Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1489/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, X1 iddiaçının nümayəndəsi X3 iştirakı ilə iddiaçı – “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (yerləşdiyi yer: Bakı şəhəri, Mərdanov qardaşları, 99) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, H.Əliyev prospekti, 115) qarşı «məcburi sosial sığorta haqları üzrə borcun silinməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Hərbi Vətənpərvərlik və X2” MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «məcburi sosial sığorta haqları üzrə borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina edərək və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etdi. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2” MMC yaradılmış və ləğv edilmiş Cəmiyyətin əmlakı təhvil-təslim aktı əsasında həmin Cəmiyyətin balansına verilmişdir. “Hərbi Vətənpərvərlik və X2” MMC-nin sədrinin 6 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialı yaradılmışdır. Cəmiyyətin Nəsimi rayon filialı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində qeydiyyatdan keçmişdir. Həmin vaxtdan bu günədək məcburi dövlət sığorta haqları filial tərəfindən gecikmələrlə olsa da Departamentə ödənilmişdir. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edilərkən Cəmiyyətin Nəsimi X7 DSMFyə 1 iyul 2012-ci il tarixə 11.315,13 manat borcu yaranmışdır. «Sosial sığorta haqqında» AR Qanununda, AR Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta naqqı üzrə hesablaşmaların aparılması Vergilər Nazirliyinə (hazırda Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Nəsimi rayon 1 nömrəli filialının sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqində 14 iyun 2012-ci il tarixdə ləğv edilmiş “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”nin Nəsimi X7 DSMF-yə olan 11.315.13 manat borcu (11.153,12 manat m.d.s.s. haqqı, 162,01 manat peniya məbləği) Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. DSMF-nin 16 oktyabr 2018-ci il tarixli bildirişində Nəsimi rayon 1 nömrəli filialının borcu 5.917,43 manat göstərilir. MMC DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə əsassız borcun onun nümayəndəsinin iştirakı ilə araşdırılması və ləğv edilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Lakin Baş İdarədən quruma cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. DSMF filiala göndərdiyi 10 iyun 2019-cu il tarixli məktubunda borc məbləğinin 21.910,44 manat olduğunu, həmin məbləğin 11.315.13 manat hissəsinin AR Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin X9 Klubuna aid borc olduğunu bildirir. DSMF “xxxx” MMC-ni KHVTİC-nin hüquqi varisi sayır. Həmçinin hesab olunur ki, həmin borcu “xxxx” MMC ödəməlidir. Lakin “xxxx” MMC KHVTİC-nin hüquqi varisi deyildir. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Göstərilənlərə əsaslanaraq, “xxxx” MMC-nin Nəsimi rayon 1 nömrəli Filialına aidiyyəti olmayan 11.315,13 manat borcun silinməsi öhdəliyinin cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sərəncamına uyğun olaraq iddia ilə bağlı təqdim olunmuş məktubunda aşağıdakılar bildirilir: - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2019-cu il tarixli **********0 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2012-ci il 13 iyul tarixli 681 saylı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və X2’’ MMC-nin yaradılması haqqında Fərman imzalanmışdır. Həmin Fərmanın İİİ hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın İ hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X4” MMC-yə verilsin. Bu səbəbdən də, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Nəsimi X7 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüququ varisi olaraq yaranmış “Hərbi .ətənpərvərlik və X2” MMC-nin Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, 2018-ci il 1 oktyabr tarixinə Nəsimi rayon 1 nömrəli filialının DSMF-yə 21.910,44 manat (20.515,97 manat m.d.s.s. haqqı, 1.394,47 manat peniya məbləği) borcu vardır. Göründüyü kimi “Hərbi Vətənpərvərlik və X2” MMCnin Nəsimi rayon 1 nömrəli filialı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki idman Cəmiyyətinin Nəsimi X7 hüquqi varisi olduğundan sonuncunun hüquq və vəzifələri “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Nəsimi rayon 1 nömrəli filialına keçmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üçün Dövlətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2” MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında məhkəmənin qeyd etdiyindən fərqli olaraq Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğv edilməsi öz əksini tapmamışdır. Həmn Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X2” MMC-yə verilmişdir. Göstərilənlərə və İPM-in 12-ci maddaəsinə əsaslanarsaq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü müddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə yetirməməsinin yenidən təşkili başa çatanadək hüquqi varisə (hüquqi varislərə) məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) yerinə yetirməlidir. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə hüquqi şəxsin yenidən təşkil edilməsi onun vergi öhdəliklərinin bu hüquqi şəxsin hüquqi varisi (hüquqi varisləri) tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirmir. Həmin Məcəllənin 80.8-ci maddəsinə görə bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin: - (3.0.6) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; - (3.0.7) vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; - (3.0.8) hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci bəndi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının müddəaları həmin Fərmanın 1-ci bəndinə əsasən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin hüquqi varisi qismində çıxış etməsini nəzərdə tutmur. Belə ki, Fərmanın 3-cü bəndi ilə sonuncunun könüllü olaraq dövlətə verdiyi əmlakının yeni yaradılmış adıçəkilən quruma (MMC-yə) verilməsi hüquqi varisliyi təsbit etmiş olmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 80.1-ci maddəsinə görə yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə borcu üçün Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X2” MMC və ya onun filialı öhdəlik daşıya bilməz və həmin borcun hazırkı iddiaçıya aid edilməsi qanunvericiliyə ziddir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Hərbi Vətənpərvərlik və X2” MMC-nin 1 nömrəli Filialına yazılmış 11.315,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. “Hərbi Vətənpərvərlik və X2” MMC-nin 1 nömrəli Filialına yazılmış 11.315,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1489/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1489/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver