Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1475/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Komitəsinə qarşı «tikilinin tikintilərin dövlət reyestrinə daxil edilməsi və müvafiq kod verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Komitəsinə qarşı «tikilinin tikintilərin dövlət reyestrinə daxil edilməsi və müvafiq kod verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 may 2022-ci il tarixli MİHO/2.1-2-2022-2993 nömrəli məktubu ilə Abşeron rayonu, X7 ərazisində "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində inşa edilən ticarət mərkəzinin binasının tikintisinə Abşeron RİH tərəfindən icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsindən imtina edilmişdir. İmtinanın əsaslandırılması barədə həmin məktubda iki əsas göstərilmişdir: 1) Tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi 1 avqust 2018-ci il tarixədək Bakı ŞİH-in səlahiyyətlərinə aid olmuş, 1 avqust 2018-ci il tarixdə isə bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin həmin tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunmuşdur; 2) Obyektin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi yalnız barəsində icazə tələb olunan obyektə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikintiyə icazə verildikdən sonra mümkündür. Qeyd edilən imtina (hərəkət) ilə "xxxx" MMC-nin mülkiyyət hüquqları pozulur. "xxxx" MMC-nin inşa etdiyi yaşayış kompleksi Abşeron rayonunun X7 ərazisində olmaqla Abşeron rayonuna aid olan torpaq sahələrində inşa edilmişdir. Qeyd edilən torpaq sahəsinin Abşeron rayonuna aid olması iddia ərizəsinə əlavə edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla təsdiq olunur. Cavabdeh özü də imtina məktubunda ticarət mərkəzi binasının Abşeron rayonu ərazisində inşa olduğunu etiraf edir. Cavabdehin istinad etdiyi və 1 avqust 2018-ci il tarixdən qüvvədə olan norma Bakı şəhərinə aid olmaqla, Abşeron rayonu torpaqlarındakı tikililərə şamil olunmur. Buna sübut olaraq cavabdehin özünün Abşeron RH-ə ünvanladığı 15 avqust 2017-ci il tarixli məktubu və həmin məktubun qoşması olan Tikintilərin Dövlət Reyestrindən çıxarışı göstərmək olar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikintilərin Dövlət Reyestrindən çıxarışda göstərilmişdir ki, Abşeron RİH tərəfindən Abşeron rayonunun X7 ərazisində "xxxx" MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi dair təqdim olunmuş sənəd və məlumatlar 15 avqust 2017-ci il tarixdə Tikililərin Dövlət Reyestrinə daxil edilmişdir. Göründüyü kimi, cavabdehin özü 15 avqust 2017-ci il tarixli məktubunu Bakı ŞİH-ə deyil, məhz Abşeron RİH-ə yazmış və "xxxx" MMC-nin eyni ünvanda yerləşdiyi, evni sərəncamla inşa etdiyi tikililəri dövlət reyestrinə daxil etmişdir. İstinad olunan Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə "xxxx" MMC-nin yerləşdiyi torpaq sahələrinin mənsubiyyəti dəyişdirilməmişdir. "xxxx" MMC tərəfindən eyni ünvanda, mülkiyyət hüququ eyni reyestrdən çıxarışla təsbit edilən torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli satış mərkəzi binası, 2 mərtəbəli qolf akademiyası binası, 26 ədəd 6 və 7 mərtəbəli apartament binaları, 11 binadan ibarət məktəb kompleksinin Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamına əsasən cavabdeh tərəfindən Tikintilərin Dövlət reyestrinə daxil edilməsi, lakin eyni sərəncam əsasında, eyni ərazidə inşa edilən ticarət obyekti üçün Bakı ŞİH-in sərəncamının tələb edilməsi ziddiyyət təşkil edir. Ticarət mərkəzi binasının inşa edildiyi torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verildiyi üçün və çıxarışda ünvan ünvan 3in ərazidə ticarət mərkəzinin tikintisi üçün sərəncam verilməsi mümkünsüz idi və bu məsələ üzrə cavabdeh tərəfindən Bakı ŞİH-in sərəncamının tələb edilməsi absurddur. Beləliklə, tikinti obyektinin Tikintilərin Dövlət reyestrinə daxil edilməsindən imtina edərkən cavabdehin əsaslandığı 1ci səbəb (dəlil) əsassızdır. Cavabdeh obyektin Tikintilərin Dövlət reyestrinə daxil edilməsinin yalnız tikintiyə icazə verildikdən sonra mümkün olduğunu bildirir. Lakin cavabdeh nəzərə almır ki, Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə Abşeron rayonu, X7 ərazisində qolf meydançası, onun ətrafında 950 ədəd mənzil, 950 ədəd fərdi yaşayış evi, otel, məktəb binası, ticarət və iş mərkəzinin tikintisinə icazə verilmişdir. Qeyd edilən inşaatlar mərhələlər üzrə həyata keçirilmişdir: 1-ci mərhələdə 101 ədəd villa, 2-ci mərhələdə 11 binadan ibarət məktəb və uşaq bağçası kompleksi, 3-cü mərhələdə 26 ədəd 6 və 7 mərtəbəli apartament (yaşayış) binaları, 4-cü mərhələdə yeraltı qaraj və 86 villa, 5-ci mərhələdə 2 mərtəbəli satış mərkəzi binası, 6-cı mərhələdə 2 mərtəbəli qolf akademiyası binası inşa edilmişdir, 7-ci mərhələ Tikintilərin Dövlət reyestrinə daxil edilməsindən imtina edilən ticarət mərkəzi binasıdır, 8-ci mərhələdə “Bazarstore” (Market) binası inşa edilmişdir. Qeyd edilən bütün (1 – 8) mərhələlərdəki tikintilər başa çatdırılmış, həmin tikintilər üzrə Abşeron RİH-dən istismara icazə sənədləri alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən çıxarışlar alınmışdır. Yalnız 7-ci mərhələdə inşası nəzərdə tutulan ticarət mərkəzi binası cavabdeh tərəfindən Tikintilərin Dövlət Reyestrinə daxil edilmədiyindən və bu barədə müvafiq kod verilmədiyindən "xxxx" MMC öz mülkiyyətində olan torpaq sahəsində, öz vəsaitləri ilə inşa etdirdiyi bina üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 fevral 2022-ci il tarixli **********38 nömrəli məktubu ilə istismara icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməsi tələb olunur. "xxxx" MMC-nin inşa etdiyi yaşayış kompleksinin digər tikililəri Tikintilərin Dövlət Reyestrinə daxil edilərək onlara kod verildiyi halda, inşa edilmiş 187 villaya, 26 ədəd hər biri 6 və 7 mərtəbəli çoxmənzilli banalara, qolf akademiyası binasına, market binasına və yeraltı qarajlara, satış ofisinə və s. binalar üzrə mülkiyyət hüquqlarımız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən qeydiyyata alınaraq dövlət reyestrindən müvafiq çıxarışlar verildiyi halda, yalnız kompleksin 1 binasına cavabdeh tərəfindən kod verilməməsi anlaşılan deyildir. 7-ci mərhələdə inşa edilmiş ticarət mərkəzi binasının sənədləşdirilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq yaşayış kompleksinin bütün digər binalarının sənədləşdirilməsi ilə eyni qaydada həyata keçirilmişdir. Belə ki, ticarət mərkəzinin tikintisinə Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı ilə icazə verilmişdir. Ticarət mərkəzi "xxxx" MMC-nin mülkiyyətində olan və təyinatı tikinti aparılmasına icazə verilən torpaq sahəsində inşa edilmişdir. Tərkibində ticarət mərkəzi olan yaşayış kompleksinin baş planı Abşeron RİH ilə razılaşdırılmışdır. Ticarət mərkəzi binasının layihəsi dövlət təşkilatı olan Fövqəladə Hallar Nazirliyinin “Azərinşaat” Layihə İnstitutu tərəfindən hazırlanmışdır. FHN “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Abşeron rayonunun X7 ərazisində yerləşən "xxxx" kompleksinin 7-ci mərhələsi olan ticarət mərkəzi üçün şəhərsalma əsaslandırılması sənədləri hazırlanmışdır. Abşeron RİH tərəfindən 22 may 2015-ci il tarixdə tikinti işlərinin başlanılması üçün əsas olan 011 nömrəli xüsusi nişan verilmişdir. FHN Dövlət Ekspertiza Baş İdarəsi Abşeron rayonu, X7 ərazisində “Xəyal Adası" kompleksinin (7-ci mərhələ, ticarət mərkəzi) layihəsinə 28 avqust 2018-ci il tarixdə 26086 nömrəli müsbət ekspertiza rəyi vermiş və onu razılaşdırmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Qrupu "xxxx" kompleksinin 7-ci mərhələsi olan ticarət mərkəzi binasının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə 7 dekabr 2018-ci il tarixli 947 nömrəli rəy vermişdir. FHN X8 Xidməti ticarət mərkəzinin yanğın təhlükəsizliyi tələblərinə cavab verdiyinə dair 24 fevral 2020-ci il tarixdə YTNƏŞ-0141 nömrəli akt tərtib etmişdir. FHN tərəfindən Abşeron rayonu, X7 ərazisində (7-ci mərhələ) ticarət mərkəzi binası barədə 6 may 2020-ci il tarixli Ö/003688 nömrəli İstismara hazırlıq aktı qəbul edilmişdir. Abşeron RİH tərəfindən 15 may 2020-ci il tarixdə 011 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Abşeron rayonu, X7 ərazisində yerləşən "xxxx" kompleksinin 7-ci mərhələsi olan ticarət mərkəzi binasının tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq və tikintiyə icazə verilməklə aparılmışdır. Beləliklə, cavabdehin imtina məktubunda göstərilən 2-ci səbəb (dəlil) də əsassızdır. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1 və 104.3-cü maddələrinə əsasən tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə həmin Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. Göründüyü kimi, cavabdehin məsələyə doğuracaq nəticələr nəzərə alınmadan bürokratik yanaşması və subyektiv münasibəti nəticəsində informativ və statistik xarakter daşıyan məlumatlara görə "xxxx" MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin 240.1 və 240.2-ci maddələri ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulur və pozulmaqda davam edir. Halbuki, informativ və statistik xarakter daşıyan məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsində, "xxxx" MMC-nin hər hansı polu, öhdəliyi və məsuliyyəti yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Əlavə edilmiş sərəncamdan göründüyü kimi, tikintiyə icazə 28 noyabr 2013-cü il tarixdə verilmişdir. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” isə AR Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir. Tikintiyə icazə sərəncamı qəbul edilən zaman (2013) müvafiq “Qaydalar” (2015) mövcud olmamışdır. İki dövlət orqanı tərəfindən tənzimlənməli olan məsələyə görə sahibkarlıq subyektinin mülkiyyət hüquqlarının pozulması, həmçinin zərər görməsi ədalətli deyildir və sahibkarlığın inkişafı istiqamətində dövlətin dəstək siyasətinə ziddir. Müvafiq kodun verilməsi ilə cavabdehə, dövlətə hər hansı zərər gəlməyəcəkdir, əksinə iddiaçı daşınmaz əmlaka mülkiyyət hüququ əldə edərsə, həmin əmlaka görə əlavə əmlak vergisinin ödəyicisi olacaqdır, həmçinin qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə xeyli vergilər ödəyəcəkdir. Cavabdeh tərəfindən kod verilmədiyindən böyük sahəli binaya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmir, nəticədə dövlət büdcəsinə daxil olmalı böyük məbləğdə vergilər ödənilmədən kənarda qalır. Cavabdeh tərəfindən hazırda ticarət mərkəzi binasına müvafiq kod verilməsi mümkündür və qanunvericiliklə bununla bağlı hər hansı qadağan nəzərdə tutulmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-cü maddəsinə və Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın 2.1-ci bəndinə əsasən istismar edilən binalar da Tikintilərin Dövlət reyestrinə daxil edilə bilər. Göstərilənlərə əsaslanaraq, Abşeron rayonu, X7 ərazisində iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində inşa və istismar edilən ticarət mərkəzi binasının Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi və müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən və Abşeron RİH-in istifadəsində olan cəmi 25.983,31 ha torpaq sahələrinin 9.954 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5.820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2.502,81 ha və Suraxanı rayonu üzrə 1.376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı ŞİH-in idarəçiliyinə qaytarılmışdır. Göründüyü kimi, Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı ilə sözügedən tikinti obyekinin tikintisinə icazə verilmişdir. Həmin tarixdə qeyd olunan ərazilərin Bakı ŞİH-in idarəçiliyinə qaytarıldığını nəzərə alaraq, tikinti obyektinin tikintisinə icazə və istismara icazə verilməsi Abşeron RİH-in səlahiyyətlərinə aid edilməmişdir. Sözügedən tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Bakı şəhərinin inzibati ərazisində 1 avqust 2018-ci il tarixədək Bakı ŞİHin səlahiyyətlərinə aid olmuş, həmin tarixdən etibarən bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə atutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. İş materiallarından görünür ki, Bakı ŞİH tərəfindən sözügedən tikinti obyektinə dair sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün bu günə qədər Komitəyə təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır, heç bir hüquqi nəticə yaratmır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçı "xxxx" MMC-nin iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bundan sonra iddiaçı "xxxx" MMC-nin 19 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfin etirazı ilə bağlı təqdim etdiyi yazılı izahatında bildirilir ki, cavabdehin əsas dəlili tikintiyə icazə verilməsinə dair Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamının guya etibarsız sayılması, heç bir hüquqi nəticə yaratmamasından ibarətdir. Bu dəlil tamamilə əsassızdır. İnzibati akt olan Abşeron RİH-in həmin sərəncamı etibarlı olmaqla dövlət orqanları (o cümlədən cavabdeh) tərəfindən tanınan və aşağıda göstərilən çox bövük hüquqi nəticələr yaratmışdır və yaratmaqda davam edir. Belə ki həmin sərəncama əsasən Binə qəsəbəsində "xxxx" elit yaşayış kompleksi inşa edilmiş, yaşayış kompleksində 200-dən artıq binaya mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışlar verilmiş, bu gün də həmin ərazidə daşınmaz əmlaklar (villalar, mənzillər) satılarkən çıxarışlar DƏDKR 4 saylı Abşeron rayon ərazi idarəsi tərəfindən verilərək hüquqi nəticələr yaradılır. Həmin sərəncama əsasən inşa edilmiş 6 və 7 mərtəbəli 26 ədəd yaşayış binalarındakı 398 ədəd mənzilin hər birinə ayrı-ayrılıqda mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışlar verilmişdir ki. bu da əlavə olaraq 400-ə yaxın dövlət qeydiyyatına alınmış hüquqi nəticədir. Həmin sərəncama əsasən Binə qəsəbəsində "Xəyal Adası” elit yaşayış kompleksində Azərbaycanda nümunəvi olan qolf meydançası və Qolf Akademiyası təşkil edilmiş, qolf meydançasında beynəlxalq turnirlər keçirilir. Həmin sərəncama əsasən Binə qəsəbəsində "xxxx" elit yaşayış kompleksində 11 korpusdan ibarət SABİS SUN Beynəlxalq məktəb təşkil edilmişdir, həmin məktəbin ümumi təhsil müəssisəsi kimi fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi və həmin məktəbi bitirən məzunlara dövlət tərəfindən tanınan attestatların verilməsi çoxsaylı hüquqi nəticələrin bariz nümunələridir. Həmin sərəncama əsasən inşa edilmiş "xxxx"nın məktəb kompleksində hüquqi nəticə yaradan “SABİS SUN Beynəlxalq uşaq bağçası” təşkil edilərək, məktəbəqədər təhsil müəssisəsi kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmış və onun fəaliyyətinə müvafiq lisenziya verilərək daha bir hüquqi nəticə yaradılmışdır. Binə qəsəbəsində "xxxx" elit yaşayış kompleksində "xxxx" ASC-nin mərkəzi ofisi yerləşir və gün ərzində minlərlə bank əməliyyatı həyata keçirilərək hüquqi nəticələr yaradılır. "xxxx" elit yaşayış kompleksində fəaliyyət göstərən “Dreamland” Oteli şəhərimizə gələn qonaqlara mehmanxana xidmətləri göstərməklə hüquqi nəticələr yaradır. "xxxx" elit yaşayış kompleksində olan mağazalarda hər gün hüquqi nəticəsi olan alqı-satqı əqdləri bağlanır. "xxxx" elit yaşayış kompleksindəki restoranlarda hər gün hüquqi nəticəsi olan iaşə xidmətləri göstərilir. Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı əsasında yaradılan "xxxx" elit yaşayış kompleksində yüzlərlə Azərbaycan vətəndaşının iş yeri ilə təmin olunaraq əmək haqqları alması, DSMF-yə ödəmələr edilməsi hüquqi nəticədir. Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı ilə yaradılan "xxxx" elit yaşayış kompleksində fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə ödənilən vergilərin qəbul edilməsi, təqdim etdikləri statistik hesabatların Dövlət statistika Komitəsi tərəfindən qəbul edilməsi həmin sərəncamın dövlət tərəfindən tanınan hüquqi nəticələridir. Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı ilə yaradılan "xxxx" elit yaşayış kompleksin Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən suvarma suyu, Azərişıq ASC tərəfindən elektrik enerjisi, Azəriqaz ASC tərəfindən təbii qaz, Azərsu ASC tərəfindən içməli su ilə təmin edilməsi, texniki şərtlər verilməsi, müqavilələr bağlanılması də həmin sərəncamın doğurduğu çoxsaylı nəticələrdəndir. Cavabdehin özü Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamının etibarlı olduğunu, doğurduğu nəticələri dəfələrlə qəbul etmişdir və həmin sərəncama əsasən "xxxx" elit yaşayış kompleksinin digər binalarını Tikintilərin Dövlət Reyestrinə daxil etmiş və müvafiq Kodlar vermişdir. Belə ki, əlavədə olan cavabdehin internet saytındakı Tikintilərin Dövlət Reyestrinin səhifəsindən edilən çıxarışlardan görünür ki, cavabdeh 2017-ci ildə aşağıdakı tikililərə müvafiq kodlar vermişdir: 26 ədəd 6 və 7 mərtəbəli binalar, 2 mərtəbəli satış mərkəzi binası, 2 mərtəbəli qolf akademiyası binası, texniki bina, idman zalı və yeməkxana binası, idman zalı, kiçik idman zalı, qaraj, litsey binası, uşaq bağçası binası, orta məktəb binası, servis binası, inzibati bina, ibtidai məktəb binası, anbar binası. Azərbaycan Respublikasının bütün dövlət orqanları Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamını etibarlı, yaralı (əhəmiyyətli), hüquqi nəticələr doğuran hesab edirlər və cavabdehin özü həmin sərəncamla inşa edilən elit yaşayış kompleksindəki bütün digər binalara münasibətdə qeyd edilən sərəncamı etibarlı, yaralı (əhəmiyyətli), hüquqi nəticələr doğuran hesab edərək həmin binalara kod verilməsi, lakin yalnız bir binaya (Ticarət mərkəzinə) münasibətdə cavabdeh həmin sərəncamı etirazda göstərdiyi kimi etibarsız hesab etməsi kimi yanama absurd olmaqla, cavabdehin haqlı olmadığını, ədalətsizlik etdiyini bir daha qabarıq şəkildə göstərir. Hazırda cavabdehin haqsız, qanunsuz və ikili standartlı mövqeyi ondan ibarətdir ki, öz subyektiv mülahizəsinə görə istərsə sərəncamı etibarlı hesab edib kod verəcək (dəfələrlə olduğu kimi), istəməzsə eyni sərəncama etibarsız qiymət verərək kod verməyəcək (hazırda olduğu kimi). Bu mövqe dövlət orqanının davranışına uyğun gəlməyən, sahibkarlıq subyektininin, hüquqi şəxslərinin fəaliyyətinə, yeni çoxsaylı iş yerlərinin açılmasına, obyektdəki fəaliyyətdən büdcəyə vergilər ödənilməsinə mane olan bir mövqedir. Azərbaycan Respublikasının qanunvericiliyi («İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsi) də inzibati akt olan Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamının hazırda etibarlı olduğunu təsbit edir. Beləliklə, cavabdehin etirazında göstərilənlərin əksinə olaraq Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı yuxarıda qeyd edilən çox böyük hüquqi nəticələr yaratmışdır, həmin sərəncam heç bir orqan tərəfindən ləğv edilməmişdir, cavabdehin özü həmin sərəncamı etibarlı hesab edərək ona əsasən kodlar vermişdir. Bununla əlaqədar istər hüquqi, istər doğurduğu hüquqi nəticələr, istərsə də ədalət prinsipi baxımından cavabdeh tərəfindən həmin sərəncamın etibarsız və ya əhəmiyyətsiz olduğunun bildirilməsi tamamilə əsassızdır. Etirazda cavabdeh Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına istinad etsə də, həmin sərəncamda ticarət mərkəzi binasının yerləşdiyi torpaq sahəsinin Bakı ŞİH-in idarəçiliyinə verilməsi göstərilmir. Sərəncamdan göründüyü kimi, Abşeron RİH-in istifadəsində olan 25.983,31 ha torpaq sahəsinin yarıdan az hissəsi, ayrı-ayrı rayonlar üzrə cəm olaraq yalnız 9.954 ha hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı ŞİH-in idarəçiliyinə qaytarılmış, 16.029,31 ha-ın yarıdan çox hissəsi isə, Abşeron RİH-in idarəçiliyində qalmışdır. Torpağın hansı inzibati ərazi vahidliyinə mənsubiyyətini müəyyən edən sənədlər isə onun barəsində hüquqların qeydiyyatını göstərən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü və X9 kitabındakı uçot qeydləridir. Ticarət mərkəzi binasının yerləşdiyi torpaq sahəsi Abşeron RİH-in idarəçiliyində qalan 16.029,31 ha hissədə yerləşir və bu hal qeyd edilən hər üç sənədlə sübut edilir. Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 4.2-ci maddəsinə əsasən plan və ölçüdə torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi göstərilir. Yazılı izahata qoşma olaraq əlavə edilən və 5 iyun 2020-ci il tarixdə tərtib edilmiş AA№ 512347 nömrəli plan və ölçü sənədindən görünür ki, adıkeçən torpaq sahəsinin ünvanı Abşeron rayonu, X7dur, inzibati ərazi vahidi Abşeron rayonudur, X9 kitabında 5 iyun 2020-ci il tarixli 24233 nömrə ilə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən uçota alınmışdır. Məhz bu səbəblərdən və Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanına əsasən "xxxx" yaşayış kompleksinin ərazisindəki binalar Abşeron rayonuna aiddir və həmin binalar üzrə mülkiyyət hüquqları bu gün də DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınır. Etirazda istinad edilən 2866 nömrəli Sərəncam 2008-ci ildə verilsə də, cavabdehin özü həmin sərəncamdan 9 il sonra Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamına əsasən inşa edilən bir çox tikintiləri Abşeron rayonunun ərazisi kimi Dövlət Reyestrinə daxil etmiş və müvafiq kodlar vermişdir. Bu onu göstərir ki, cavabdeh həmin qaydada ticarət mərkəzi binasını da informativ və statistik xarakter daşıyan Reyestrə daxil edə bilər və kod verə bilər. Ticarət mərkəzi binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüquqları DƏDRX 4 saylı Abşeron ərazi idarəsində qeydiyyatda olduğundan, heç bir orqan tərəfindən ləğv edilməyən reyestrdən çıxarışda torpaq sahəsinin Abşeron rayonu ərazisində olduğu göstərildiyindən və tikinti işləri etibarlı və mötəbər inzibati akt olan Abşeron RİH-in sərəncamına əsasən aparıldığından və bu günədək həmin sərəncamı heç bir dövlət orqanı mübahisələndirilmədiyindən cavabdeh tərəfindən tikintiyə icazə sərəncamının Bakı ŞİH-in sərəncamı ilə verilməli olduğunun bildirilməsi əsassızdır. Həmin torpaq sahəsi Bakı şəhərinə aid olduğu halda, DƏDRX 4 saylı Abşeron ərazi idarəsi 3 may 2018-ci il tarixdə ********** qeydivvat nömrəsi ilə reyestrdən çıxarış verilməzdi, həmin çıxarış 1 saylı Bakı şəhər ərazi idarəsi tərəfindən verilərdi, X9 kitabında 5 iyun 2020-ci il tarixdə 24233 nömrə ilə 4 saylı Abşeron ərazi idarəsi tərəfindən deyil, Bakı şəhərində uçota alınardı, DƏDRX 4 saylı Abşeron ərazi idarəsi həmin torpaq sahəsi üzrə 2020-ci ildə AA 512347 nömrəli plan və ölçü tərtib etməzdi, həmin torpaq sahəsinin koordinatları, döngə nöqtələri, qonşu sərhədləri, rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin əməkdaşları tərəfindən işlənməzdi. Həmin torpaq sahəsinin Bakı şəhərinin idarəçiliyində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Qeyd edilən torpaq sahəsinin Abşeron rayonuna aid olduğunu göstərən və hazırda qüvvədə olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, AA 512347 nömrəli “torpaq sahəsinin plan və ölçüsü”, X9 kitabındakı uçot qeydi, mülkiyyət hüququnun Abşeron rayonunda qeydiyyatı bu günkü günədək heç bir orqan tərəfindən ləğv edilməmişdir və hazırda həmin torpaq sahəsinin Bakı şəhərində uçotda və qeydiyyatda olmasına dair heç bir sənəd yoxdur. Bu səbəbdən Bakı ŞİH etirazda göstərilənlərin əksinə olaraq 2013-cü ildə müvafiq sərəncam verə bilməzdi. Nə qədər ki, torpaq sahəsi üzərində iddiaçının hüquqları Abşeron rayonunda qeydiyyata alınmışdır, iddiaçı tərəfindən həmin torpaq sahəsində tikinti aparmaq üçün Bakı ŞİH-ə müraciət edilməsi və Bakı ŞİH tərəfindən müvafiq sərəncam verilməsi mümkünsüzdür. Hətta, cavabdeh təşkilatın rəhbəri - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən ötən il – 15 aprel 2021-ci il tarixdə imzalanaraq Abşeron RİH-ə göndərilmiş XO-xx-xx-2021-01921 nömrəli məktubda da göstərilmişdir ki, Abşeron rayonu ərazisində "xxxx" MMC-nin icarəsində olan 129,923 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqəsinin torpaqları kateqoriyasına keçirilməsinə etiraz edilmir. Göstərilənlərə əsasən 2013-cü ildə verilmiş tikintiyə icazə sərəncamının Bakı ŞİH tərəfindən verilməli olduğuna dair etirazda göstərilənlər əsassızdır. Etirazın digər dəlili – sözügedən tikinti obyektinə dair sənəd və məlumatların 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Bakı ŞİH tərəfindən Komitəyə təqdim edilmədiyinə dair göstərilənlər də əsassızdır. Belə ki, yuxarıda əsalandırıldığı kimi tikintiyə icazə sərəncamı Bakı ŞİH tərəfindən verilməli deyildi, sərəncam Abşeron RİH tərəfindən verildiyi üçün Bakı ŞİH-in hər hansı sənəd və məlumat təqdim etmə öhdəliyi olmamışdır. Bundan başqa, iddia ərizəmizdə göstərildiyi kimi, 2013-cü ildə tikintiyə icazə sərəncamı verilərkən kod nömrəsi ilə əlaqədar Qaydalar hələ mövcud olmamışdır və bu səbəbdən Abşeron RİH tərəfindən müvafiq məlumatların 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi mümkün deyildi. «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları» 2 il sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalara, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən hazırda ticarət mərkəzi binasına dair məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsinə və müvafiq kod verilməsinə hüquqi əsas vardır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-cü maddəsinə əsasən Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatım aparmaqdan ibarətdir. Nazirlər Kabinetinin 12 yanvar 2015ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən tikilən, istismar edilən binalar Tikintilərin Dövlət reyestrinə daxil edilə bilər. Həmin Qaydaların 4.4cü bəndinə əsasən Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və va sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Tikilən və istismar edilən ticarət mərkəzinin tikintisinə Reyestrin yaranmasından əvvəl başlanıldığı üçün Qaydaların 4.4-cü bəndinə əsasən sifarişçi olaraq müvafiq məlumatlar iddiaşçı tərəfindən Reyestrə təqdim edilmişdir, lakin həmin bənddə nəzərdə tutulan imperativ normanın tələbləri cavabdeh tərəfindən pozularaq tikinti obyektinə əsassız olaraq kod verilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hazırda ticarət mərkəzi binasına eyni sərəncamla inşa edilmiş "xxxx" MMC-nin digər binaları kimi müvafiq kod verilməsi mümkündür və qanunvericilikdə bununla bağlı hər hansı qadağan nəzərdə tutulmamışdır. Cavabdeh müraciətə baxılması üzrə inzibati icraat zamanı Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamına münasibətdə inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinə riayət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında mövqeni də nəzərə alaraq, belə qənaət yaranılr ki, bu günədək qüvvədə olan və ləğv edilməyən əlverişli inzibati akta – Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamına etibar edilməli, onun məzmununa uyğun davranılmalı, ona etimad göstərilməlidir və həmin etimad qanunla qorunur. İnzibati akt olan Abşeron RİH-in 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamı heç kəsin hüquqlarını pozmur, başqa şəxslərin qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmur və «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallar da mövcud deyildir. İki dövlət orqanı tərəfindən tənzimlənməli olan məsələyə görə sahibkarlıq subyektinin mülkiyyət hüquqlarının pozulması, həmçinin zərər görməsi ədalətli deyildir və sahibkarlığın inkişafı istiqamətində dövlətin dəstək siyasətinə də ziddir. Müvafiq kodun verilməsi ilə cavabdehə, dövlətə hər hansı zərər gəlməyəcəkdir, əksinə iddiaçı cavabdehdən kod aldıqdan sonra daşınmaz əmlaka mülkiyyət hüququ əldə edərsə dövlət büdcəsinə xeyli vəsait (gəlir) daxil olacaqdır. Belə ki, iddiaçı həmin əmlaka görə əlavə əmlak vergisinin ödəyicisi olacaqdır, qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə etdiyi mənfəətdən büdcəyə vergi ödəyəcəkdir, icarəçilər əldə etdiyi gəlirdən büdcəyə vergi ödəyəcəklər, çoxsaylı iş yerləri açılaraq əmək haqqlarından və əmək haqqı fondundan tutulmalar DSMF-yə ödəniləcəkdir, əmlakın sənədləşdirilməsinə görə böyük məbləğdə xidmət haqqı DƏDRX-nin hesabına ödəniləcəkdir və s. Lakin cavabdeh tərəfindən kod verilmədiyinə görə böyük sahəli binaya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmir, nəticədə dövlət büdcəsinə daxil olmalı böyük məbləğdə vəsaitlər büdcəyə ödənilmədən kənarda qalır. Başqa sözlə cavabdeh özünün ədalətsiz, subyektiv, sahibkarlığın inkişafına mane olan mövqeyi ilə qeyd edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasının, yeni iş yerlərinin açılmasının qarşısını alır. Yuxarıda göstərilənlərə əsasən, iddianın təmin olunması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən Tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən Abşeron rayonunun X7 adlanan ərazidə ticarət mərkəzinin tikintisinə Abşeron RİH tərəfindən 28 noyabr 2013-cü il tarixli 746 nömrəli sərəncamla icazə verilmişdir. İddiaçı 2022-ci ilin aprel ayında həmin obyektin Tikintilərin Dövlət Reyestrinə daxil ediməsi və kodun verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, tikintiyə icazəni verməklə Abşeron RİH səlahiyyətli olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə qiymət verərkən ilk növbədə qanunvericilik aktlarının aşağıdakı müddəalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsaəsn inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması haqqında» 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamının 1-ci bəndi ilə qərara alınmışdır ki, Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1 – 2-ci bəndlərinə əsasən Bakı ŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş və müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5-ci yarımbəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə bu Əsasnamənin 4.5.4, 4.7.8, 4.11.11.5, 4.11.17, 4.13.6, 4.15.2, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 1.4-cü bəndinə görə Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. Qaydaların 3.1-ci bəndinə görə Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: (3.1.1) tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat, «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. Qaydaların 4.3-cü bəndinə görə bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 iş günü müddətində Reyestrə təqdim edir. Qaydaların 4.4-cü bəndinə görə reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən və Abşeron RİH-in istifadəsində olan ümumilikdə 25.983,31 ha torpaq sahələri, o cümlədən Suraxanı rayonu üzrə 1.376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Hazırkı işin hallarına görə isə, 2013-cü ildə iddiaçı "xxxx" MMC tərəfindən X7 adlanan ərazidə qeyri-yaşayış binasının (ticarət mərkəzinin) tikntisinə icazəni Abşeron RİH vermişdir. Həmçinn nəzərə alınmalıdır ki, iddiaçıya məxsus tikilinin Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı ilə nəzərdə tutulan “Suraxanı rayonu üzrə 1.376,35 ha” ərazinin hüdudlarında olması işin mübahisəndirilən hallarına qismən aiddir. Belə ki, iddiaçı "xxxx" MMC torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində qalmasını iddia edir və bunu torpaq sahəsinə dair qeydiyyatı aparılması və plan-ölçü sənədinin verilməsinin DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həyata keçirilməsi ilə əsaslandırılmışdır. Məhkəmə iddiaçının mövqeyi ilə razılamır qeyd edir ki, bu dəlil Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin müddəaları ilə uzlaşmır. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur, 13.5-ci maddəsinə görə isə, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X4 ərazisi Bakı şəhərinin Suraxanı rayonunun inzibati ərazisinə aid oldiğindan, iddiaçı "xxxx" MMC-yə məxsus tikililərin aparılmasına icazə verərkən Abşeron RİH səlahiyyətli olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə «İnzibati icraat haqqında» Qanunun 65.1.2 və 65.2-ci maddələrinə əsasən həmin tikintiyə icazə sənədi (sərəncamı) etibarsızdır və heç bir hüquqi nəticə yaratmır. Bu sənəndən də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi sənədlər «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 3.1.1-ci bəndində nəzərdə tutulanlara tam cavab vermədiyindən, cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi ona məxsus müvafiq tikilinin (ticarət mərkəzinin) Tikintilərin Dövlət reyestrində daxil edilməsindən və müvafiq kod verilməsindən Qaydaların 4-cü bəndinə istinadən imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Komitəsinə qarşı «tikilinin tikintilərin dövlət reyestrinə daxil edilməsi və müvafiq kod verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Komitəsinə qarşı «tikilinin tikintilərin dövlət reyestrinə daxil edilməsi və müvafiq kod verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1475/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1475/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver