Məhkəmə qərarları › İş №2-1(112)-12854/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12854/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12854/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilin yararlı vəziyyətə gətirilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı mənzilin qismən yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1987-ci ildən orta dərəcəli kəmağıllılıq diaqnozu ilə, onunla birlikdə yaşayan oğlu isə 2003-cü ildən kəskin ifadə olunmuş debillik diaqnozu ilə qeydiyyatdadır. Onlar sözügedən darısqal, heç bir kommunal şəraiti olmayan mənzildə birlikdə yaşayırlar. Evi təmir etdirməyə maddi imkanları çatmır. O, mənzilin qismən yararlı vəziyyətə gətirilməsi, yəni beton döşəməyə taxta materialı döşənməsi və yuyunmaq üçün şəraitin yaradılması üçün cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. İddiaçının hazırkı vəziyyəti nəzərə alınaraq onun tələbi təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda göstərilmişdir ki, yaşayış sahəsi ilə təmin edilmiş şəxslərin, mənzillərində təmirə ehtiyac olduğu təqdirdə belə, bu məsələnin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərinə aid deyildir. İddia ərizəsinə əsasən qeyd edilir ki, iddiaçının mülkiyyətində olan fərdi mənzilin yararlı vəziyyətə gətirilməsi üçün təmirinin həyata keçirilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Yuxarıda qeyd olunanlara münasibətdə iddianın mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. Digər cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşadığı mənzilin şəraitsiz olduğunu bildirərək xəstəliyi və maddi imkanın olmaması ilə əlaqədar hazırda həmin mənzilin yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi iddia tələbinə etiraz edərək mənzilin yararlı vəziyyətə gətirilməsi üçün təmirin həyata keçirilməsinin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Eyni zamanda, digər cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi imtina məktubunda belə bir təmir işlərinin aparılması üçün dövlət büdcəsindən ona maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulmadığını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsində göstərilmişdir ki, Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir (1.1.). Agentlik ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər (1.5.). Göründüyü kimi ayrı-ayrı şəxslərə məxsus mənzil və ya fərdi evlərin təmirinin həyata keçirilməsi Sosial Xidmətlər Agentliyinin fəaliyyət dairəsinə aid deyildir. Eyni zamanda iddiaçının yaşadığı mənzil xüsusi mülkiyyətdə olduğundan və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmadığından həmin cavabdeh də mənzilin təmir edilməsi üçün hər hansı öhdəlik daşıya bilməz. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mümkünsüz olduğu üçün baxıla bilməz. Belə ki, hazırkı iş üzrə cavabdehlərin heç biti iddiaya cavab verməli orqanlar deyil. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilin yararlı vəziyyətə gətirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar