Məhkəmə qərarları › İş №2-1(112)-1485/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1485/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1485/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması barədə müvafiq ödəniş tapşırığının müvəkkil banka verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK ilə kooperativə pay qoyulması haqqında xx.xx.2021-ci il tarixli, 66 saylı müqavilə bağlamışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə görə "xxxx" MTK ona Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsinin Bayıl massivində tikilən 17 mərtəbəli 6 nömrəli yaşayış binasının 12-ci mərtəbəsində, ümumi sahəsi 116,8 kv.metr olan 3 otaqlı 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə təhvil verməyi üzərinə götürmüşdür. Həmin mənzilin dəyəri 101807 manat təşkil edir. Bu müqavilənin 1.4-cü maddəsinə görə bu məbləğin 46831 manatı “SOCAR” tərəfindən, 54976 manatı isə onun tərəfindən ödənilməlidir. Bu müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmuşdur. Belə ki, 46831 manat məbləğində pul “SOCAR” tərəfindən, qalan 54976 manat məbləğində pul isə iddiaçı tərəfindən ödənilmişdir. İşin hallarından görünür ki, iddiaçıya nə mənzil aldığı "xxxx" MTK, nə də bu mənzilin ödənilməsi ilə əlaqədar köçürmələr həyata keçirdiyi bank tərəfindən onun ƏDV-ni qaytarmaq hüququnun olması izah edilməmişdir. İddiaçı belə bir fərmanın qəbul edilməsindən xəbərsiz olmuşdur. O, bu fərmanın qəbul edilməsindən vaxtında xəbərdar olsaydı, həmin ödənişlərin vaxtında qaytarılması barədə cavabdehə müraciət edərdi. Belə ƏDV ödənişlərinin geri qaytarılması barədə məlumatı o, bu yaxınlarda öyrənmiş və bundan sonra da həmin ƏDV-nin geri qaytarılması barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və səbəb kimi də onun 90 günlük müraciət etmək hüququnun ötürüldüyü göstərilmişdir. Cavabdeh orqan tərəfindən ona bu barədə heç bir məlumat verilmədiyi və təbliğat işləri aparılmadığı halda, əsassız olaraq onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli pay qoyuluşu müqaviləsinə (№ 66) və xx.xx.2022-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir, iddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2022-ci il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2024-cü il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 66 saylı pay qoyuluşu haqqında müqavilənin surətinə əsasən MTK Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Bayıl massivində çəkilmiş avtomobil yolunun kənarında yaşayış binaları obyekti ünvanında tikintisini həyata keçirdiyi 2 girişli, 17 mərtəbəli, 6 saylı yaşayış binasının, 2-ci giriş, 12-ci mərtəbəsində tikintinin oxları arası perimetri üzrə sahəsi 116.8 kv.metr, ümumi sahəsi 105 kv.metr, yaşayış sahəsi 60.5 kv.metr təşkil edən 3 otaqlı, 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 1.4-cü maddəsinə görə həmin mənzilin dəyəri 101807 manat təşkil edir. Bu məbləğin 46831 manatı “SOCAR” tərəfindən, 54976 manatı isə iddiaçı tərəfindən ödənilməlidir. "xxxx" MTK-nın 90 saylı, 04 aprel 2024-cü il tarixli arayışına əsasən iddiaçının 02 sentyabr 2021-ci il tarixli, Neftçi MTK-ya pay qoyuluşu haqqında 66 saylı müqaviləsinə əsasən kooperativə borcu yoxdur. Həmin müqaviləyə əsasən "xxxx" MTK-nın bank hesablarına ƏDV daxil olmaqla 101807,55 manat (“SOCAR” tərəfindən 46831,47 manat, payçı tərəfindən 54976,08 manat) vəsait ödənilmişdir. 24 yanvar 2022-ci il tarixli, RB247012241 nömrəli qəbzin surətinə əsasən iddiaçı tərəfindən "xxxx" MTK-nın "xxxx" ASC-də olan hesabına köçürülməsi üçün 7000 manat pul məbləği ödənilmişdir. 25 yanvar 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 47 976.08 manat pul məbləği xx.xx.2021-ci il tarixli, 66 saylı Pay qoyuluşu haqqında müqaviləyə əsasən "xxxx" MTK-nın "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, **********935400 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması barədə müvafiq ödəniş tapşırığının müvəkkil banka verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (165.6.). Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1). Alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır (2.0.2. ). Satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir (2.0.3. ). Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (2.0.4.). Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır (2.0.6. ). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1.). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (5.1.). Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur (5.4.). Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5.). Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6.). Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır (5.7.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 66 saylı pay qoyuluşu haqqında müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Bayıl massivində çəkilmiş avtomobil yolunun kənarında 6 saylı yaşayış binasının, 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 101807 manat tam şəkildə ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh 90 günlük müddəti ötürdüyü üçün iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda iş üzrə müəyyən edilir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixində qəbul edilsə də, həmin vaxt vergi orqanı tərəfindən ƏDV-nin geri qaytarılması məqsədilə qeydiyyatdan keçmək üçün nəzərdə tutulmuş internet portalı xx.xx.2022-ci il tarixində istifadəyə verilmişdir. İddiaçı isə həmin portal vasitəsilə xx.xx.2024-cü il tarixində ƏDV-nin qaytarılması üçün müraciət etmişdir. İddiaçı bunu cavabdeh tərəfindən müvafiq internet portalının istifadəyə verilməsindən məlumatsız olması ilə izah etmişdir. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən “Qaydalar”ın 5.1-ci bəndində alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin satıcıya nağdsız qaydada tam şəkildə ödənilməsindən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək müraciət edilməli olması qeyd edilmişdir. Məlum məsələdir ki, həmin qaydalar təsdiq olunduğu vaxt müvafiq internet portalı mövcud olmadığı üçün iddiaçı bununla bağlı müraciət edə bilməzdi. Müvafiq portal isə xx.xx.2022-ci ildə istifadəyə verilmişdir. Bu səbəbdən “Qaydalar”da nəzərdə tutulmuş 90 günlük müraciət müddətinin axımı iddiaçı üçün məhz həmin tarixdən hesablanmalıdır ki, həmin müddət 2023-cü ilin fevral ayında bitmiş olur. İddiaçı isə müvafiq portal vasitəsilə xx.xx.2024-cü ildə müraciət etmiş, bununla da müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı hesab edir ki, həmin müddət ona şamil olunmamalıdır. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, müvafiq portalın istifadəyə verilməsindən sonra yaşayış və qeyri-yaşayış sahələri ilə əlaqədar bağlanmış müqavilələrə münasibətdə həmin müddətin axımı müqavilə bağlandıqdan sonra hesablanır. Portalın istifadəyə verilməsindən əvvəl bağlanmış müqavilələrə nəzərən həmin müddətin tətbiq edilməməsi isə qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, bu sonradan müqavilə bağlamış və müraciət üçün müəyyən edilmiş 90 günlük müddəti ötürmüş şəxslərə qarşı ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” barədə iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar