Məhkəmə qərarları › İş №2-1(112)-14852/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14852/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14852/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qətnamə ilə ödənilməli olduğu borcun bank tərəfindən ona verilməli olan məbləğlə əvəzləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qətnamə ilə ödənilməli olduğu borcun bank tərəfindən ona verilməli olan məbləğlə əvəzləşdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün hesab edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırkı iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılmalı olmasının nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr inzibati məhkəmə icraatı üzrə aparılır. İnzibati Prosessual Məcəllənin 3-cü maddəsi ilə isə inzibati məhkəmə icraatı üzrə səlahiyyətli məhkəmələr sadalanmışdır. Adıçəkilən Məcəllənin: 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən baxılır. 3.5. İnzibati məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən təkbaşına baxılır. 3.6. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır. 3.7. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır. Qanunvericiliyin tələbləri ilə də aydın olur ki, inzibati mübahisələrə bir qayda olaraq üç pilləli qaydada baxılır, belə ki, birinci instansiya məhkəməsinə daxil olmuş inzibati mübahisə üzrə iddia ərizəsi ilkin olaraq birinci instansiya məhkəməsi baxılır, həmin məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə qərarı üzrə apellyasiya instansiya məhkəməsində baxılan işdən kassasiya şikayəti veriləcəyi təqdirdə həmin işə kassasiya instansiya məhkəməsi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılır. Lakin adıçəkilən Məcəllənin 3.2-ci maddəsi ilə göstərilən qaydadan fərqli olaraq bəzi kateqoriya işlər üzrə birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları çıxış etdiyi müəyyən edilmişdir. Maddədən də göründüyü kimi Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Fəsildə olan Məcəllənin: 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 132.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Mövcud inzibati praktika göstərir ki, ləğv prosesində olan kreditor tələblərinin qeydiyyata alınması, qeydə alınmış kreditor tələblərinin dəqiqləşdirilməsi, qeydiyyat müddətinin uzadılması, kreditin girov qoyulmuş səhmlərlə əvəzləşdirilməsi və ya həmin səhmlərə tutmanın yönəldilməsi, bank əməliyyat sistemində məlumatları mövcud olan lakin kredit dosyesi təhvil verilməyən müştərilərin kreditlərinin restrukturizasiya edilməsinə icazə verilməsi, pul vəsaitinin köçürülməsi, xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqların digər hüquqi şəxsə keçirilməsi, qorunmayan əmanətlərin ödəniş siyahısına əlavə edilməsi və s formasında iddia tələblərinə məhz yuxarıda adıçəkilən normaların tələbləri baxımından birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia tələbi də müvafiq tələb kimi apellyasiya instansiya məhkəməsində baxılaraq hüquqi qiymət verilməli olan iddia hesab edildiyindən hazırkı qaydada iddianın birinci instansiya məhkəməsində irəli sürülməsi prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də aydın olur ki, iddiaçı ləğvedici Fond olan banka qarşı qətnamə ilə ödənilməli olduğu borcun bank tərəfindən ona verilməli olan məbləğlə əvəzləşdirilməsini xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, hüquqi əsasın nə olmasından asılı olmayaraq hazırkı iddianın əsasında pul tələbinin, yəni kreditor tələbinin mövcudluğu dayanır. Kreditor tələbində borclu qismində isə ləğv edilməkdə olan bank çıxış edir. Məcəllənin 131.1-ci maddəsi isə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı iddiaya baxmalı olan məhkəməni konkret olaraq müəyyən etmişdir. Burada kreditor tələbindən yaranan digər növ iddialara da apellyasiya məhkəməsi tərəfindən baxılması istisna olunmur. Qeyd olunmalıdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsi müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölüşdürülməsi qaydasını müəyyən edir ki, hazırkı iddia tələbinin təmin olunub-olunmaması 82-ci maddənin hazırkı münasibətdə tətbiq edilibedilməməsini, pul güzəştinin qəbul edilməli olub-olmaması ilə əlaqədar olacaqdır ki, birinci instansiya məhkəməsinin hazırkı iddiaya mahiyyəti üzrə baxması Fond tərəfindən aparılan ləğv etmə proseduruna apellyasiya məhkəməsi tərəfindən həyata keçirilən məhkəmə nəzarətinə müdaxilə kimi qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Göründüyü kimi iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququnun Konstitusiya Məhkəməsi tərəfindən izah olunması göstərilən Qərarda müəyyən edilmişdir ki, "xxxx" ASC-nin ləğvi proseduruna nəzarəti Bakı İnzibati Məhkəməsi həyata keçirmir və həmin banka qarşı və ya həmin bankla iddiaçı arasında yaranmış münasibətlərdən yaranan tələblərlə bağlı da hansı məhkəmənin nəzarət səlahiyyətinə malik olması da konkret təsbit edilmişdir. Beləliklə, hazırkı iddia ona baxmağa səlahiyyəti olmayan məhkəməyə təqdim edildiyindən mümkün hesab edilməməlidir. Bu zaman iddianın mümkün hesab edilməməsi ilə bağlı gəlinən nəticədə, həmçinin iddiaya baxılması üçün işin aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsinin inzibati prosessual qanunvericilikdə müəyyən edilməməsi də nəzərə alınmalıdır. İş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilə bilinmədiyindən iddia mümkün sayılmamalı və hazırkı iddia ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir. Məhkəmə xüsusi ilə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının həmin tələbinə ilkin olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin qərardadı ilə ərizə üzrə məhkəmə icraatı mümkün sayılmamışdır. Məhkəmə qərardadında xüsusi ilə qeyd olunmuşdur ki, ərizəçi, yəni hazırki iddiaçı bankdan ala bilmədiyi 6048 manat məbləğində əmək haqqının, kreditor tələbi kimi qeydə alınması və kreditorların tələbləri siyahısına və reyestrə daxil edilməsi üçün, buraxılmış müddətin bərpası barədə ərizə də əlavə edilməklə, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müvafiq ərizə ilə müraciət edə bilər. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi konkret olaraq iddiaçıya hüquqlarını izah etmişdir ki, iddiaçıda "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müvafiq ərizə ilə müraciət etsə də, daha sonra ərizə ilə apellyasiya instansiya məhkəməsinə deyil, birinci instansiya məhkəməsinə müraciət etmişdir ki, bununla da hazırki iddianın mümkünlük şərtlərinin ödənildiyi istisna olunur. Məhkəmə xüsusi ilə qeyd edir ki, hazırki iş üzrə oxşar mövqeyi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında əks olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hazırkı iddia tələbi ilə Fonda qarşı aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar