən görünür ki, iddiaçının atası mərhum A.Quliyevə yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. Milli Oftalmologiya Mərkəzinin məktubundan görünür ki, 1984-1985-ci illərə aid xəstəlik tarixləri mövcud deyildir. Hərbi biletin surətindən görünür ki, iddiaçı Xəstəliklər Cədvəlinin 35 B maddəsinə əsasən hərbi xidmətə 23 noyabr 1999-cu il tarixli qərar əsasında yararsız hesab edilmişdir. Ekspert rəyində qeyd edilir ki, iddiaçı 1999-cu il tarixdə 18 yaşı tamam olarkən sağ gözü ilə əlaqədar hərbi xidmətə aparılmamışdır. Göz zədəsinin 18 yaşına qədər olan vaxtda, 1984-cü il tarixdə dəmir batması nəticəsində yaranması inkar edilə bilməz. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 09 avqust 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərin şəxsi işləri 35 yaşı tamam olduğu ildə ləğv edildiyi üçün iddiaçı barədə məlumat verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:[59] 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;[60] 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;[61] 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.[182] 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir Qüvvədən düşmüş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin:
11. İlkin hərbi qeydiyyata götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi, vətəndaşların hərbi qeydiyyata götürülməsi rayon (şəhər) çağırış məntəqələrinə, hərbi xidmətə çağırılarkən isə rayon (şəhər) çağırış komissiyasına həvalə olunur.
12. Vətəndaşların ilkin hərbi qeydiyyata götürülərkən şəhadətləndirilməsinə qədər, onlara hər il tibbi baxış keçirilir, müayinə (müşahidə), habelə müalicə-sağlamlıq tədbirləri və profilaktik peyvəndlər edilir.
13. Tibbi baxışların, müayinənin (müşahidənin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin idarəetmə orqanlarına və tibbi müəssisələrinə həvalə olunur.
14. Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibb müəssisələri hərbi komissarlıqların sorğularına əsasən, vətəndaşların səhhətini xarakterizə edən tibbi sənədləri (ambulator xəstələrin tibbi vərəqələri, stasionar xəstələrin tibbi vərəqələri, rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və s.) və digər məlumatları 10 gün müddətində hərbi komissarlığa təqdim edirlər. Hərbi komissarlıqlar, vətəndaşların şəhadətləndirilməsi başa çatdıqdan sonra, 10 gün müddətində tibbi sənədləri müvafiq tibb müəssisələrinə qaytarırlar.
17. İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirilməsi nəticəsində onun hərbi xidmətə yararlılığı haqqında çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə rəy verir: «A» — həqiqi hərbi xidmətə yararlıdır; «B» — sıradankənar həqiqi hərbi xidmətə yararlıdır; «C» — dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır. Həqiqi hərbi xidmətə yararlı və ya sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar üçün «Xəstəliklər cədvəlinə» və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə müvafiq olaraq həqiqi hərbi xidmət keçmək üçün təyinat göstəricisi müəyyən edilir. Maddə 35 Hər bir gözün görmə itiliyi istənilən, kombinasiya olunmuş şüşələrin korreksiyası ilə, habelə kontakt linzalarda (göstərilən qıcıqlandırılmasının, diplopiyanın olmaması ilə 20 saatdan az olmayaraq, yaxşı keçirilmə hallarında), zabitlərdə, gizirlərdə, miçmanlarda isə, bundan başqa, intraokulyar linzalar da nəzərə alınmaqla təyin edilir. Kontakt linzası gəzdirən şəxslərin hərbi xidmətkeçməyə mane olmayan adi eynəkləri də olmalıdır. Həmin Əsasnamə ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 35-ci maddəsi korluq və ya zəif görmə ilə əlaqədar olmuşdur. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının əlillik təyinatına əsas olmuş xəstəliyinin 18 yaşı tamam olmamış iddiaçıda mövcud olubolmaması ilə əlaqədardır. Belə ki, cavabdeh iddiaçının atasının vəfatından sonra ona ailə başçısını itirməyə görə pensiya təyinatından imtinanı onunla əsaslandırır ki, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs ailə başçısının itirilməsinə görə aidiyyəti növ pensiya təyinatı hüququna malikdir. İddiaçıya isə əlillik 05 aprel 2006-cı il tarixdə, yəni 18 yaşından sonra təyin edilmişdir. İddiaçı isə, onda əlillik təyinatına əsas olmuş göz xəstəliyinin 3 yaşı olarkən almış olduğu zədədən irəli gəldiyini və həmin xəstəliyin 18 yaşı olmamış qazanılmasına istinadla müraciətin təmin olunmasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının əlillik təyinatına əsas olan xəstəliyin yaranma zamanı onun 18 yaşı olmamış olduğundan iddia tələbi qanuni və əsaslı hesab edilməlidir. İddiaçının göz xəstəliyinin 18 yaşı tamam olmamış onda mövcudluğu ilə əlaqədar isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin məktubundan görünür ki, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxs statusunda olmuşdur. Hərbi biletin surətindən isə görünür ki, iddiaçının ilki hərbi sağlamlıq vəziyyətinin yoxlanıldığı 23 noyabr 1999-cu il tarixdə onda məhz göz xəstəliyinin mövcudluğu aşkar edilmiş və göstərilən səbəbdən iddiaçı hərbi xidmətə həmin tarixdən yararsız hesab edilmişdir. Bundan əlavə, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də görünür ki, iddiaçı 1999-cu il tarixdə 18 yaşı tamam olarkən sağ gözü ilə əlaqədar hərbi xidmətə aparılmamışdır. Göz zədəsinin 18 yaşına qədər olan vaxtda, 1984-cü il tarixdə dəmir batması nəticəsində yaranması inkar edilə bilməz. Eləcə də, vizual müşahidə aparmaqla məhkəmə üçün müəyyən edilməsi mümkün olan fotoşəkillərdən də görünür ki, fotoşəkildə olan şəxs iddiaçıdır və onun sağ gözündə hazırkı görünüşündə də müşahidə edilən zədə müəyyən edilə bilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından görünür ki, cavabdehin istinad etdiyi faktiki şərt üzrə sübut qismində təkcə əlillik altsistemindən əlillik təyinatına dair məlumatın əks olunduğu çıxarışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən təqdim edilməsi mümkün olan sübutları nəzərə almamış, məhkəmə tərəfindən toplanılması mümkün olan bütün sübutlar və işin digər halları isə müraciətin təminindən imtinanın qanunsuz və əsassız olmasına dəlalət etmişdir. Nəzərə alınmalıdır ki, Mərkəzin 1981-1984-cü il tarixlərə dair arxiv məlumatları saxlanılmadığından, iddiaçının göz zədəsinin 18 yaşına çatmadığı dövrdə almasını sübut edə biləcək bütün araşdırma aparılmışdır. Qeyd edilməlidir ki, məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq müəyyən edilir ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə də məhkəmə hesab edir ki, istər məhkəmə araşdırmanın nəticələri və ən əsası da işin faktiki halları baxımından daxili inam iddianın təmini üçün əsas qismində çıxış etməkdədir. Hazırkı halda xəstəliyin 18 yaşından əvvəlki dövrə aid olmasını təsdiq edə biləcək fotoşəkillər mövcuddur, bundan əlavə məhz 18 yaşında iddiaçının hərbi xidmətə göndərilməsinə maneə olan, 18 yaşına çatanadək xəstəliyin mövcud olması da müəyyən edilmişdir. Bu xəstəlik isə xəstəliklər cədvəlindən görünür ki, məhz göz zədəsi ilə əlaqədardır. Bundan əlavə, göstərilən hal tibbi baxımından ekspert rəyi ilə də inkar edilməməkdədir. Qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. Əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2925/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardan (★★★) görünür ki, formalaşmış məhkəmə təcrübəsi də göstərilən istiqamət üzrədir. Odur ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin olunsun. İddiaçı 05 yanvar 2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov