Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1301/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarmaqla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə 34 il istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanındakı mənzilə dair xidməti orderin daimi orderlə əvəz edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə mübahisəli mənzilə dair çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “cavabdeh qismində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin, üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qəbul edilməsini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini və iddia tələbinin “34 il istifadəsində olan ünvan 2 ünvanında yerləşən 39 saylı mənzili xüsusi təyinatlı mənzil fondundan çıxarmaqla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh qismində iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iddia tələbi “ünvan 2 ünvanında yerləşən 39 saylı mənzili xüsusi təyinatlı mənzil fondundan çıxarmaqla İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Rabitə Nazirliyinin AzərPoçt şöbəsinin Nərimanov filialında işləmişdir. Mənzili olmadığından xx.xx.1987-ci ildə 4 nəfər ailə üzvü ilə ( özü, həyat yoldaşı, iki qızı) Nərimanov rayonunda ev nöbəsinə dayanmışdır. Bakı şəhər Nərimanov rayon X1 İcrayə Komitəsinin 09.04 1988-ci il tarixli 11 saylı Qərarı ilə ona Bakı şəhəri, ünvan 3 ünvanında 3 otaqlı xidməti mənzil və həmin mənzilə dair 002005 saylı Order verilmişdir. İddiaçı ailəsi ilə 1988-ci ildən həmin mənzildə yaşayır. Mübahisə predmeti olan həmin xidməti məzilə dair xüsusi orderin daimi orderlə əvəzlənməsi üçün Respublika rəhbərliyinə və cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin razılıq məktubu RİH-nə təqdim olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, ƏMDX 19 aprel 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, müvafiq ərazi üzrə icra hakimiyyəti orqanının vəsatəti ilə həmin mənzil sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bu səbəbdən iddiaçıuya mübahisəli mənzilə dair çıxarış verməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, 2009cu il 1 oktyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xidməti orderin daimi orderlə əvəzlənməsi nəzərdə tutulmadığından, həmçinin Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsinin yol verilməz olduğu qeyd edildiyindən Suraxanı RİH-ə qarşı iddia əsassızdır və rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Nərimanov rayon XDS İK-nin xx.xx.1988-cı il tarixli 11 saylı qərarından görünür ki, Nərimanov rabitə qovşağının rəhbərliyi və həmkarlar komitəsinin xx.xx.1988-ci il tarixli 6 nömrəli birgə qərarı təsdiq edilmiş, Günəşli qəsəbəsi, “V” y/m, ev 6, blok 3, 2-ci mərtəbədə yerləşən sahəsi 42,62 kv.metr olan 3 otaqlı 39 saylı mənzil xidməti yaşayış sahəsi kimi tanınmış və 3 otaqlı sahəsi 42,62 kv.metr olan Günəşli qəsəbəsi, “V” y/m, ev 6, blok 3, 2-ci mərtəbədə yerləşən 39 saylı xidməti mənzil 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 uşağı) İddiaçı verilmişdir. - xx.xx.1988-ci il tarixli 002005 saylı xidməti yaşayış sahəsini əldə etməyə dair xüsusi orderdən görünür ki, 42,62 kv.metr sahəsi olan Günəşli qəsəbəsi, “V” y/m, ev 6 ünvanında yerləşən 39 saylı xidməti mənzildə İddiaçı ilə yanaşı arvadı Z.R.Rəsulova, qızları A.İddiaçıa və N.İddiaçıa yaşamaq hüququna malikdir. - Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 83 saylı məktubuna əsasən bildirilir ki, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 6 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binanın 39 saylı mənzili Nərimanov Rayon Xalq Deputatları Soveti tərəfindən xx.xx.1988-ci il tarixli, 002005 saylı xidməti orderlə İddiaçı verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı cavabdehdən ona verilmiş 39 saylı mənzilə dair xidməti orderin daimi orderlə əvəz edilməsini, onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla yenidən kirayə müqaviləsinin bağlanılması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktublarının əsli RlH-ə təqdim edilməsi xahiş olunur. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı mənzil xüsusi təyinatlı mənzil fonduna məxsus yaşayış sahəsidir və bu işin mübahisələndirilməyən halıdır. İddiaçının tələbi məhz ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan 39 saylı mənzil xüsusi təyinatlı mənzillər sırasından çıxarılaraq onunla mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddiaçının iddia ərizəsində və məhkəməyə verdiyi izahatında ifadə olunan məqsəd və istəyindən isə görünür ki, onun mənzilin xüsusi təyinatlı mənzillər sırasından çıxarılmasında məqsədi kirayə müqaviləsi bağlandıqdan sonra onun özəlləşdirməkdir. Lakin, mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, xx.xx.2009-cu il tarixdən qüvvvədə olan Azərbaycan Respublikasının Mənzil məcəlləsinin 91.1.1-ci maddəsinin tələbinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmin Məcəllənin 10.0.7-ci maddəsinin təlbinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsmi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. Həmin Məcəllənin 91.2-ci maddəsi isə nəzərdə tutur ki, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası"nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələbi baxımından, xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan, başqa sözlə xidməti mənzillər sırasından çıxarılması məhkəmə tərəfindən deyil, dövlət mənzil fonduna idarəetməsini həyata keçirən dövlət orqanın qərarı əsasında həyata keçirilə bilər. Odur ki, konkret halda, iddiaçıya məxsus mənzil, xüsusi təyinatlı mənzil fonduna aid edildiyi halda, həmin mənzilə dair kirayəyə müqaviləsi bağlanması barədə sərəncam verilməsi qanunla istisna edilir. Çünki, ən azından Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçının tələbini təkzib edən faktiki şərtlərin mövcüdluğu sübuta yetirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən imtina verilməsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda bu imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, o halda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1301/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1301/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver