Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14258/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş aktın tam əsassız olması səbəbi ilə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2024-cü ilin aprel ayının 24-də təxminən günorta saatlarında, özlərini qaz istismar sahəsi departamentinin səlahiyyətli nümayəndələri kimi təqdim edən şəxs (lər) ünvanına gələrək quraşdırılmış sayğacın istismar müddətinin bitməsi səbəbi ilə dəyişdirilərək yenisi ilə əvəz edəcəklərini bildirmişlər. O etiraz etməmiş və sayğacı dəyişdirərək yeni GCZ G-4 DİAFRAQMA markalı GCZ0077687 seriyalı sayğac ilə əvəz edərək çıxıb getmişlər. Sonradan ona departamentin nümayəndəsi məlumat verərək bildirdi ki, köhnə quraşdırılmış sayğaca müdaxilə olunduğundan qazın sərfiyatının aparılması düzgün hesablanmadığını və 518,40 AZN borcumun olduğu müəyyən edilmişdir. Lakin onun departamentə borcunun hansı səbəbdən yaranmasını, sayğaca hansı formada müdaxilə olunduğunun faktiki və hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir. O qazın sərfiyyatı ilə bağlı hesablanmış borcun hansı səbəbdən yaranması və sayğacın növbəti yoxlanışının aparılması zamanı ekspert araşdırmasında iştirakımın təmin olunmamasının səbəblərini bildirmələri barədə yazılı ərizə ilə xx.xx.2024-cü il tarixdə Bakı Regional Qazın Satışı Departamentinə müraciət etmişdir. Cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli 14-2-2-4/2-M-27xx-xx/2024 saylı məktubda göstərilmişdir ki, çıxarılan qaz sayğacı ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının nəzarəti altında "Azəriqaz" İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının xx.xx.2024-cü il tarixli M0581 saylı aktına 21258095 №-li plomb kəsilərək qutu açılmış baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində, əzik cızıq izləri aşkar olunaraq sayğacın istismara yararsız olması barədə ekspert rəyi verilmişdir. "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin o, Bakı Regional Qazın Satışı Departamentinin apardığı növbəti dövlət yoxlamasının nəticəsi ilə razılaşmır. Yoxlamanın aparılmasında ziddiyət vardır, belə ki dövlət yoxlamasının aparılmasında iştirakım təmin edilməyib həmçinində yoxlayıcı tərəfindən sayğacın dəyişdirilməsi zamanı, sayğacın istismar müddətinin bitməsi bildirilmişdir. Məhz belə olduğu halda sayğacın növbəti dövlət yoxlanışına göndərilməsinə səbəb əsassız olmuşdur. Buna görə də hesablanmış borc məbləği silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia tələbini irəli sürməkdən iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş aktın ləğv edilməsinə yönəlmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. (13-cü bənd) Hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı onun barəsində təbii qazın istehlakı ilə bağlı borc hesablanmasına dair qəbul edilmiş aktın ləğv edilməsini xahiş edir. Görüdüyü kimi, tərəflər arasında artıq müqavilə münasibətləri mövcuddur və mübahisənin xarkateri publik deyil. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Odur ki, iddiaçıya müvafiq tələblə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14258/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14258/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver