Məhkəmə qərarları › İş №2-1(112)-13829/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13829/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13829/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “daimi kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “daimi kirayə müqaviləsinin bağlanılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Zeytun küçəsi, ev 5 ünvanda ailə üzvləri ilə birgə yaşamaqdadır. Zığ yax sovxozunda xidmətlərinə görə ona order əsasında həmin mənzil verilmişdir. Həmin mənzilə daimi kirayə müqaviləsinin bağlanılması üçün müraciət edilmiş, cavabdeh həmin mənzilin xüsusi təyinatlı mənzil olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir. Halbuki, sovxozlar ləğv edilmiş, zavod fəaliyyət göstərməməkdədir. Xidmətə görə də həmin mənzilin başqa şəxsə verilməsi mümkün deyildir. Həmin mənzillə bağlı faktiki sahiblik iddiaçı tərəfindən həyata keçirilməkdədir və bütün kommunal xərclər də onun tərəfindən ödənilir. 1929-cu il təvəllüdlü şəxs kimi hesab edir ki, həmin mənzillə bağlı daimi kirayə müqaviləsinin bağlanılması əsasları mövcuddur. Məhkəmənin qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması, həmin mənzilə daimi kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması məsələsinə münasibət bildirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Orderdən görünür ki, iddiaçıya ailə üzvləri nəzərə alınmaqla Zığ yağ sovxozunun işçisi kimi xidməti mənzil sahəsi120 nömrəli 09 iyun 1989-cu il tarixli qərar əsasında ayrılmışdır. Texniki pasportdan görünür ki, həmin mənzilə dair texniki pasport tərtib edilmişdir. Arayışdan görünür ki, iddiaçı Zeytun küçəsi, ev 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizələrdən görünür ki, mənzilin iddiaçının adına sənədləşdirilməsinə etiraz edilməmişdir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, iddia olunan mənzil xidməti mənzil sahəsi kimi xüussi təyinatlı mənzil sahəsi hesab edilir və onun özgəninkiləşdirilməsi, icarəyə və kirayə verilməsi mümkün deyildir. 09 iyun 1989-cu il tarixli Abşeron Rayon XDS İK-nin 120 nömrəli qərarından görünür ki, adıçəkilən mənzillə bağlı iddiaçıya orderin verilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür. 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: 1.4. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunu biri növü hesab edilir ki, iddiaçıya sovxoz işçisi kimi qərar və həmin qərar əsasında tərtib edilmiş orderə uyğun olaraq verilmiş mənzil də xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aiddir. İddiaçı da mahiyyət etibarı ilə xidməti yaşayış sahəsi kimi həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması məsələsinə baxılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Həmin maddənin tələbindən də göründüyü xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Lakin, cavabdeh imtina verilərkən nəzərə almamışdır ki, iddiaçı həmin mənzilin xüsusi təyinatlı mənzil fondu kimi saxlanılmaqla özgəninkiləşdirilməsi, icarə və kirayəyə verilməsini yox, cavabdehin balansında olan daimi kirayə müqavilələrin orada yaşayan şəxslərlə bağlanılması mümkün olan mənzil fonduna aid edilməsinə hüquqi qiymət verilməsini xahiş etmişdir ki, qanunvericiliklə xüsusi təyinatlı mənzil fondundan çıxarılma əsasları nəinki qadağan edilmiş, əksinə tənzimlənmişdir. Belə ki, istər Mənzil Məcəlləsinin, istərsə də yuxarıda adıçəkilən Qaydanın tələbindən görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilə bilər. Göründüyü kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilmə ilə yanaşı, ondan çıxarılmanın mümkünlüyü qanunvericiliklə təsbit edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə də mütləq razılaşdırılmaqla qərar əsasında xüsusi təyinatlı mənzil fondundan iddia olunan xidməti mənzilin çıxarılması səlahiyyətinə cavabdeh malikdir. Məhkəmə hesab edir ki, həmin səlahiyyət cavabdehin diskresion səlahiyyəti kimi müəyyən edilmişdir ki, bununla bağlı məhkəmə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. AR İPM-nin: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Mövcud qanunvericiliyin tələbindən də göründüyü kimi diskresion səlahiyyət inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir ki, hazırkı iş üzrə də iddia olunan mənzilə münasibətdə xüsusi təyinatlı mənzil fondundan çıxarılma və ya çıxarılmamaya münasibətdə cavabdehin diskresion səlahiyyətlərindən yaranmış seçim imkanının mövcudluğu görünür. Başqa sözlə hazırkı halda mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılıb-çıxarılmamasına münasibətdə cavabdeh diskresion səlahiyyətə malikdir. Lakin, qanunvericiliyin tərkib hissəsi olan yuxarıda göstərilən müddəalardan da göründüyü kimi Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eləcə də, inzibati məhkəmə icraatı üzrə hüquqi dəyərləndirmə aparan məhkəməyə də səlahiyyət verilmişdir ki, diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı yoxlanıla bilsin. Məhkəmə də iddia tələbi həddində diskresion səlahiyyətlərin məqsədə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul olunub-olunmaması istiqamətində yoxlama aparmış və müəyyən etmişdir ki, işin hazırkı faktiki hallarına uyğun olaraq cavabdehin MM-nin 91.3-cü maddəsinə istinad etməklə ortaya qoyduğu mövqe qanunsuz və əsassız olmaqla səlahiyyətin məqsədinə uyğun olmamış, ən əsası isə iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Cavabdeh isə işin faktiki hallarını nəzərə almadan, xidməti vəzifəsindən irəli gələn işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olmasına baxmayaraq araşdırmanı natamam həyata keçirmiş MM-nin 91.3-cü maddəsinə istinad etməklə kifayətlənmişdir. Halbuki, həmin maddə xidməti mənzil sahələrinin özgəninkiləşdirilməsinə, icarəyə və kirayə verilməsinə qadağanın mövcudluğu ilə bağlıdır ki, məhkəmə araşdırması zamanı da müəyyən edilir ki, iddiaçı həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasında maraqlıdır ki, həmin müraciətin təmin edilməsi 91.3-cü maddəsinin tətbiqini istisna etməkdədir. Cavabdeh isə işin faktiki hallarını araşdırmadan müraciətin təminindən formal əsaslarla imtina etmiş, diskresion səlahiyyət çərçivəsində ümumiyyətlə qiymətləndirmə aparmamış, xüsusi təyinatlı mənzil fondundan çıxarılma məsələsinə münasibət bildirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəyini almamışdır. Halbuki, yuxarıda qeyd olunan müddəaların tələbindən də göründüyü kimi müraciətin təminindən imtina edilməsi əvəzinə işin faktiki halları nəzərə almaqla mənzil fondundan çıxarılmaya əsas ola biləcək hallara qiymət verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət imkanına malik olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi 1929-cu il təvəllüdlü iddiaçıya order və qərar əsasında verilmiş mənzil Zığ yağ sovxozunda xidmətləri əsasında verilmişdir. Cavabdeh isə, istər iddiaçının yaşını, istər uzun müddətdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamasını nəzərə almadan qərar qəbul etmiş, həmin qərar qəbul edilərkən ən əsası isə xidməti mənzilin məhz hansı xidmətlərlə bağlı verilməsi, dolayısı ilə də xidməti mənzil kimi saxlanılmasının faktiki əsaslarına əhəmiyyət verməmişdir. Halbuki, verilən mənzilin verilmə əsasları hərbi qulluqçu və oxşar statusda olan şəxslərə xidməti mənzillərin verilməsi ilə bağlı yox, sovxoz işçisi kimi mənzilin verilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, istər “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun, istər “Torpaq islahatı haqqında” Qanunun və aidiyyəti digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq sovxoz və kolxozların ləğv edilməsi torpaq sahəsi də daxil olmaqla aidiyyəti digər əmlakların özəlləşdirilməsi ilə bağlı iqtisadi zərurətdən irəli gələn istiqamət dövlət tərəfindən seçilmişdir ki, hazırkı halda sovxozların mövcud olmamasına, fəaliyyət göstərməməsinə baxmayaraq sovxozla bağlı hazırkı mənzilin xidməti mənzillər siyahısında saxlanılma zərurəti aydın deyildir. Cavabdeh sovxozla bağlı verilmiş xidməti mənzilin ləğv edilmiş sovxozla bağlı iddiaçıdan geri alınıb sovxozda hansı xidməti ilə bağlı başqa şəxsə verə biləcəyi məntiqi olaraq mümkün görünmür. Belə ki, hazırda hər hansı sovxoz mövcud deyil, eləcə də Zığ yağ sovxozu mövcud deyildir ki, iddiaçının 34 ildir ki istifadəsində olan xidməti mənzil sahəsi ondan alınıb sovxozda fəaliyyətinə görə digər şəxsə verilə bilsin və ya xidməti zərurətlə əlaqədar dövlət orqanının şəxsi istifadəsinə qaytarıla bilsin. Göründüyü kimi inzibati orqanın istər iddiaçının yaşını, istər uzun müddət mənzilin onun istifadəsində olmasını, istərsə də mənzilin sovxozların ləğvi səbəbindən xidməti mənzillər siyahısında saxlanılması zərurətinin olmaması nəzərə alınmaqla xüsusi təyinatlı mənzil fondundan çıxarılma üçün diskresion səlahiyyətlərindən istifadə edərək Əmlak Məsələləri Dövlət Xidmətinə razılaşdırma ilə bağlı müraciətdən çəkinməsi yuxarıda göstərilən qanunvericilikdə qadağan edilmiş fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş hərəkətsizlik kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh xüsusi təyinatlı mənzil fondundan çıxarılması məsələsinə işin yuxarıda qeyd olunan faktiki hallarını da nəzərə almaqla razılaşdırma ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi zəruri olmuşdur ki, cavabdeh həmin zərurəti nəzərə almadan Xidmətin münasibətini aydınlaşdırmadan müraciətin təminindən diskresion səlahiyyətini belə həyata keçirmədən birbaşa hazırkı məsələyə aidiyyəti olmayan MM-nin 91.3-cü maddəsinə istinad etməklə kifayətlənmişdir ki, halbuki həmin maddə işin hazırkı halları ilə bağlı olmamış, mübahisə iddiaçının diskresion səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı olmuşdur ki, cavabdehin diqqətinə çatdırılır ki, iddiaçının hazırkı məsələyə dair istinad etdiyi halbuki hazırkı mübahisəyə aidiyyəti olmayan MM-nin 91.3-cü maddəsi ilə yanaşı, birbaşa hazırkı mübahisəyə aidiyyəti olan “İnzibati icraat haqqında” Qanunun 14.3-cü maddəsi mövcuddur ki, həmin maddədə qeyd edilir ki, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Eləcə də, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır ilə bağlı qanunvericiliyin tələbi də cavabdeh tərəfindən pozulmuş, cavabdeh qanunauyğun qərarlardan birini qəbul etmək hüququna malik olsa da, həmin hüquqdan yaranmış səlahiyyətlərindən düzgün istifadə etməmiş, hətta qərar imtina olsa belə, onun qanunauyğun olub-olmadığına münasibətdə işin faktiki hallarını nəzərə almamış, Əmlak Məsələləri Dövlət Xidmətinin rəyini almadan sovxozla bağlı xidməti mənzilin digər xidməti mənzil siyahısına daxil edilməsini də həyata keçirməmiş, eləcə də iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılması üçün xidməti mənzillər siyahısından da çıxarılmasını həyata keçirmədən mənzilin heç bir zərurət müəyyən edilmədən xidməti mənzillər siyahısında saxlanılmasına yönəlmiş, faktiki olaraq isə iddiaçının və onun ailə üzvlərinin uzun müddətli, lakin artıq xidməti zərurətlə əlaqəsi olmayan faktiki istifadəsinə yönəlmiş mövqe nümayiş etdirmişdir ki, məhkəmə hesab edir ki, nə qədər ki sovxozlar ləğv edilmiş, mənzil iddiaçı və ailə üzvlərinin istifadəsindədir, hazırkı halda mənzilin xidməti mənzillə siyahısından çıxarılmasına yönələn tədbirlərin cavabdeh tərəfindən həyata keçirilməsi, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinin alınması, rəyin müsbət və mənfi olub-olmaması, rəy mənfi olduğu təqdirdə iddiaçının məhkəməyə və ya yuxarı inzibati orqanlara qarşı bununla bağlı müraciət etmək hüququ real olaraq müəyyən edilməlidir. Qeyd edilməsi zəruridir ki, Avropa Şurası Nazirlər Kabinetinin 1980-ci il tarixli “İnzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında” R(80) saylı tövsiyəsinə görə mülahizə səlahiyyəti-inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyətdir”. Lakin, məhkəmə hesab edir ki, cavabdehin hazırkı iş üzrə diskresion səlahiyyətlərinin həyata keçirilməsindən imtinası müəyyən ölçüdə sərbəstlik anlayışından kənar, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olması barədə və diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməməsi ilə bağlı qanunvericiliyin konkret müddəalarının tələblərinə əməl edilməməsi ilə bağlı qiymətləndirmə üçün əsas yaradır. Odur ki, işin faktiki halları nəzərə alınmaqla, eləcə də iddiaçının yaşı, mənzilin uzun müddət faktiki və xidməti mənzillə bağlı olmadan istifadəsi, həmçinin sovxozun ləğvi ilə əlaqədar sovxozda xidmətə görə verilmiş mənzilin xidməti mənzillər siyahısından çıxarılma əsaslarının mövcud olubolmadığı barədə cavabdehin Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti zəruridir ki, həmin zərurət, həmçinin Xidmətin rəyini almaqla diskresion səlahiyyət çərçivəsində qərar qəbul edilən zaman belə inzibati orqanın işin tam və hərtərəfli araşdırmasında borclu olması barədə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması, həmin mənzilə daimi kirayə müqaviləsinin İddiaçı ilə bağlanılması məsələsinə münasibət bildirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar