Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14468/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs X2) qarşı “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə köçürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı müraciətindən cavabdehin imtinasının əsassız hesab edilməsi, cavabdehin üzərinə Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixində anadan olmuş, Kəlbəcər rayonu Qılınclı kəndindən məcburi köçkündür. 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Həmin il Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinin keçid balı 210.8 bal olmuşdur. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişəm. Yerdəyişmənin səbəbi kimi məcburi köçkün olmağı, maddi imkansızlığı, atasının sürücü, anasının evdar qadın olması, təhsil haqqının ödənilməsilə bağlı sıxıntılarının olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xahişi onu eyni ixtisas qrupu olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadıyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı idi. X2 tərəfindən keçirilən qəbul imtahanında topladığı 214 bal köçürülmək istədiyi ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından çox olmuşdur. Belə ki, həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinin keçid balı 200 bal olmuşdur ki, o, da öz növbəsində 214 bal toplamışdır. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətinə imtina verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndi göstərilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndində göstərilir: «Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.» Göründüyü kimi həmin il topladığı 214 bal köçürülmək istədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinin keçid balı olan 200 baldan artıqdır ki, bu da müraciətindən əsassız olaraq imtina olunmasını sübut edir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 2.3-cü bəndinə əsasən müraciətinizə imtina verilmişdir.”
4. Azərbaycan Universitetinin məhkəmə sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Universitetinin 050402 “Biznesin idarə edilməsi” ixtisasına (Azərbaycan bölməsi, əyani təhsilalma forması, ödənişli əsaslarla, qəbul balı 214 bal) 2022-2023-cü tədris ilində qəbul olmuş İddiaçı hazırda İİ tədris ilində təhsilini davam etdirir. İddiaçı xx.xx.2023-cü il tarixində köçürülmə prosesində iştirak etmək məqsədilə müvafiq sənədlərin (akademik transkript və maliyyə borcunun olmaması haqqında arayış) verilməsi ilə bağlı ərizə yazmışdır. Qeyd edilən sənədlər xx.xx.2023-cü il tarixində tələbəyə təqdim edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə müvafiq sənədləri əlavə etməklə Nazirliyə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir. İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq portala sorğu (ərizə) göndərmişdir. Həmin sorğuya əlavə olunan sənədlərin surəti Sizə təqdim olunur.
6. Məhkəmənin sorğusuna cavab olaraq X1 xx.xx.2023-cü il tarixli, 9-3/2-2526/2023 nömrəli məktubla bildirilmişdir ki, 2022/2023-cü tədris ili üçün Azərbaycan Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 210.8 bal, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Menecment (tədris ingilis dilində)” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 200 bal olmuşdur.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X2 üçüncü şəxs (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
8. Cavabdehin iddiaya yazılı etirazında qeyd edlmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə “Biznes və iqtisadiyyat” fakültəsi “biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin “Menecment” (tədris ingilis dilində) ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Univesitetinin 2-ci ixtisas qrupu üzrə “Biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. İddiaçı qəbul imtahanlarında 214 bal toplamışdır (həmin il keçid bal - 210.8 bal idi). Lakin iddiaçının kifayət qədər maliyyə resursları olmadığı səbəbindən o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “İqtisadiyyat və menecment” ixtisası üzrə köçürülməsini xahiş etmişdir. Hesab edilir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən olmuşdur ki, o, 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üçün keçirilmiş test imtahanlarında iddiaçının ümumi balı 214, ikinci mərhələ balı 85.6, köçürülmək istədiyi ixtisasın keçid balı isə 200 bal olmuşdur. Ancaq iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment” ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı Pərviz oğlunun İİ mərhələ balı 100 baldan az olduğundan köçürülməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Beləliklə də iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment" ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı Pərviz oğlunun İİ mərhələ balı 100 baldan az (85.6) olduğundan istədiyi ixtisas üzrə köçürülə bilməz.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Təhsil sahəsində dövlətin vəzifələri 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
15. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ı: 3.2. Tədrisin təşkili 3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. 3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır.
17. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”nın: 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X2 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.
18. İşin araşdırılmış hallarına əsasən iddiaçı 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsini xahiş etmişdir.
19. Tədqiq olunan sübutlarla əsasən müəyyən edilir ki, 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üçün keçirilmiş test imtahanlarında iddiaçının ümumi balı 214, ikinci mərhələ balı 85.6 olmuşdur.
20. X1 “Abiturient” jurnalının 2-ci nömrəsində Tələbə Qəbulu-2022-ci il üçün İİ-ci ixtisas qrupu üzrə: Musabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
21. İddiaçının köçürülmək üçün müraciət etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «İqtisadiyyat və Menecment» fakültəsinin “Menecment” ixtisasına ümumi bal (200 bal) ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi tətbiq edilmişdir. İddiaçı qəbul ili qeyd edilən universitetə məhz imtahanın İİ mərhələsi üzrə balı 100-dən az olduğundan qəbul edilməmişdir.
22. Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə müvafiq olaraq ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
23. Məhkəmə qeyd edir ki, iddiaçı test imtahanlarında ümumi 214 balı toplamış olsa da, ikinci mərhələdə 85.6 bal toplamışdır. Qaydalarda qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın dedikdə ümumi müsabiqə nəzərdə tutulur. Yəni, həm ümumi balı 200-dən, həm də imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmasın.
24. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva