Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14382/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul vəsaitinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına qoyduğu 60.000 ABŞ dolları məbləğində əmanətinin və 19 yanvar 2006-cı il tarixdən 19 iyul 2023-cü il tarixə kimi olan dövr ərzində - yəni 18 il 6 ay üçün hər ili 15% gəlir hesablanmaqla (60.000 x 15% = 9.000 ABŞ dolları x 18 il 6 ay = 166,500 ABŞ dolları) və əmanətinin həmin dövr üçün 166,500 ABŞ dolları məbləğində gəliri (faizi) olmaqla cəmi: 226.500 (iki yüz iyrimi altı min beş yüz) ABŞ dollar məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 yanvar 2006-cı il tarixdə ili 15 % olmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına 40.000 (qırx min) ABŞ dolları, 23 yanvar 2006-cı il tarixdə isə 20.000 (iyrimi min) ABŞ dolları olmaqla cəmi 60.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Bununla əlaqədar Bankla onun arasında xx.xx.2006-cı il tarixli 06 №-li əmanət müqaviləsi bağlanılmış və 60.000 ABŞ dolları məbləğinin əmanət kimi banka yerləşdirilməsinə dair iddiaçıya Bank tərəfindən AKB 000194 №-li əmanət kitabçası da verilmişdir. Lakin sonradan "xxxx" ASC ləğv edildiyindən həmin banka qoyduğu 60.000 ABŞ dolları məbləğində əmanəti və illik faizləri bu vaxta kimi almamışdır. Bununla əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına qoyduğu 60.000 ABŞ dolları məbləğində əmanəti və illik faizləri almaq məqsədi ilə 2021-2022 və 2023-cü illərdə dəfələrlə cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etsə də, bu vaxta kimi həmin Fond tərəfindən mahiyyəti üzrə dolğun cavab verilməmiş və qeyd olunan məbləğdə əmanəti və onun faizləri ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun 17 fevral 2023-cü il tarixli, **********0067 №-li məktubunda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3619/2016 №-li Qərarına əsasən "xxxx" ASC məcburi ləğv edilmiş, eyni qərarla cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 05 may 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunda olarkən məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialının vəzifəli şəxsləri vəzifələrindən sui-istifadə edərək xəbəri, razılığı və ya heç bir məhkəmə qərarı olmadan "xxxx" ASC-nin Bakı Filialına qoyduğu əmanətindən 2010-cu ildə tanımadığı X1 və X2 qeyd edilən banka olan kredit borclarının əvəzinə müvafiq olaraq 38.050 ABŞ dolları və 25.064,97 ABŞ dolları olmaqla cəmi 63.114,97 ABŞ dolları məbləğində ödənilmiş, bundan əlavə xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmanəti və onun külli miqdar təşkil edən illik faizləri ödənilməmiş və həmin fazlər də ona məlum olmayan şəxslər tərəfindən mənimsənilmişdir. Bununla da ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna təkrarən müraciət edərək gələcəkdə məhkəmə instansiyalarında mübahisələndirilməsi zərurəti yarandığından 2006-cı ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına qoyduğu cəmi 60 ABŞ dolları məbləğində əmanətinin və onun hər il üçün 15 %-nin hesablanıb ödənilməsinə, xəbəri, razılığı və ya məhkəmə qərarı olmadan həmin məbləğin hansı sənəd əsasında tanımadığı X1 və X2 həmin banka olan kredit borclarının əvəzinə ödənilməsinə dair müvafiq sənədlərin verilməsini xahiş etsə də, bu vaxta kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu ərizəsinə cavab verməmiş və müvafiq sənədləri təqdim etməmişdir. Ona görə də 05 may 2023-cü il tarixli şikayət ərizələri ilə müraciət etsə də, heç bir araşdırma aparılmamış və qanunla müəyyən edilmiş qaydada cavab verilməmişdir. Ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialı ilə onun arasında bağlanılmış 19 yanvar 2006-cı il tarixli, 06 №-li əmanət müqaviləsinin, AKB seriyalı, 000194 №-li əmanət kitabçasının, həmin Bankın xx.xx.2006-cı il tarixli 01 №li və xx.xx.2006-cı il tarixli 04 №-li xəzinə mədaxil orderlərinin surətləri ilə də təsdiq edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına xx.xx.2006-cı il tarixdə 40.000 ABŞ dolları və xx.xx.3006-cı il tarixdə 20.000 ABŞ dolları olmaqla cəmi 60.000 ABŞ dolları məbləğində pul vəsaitini həmin Banka əmanət şəklində yerləşdirmişdir. Ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialı ilə arasında bağlanılmış 19 yanvar 2006-cı il tarixli, 06 №-li əmanət müqaviləsindən görünür ki, həmin müqavlənin 1.1-ci bəndinə əsasən onun tərəfindən 2 il müddətinə 40.000 ABŞ dolları məbləğində pul vəsaiti əmanət şəklində Bankda yerləşdirmişdir. Qeyd olunan əmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən Bank əmanətçinin qoyduğu məbləğə görə ona faiz (gəlir) ödəməyi öhdəsinə götürmüş və faiz dərəcəsi illik 15 % təyin olunmuşdur. Həmçinin Bankla onun arasında bağlanılmış əmanət müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank əmanətçi ilə bağlanılmış müqaviləyə əsasən əmanətçinin qoyduğu pul vəsaitini saxlamağı, əmanət üzrə faiz şəklində gəlir ödəməyi və əmanət məbləğini müqavilədə nəzərdə tutulmuş şərtlərə müvafiq və vaxtında geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il və 05 may 2023-cü il tarixli cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizələrin surətlərindən və poçt qəbzlərindən görünür ki, 2006-cı ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına qoyduğu 60.000 ABŞ dolları məbləğində əmanətin və həmin məbləğdə əmanətin illik 15% olmaqla gəlirinin hesablanıb verilməsini cavabdehdən xahiş etmişdir. 05 may 2023-cü il tarixli şikayət ərizələrinin və poçt qəbzlərinin surətindən görünür ki, 2006-cı ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialına qoyduğu 60.000 ABŞ dolları məbləğində əmanətin və həmin məbləğdə əmanətin illik 15% olmaqla gəlirinin hesablanıb verilməməsini, əmanətin və onun illik faizləri olan şəklində gəlirlərinin mənimsənildiyini, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Filialının vəzifəli şəxslərinin vəzifələrindən sui-istifadə edərək xəbəri, razılığı və ya heç bir məhkəmə qərarı olmadan həmin Banka qoyduğu əmanətinin tanımadığı X1 və X2 qeyd edilən banka olan kredit borclarının əvəzinə müvafiq olaraq 38.050 ABŞ dolları və 25.064,97 ABŞ dolları olmaqla cəmi 63.114,97 ABŞ dolları məbləğində əmanətin ödənildiyini və bununla əlaqədar təqsirkar şəxslərin barələrində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan ona təqdim edilmiş X6 "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamenti əmanəti ilə bağlı hesabatından görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi olan dövr ərzində həmin Banka qoyduğu 60 ABŞ dolları məbləğində əmanətin dövriyyəsi və qalığı 138.692,97 ABŞ dolları təşkil etmişdir. X5 "xxxx" ASC-nin Bakı Filialı ilə bağlanılmış 19 yanvar 2006-cı il tarixli, 06 №-li əmanət müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərini kobud şəkildə pozaraq külli miqdarda əmanətini geri qaytarmamış və həmin əmanətin illik 15 faizi məbləğində olan gəlirini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlakın sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsində, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi 3-cü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakı normaları özündə ehtiva edir: - mülki hüquq subyektlərinin bərabərliyi; - mülki hüquq subyektlərinin iradə sərbəstliyi; - mülki dövriyyəyə iştirakçılarının əmlak müstəqilliyi; - mülkiyyətin toxunulmazlığı; - mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; - pozulmuş hüquqların bərpasının təmin edilməsi; - mülki hüquqların məhkəmə müdafiəsi. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azaqdlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinin tələblərinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinin tələblərinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1 -ci bəndində təsbit edilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının “Sosial və İqtisadi Hüquqlar haqqında” Beynəlxalq Paktının 8-ci maddəsində təsbit edilmişdir ki, hər kəs istər pensiya və müavinət, istərsə də əmək haqqı və digər ödənişlərin yarandığı andan həmin hüquq fəaliyyət göstərir, ömrünün axırına kimi həmin hüquqdan istifadə etmək iqtidarındadır və bu hüququ heç kim, heç kəs və heç bir hüquqi sənədlərlə məhdudlaşdıra bilməz. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəlləsində, Mülki-Prosessual Məcəlləsində, İnzibati- Prosessual Məcəlləsində, Birləşmiş Millətlər Təşkilatının “Sosial və İqtisadi Hüquqlar haqqında” Beynəlxalq Paktının 8-ci maddəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsində, həmin Konvensiyanın 1 saylı Protokolunun (xx.xx.1952-ci il tarixli) 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. X6 "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanılmış 06 saylı xx.xx.2006-cı il tarixli əmanət müqaviləsindən görünür ki, İddiaçı 40000 ABŞ dolları məbləğində pul vəsaitini 2 il müddətinə (xx.xx.2006-xx.xx.2008) əmanət şəklində "xxxx" Açıq Səhmdar Cəmiyyətində yerləşdirmişdir. X6 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış **********067 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, depozit müqaviləsi üzrə mədaxil və məxaric orderlərinin surətinin təqdim edilməsinə dair müraciətə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətində hesablaşma hesabları üzrə aparılmış bank əməliyyatlarını əks etdirən hesabdan çıxarışlar və arxivdən aşkar edilmiş məxaric qəbzlərinin surəti təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-14382/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14382/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver