Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15407/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “sığorta şirkətini öz öhdəliklərini yerinə yetirilməsinə məcbur edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nəzarət etdiyi sığorta şirkəti "xxxx" ASC tərəfindən müqavilə şərtlərinə əməl olunaraq, pul məbləğinin ona nağd şəkildə ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində “Hundai İX-35 Minik markalı, ** RF *** dövlət nömrə nişanlı 2012-ci ildə istehsal olunmuş avtomobili, habelə “Opel Astra” markalı avtomobil zədələnmişdir. ** NN *** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili idarə edən sürücü X2 tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilinə ziyan dəymişdir. Bununla bağlı polisə ətraflı şəkildə izahat vermişdir. Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin (bundan sonra mətndə Suraxanı RPİ) İstintaq şöbəsində araşdırma aparılmışdır. Lakin avtomobili sığortalayan "xxxx" ASC sığorta şirkəti müqavilə şərtlərini yerinə yetirməkdən və ödənilməli olan kompensasiyanı ödəməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxs qismində göstərilmiş şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh və üçüncü şəxs qismində göstərilmiş şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərə və üçüncü şəxs qismində göstərilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxs qismində göstərilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində X1 idarə etdiyi “BMW” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” markalı və “Hundai İX 35” markalı avtomobillər ilə toqquşmuşdur. Nəticədə sonuncu hər iki avtomobilə zərər dəymişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və surəti İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi barədə Cəmiyyətlərində hər hansı məlumat aşkarlanmamışdır. Həmçinin ərizəçi tərəfindən qeyd edilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığorta təminatı aldığı müəyyən edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən sığorta müqaviləsi üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı adı çəkilən cəmiyyəti öhdəliklərini yerinə yetirməyə məcbur edilməsinin cavabdehə həvalə olunması ilə bağlı tələblə inzibati məhkməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarının 4.2 bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hüququn həqiqətən pozulub pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1 -ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarının 8.5-ci bəndinə görə İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Göründüyü kimi, iddia tələbinin mümkün sayılması üçün əsas şərt, mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır. Lakin hazırki işdə bu şərt ödənilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh sığorta şirkətinin öhdəliklərini yerinə yetirilməsinə nəzarət olunması ilə bağlı iddia tələbinə cavab verməli olan qurum da deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin Nazirliyin fəaliyyət istiqamətləri adlanan ikinci bəndinə göstərilmişdir ki;
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir; 7.2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir; 7.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir; 7.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir; 7.6. dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür; 7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir; 7.9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir; 7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir; 7.11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir; 7.12. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır; 7.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; 7.14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilmişdir:
1. Preambuladan “sığorta fəaliyyəti,” sözləri çıxarılsın.
2. 1-ci hissədən “və Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.
3. 9-cu hissə ləğv edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş Əlavə İ - “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturu”nun 5-ci hissəsi ləğv edilsin.
5. Həmin Fərmanla təsdiq edilmiş Əlavə İİ - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə: 5.1. 1-ci hissədən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın; 5.2. 7.4-cü bənd ləğv edilsin; 5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin: “7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;”; 5.4. 7.11-ci bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın; 5.5. 8.28-ci bənddən “sığorta fəaliyyətinə nəzarəti təşkil etmək,” sözləri çıxarılsın; 5.6. 8.29-cu bənd ləğv edilsin; 5.7. 8.53-cü bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın; 5.8. 8.67-ci bənddən “və dövlət sığorta nəzarəti” sözləri çıxarılsın; 5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin; 5.10. 10-cu hissədən “Dövlət Sığorta Nəzarəti Xidməti,” sözləri çıxarılsın; 5.11. 18.2-ci bənddən “Dövlət Sığorta Nəzarəti Xidmətinin,” sözləri çıxarılsın; 5.12. 18.5-ci bənddən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın; 5.13. 27-ci hissənin birinci cümləsindən “, sığorta tənzimlənməsi və nəzarəti metodikasının” sözləri çıxarılsın. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzini ödəməli olan sığorta şirkəti Azərbaycan Respublikası Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs deyil. Bundan əlavə, iddiaçının inzibati orqan olmayan və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməyən hüquqi şəxsə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi mülki hüquq və vəzifələrin həyata keçirilməsinin təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki;
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçıya izah edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “sığorta şirkətini öz öhdəliklərini yerinə yetirilməsinə məcbur edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev