Məhkəmə qərarları › İş №2-1(112)-1388/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1388/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1388/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “ipoteka borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxx” MTK-dan ipoteka krediti yolu ilə əldə etdiyi mənzilin bank borcunun Bakı şəhəri Cavabdehndən tutularaq tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə yaşa görə ehtiyata buraxılmışdır. Onun xidmət illərinin ümumi sayı fasiləsiz 27 təqvim ilindən artıq olmaqla Müharibə və Silahlı Qüvvələr veteranıdır. “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla və bir çox yubiley medalları ilə təltif edilmiş, xidməti boyu dövlət və hərbi əhəmiyyətli tədbirlərdə, beynəlxalq hərbi təlimlərdə aparıcı pilot kimi mühüm tapşırıqlar yerinə yetirmişdir. O, son yaş həddinə (48 yaş) qədər xidmət edərək polkovnikleytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Bütün bunlar hərbi qulluqçular üçün dövlət və qanunların nəzərdə tutduğu bütün güzəşt və imtiyazlardan yararlanmağa əsas verir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququna təminat verilir. Bu əsasla o, ordu sıralarından tərxis olunduqdan sonra daimi yaşayış yeri olaraq Bakı şəhəri Nəsimi rayonunu seçmiş, ünvan 1 ünvanında “ünvan 2ldə etmişdir. İddiaçı Bakı şəhəri Cavabdehnə mənzillə təmin olunması barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, onun adına ipotekada ev olması əsas gətirilərək mənzil növbəsinə almaqdan imtina etmişlər. Halbuki, öz təqaüdünün böyük bir hissəsini ipoteka krediti ödəməklə mənzil əldə etməsi dövlətin onu mənzillə təmin etməsi anlamına gəlməməlidir. Bu halda o, yenidən ərizə ilə cavabdeh orqana müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.5-ci maddəsinə əsasən ipoteka krediti ilə əldə etdiyi mənzilin banka olan borcunun tam ödənilməsini xahiş etmişdir. Bu dəfə isə cavabdeh qurum tərəfindən bu məqsədlər üçün çoxdandır Rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığını bəhanə gətirilərək məsələnin həllindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, iddia tələbində qeyd olunan ipoteka krediti borcunun tam ödənilməsi məqsədləri üçün rayon icra hakimiyyətlərinə vəsait ayrılmır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli 16.12.2019-cu il tarixli əmrinin surətində qeyd edilmişdir: Polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin uçuş hazırlığı və uçuşların təhlükəsizliyi üzrə müavini, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə yaşa görə ehtiyata buraxıldığını görə 45 gün məzuniyyət verilməklə 29.01.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə göndərilsin. Polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19.10.2017-ci il tarixli 22 nömrəli Qərarına əsasən 2019-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnikleytenant İddiaçı 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2019-cu ilin növbəti məzuniyyətindən 45 gün istifadə edib, 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmişdir. Polkovnik-leytenant İddiaçı istefaya buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin 10.02.2020-ci il tarixli 86 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 25.12.1989-cu il tarixdən 05.12.1991ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 14.08.1992-ci il tarixdən 21.09.1992-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 20.12.1994-cü il tarixdən 07.10.1997-ci il tarixədək X3 Mərkəzində kursant kimi, 07.10.1997-ci il tarixdən 29.01.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27.01.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 13.06.2020-ci il tarixli məktubda qeyd edilir: Kredit borcunuzun tam ödənilməsi üçün əvəzsiz maliyyə yardımı göstərilməsinə köməklik göstərilməsi barədə Cavabdehnə ünvanladığınız ərizənizə baxılmışdır. Müraciətinizdə qaldırdığınız məqsədlər üçün rayon İcra Hakimiyyətlərinə vəsait ayrılmadığından xahişinizi təmin etmək imkanlarımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 103 kv.m olan mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 29.10.2019-cu il, qeydiyyat nömrəsi **********. İş materiallarında olan 11/188/AİFK saylı 10.02.2018-ci il tarixli Mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı (“xxxx” MTK) ünvan 6 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.02.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093019 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın (İddiaçı) mülkiyyətinə verir. İş materiallarında olan 09.02.2018-ci il tarixli 11/188/AİFK saylı kredit müqaviləsindən görünür ki, kreditor (“xxxx” ASC) müqavilənin şərtlərinə uyğun olaraq borcalana (İddiaçı) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 140.800 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 168 ay müddətinə ipoteka krediti verir. Kredit borcalana ünvan 6 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.02.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093019 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, 25.12.1989-cu il tarixdən 05.12.1991-ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 14.08.1992-ci il tarixdən 21.09.1992-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 20.12.1994-cü il tarixdən 07.10.1997-ci il tarixədək X3 Mərkəzində kursant kimi, 07.10.1997-ci il tarixdən 29.01.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 10.02.2018-ci il tarixli Mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı “xxxx” MTK ünvan 6 ünvanında yerləşən və ona məxsus mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. 09.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən isə kreditor “xxxx” ASC borcalana İddiaçı 140.800 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 168 ay müddətinə ipoteka krediti vermişdir və kredit borcalana ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 103 kv.m olan mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 29.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd olunan mənzilin alınmasına görə ona verilən ipoteka krediti üzrə bank borcunun cavabdeh tərəfindən tam ödənilməsini tələb edir. Lakin qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının mənzilin alınması üçün verilmiş ipoteka krediti üzrə borcun ödənilməsi və bu məqsədlə əvəzsiz maliyyə yardımının göstərilməsi vəzifəsi müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar