Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13572/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və ödənilməmiş əmək haqqıların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02 may 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinin tələbləri əsasında o, tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Daha sonra isə xx.xx.2018-ci il tarixli əmri ilə onun yuxarıda adıçəkilən Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndi əsasında təşkilatı ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması əmr edilmişdir. Cavabdeh iddiaçını tutduğu vəzifədən azad edərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə istinad etmişdir. Həmin maddəsində göstərilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Doğrudur ki, iddiaçı barəsində ilkin olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və üç ay müddətində həmin orqanın sərəncamında saxlanılması əmr edilmişdir. Lakin daha sonra heç bir əsas olmadan, müddət bitikdən sonra (3 ay) onun hər hansı vakant vəzifəyə bərpası həyata keçirilməmişdir. Hesab olunur ki, cavabdeh hər hansı əsas olmadan, qərəzli şəkildə ilk növbədə iddiaçını vəzifədən azad edərək üç ay müddətində sərəncamda saxlamış, daha sonra isə vakant vəzifənin olmaması səbəbi ilə keçirilməni həyata keçirilməmişdir. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin, cavabdeh sözügedən normanın dispozisiya şərtlərindən hər hansı birinə əməl etməmiş, iddiaçıya hər hansı alternativ vəzifə təklif etməmiş, digər vakant vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır. Dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar olaraq qanunvericilikdə dövlət qulluqçularına münasibətdə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur. Hesab olunur ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş yanaşma düzgün olmamış, cavabdeh iddiaçı ilə digər əməkdaşlar arasında olan üstünlük istiqamətində hər hansı tədbir görməmiş, ümumiyyətlə yuxarıda adıçəkilən Əsasnamənin tələbləri baxımından ona alternativ vəzifə təklif etməmişdir. Göründüyü kimi cavabdehin qəbul etdiyi əmr əsassız olmuşdur. Əmr əsassız olduğundan, onun yaratdığı hüquqi nəticələr aradan qaldırılması, o işə bərpa olunmalı və ona ödənilməmiş əmək haqqıları ödənilməlidir.
3. İddiaçının prosessual müddətin bərpa olunmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin baş müstəntiqi Sənan Veysovun 10 avqust 2018-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Daha sonra 10 avqust 2018-ci il tarixli qərar ilə iddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən şəxs guya Azərbaycan Respublikasının vətəndaşları X2, X5, X6, X7, Türkiyə Respublikasının vətəndaşı X9 və qeyriləri ilə cinayət əlaqəsinə girərək vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə dəyəri külli miqdar təşkil edən bilə-bilə mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini Türkiyə Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən düzgün bəyan etməməklə Azərbaycan Respublikasına keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə idxalını və satışını təşkil etmişdir. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin baş müstəntiqi Sənan Veysovun 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə (yəni hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verilmişdir. Göründüyü kimi iddiaçı hazırkı əmri yalnız onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə (yəni hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirə bilmişdir. Yəni faktiki olaraq buraxılmış bu müddət faktiki olaraq onun təqsiri olmadan həyata keçirilmişdir. Göstərlənlərə əsasən buraxılmış prosessual müdğətin bərpa edilməsii xahiş etmişdir.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli 2-1(112)-13572/2024 nömrəli iş üzrə icraatınıza daxil olmuş mübahisələndirilmə növündə iddia tələbi ona mahiyyəti üzrə baxmağa əsas verən zəruri prosessual şərtlərin mövcud olmaması səbəbindən mümkünsüzdür. Prosessual müddətin ötürülməməsi üçün zəruri və gözlənilən ehtiyat tədbirləri görməsinə baxmayaraq, onun təqsiri olmadan müddət istənilən şəraitdə ötürülmüşdür. Cinayət işi üzrə icraatın başlanılması iddiaçının qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran hal olaraq qiymətləndirilməməlidir. İddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləyərkən inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürməklə yanaşı, icraatın 24 may 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür. İddiaçının vəsatət xarakterli ərizəsində İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinə natamam məzmunda istinad edilərək bildirilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Məhkəmə iddiaçı barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın imzalandığı tarixi (xx.xx.2024-ci il) prosessual müddətlərə əməl olunmasına mane olan halların aradan qalxdığı gün kimi qiymətləndirərsə, iddiaçı tərəfdən faktiki olaraq prosessual müddətin ötürülməsinə səbəb olan təbii fəlakət və ya digər qarşısıalınmaz hadisələrin, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlığın və ya digər mühüm məhdudlaşdırıcı halların və müddətin bərpası barədə ərizənin qanunla müəyyən edilmiş 15 günlük müddət ərzində təqdim edilməməsinin mötəbər sübutlarla əsaslandırılmadığını nəzərə almalıdır. Qeyd olunanlara əsasən iddianın mümkün hesab olunmaması xahiş edilir.
5. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndəsi etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.
II. İddianın mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
8. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı cavabdehin inzibati aktın yuxarıda qeyd olunan əlamətlərinə malik müvafiq əmrlərinin ləğv edilməsi və həmin xidmətə bərpa olunmağına yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
15. Mübahisələndirilən əmrlər 2018-ci il tarixdə qəbul edilmişdirlər.
16. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrləri iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmrlər qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı özü təsdiq etdi ki, mübahisələndirilən əmrlər barədə 2018-ci il tarixdə məlumatlı idi. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.
17. Belə ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən iddiaçı barəsində 10 avqust 2018-ci il tarixdə cinayət işinin başlanılması barədə qərar qəbul edilmiş, 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Yalnız bu zaman, yəni əmrlərin qəbul olunduğu vaxtdan başlanılmış cinayət işinə 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirmə imkanı əldə etmişdir. Bundan sonra hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərək sözügedən ictimai münasibəti mübahisələndirmişdir.
18. Göründüyü kimi, iddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsinin gözləməsini prosessual müddətin buraxılmasına səbəb kimi üzrlü olmasını əsas gətirmişdir. Lakin 24 may 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, faktiki olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür.
19. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə əsas vermədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməməlidir. Odur ki, əm(lər)in mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
20. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
21. İddia mümkün sayılmadığından cavabdehin vəsatətinə baxılmasına zəruriət qalmadı.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva