Məhkəmə qərarları › İş №2-1(112)-14844/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14844/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14844/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 Şahmərdan oğlunun, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 Şahmərdan oğlu, İddiaçı3 Şahmərdan oğlu və İddiaçı4 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı1 Şahmərdan oğlu, İddiaçı3 Şahmərdan oğlu və İddiaçı4 yetkinlik yaşına çatana kimi ödənilmiş ailə başçısını itirməyə görə pensiyanın yenidən pensiyaya əlavələr nəzərə alınmaqla hesablanaraq ödənilməmiş hissəsinin əvəzinin birdəfəlik verilməsi, ailə başçısını itirməyə görə pensiyanın məbləği həmin dövr üçün ailə başçısını itirməyə görə müavinətdən az olduğu təqdirdə aradakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi və X1 1990-1995-ci illərdə deputat olduğu nəzərə alınaraq əmək haqqının 80% miqdarında İddiaçı2 pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Şahmərdan oğlunun 1995-ci ildən vəfat etməsini, onun 1990-1995-ci illərin çaığrğış dövründə Azərbaycan Respublikasının Ali Sovetində xalq deputatı olmasını, 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-cı ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü lə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunlaı İdarəsi 1 saylı X6 komandanı vəzifəsində çalışmasının nəzərə laraq iddiaçının uşaqları İddiaçı3 Şahmərdan oğlu və İddiaçı4 yetkinlik yaşına çatana kimi ödənilmiş ailə başçısını itirməyə görə pensiyanın yenidən pensiyaya əlavələr nəzərə alınmaqla hesablanaraq ödənilməmiş hissəsinin əvəzinin birdəfəlik verilməsi, ailə başçısını itirməyə görə pensiyanın məbləği həmin dövr üçün ailə başçısını itirməyə görə müavinətdən az olduğu təqdirdə aradakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi və X1 1990-1995-ci illərdə deputat olduğu nəzərə alınaraq əmək haqqının 80% miqdarında İddiaçı2 pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X5 17 dekabr 1991-ci tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladları, xx.xx.1991-ci ildə İddiaçı4, 08.01,1993-cü ildə İddiaçı1 Şahmərdan oğlu və xx.xx.1995-ci ildə İddiaçı3 Şahmərdan oğlu dünyaya gəlmişdir. Onun uşaqlarından ikisi həmçinin Naxçıvan Dövlət Universitetində əyani ali təhsil almışdır. X17 Dövlət Universitetinin Kimya fakültəsində, oğlu Şahsultan isə X2 Tarix və Filologiya fakültəsində əyani oxumuşdur. Birgə nikahda olduqları dövrdə X3 1990-1995ci illərin çağırış dövründə Azərbaycan Respublikasının Ali Sovetində xalq deputatı olmuşdur. Eyni zamanda 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı X6 komandanı vəzifəsində çalışıb. X3 27 oktyabr 1995-ci ildə güllə yarasından ölmüşdür. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun mənə ünvanladığı 18 may 2022ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı2 xx.xx.1995-ci il tarixdən ailə başçısını itirməyinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı2 1995-ci ildən bu tərəfə həmin (ailə başçısını itirməyə görə) pensiyanı qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə almamışdır. Belə ki, qanunvericilik iddiaçıya daha çox olan pensiyanı və ya müavinət seçmək hüququ verdiyi halda, dəfələrlə müraciətlərinə baxmayaraq qanunla nəzərdə tutulduğundan daha az pensiya verilmişdir. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbinə görə iddiaçının həyat yoldaşı 1990-1995-ci illər ərzində deputat olduğundan, 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı X6 komandanı vəzifəsində çalışdığından iddiaçıya və onun uşaqlarına ailə başçısını itirməyə görə pensiyaya əlavələr edilməli idi. Əgər həmin məbləğ ailə başçısını itirməyə görə müavinət az olduğu halda bu zaman ailə başçısını itirməyə görə müavinət təyin edilməli idi. Eyni zamanda, iddiaçıya həyat yoldaşının əmək haqqının 80%-i miqdarında pensiya təyin edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalın xx.xx.2021-cü il tarixli, **********2 saylı imtina məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62 yaş) çatmış, yaxud İ və ya İİ qrup əlil atası, anası, əri (arvadı); - həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanlara əsasən mərhum həyat yoldaşı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı deyil, Ali Sovetinin üzvü olduğundan sabiq deputatın ailə üzvü kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı4 və İddiaçı1 Şahmərdan oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə digər iddiaçıların iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İş materiallarına əsasən İddiaçı4 ünvan 2 ünvanında qeydiyyatda olduğuna və iddiaçılar İddiaçı2, İddiaçı1 Şahmərdan oğlu, İddiaçı3 Şahmərdan oğlu Bakı şəhərində yaşadıqlarına görə məhkəmə hesab edir ki, İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki mübahisə ilə bağlı iddia ərizəsi ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmədə qaldırılmışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçılar xx.xx.1991-ci il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı1 Şahmərdan oğlu, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 Şahmərdan oğlu ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 14-cü maddəsi ilə müvafiq pensiyanın təyin edilməsi üçün təsnifləşdirilmiş şəxslər kateqoriyasına aid deyildirlər. Belə ki, həmin maddədə göstərilən hallar adları qeyd olunan iddiaçılara münasibətdə mövcud deyil. Həmçinin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı2 münasibətdə isə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 14-cü maddəsinin 14.1.2-cü yarımbəndinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatdıqda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Göründüyü kimi, İddiaçı2n qanunla müayyənləşdirilmiş yaş həddinə çatmadığından pensiya hüququ yaranmamışdır. Digər tərəfdən onun hər hansı əsasla əlilliyinin olması faktı məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Onların hazırda yenidən hesablanaraq ödənilməsini tələb etdikləri ailə başçısının itirilməsinə görə əmək pensiyasının ödənilməsi isə şəxslərin yetkinlik yaşına çatması əsası ilə illər öncə dayandırılmışdır. Dolayısı ilə iddiaçılara ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində və müddətdə əmək pensiyasının ödənişi həyata keçirilmiş və müddətin bitməsi əsası ilə ödənişlər dayandırılmışdır. Vəfat etmiş İddiaçı1 övladları olan iddiaçılar hazırda 29-31 yaşındadırlar. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı2 isə qanunla müəyyən edilmiş pensiya yaşına çatmamışdır. Yəni hazırda iddiaçıların ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etmək hüququ yoxdur, onların əvvəllər mövcud olmuş yenidən hesablanmanı tələb etmək hüququ isə itirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri baxımından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün subyektiv hüquqa malik olmamaları izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Onların dinlənilmə hüququ məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına ilkin müraciət edilsə də, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu göstərilmiş, iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamışdır. Bununla bağlı yardımetmə vəzifəsindən çıxış edən məhkəmə tərəfindən müvafiq izah iddiaçılara verilsə də, məhkəmə hesab edir ki, həmin nöqsanın aradan qaldırılması halında belə iddianın mümknülük şərti tam ödənilməyəcəyindən iddiaya göstərilən şəkiləd hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia tələbinə əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı ünvan 3 ünvanında qeydiyyatda olan X8 və onun övladları olan X9 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılmasına nail olmaqdan ibarətdir. Lakin müəyyən olunmuşdur ki, ünvan 3 ünvanına dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırma qaldırma üçün subyektiv hüququları mövcud olmadığından iddiaçıların hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı2, İddiaçı1 Şahmərdan oğlu, İddiaçı3 Şahmərdan oğlu və İddiaçı4 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı1 Şahmərdan oğlu, İddiaçı3 Şahmərdan oğlu və İddiaçı4 yetkinlik yaşına çatana kimi ödənilmiş ailə başçısını itirməyə görə pensiyanın yenidən pensiyaya əlavələr nəzərə alınmaqla hesablanaraq ödənilməmiş hissəsinin əvəzinin birdəfəlik verilməsi, ailə başçısını itirməyə görə pensiyanın məbləği həmin dövr üçün ailə başçısını itirməyə görə müavinətdən az olduğu təqdirdə aradakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi və X1 1990-1995-ci illərdə deputat olduğu nəzərə alınaraq əmək haqqının 80% miqdarında İddiaçı2 pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X12.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar