Məhkəmə qərarları › İş №2-1(112)-1300/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1300/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1300/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X6) qarşı “sərəncamların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin dayandırılası haqqında” 49 saylı, 25 aprel 2023-cü il tarixli sərəncamının və “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin ləğv edilməsi haqqında”kı 50 saylı, 26 aprel 2023-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə Bakı şəhəri, Yasamal rayonu. Şərifzadə küçəsi. 3148-ci məhəllə ünvanında tibb klinikası yaradaraq özəl tibb fəaliyyətinin həyata keçirilməsi üçün 23 aprel 2016-cı il tarixdə İN/L-1051/2016 qeydiyyat nömrəsi ilə 089412 saylı lisenziya verilmişdir. Kilinikanın işçiləri hamısı azərbaycanlı, onlardan bir neçə nəfəri İran İslam Respublikası vətəndaşı-təbrizli, qalanları isə Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. Tibb müəssisəsinin kollektivi ötən müddət ərzində səmərəli fəaliyyət və insanlara layiqli tibbi xidmət göstərmişdir. Şəhid ailələri, müharibə qaziləri və veteranları, məcburi köçkünlərə xüsusi diqqət ayrılmış və onlara təmənnasız tibbi yardım edilmişdir. Tibb müəssisəsinin xidmətləri Azərbaycan dövlət orqanlarının, özəl strukturların, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı şəxslərin rəğbəti ilə qarşılanmış və müəyyən təşəkkürnamələrlə ödülləndirilmişdir. Kilinikada dövlət və hakimiyyətin səlahiyyətli qurumları tərəfindən indiyədək aparılan yoxlamalar zamanı da ciddi qanun pozuntuları aşkar edilməmişdir. Lakin 2023-cü ilin aprel ayında qəflətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X4 əməkdaşları klinikaya daxil olaraq plandankənar (növbədənkənar) yoxlama aparacaqlarını bildirmişlər. Yoxlama aparılmış və həmin yoxlamanın nəticəsi olaraq adı çəkilən qurum tərəfindən “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə” 18 aprel 2023-cü il tarixdə klinikanın rəhbərliyinə 434 saylı, 14 aprel 2023-cü il tarixli qərar və “Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 435 saylı, 14 aprel 2023-cü il tarixli qərar təqdim olunmuşdur. Sözügedən qərarlardan irəli gələn tələblərin yerinə yetirilməsi qərarlarda göstərilən şəkildə təmin edilmiş, nöqsanlar 25 aprel 2023-cü il tarixədək aradan qaldırılmış və bu barədə nəinki 3 gün başa çatanadək, 1 gün sonra, yəni 26 aprel 2023-cü il tarixdə K-107-6645 saylı, 26 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2" X5 və K- 107-6646 saylı, 26 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbərliyinə məlumat verilmişdir. Klinikanın rəhbərliyinə 26 aprel 2023cü il tarixdə məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin dayandırılası haqqında” 49 saylı, 25 aprel 2023-cü il tarixli Sərəncam vermiş və 27 aprel 2023-cü il tarixdə məlum olmuşdur ki, həmin sərəncamdan bir gün sonra “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin ləğv edilməsi haqqında" 50 saylı 26 aprel 2023-cü il tarixli Sərəncam imzalamışdır. Aşağıda göstərilən səbəblərə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş həmin sərəncamlar Beynəlxalq Hüquq normaları və qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ziddir: 1.Əvvəla, sahibkarların fəaliyyətinin yoxlanması qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmalıdır və bu yoxlamalar sahibkarı cəzalandırmağa yox, ilk növbədə sahibkara öz fəaliyyətində yardım göstərməyə, o cümlədən qanun pozuntularının qarşıısını almağa yönəlməlidir. 2.Qanunvericiliyin tələblərinə əsasən plandankənar (növbədənkənar) yoxlama o hallarda aparılır ki, həmin yoxlamadan öncəki yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməsin və ya verilmiş məlumat yanlış olsun, sahibkarın fəaliyyətinə məhdudlaşdırım tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanılsın, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına mühüm zərərin vurulması barədə şikayətlər və məlumatlar daxil olsun, sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana özü müraciət etmiş olsun. İşin faktiki hallarından, o cümlədən təqdim olunan dəlil və sübutlardan bəllidir ki, plandankənar (növbədənkənar) yoxlama aparılmasına əsas verən bu kimi halların heç biri olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən o da nəzərə alınmalı idi ki, əgər aparılan plandankənar (növbədənkənar) yoxlamadan əvvəlki yoxlama zamanı hansı pozuntular aşkar edilmişdirsə yalnız həmin yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanıla bilərdi. 3.Yoxlama materiallarından, o cümlədən təqdim olunmuş dəlil və sübutlardan göründüyü kimi, plandankənar (növbədənkənar) yoxlama aparılmasına qərar verilmiş olsa da faktiki olaraq heç də yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi (bu halda qanunveriiiciliyin tələblərinə əsasın yoxlama qərarında müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri olmalı idi), yalnız sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına (təkrar məhdudlaşdırılmasına) səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması vəziyyəti, yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları və yalnız sahibkar tərəfindən müəyyən edilən məsələlər yoxlanılmamış, ümumilikdə hərtərəfli yoxlama aparılmışdır. 4.Plandankənar (növbədənkənar) yoxlama başlayan anda yoxlamanın aparılması haqqında qərar yoxlanılan tərəfə təqdim olunmamışdır və yoxlamanın səbəbləri barədə heç bir məlumat verilməmişdir. 5.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X4 tibb müəssisəsində aparılan yoxlamanın nəticəsi olaraq onun fəaliyyətinə məhdudlaşdırıcı tədbirləri tətbiq etməsinə əsaslı bir zərurət olmamışdır. Aşkar olunan nöqsanlar insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yarada biləcək həddə olmamışdır. 6.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X4 tibb müəssisəsinin fəaliyyətinə məhdudlaşdırıcı tədbiri tətbiq etməsinə əsas göstərdiyi şərtlər, qeyd olunan nöqsanlar həmin müəssisə tərəfindən vaxtında, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2" X4 “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə” 434 saylı, 14 aprel 2023-cü il tarixli qərarında və “Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 435 saylı, 14 aprel 2023-cü il tarixli qərarında göstərilən şəkildə, 25 aprel 2023-cü il tarixədək 5 iş günü müddətində aradan qaldırılmış və bu barədə nəinki qərarda göstərilən şəkildə 3 gün başa çatanadək, 1 gün sonra, yəni 26 aprel 2023-cü il tarixdə K-107-6645 saylı, 26 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 və K-107-6646 saylı, 26 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbərliyinə məlumat verilmişdir. Lakin buna baxmayaraq məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar heç bir qanuni əsas olmadan ləğv edilməmişdir. 7.Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarında göstərilən tədbirlərin yerinə yetirilməsi barədə məlumatı-xəbərdarlığı aldığı tarixdən 3 iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün yenidən plandankənar (növbədənkənar) yoxlama təyin etməli olduğu halda bunu etməmişdir. Qanunvericilyin tələblərinə əsasən hətta “X2" növbəti dəfə plandankənar (növbədənkənar) yoxlama apararaq məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyini və ya qismən yerinə yetirildiyini aşkara çıxararardısa bu dəfə də sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərar qəbul etməli idi. Qanunveriiciliyin tələblərinə əsasən o da nəzərə alınmalı idi ki, sahibkarın müraciəti olduqda aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yoxlayıcı orqanın metodiki köməkliyi ilə yerinə yetirilməli idi. Göstərilən xüsusatla bağlı onu da qeyd etmək lazım gəlir ki, qanunvericiliyin bu tələbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X4 “məhdudlaşdırıcı tədbirin tətbiqi barədə” olan 435 saylı, 14 aprel 2023-cü il tarixli qərarında da yer almış və qanunun həmin tələbinə əsasən plandankənar (növbədənkənar) yoxlama aparılacağı göstərilmişdir. Belə görünür ki, adı çəkilən qurum çıxardığı qərarı özü yerinə yetirməmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 aprel 2023-cü il tarixli, 3-28/2-2651/2023 saylı məktubu ilə İqtisadiyyat Nazirliyinə müraciət olunması ilə iddiaçı tərəfindən lisenziya şərtlərinin pozulmasının aradan qaldıırılmasına dair məcburi göstərişlərin yerinə yetirilmədiyi bildirilmişdir. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini, o cümlədən “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə” 434 saylı, 14 aprel 2023-cü il tarixli qərarında və “Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 435 saylı, 14 aprel 2023-cü il tarixli qərarında yer almış tədbirləri, yəni tibb müəssisəsinin qarşısına qoyulmuş tələbləri yerinə yetirməsi barədə məlumatı-xəbərdarlığı aldığı 26 aprel 2023-cü il tarixdən (artıq yuxarıda qeyd olunduğu kimi bu məlumat-xəbərdarlıq həmin quruma tələb olunan vaxtadək verilmişdir) 3 iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin etməli olduğu və qanunvericiliyin bu tələblərinə əməl etmədiyi halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin dayandırılması haqqında” 49 saylı, 25 aprel 2023-cü il tarixli Sərəncam vermişdir ki, sözügedən sərəncamla da iddiaçı tərəfin hüquqları aşkar şəkildə pozulmuşdur. Belə ki, iddiaçıya verilmiş lisenziya və onun əlavəsinin dayandırılması üçün qanunvericiliklə müəyyən olunmuş heç bir hüquqi əsas olmamışdır. Yəni iddiaçı tərəf nə bunun üçün ərizə təqdim elməmiş, nə lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərinin yerinə yetirilməməsi halı olmamış (hansı ki yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəf həmin orqanların göstərişlərini yerinə yetirməsi barədə onları vaxtında məlumatlandırmış) və başqa hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10433/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 26 aprel 2023-cü il tarixli 50 nömrəli sərəncamı ilə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (№089412) lisenziya və onun həmin tarixli əlavəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə özəl tibb fəaliyyəti üzrə verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (№089412) lisenziya və onun həmin tarixli əlavəsinin dayandırılması və ya ləğvi məsələsinə baxılmasına dair müraciətlər ünvanlanmışdır. Müraciətdə qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (KY2********) əsasən ünvan 2 ünvanında yerləşən İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə (VÖEN **********) məxsus özəl tibb müəssisəsində 14-18 fevral 2022-ci il tarixlərinə nəzərdə tutulan plan üzrə (növbəti) yoxlama müəssisənin müraciəti əsasında (təmir işləri ilə bağlı) keçirilməmiş və bu səbəbdən müəssisədə 7-10 aprel 2023-cü il tarixlərində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231909284 nömrəli çıxarışına əsasən yoxlama keçirildiyi və yoxlama zamanı lisenziyanın şərtlərinə əməl olunmadığı aşkar edilmişdir. Belə ki, müəssisədə tibbi qeydiyyat sənədləşməsinin və tibbi statistik hesabatların aparılmadığı, sanitar-gigiyena tələblərinə və əks-epidemik rejimə riayət olunmadığı, lisenziyada qeyd olunan işlər üzrə tibbi xidmətin göstərilməsi üçün otaqların və təchizatın müvafiq tələblərə uyğun olmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi, sertifikasiyadan keçməyən yerli və əcnəbi mütəxəssislərin praktik tibb fəaliyyətinə buraxılmadığı, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyətlərin həyata keçirilməsi aşkar olunmuş, müəssisənin rəhbərliyinin və nümayəndələrinin iştirakı ilə həmin nöqsanlar barədə yoxlama aktında müvafiq qeydlərin aparıldığı qeyd edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.1-ci maddəsinə əsasən lisenziya verən orqan lisenziyanı, onun dublikatını və əlavəsini verir, lisenziyanı yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən lisenziya şərtləri lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. Sözügedən Qanunun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın sahibi lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya dayandırılır. Sözügedən Qanunun 25.2-ci maddəsinə əsasən lisenziya lisenziya verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət və bu müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. Bununla bağlı bildirilmişdir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. Həmcinin Qanunun 25.2-ci maddəsinə əsasən lisenziyanın dayandırılması barədə qəbul olunmuş müvafiq inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyinin 25 aprel 2023-cü il tarixli 49 nömrəli sərəncamı ilə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə ünvan 3 ünvanında özəl tibb fəaliyyətinin həyata keçirilməsi üçün 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (№089412) lisenziya və onun əlavəsi 26 aprel 2023-cü il tarixinədək dayandırılmışdır. Həmin sərəncamın surəti Cəmiyyətə göndərilsə də, dayandırılmaya əsas olan lisenziyanın verilməsi üçün tələb olunan şərtlərin pozulması hallarının aradan qaldırılmasına dair məlumat təqdim olunmamışdır. Həmçinin, Səhiyyə Nazirliyi tərəfindən lisenziyanın şərtləri ilə bağlı tələblərin tam təmin edilməsi istiqamətində pozuntuların aradan qaldırılması üçün İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə göstərişin verilməsinə baxmayaraq onların aradan qaldırılmadığı müəyyən edilmişdir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən lisenziyanın şərtləri ilə bağlı tələblərin tam təmin edilməsi istiqamətində pozuntuların aradan qaldırılması üçün İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə göstərişin (451 və 452 nömrəli qərarlar) verilməsinə baxmayaraq onların aradan qaldırılmadığı müəyyən edilmişdir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması məqsədilə qanunvericiliyə uyğun olaraq 25 aprel 2023-cu il tarixində müəssiəyə baxış keçirilmiş və noqsanların bir qisminin aradan qaldırılmasına baxmayaraq, insan həyatı və sağlamlığına birbaşa təhlükə yaradan amillərin aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 26 aprel 2023-cü il tarixli 50 nömrəli Sərəncamı ilə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin (terapiya: terapevtik, kardiologiya: kardioloji, qastroenterologiya: qastroenteroloji, endokrinologiya: endokrinoloji, nevropatologiya: nevropatoloji, dermatologiya: dermatoloji, urologiya: uroloji, travmatologiya-ortopediya: travmatoloji-ortopedik, mama-ginekologiya: ginekoloji(ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya: terapevtik stomatoloji, şüa diaqnostikası: ultrasəs müayinəsi, oftalmologiya: oftalmoloji, ortorinolarinqologiya: otorinolarinqoloji, mikrobiologiya: mikrobioloji, laboratoriya: klinik, klinik-biokimyəvi) həyata keçirilməsi üçün verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (N089412) lisenziya və onun həmin tarixli əlavəsi ləğv edilmişdir. Göründüyü kimi, lisenziyanın ləğvi üçün həm faktiki (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X1” tərəfindən keçirilən yoxlamaların nəticələri), həm də hüquqi (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddəsi) mövcud olmuşdur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü və 48-ci maddəsini rəhbər tutaraq iddiaçı İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-21/2-8618/2023 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 414 nömrəli qərarına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq "İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin Nümayəndəliyinin (VÖEN: **********) (KY2********) xx.xx.2022.-xx.xx.2022-ci il tarixində yoxlanılması sahibkarlıq subyektinin təmirdə olması ilə əlaqədar təxirə salınmış, yoxlamanın xx.xx.2023-xx.xx.2023-ci il tarixində keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY********** nömrəli çıxarışda sahibkarlıq subyektinin adı: "İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin Nümayəndəliyi (VÖEN: **********), yoxlamanın müddəti: xx.xx.2023-xx.xx.2023-cü il, yoxlanılan dövr: cari fəaliyyət, yoxlamanın tipi: plandankənar (növbədənkənar), yoxlamanın təyin edilməsi üçün əsas: insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatlann) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması: bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi halının baş verməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi "X2” X4 “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə” xx.xx.2023-cü il tarixli, 434 nömrəli qərarında aşağıdakılar qeyd edilmişdir: - Yoxlama materiallarına əsasən ünvan 2 ünvanında yerləşən “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin Nümayəndəliyi-nin yoxlama dövrünə aid sahibkarlıq fəaliyyətində inzibati xəta əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə və 215.4-cü maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılıb Qərardad qəbul edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin; -Yoxlamanın birinci sualı üzrə qeyd edilən pozuntuların aradan qaldırılması üçün sahibkara xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 iş günü (beş) müddətində vaxt verilsin. Pozuntuların aradan qaldırılması müddəti bitdikdən sonra 3 (üç) iş günü ərzində Səhiyyə Nazirliyinin X2nə yazılı məlumat (video materiallar və foto şəkillər) təqdim edilsin. Əgər yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməsə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edilərsə, onda, həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama keçirilsin. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi "X2” X4 “Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli, 435 nömrəli qərarında aşağıdakılar qeyd edilmişdir: - “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə 434 nömrəli qərarda göstərilmiş qanun pozuntuları aradan qaldırılaraq yoxlayıcı orqana məlumat təqdim edilməlidir. Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün sahibkara xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək 5 (beş) iş günü müddət təyin edilir. Bu müddət bitənədək ünvan 2 ünvanında yerləşən “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin Nümayəndəliyi tərəfindən göstərilən bütün növ özəl tibb fəaliyyətinə aid işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılsın. Əgər yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun "6.1.2-ci maddəsinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməsə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edilərsə, onda həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama keçirilsin.”. İş materiallarına əlavə edilmiş İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2” X5 ünvanladığı xx.xx.2023-cü il tarixli, K-107-6645 nömrəli məktubunda qeyd edilmişdir ki, “Nümayəndəliyimizin tibb müəssisəsində aparılan yoxlama zamanı müəyyən olunmuş bütün çatışmazlıqlar və neqativ halların tərəfimizdən aradan qaldırılması üçün müvafiq işlər görülmüşdür. Müəssisəmizdə sanitar gigiyena tələblərinə və epidemiya əleyhinə tədbirlərə əməl edilməsinə xüsusi diqqət yetirilmişdir. Bununla bağlı virus və bakteriyalara qarşı dezinfeksiya işləri aparılmış, bütün otaqlarda havanın zərərsizləşdirilməsini təmin etmək üçün daşına bilən ştativli bakterisid lampası təmin edilmişdir. Sterilizasiya otağının daxilində olan kiçik tibbi anbar tamamilə ləğv edilmiş, otaq əlavə avadanlıq və əşyalardan təmizlənmişdir. Laboratoriya reaktivlərin saxlanması üçün soyuducu ilə təchiz edilmiş, istifadə müddəti bilmiş reaktivlər ləğv edilmiş, anlitik sahəyə verilən havanın zərərsizləşdirilməsi üçün H tipli filterlər quraşdırılmışdır. Mexaniki ventilyasiya sisteminin mütəmadi texniki sen isinin aparılması üçün müvafiq lisenziyası olan şirkətlə müqavilə imzalanması üçün işlərə başlanılmışdır. Müəssisəmizin libbi təyinatlı otaqlarının tələblərə uyğun təşkil edilməsi üçün dəyişikliklər aparılmış, həkim-ginekoloq və həkim-dermatoloq kabinetləri ilə baxış prosedur otaqları ayrı-ayrılıqda təşkil edilmişdir. Həkim-otorinolarinqoloqun və laboratoriyanın qanalma otağı təbii işıqlandırması və təbii havalandırması olan otaqlarla əvəz edilmişdir. Həmçinin, bütüq otaqlar ilk tibbi yardım və anafilaktik şok əleyhinə dərman vasitələri ilə təmin olunmuşdur. Müəssisəmizdə tibbi tullantıların idarə edilməsi ilə bağlı nöqsanlar aradan qaldırılmış, müvəqqəti saxlama yeri təşkil olunmuş, cavabdeh şəxs təyin edilmişdir. Həmçinin bildirmək istəyirik ki, müəssisəmizdə çalışan tibb işçilərinin tibbi müayinə kartları mövcuddur və onlar mütəmadi olaraq tibbi müayinədən keçirlər. Həmçinin diqqətinizə çatdırmaq istəyirik ki, lisenziyada göstərilən xidmətlərdən kənar bütün fəaliyyətlər dayandırılmışdır. Müəssisəmizdə çalışan sertifıkasiyadan keçməmiş tibb işçilərinin praktiki tibbi fəaliyyəti dayandırılmış və onların sertifikasiya kurslarına döndərilməsi təmin edilmişdir.”. İş materiallarına əlavə edilmiş İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, K-107-6646 nömrəli məktubunda qeyd edilmişdir ki, “25 aprel 2023 -cü il tarixli 3-21/2-3826/2023 saylı məktubunuza cavab olaraq bildiririk ki, tibb müəssisəmizdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanların 25 aprel 2023-cü il tarixinədək müddətdə aradan qaldırılaraq nəticələri ilə bağlı 3 (üç) gün ərzində müvafiq quruma yazılı şəkildə təqdim edilməsi tapşırılmışdır. Qeyd edilən müddətdə nöqsanlar aradan qaldırılmış və 26 aprel 2023-cü il tarixində nəticələr ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X5 yazılı məktub ünvanlandırılmışdır.”. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-2371/2023 nömrəli təqdimatında qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin KY221712066 nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti"nin nümayəndəliyinə (VÖEN **********) məxsus özəl tibb müəssisəsində 2022-ci il 14-18 fevral tarixlərinə nəzərdə tutulan plan üzrə (növbəti) yoxlama müəssisənin müraciəti əsasında (təmir işləri ilə bağlı) keçirilməmiş və bu səbəbdən 2023-cü il 7-10 aprel tarixlərində sözügedən müəssisədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin KY231909284 nömrəli çıxarışına əsasən plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı lisenziyanın şərtlərinə əməl olunmadığı aşkar olunmuşdur. Belə ki, müəssisədə tibbi qeydiyyat sənədləşməsinin və tibbi statistik hesabatların aparılmadığı, sanitar-gigiyena tələblərinə və əks-epidemik rejimə riayət olunmadığı, lisenziyada qeyd olunan işlər üzrə tibbi xidmətin göstərilməsi üçün otaqların və təchizatın müvafiq tələblərə uyğun olmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi, sertifikasiyadan keçməyən yerli və əcnəbi mütəxəssislərin praktik tibb fəaliyyətinə buraxılması, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyətlərin həyata keçirilməsi aşkar olunmuşdur. Aşkar olunmuş nöqsanlar barədə plandankənar (növbədənkənar) yoxlama aktında müəssisənin rəhbərliyinin və nümayəndələrinin iştirakı ilə müvafiq qeydlər aparılmışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən həmin Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. Qeyd olunanları və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən “İran islam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin nümayəndəliyinə verilmiş xx.xx.2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-2651/2023 nömrəli təqdimatında qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin KY231909284 nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin nümayəndəliyinə (VÖEN: **********) məxsus özəl tibb müəssisəsində cari il 7-10 aprel tarixlərində keçirilmiş plandankənar (növbədənkənar) yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdudlaşdırıcı tədbirin tətbiqi barədə müvafiq qərarlar (451 və 452 nömrəli) qəbul edilmiş və bununla bağlı sahibkara vaxt verilmişdir. Qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması məqsədilə qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixində sözügedən müəssisəyə baxış keçirilmiş və sahibkar tərəfindən nöqsanların bir qisminin aradan qaldırılmasına baxmayaraq, insan həyatı və sağlamlığına birbaşa təhlükə yaradan amillərin aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Qeyd olunanları və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci və 27.3-cü maddələrini nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin nümayəndəliyinə verilmiş xx.xx.2016-cı il tarixli İN/L- 1051/2016 qeydiyyat nömrəli lisenziyanın dayandırılması məsələsinə baxılmasını xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21/2-3826/2023 nömrəli məktubu ilə göndərilmiş “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziyanın dayandırılması haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 25 aprel 2023-cü il tarixli 49 nömrəli Sərəncamında qeyd edilmişdir ki: - “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə ünvan 5 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin (terapiya: terapevtik, kardiologiya: kardioloji, qastroenterologıya: qastroenteroloji, endokrinologıya: endokrinoloji, nevropatologiya: nevropatoloji, dermatologiya: dermatoloji, urologiya: uroloji, travmatologiya-ortopediya: travmatoloji-ortopedik, mama-ginekologiya: ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya: terapevtik stomatoloji, şüa diaqnostikası: ultrasəs müayinəsi, oftalmologiya: oftalmoloji. ortorinolarinqologıya: otorinolarinqoloji, mikrobiologiya: mikrobioloji laboratoriya: klinik, klinik-biokimyəvi) həyata keçirilməsi üçün verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (№089412) lisenziya və onun həmin tarixli əlavəsi 26 aprel 2023-cü il tarixinədək dayandırılsın. 2.Lisenziyanın sahibi lisenziyanın və onun əlavəsinin dayandırıldığı müddət bitənədək onun dayandırılmasına əsas olan lisenziya şərtlərinin pozulması hallarını aradan qaldırsın və nəticəsi barədə lisenziya verən orqana yazılı məlumat versin. 4.Bu Sərəncamdan onun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21/2-3871/2023 nömrəli məktubu ilə göndərilmiş “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin ləvğ edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 26 aprel 2023-cü il tarixli 50 nömrəli Sərəncamında göstərilmişdir ki: “1. İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə ünvan 3 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin (terapiya: terapevtik, kardiologiya: kardioloji, qastroenterologiya. qastroenteroloji, endokrinologiya: endokrinoloji, nevropatologiya: nevropatoloji, dermatologiya: dermatoloji, urologiya: travmatolojiortopedik, mama-ginekc.cgiyü, ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya: terapevtik stomatoloji, şüa diaqnostikası: ultrasəs müayinəsi, oftalmologiya: oftalmoloji, ortorinolarinqologiya: otorinolarinqoloji, mikrobiologiya: mikrobioloii, laboratoriya: klinik, klinik-biokimyəvi) həyata Keçirilməsi üçün verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-105T/2016 qeydiyyat nömrəli (№089412) lisenziya və onun həmin tarixli əlavəsi ləğv edilsin. 3.Bu Sərəncamdan onun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət veriiə bilər.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati aktların mübahisləndirilməsinə dair iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddia aşağıdakı hüquqi və faktiki hallara görə mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 26 aprel 2023-cü il tarixli 50 nömrəli Sərəncamı ilə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş 23 aprel 2016-cı il tarixli İN/L-1051/2016 qeydiyyat nömrəli (№089412) lisenziya verilmişdir. Səhiyyə Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231909284 nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə (VÖEN **********) məxsus özəl tibb müəssisəsində SN “X2” X6 7-10 aprel 2023-cü il tarixlərində növbədənkənar yoxlama keçirilmişdir. Yoxlama zamanı müəssisədə tibbi qeydiyyat sənədləşməsinin və tibbi statistik hesabatların aparılmadığı, sanitar-gigiyena tələblərinə və əksepidemik rejimə riayət olunmadığı, lisenziyada qeyd olunan işlər üzrə tibbi xidmətin göstərilməsi üçün otaqların və təchizatın müvafiq tələblərə uyğun olmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi, sertifikasiyadan keçməyən yerli və əcnəbi mütəxəssislərin praktik tibb fəaliyyətinə buraxıldığı, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyətlərin həyata keçirilməsi aşkar olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2" X4: -14 aprel 2023-cü il tarixli 434 nömrəli qərarı ilə pozuntuların aradan qaldırılması üçün iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 iş günü (beş) müddətində vaxt verilmiş, pozuntuların aradan qaldırılması müddəti bitdikdən sonra 3 (üç) iş günü ərzində Səhiyyə Nazirliyinin X2nə yazılı məlumat (Video materiallar və foto şəkillər) təqdim edilməsi qərara alınmışdır. -14 aprel 2023-cü il tarixli 435 nömrəli “Yoxalama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarına əsasən göstərilmiş qanun pozuntularının aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 (beş) iş günü müddəti bitənədək iddiaçı tərəfindən göstərilən bütün növ özəl tibb fəaliyyətinə aid işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılmışdır. (Qərardan iddiaçı şikayət verməmişdir). Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə iddiaçıya verilmiş xx.xx.2016-cı il tarixli İN-1051/2016 qeydiyyat nömrəli lisenziyanın dayandırılması barədə təqdimatla müraciət edilmiş, İqtisadiyyat Nazirliyi xx.xx.2023-cü il tarixli 49 nömrəli sərəncamı ilə iddiaçının lisenziya və onun həmin tarixli əlavəsini 26 aprel 2023-cü il tarixinədək dayandırmış, iddiaçıdan lisenziyanın və onun əlavəsinin dayandırıldığı müddət bitənədək onun dayandırılmasına əsas olan lisenziya şərtlərinin pozulması hallarını aradan qaldırması və nəticəsi barədə yazılı məlumat verməsini tələb etmişdir. İqtisadiyyat Nazirliyi verilmiş təqdimat əsasında xx.xx.2023-cü il tarixli 50 nömrəli sərəncamı ilə iddiaçının lisenziya və onun həmin tarixli əlavəsini ləğv etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdeh İqtidasiyyat Nazirliyinin adları çəkilən “Lisenziya və onun əlavəsinin dayandırılması haqqında” 49 saylı, 25 aprel 2023-cü il tarixli sərəncamı və “Lisenziya və onun əlavəsinin ləğv edilməsi haqqında” 50 saylı, 26 aprel 2023-cü il tarixli sərəncamının ləğv edilməsini mübahisələndirir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun: -3-cü maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: - ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi; - əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi; - dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi; - ailənin, valideynlərin və uşaqların mühafizəsi. - 46-cı maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir; - 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. -16.7-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: -əvvəlki müraciətlərin doğruluğu (16.7.1); -eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması (16.7.2); -daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi (16.7.3); yoxlanılması tələb edilən sahibkarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti (16.7.4); - 28.2.10-ci maddəsinə əsasən işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması növündə məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər; -28.4-cü maddəsinə əsasən sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına yaranan birbaşa və mühüm təhlükənin və ya vurulan mühüm zərərin dərəcəsinə uyğun olmalıdır; -28.5-ci maddəsinə əsasən sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir sahibkarın fəaliyyətinin yalnız o hissəsində (sahəsində) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) tətbiq edilir ki, həmin hissədə (sahədə): - sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulması faktı aşkar olunsun və (28.5.1); -fəaliyyətin məhdudlaşdırılması üzrə tədbirin tətbiq edilməməsi insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun (28.5.2). -29.2-ci maddəsinə əsasən yoxlayıcı orqan məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən üç iş günü ərzində mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. Plandankənar (növbədənkənar) yoxlama bu Qanunla plandankənar (növbədənkənar) yoxlamalar üçün nəzərdə tutulmuş müddət və qaydaya uyğun aparılır. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbində mübahisləndirilən hər iki inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən təqdim edilmiş inzibti icraat materialları ilə öz təsdiqini tapır. Məhkəmə qəbul edilən inzibati aktların faktiki şərtlərə uyğunluğu baxımından ilk olaraq qeyd edir ki, baxmayaraq ki, iddiaçı iddia ərizəsinin 1-8-ci bəndlərində yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X1” nin iddiaçıya aid müəsissədə keçirdiyi növbədənkənar yoxlamanın keçirilməsinin əsassızlığı ilə bağlı dəlillər irəli sürmüş, lakin yoxlama dövründə nəzarət orqanı olan Səhiyyə Nazirliyi “X2” tərəfindən aparılmış yoxlamanın nəticələri, aşkar edilmiş pozuntular (nöqsan, çatışmazlıq) iddiaçı tərəfindən mübahisələndirilməmiş və həmin pozuntuların (nöqsan, çatışmazlıq) mövcudluğunu şübhə altına almamışdır. Belə ki, nəzarət orqanı tərəfindən qəbul edilmiş “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə” 14 aprel 2023cü il tarixli 434 saylı və “Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 435 saylı, 14 aprel 2023-cü il tarixli qərarlardan iddiaçı tərəfindən hər hansı formada şikayət verilməmişdir. İddiaçının belə bir hüququ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində nəzərdə tutulmuşdur. İddiaçının həmin pozuntuların (nöqsan, çatışmazlıq) aradan qaldırılması vəzifəsinin icra edilməsindən irəli gələn mövqeyi nümayiş etdirərək yalnız hazırkı iddianın predmeti olan inzibati aktların ləğv edilməsini xahiş etməsi də qeyd edilən pozuntuların mövcudluğunu bilavasitə təsdiqidir. Yoxlama materiallarından görünür ki, iddiaçıya məxsus tibb müəsisəsində tibbi qeydiyyat sənədləşməsi və tibbi statistik hesabatları aparılmamış, sanitar-gigiyena tələbləri və əks-epidemik rejimə riayət olunmamış, lisenziyada qeyd olunan işlər üzrə tibbi xidmətin göstərilməsi üçün otaqların və təchizatın müvafiq tələblərə uyğun olmamış, işçi heyətin dövri tibbi müayinələrdən keçməmiş, sertifikasiyadan keçməyən yerli və əcnəbi mütəxəssislərin praktik tibb fəaliyyətinə buraxılmış, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyətlər həyata keçirilmişdir. Bu baxımdan nəzarət orqanı dövlətin səhiyyə sahəsində qanunla müəyyən edilmiş vəzifələrindən irəli gələrək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən isə qanunamüvafiq qaydada inzibati fəaliyyət həyata keçirilmişdir. Belə ki, iş materiallarından görünür ki, nəzarət orqanı tərəfindən iddiaçıya göndərilmiş məktubla xx.xx.2023-cü il tarixindən 5 (beş) iş günü vaxt verilmiş və çatışmazlıqların həmin müddətdə aradan qaldırılması tələb edilmişdir. 15-16 və 22-23 aprel 2023-cü il tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etmiş, beləliklə, 2023-cü ilin 14, 17, 18, 19, 20 aprel tarixləri iş günü olmuşdur. İddiaçı tərəfindən yoxlama çərçivəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün 5 (beş) iş günü müddətinin sonuncu günü də məhz 20 aprel 2023-cü il tarixi olmuş, sonrakı 3 iş günü isə çatışmazlıqların adaran qaldırılması ilə bağlı məlumatın verilməsi müddəti olmuş, bununla da xx.xx.2023-xx.xx.2023-cü ilədək 8 iş günü müddətində, iddiaçının həmin tarixlər aralığında- ilk 5 iş günündə çatışmazlıqları aradan qaldırması, qalan 3 iş günü müddətində isə məlumat təqdim etməsi nəzərdə tutulmuşdur. Beləlikə, müvafiq 5 günlük müddət xx.xx.2023-cü il tarixində başa çatsa da, iddiaçı tərəfindən qeyd edilən müddət ərzində müvafiq tələblər yerinə yetirilməmişdir. Belə ki, nəzarət orqanı tərəfindən həmin müddət başa çatdıqdan (xx.xx.2023-cü il) sonra 25 aprel 2023-cü il tarixdə aşkarlanmış pozuntuların aradan qaldırılmadığı müəyyən edilmişdir. İddiaçı tərəf isə özünün əsaslandırmasında məhz müddətin başa çatmadığına istinad etməklə, pozuntuların tam şəkildə aradan qaldırılmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, pozuntuların aradan qaldırılması və buna dair məlumatın verilməsi ayrı-ayrı anlayışlar olmaqla özlüyündə iki müstəqil mərhələni ehtiva edir. Birinci mərhələ olan pozuntuların aradan qaldırılması üçün müstəqil olaraq 5 (beş) iş günü, ikinci mərhələ üçün isə 3 (üç) iş günü müddət təyin edilmişdir. Yəni, birinci mərhələ üzrə müddətin başa çatma anı 5 (beş) iş günü müddətinin tamamlanması anı ilə bağlıdır. Növbəti mərhələ üçün müəyyən edilən 3 (üç) iş günü müddətinin ilk mərhələyə aidiyyəti yoxdur və hər bir mərhələ üçün olan müddətə müstəqil yanaşılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı nəzarət orqanının göstərişlərinə müəyyən edilən müddətdə riayət etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Yoxlama predmeti olan sahənin əhalinin sağlamlığı ilə birbaşa əlaqəli olması isə inzibati (nəzarət) orqan(lar)ı tərəfindən məsələyə operativ reaksiyanı tələb edir. Əks halda dövlətin konstitusion çərçivədə təminat verdiyi sağlamlıq hüququ şübhə altına alına, nəticədə ayrı-ayrı şəxslərin hüquqları bərpaedilməz şəkildə pozula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq nəzarət orqanının göstərişlərini lazımi qaydada və müddətdə yerinə yetirmədiyindən və lisenziya sahibi kimi yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərə riayət etmədiyindən onun lisenziyasının dayandırılması və daha sonra ləğvi qanuni olmuşdur. Ən azından qeyd edilməlidir ki, nəzarət orqanının aşkar etdiyi pozuntuların bir qismi, məsələn, sertifikasiyadan keçməyən yerli və əcnəbi mütəxəssislərin praktik tibb fəaliyyətinə buraxılması qısa müddətdə aradan qaldırılması mümkün hesab olunmayan nöqsandır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun: - 25.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: - lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə (25.1.1); - lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə (25.1.2); - “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. -26.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.8-1. lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə; 26.1.9. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. -27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir -27.2-ci maddəsinə əsasən lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. -27.3-cü maddəsinə əsasən bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə 20 aprel 2016-cı il tarixli, 866 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.3.1-ci bəndinə əsasən həmin Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilərək iddiaçının lisenziyası əvvəl dayandırılmış, iddiaçı tərəfindən dayandırılmaya əsas olan hallar aradan qaldırılmadığından verilmiş müvafiq lisenziya ləğv edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 25.4 və 26.1.7-ci maddələri lisenziyanın ləğvindən öncə lisenziyanın dayandırılmalı olduğu, dayandırılmış müddət bitənədək pozuntuların aradan qaldırılması ilə bağlı yazılı məlumat verilmədiyi halda lisenziyanın ləğvi nəzərdə tutulmuş, qanunvericilik lisenziyanın dayandırma müddətinin minimum müddəti ilə bağlı müddəa nəzərdə tutmamışdır Beləliklə, hazırkı halda, iddiaçı öz mövqeyinin əsaslı olması, yəni, tələb olunan müddət ərzində bütün çatışmazlıqların aradan qaldırıldığı ilə bağlı zəruri faktiki və hüquqi hallar təsdiq edən məlumatları nə inzibati orqanlara, nə də məhkəməyə təqdim etmişdirr. “İnzibati icarat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti”nin Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar