Məhkəmə qərarları › İş №2-1(112)-1474/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1474/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1474/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə fərdi yaşayış evinin qeydiyyata alınması barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ona verilmiş qeydiyyat nömrəsi ********** saylı çıxarışda göstərilmiş torpaq sahəsində fərdi yaşayış evinin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildən Abşeron rayon X4 ərazisindən 0.02 ha torpaq sahəsi almışdır. Həmin torpağı xx.xx.2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən özəlləşdirmişdir. Maddi durumu zəif olduğuna görə evin tikintisi natamam olduğu üçün özəlləşdirməyə şərait olmadığına görə xx.xx.2021-ci ildə evin qeydiyyat vəsiqəsi almaq üçün 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, ona məlum olmuşdur ki, aldığı etiraza əsasən həmin torpaqlarda ev tkintisi qadağandır. Uzun illərdir ki, onlar evi qeydiyyata ala bilmirdilər. Çünki qanun buna yol vermirdi. Nəhayət ki, bu yaxınlarda tikintini başa çatdırdıqdan sonra müraciət edib etiraz cavabı almışlar. Ailə üzvləri çox acınacaqlı vəziyyətdə olduğu üçün bacısı Kəmalə və anası onunla birgə kiçik daxmada yaşayırlar. 25 ildən artıqdır ki, bacısı Kəmalə avtomobil qəzasından bir ayağı amputasiya olunub. Çox çətin vəziyyətlə üz-üzə qalmışlar. Həmin evin tikintisi qanunsuzdursa, onları ilkin tikinti zamanı dövlət orqanları xəbərdar etməli idilər. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqəlar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və fərdi yaşayış evi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********69 nömrəli cavab məktubu ünvanlanmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə Cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İş üzrə yazılı etirazın təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə sərəncam göndərilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya **********23 nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakı üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arsında uyğunsuzluq olduğu, faktiki olaraq başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa yeni layihələndirilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubun surətindən görünür ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi və fərdi yaşayış evi Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********60 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş sənədlərin surətlərindən müəyyən edilmişdir ki: Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatatlı torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının 1197 nömrəli, 31 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən X8 ayrılmışdır. Həmin sərəncamda göstərilmişdir ki, X3 Südçülük KTMİ müəssisəsi ərazisində X10 saxlanılmış torpaqdan 2.0 ha sahibkarlıq tikinti kənd təsərrüfatı məhsulları istehsal məqsədilə torpaq sahəsi ayrılması üçün Abşeron rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirilərkən müəyyən edilmişdir ki, ayrılması nəzərədə tutulan torpaq sahəsi X13 aid olmaqla Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Azərbaycan Respublikası Nazilər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq və yuxarıda göstərilən şərtləri nəzərə alaraq, Abşeron rayonunun X14 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 2.0 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X8 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəyinə əsasən, X1 tikinti məqsədi ilə icarə qaydasında 2.0 ha torpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X14 Fonduna aid olmaqla Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Həmin ərazidə X8 99 (doxsan doqquz) il müddətinə 2.0 ha icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTKX-nin Abşeron rayon Şöbəsi aşağıdakı şərtlərlə etiraz etməmişdir: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrinin geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın, hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. 2. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etsin. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 31 oktyabr 2008-ci il tarixli 1197 nömrəli torpaq icarə müqaviləsinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 31 oktyabr 2008-ci il tarixli, 1197 nömrəli qərarı əsasında 2.0 ha torpaq sahəsinə dair sahibkarlıq tikinti məqsədli təyinatı ilə 99 il müddətinə icarə müqavilə bağlanılmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısı və DXK-nın Abşeron rayon Şöbəsindən ibarət komissiyanın üzvləri tərəfindən icarə qaydasında sahibkarlıq tikinti məqsədilə 99 (doxsan doqquz) il müddətinə torpaq sahəsi seçilməsi haqqında akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş AA 015125 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən **********01 reyestr nömrəli torpaq sahəsinə dair X6 adına plan ölçü sənədi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən A seriyalı, 118038 nömrəli X6 adına Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 1197 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 1197 nömrəli icarə müqaviləsi əsasında sahibkarlıq tikinti məqsədilə 20000 kv.m torpaq sahəsi ilə bağlı plan ölçü sənədi tərtib edilmişdir. X11 kitabında 04 dekabr 2008-ci il tarixdə 11127 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsi icarə hüququ əsasında X6 adına yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində **********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il qeydiyyat tarixi ilə hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən 07 avqust 2014-cü il tarixdə təsdiq edilmiş “Torpaq sahəsi üzərində icarə hüququnun alğı-satqısı” barədə müqaviləyə əsasən X12 2.0 ha olan torpaqdan 0.02 ha torpaq sahəsini İddiaçı icarə hüquqları əsasında istifadəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il qeydiyyat tarixi ilə hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı sifarişi əsasında Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi tərtib edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi icarə hüquqları əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sözügedən torpaq sahəsini “Torpaq sahəsi üzərində icarə hüququnun alğı-satqısı” müqaviləsi əsasında X5 7 avqust 2014-cü il tarixdə almışdır. Həmin torpaq sahəsinin S.Orucova ayrılması barədə İdarənin arxivində olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X14 Fonduna aid olmaqla, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşir, kənd təsərrüfatı təyinatlıdır, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Torpaq sahəsinin məqsədli təyinatı “sahibkarlıq tikinti” qeyd edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinin tələblərinə əsasən - 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən,Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir; 2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir; 3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir; 4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən - 1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludur. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.) torpaq sahəsi zərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yükləməni (məhdudiyyətləri) nəzərdə tutur. İzah edilsin ki, bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, kənd təsərrüfatı təyinatlı torpaqlarının digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə yol verilir. Hazırki halda, iş materiallarında belə bir qərar müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçının kənd təsərrüfatı təyinatlı torpaqda, ona sahibkarlıq tikintisi məqsədilə ayrılmış torpaq sahəsi üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində fərdi yaşayış evi tikməsi torpaqdan təyinatı üzrə istifadə etməsini istisna etmişdir. Belə olan təqdirdə, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 23-cü maddəsinin tələblərinə əsasən - 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar