Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1548/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştrakı ilə İddiaçı Cavabdehnə qarşı «diplomun mövcud qanunvericiliyə əsasən dövlət nümunəli ali təhsil sənədi blankı ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasinin X7 publik hüquqi şəxsinə qarşı «iddiaçının dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə keçirilən müsahibəyə buraxılması» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1993-cü ildə Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunun hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirmişdir. Bundan sonra müxtəlif qurumlarda çalışmış, daha sonra 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2006-cı ildə bu təhsilini başa vurmuşdur. Ona magistr diplomu təqdim edilmişdir. Magistr diplomu ali təhsil və elmi dərəcə haqqında Azərbaycan Respublikasının dövlət sənədidir. 2007-ci ildə ilk dəfə dövlət qulluğunun inzibati vəzifəsi kimi AR Fövqəladə Hallar Nazirliyində baş məsləhətçi vəzifəsinə qəbul edilmişdir. 21 fevral 2008-ci ildən 18 dekabr 2017-ci il tarixədək isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. X6 Mərkəzində dövlət qulluqçusu olduğundan, ehtiyat kadr siyahısına daxil edilmişdir. Ehtiyat kadr olduğu kimi X7 tərəfindən onun sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş və 14 noyabr 2019-cu il tarixdə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baş məsləhətçi-hüquqşünas dövlət qulluğunun inzibati vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Ümumilikdə 14 il dövlət orqanlarında əmək stajı var. Hazırda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baş məsləhətçi-hüquqşünas vəzifəsində işləyir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində inzibati vəzifəyə keçməsi ilə əlaqədar müsahibədə iştirak etmək üçün qanunvericiliyin tələb etdiyi qaydada sənədlərini, eləcə də özünün Rusiya Federasiyası ali təhsil və magistr ali təhsil dərəcəsini təsdiq edən diplomlarını da X4 təqdim etmişdir. Lakin cavabdeh qurum onu müsahibəyə buraxmaqdan imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Rusiya Federasiyasında əldə olunmuş bakalavr diplomu nostrafikasiya edilmədiyindən magistr diplomuna əsasən dövlət qulluğu üzrə inzibati vəzifələrin tutulması üçün elan edilən müsahibələrdə iştirakı mümkün deyil. Yəni, diplom Azərbaycan Respublikası yurisdiksiyası altında verilməmişdir, Rusiya Federasiyası yurisdiksiyası altında verilmişdir. Cavabdeh təşkilat «Dövlət qulluğu haqqında» Qanunun 13.2-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur ki, inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Göstərilən əsaslandırma ilə bağlı qeyd olunur ki, iddiaçının ali təhsilinin birincisi Rusiya Federasiyası ali təhsili olsa da, digəri Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının qanunlarına əsasən Azərbaycan Respublikası yurisdiksiyası altında əldə olunmuş ali təhsildir. Bu halda isə, cavabdeh təşkilatın iddiaçının ali təhsilinin olmaması nəticəsinə gəlməsinin tam qanunsuz olması ortaya çıxır. Çünki, cavabdeh iddiaçının təhsilinin birincisinin Azərbaycan dövlətinin qanunvericiliyinə uyğun gəlmədiyi nəticəsinə gəlsə də, ikinci diplomun barəsində belə iddia ilə çıxış etməmiş və bu məsələyə ümumiyyətlə toxunmamış, onu açıq saxlamışdır. İddiaçının dövlət qulluğuna qəbul olduğu, dövlət qulluğunda işlədiyi və ehtiyat kadr kimi X7 tərəfindən hazırkı iş yeri olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə sənədlərinin göndərildiyi zaman cavabdeh təşkilat iddiaçının Azərbaycan Respublikası yurisdiksiyalı diplomunu tanımış – dövlət qulluğunda işlədiyi zaman bunu nəzərə almış, hazırda isə heç bir səbəb gətirmədən onun Azərbaycan Respublikası yurisdiksiyası altında verilmiş diplomumu nəzərə almamışdır. Qeyd olunan hallardan da göründüyü kimi, cavabdehin iddiaçını müsahibəyə buraxmaqdan imtina etməsi aktı əlverişsiz inzibati aktdır. Cavabdeh təşkilatın iddiaçını və ya müsahibədə iştirak üçün müraciət etmiş şəxslərin müsahibəyə buraxılma hüququnun məhdudlaşdırılması səlahiyyəti heç bir hüquq normasında nəzərdə tutulmamışdır. X3 Nizamnaməsinin 2.1.23cü bəndində qeyd olunur ki, qurumun vəzifəsi müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portalı vasitəsilə dövlət orqanlarına təqdim olunmasını təmin etməkdir. Cavabdeh isə, qanunsuz olaraq öz vəzifəsini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh təşkilatın hərəkətləri heç bir qanun normasına söykənməməklə qanunsuzdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 2.0.11, 67-ci maddələrinə əsaslanaraq, iddiaçının müsahibəyə buraxılması öhdəliyinin X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikasinin X3 nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilmişdir ki, Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları»na əsasən namizəd özü haqqında məlumatları həmin Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasına uyğun olaraq təqdim edir. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə sənədlərin, o cümlədən ali təhsil haqqında sənədin skan edilmiş surəti həmin formaya əlavə edilir. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü elektron informasiya ehtiyatları, o cümlədən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X8” əsasında yoxlanılır. «Təhsil haqqında» Qanununa əsasən bakalavriat müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi, magistratura ali təhsilin ikinci səviyyəsidir. Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları»nın 1.2-ci səndinə əsasən ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər. «Təhsil haqqında» Qanunun 29.0.21-ci maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələrindən biri də xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını‘müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirməkdir. Həmin Qanuna əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası dedikdə, xarici dovlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) xtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq srandartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd başa düşülür. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na əsasən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər zərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydalara əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi həmin Qaydalar əsasında Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən forma vasitəsilə təqdim edilən məlumatlar, o cümlədən ali təhsil haqqında sənəd yoxlanılarkən onun malik olduğu bakalavr diplomuna dair məlumatlar “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X8”ndə aşkar edilməmişdir. İddiaçının bakalavr diplomuna dair xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası barədə məlumat müvafiq elektron sistemə daxil edildikdən sonra dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə keçirilən müsahibədə iştirak edə bilər. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və bildirmişdir ki, işin halları araşdırılarkən ona (iddiaçıya) 1997-ci ildə Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş 000486 nömrəli diplomun mövcud qanunvericiliyə əsasən dövlət nümunəli ali təhsil sənədi blankı ilə əvəz edilməsi məsələsi ilə əlaqədar iddia predmetinin dəyişdirilməsi zərurəti yaranmışdir. Həmin diplomun dövlət nümunəli diplom ilə ali təhsil sənədi blankı ilə əvəz ilə bağlı o, 2021 və 2023-cü illərdə dəfələrlə Cavabdehnə müraciətlər etmişdir. Müraciətlərə Cavabdehndə baxılaraq xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrafikasiya) üçün Nazirliyin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunması barədə 14 iyul 2021-ci il tarixli Q-8890/03-TKTA nömrəli, 6 sentyabr 2021-ci il tarixli Q8890/01/03-TKTA nömrəli, 19 dekabr 2022-ci il tarixli Q-15892/03-TKTA nömrəli və 3 mart 2023-cü il tarixli 3-28/2-Q-1886-4/2023 nömrəli məktub cavab verilmişdir. Lakin işin hallarına görə onun diplomuna münasibətdə nostrifikasiya prosedurunun tətbiq olunmasına ehtiyac yoxdur. O, 1997-ci ilin iyun ayında Azərbaycan Respublikasının ərazisində yerləşən Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquq fakültəsini bitirmişdir. X2, Biznes və Hüquq İnstitutunun Bakı Filialı 31 yanvar 1997ci il tarixli 10 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş və ona hüquqi şəxs statusu verilmişdir. İddiaçı həmin ali məktəbdə təhsil aldığı müddət ərzində bütün dərslər və imtahanlar Bakı şəhərində keçirilmişdir. Hüquq ixtisası üzrə isə dərs proqramı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tədris edilirdi. Diplom 1997-ci ildə Bakı şəhərində, 7-ci mikrorayonda yerləşən həmin ali məktəbdə ona təqdim edilmişdir. Belə olduğu halda, onun ixtisası Nazirliyin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktubunda qeyd edilən xarici ali təhsil ixtisası kimi sayıla bilməz. Çünki o, təhsilini xarici ölkədə deyil, məhz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən fəaliyyət göstərən Bakı şəhərində yerləşən Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquq fakültəsində almışdır və həmin təhsil müəssisəsində təhsil aldığı və diplom təqdim edilən zaman artıq sözügedən təhsil müəssisəsi müvafiq qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq şəhadətnamə verilmişdir. 2006-ci ildə iddiaçı Azərbaycan Beynəlxalq Universitetinin hüquq ixtisası üzrə magistraturasını bitirmişdir. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204 S nömrəli Sərəncamına əsasən razılıq verilmiş və Azərbaycan Beynəlxalq Universiteti 7 noyabr 1997-ci il tarixli 15 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və ona hüquqi şəxs statusu verilmişdir. Öz Nizamnaməsinə görə Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquqi varisidir. Azərbaycan Beynəlxalq Universitetinin magistratura diplomu dövlət tərəfindən verilən dövlət nümunəli ali təhsil haqqında sənəd olduğundan, ali təhsil almağını təsdiq edir. Həmin diplom dövlət nümunəli olduğundan müvafiq dövlət qurumları tərəfindən tanınır. İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin magistraturasına X2, Biznes və Hüquq İnstitutunun Bakı Filialının verdiyi diplom əsasında qəbul olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi isə ona Azərbaycan Beynəlxalq Universitetinin magistratura diplomunu təqdim edərkən Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının diplomunun qanuni əsaslarla verilməsini və qanunvericiliyə əsasən dövlət tərəfindən tanınmasını bir daha təsdiqləmişdir. Hazırda isə Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialı tərəfindən ona verilmiş 000486 nömrəli diplomun dövlət nümunəli olmaması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məsələ qaldırılmışdır. İddiaçı ilə eyni dövrdə təhsil almış Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının çoxsaylı məzunları 25 ildən artıqdır ki müxtəlif dövlət, məhkəmə, hüquq mühafizə orqanlarda və digər dövlət müəssisələrində inzibati və rəhbər vəzifələrdə çalışırlar. İddiaçı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisəsində təhsil almış, məhz bu fakt əsasında ona növbəti pillədə təhsilini davam edəndən sonra Təhsil Nazirliyi tərəfindən ali təhsil (magistr) haqqında dövlət nümunəli sənədin verilməsinə əsas yaratmışdır. 7 oktyabr 1992-ci il tarixli 324 nömrəli Azərbaycan Respublikasının Təhsil Qanununun 13.1-ci maddəsinə əsasən təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qəbul edilmiş «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 17 dekabr 1996-cı il tarixli 521 nömrəli Fərmanina əsasən Azərbaycan Respublikasının Təhsil Qanununun 13-cü maddəsinin 1-ci bəndində göstərilən icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi həyata keçirir. Sözügedən Qanunun müddəasından belə nəticəyə gəlmək olur ki, Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialı hüquqi şəxs qismində Azərbaycan Respublikasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir və ona (iddiaçıya) təqdim edilən həmin İnstitutun diplomu xarici ali təhsil müəssisəsinin təqdim etdiyi sənəd hesab edilə bilməz və bu halda nostrafikasiya prosedurunun tətbiq olunmasına ehtiyac yoxdur. Həmçinin Azərbaycan Beynəlxalq Universiteti Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquqi varisidir. Təhsil haqqında dövlət sənədlərinin nümunələri Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdir edilmişdir. Yəni, iddiaçıya diplom verilən zaman (1997-ci ildə) diplom blanklarının dövlət tərəfindən təsdiq edilmiş vahid nümunə forması yox idi. Eyni məsələ ilə bağlı məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2083/2020 saylı iş üzrə 20 oktyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçı X1 cavabdeh Təhsil Nazirliyinə qarşı iddiası təmin edilmişdir. Göstərilənlərə əsalanaraq, İPM-in 54-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iş üzrə cavabdeh X3 Cavabdeh ilə əvəzlənməsi və iddianın predmetinin “diplomun mövcud qanunvericiliyə əsasən dövlət nümunəli ali təhsil sənədi blankı ilə əvəz edilməsi vəzifəsinin qoyulması barədə” dəyişdirilməsi xahiş olunur. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikasinin X7 publik hüquqi şəxsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilmiş və iddia dəyişdirilərək «diplomun mövcud qanunvericiliyə əsasən dövlət nümunəli ali təhsil sənədi blankı ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilmişdir ki, İddiaçı hazırda ilkin baza təhsili barədə diplomun yeni dövlət nümunəli sənədlə əvəzlənməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialı 31 yanvar 1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İddiaçı 1993 – 1997-ci illərdə Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquq fakültəsində təhsil almış və onun adına Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən diplom blankı verilmişdir. İddia ərizəsində olan sənədlərdən görünür ki, diplom blankı Rusiya Federasiyasının ali təhsil müəssisəsinə məxsusdur. Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. «Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında» Protokolunun 8-ci maddəsində qeyd edilir ki, Tərəflər təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Bu zaman hər iki dövlətin təhsil müəssisələri tərəfindən 1992-ci ildən sonra verilmiş təhsil, elmi dərəcələr və adlar haqqında verilmiş sənədlər tanınması və ekvivalentliyi, həmçinin onlar arasında konkret müqayisələrin aparılması müvafiq beynəlxalq sazış əsasında tənzimlənəcəkdir. Sazişin müddəalarından göründüyü kimi, iddiaçı özünə məxsus diplom üzrə ixtisasın tanınması üçün zəruri sənədlərlə birlikdə Nazirliyin aidiyyəti qurumuna müraciət etməli olduğu halda, o xarici dövlətin ali təhsil müəssisəsi tərəfindən verilmiş diplom blankının dövlət nümunəli sənədlə əvəz edilməsini tələb edir. Təhsil qanunvericiliyinə əsasən, iddiaçının iş üzrə hazırkı tələbi Nazirliyin funksiyasına daxil deyildirdir. Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nda xarici dövlətlərin ali təhsil müəssisəsi tərəfindən verilən diplom blanklarının əvəz edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Azərbaycan Beynəlxalq Universiteti Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquqi varisidir. O, həmin Rusiya Federasiyasında deyil, Bakı şəhərində yerləşən Filialda təhsil almışdır. Ona diplomu həmin Filial vermişdir. Ədliyyə Nazirliyindən də müvafiq sənəd alınmışdır. Filial 1997-ci ildə Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Ona cavabdeh tərəfindən dövlət nümunəli diplom verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçıya diplomu Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu vermişdir, Filial ona diplom verməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36-cı maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəddir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyi»nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizaminamənin 2.2-ci bəndində nəzərdə tutulmuş Agentliyin fəaliyyət istiqamətləri sırasına xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək də daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 nömrəli 3 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə görə tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Qaydaların 4.6-cı bəndinə görə 4.6-cı bəndinə görə kvalifikasiyanın peşə tanınması – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 82 nömrəli 29 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 3.1-ci bəndinə görə ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. Qaydanın 3.2-ci bəndinə görə diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericilik normalarına görə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” bununla bağlı aidiyyəti səlahiyyətli orqan kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən inzibati icraat aparılmaqla müvafiq şəhadətnamə verillir. Təhsil müəssisələrinin məzunların sayına görə ali təhsil sənədi sayılan diplomun blankı ilə təmin olunmasına gəldikdə isə, bu vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi daşısa da, məsələ Azərbaycan Respublikasının təhsil müəssisələrinin verdiyi diplomları aiddir. Hazırkı işin hallarına görə İddiaçı faktiki olaraq Azərbaycan Respublikasında, yəni Bakı şəhərində bakalavr pilləsində təhsil alsa da, ona diplom filialı Bakı şəhərində olan Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmişdir. Belə olan halda, baxmayaraq ki, Azərbaycan Beynəlxalq Universiteti Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı Filialının hüquqi varisi kimi çıxış edir, xarici dövlətin təhsil müəssisəsinin ali təhsilə aid təhsil sənədi kimi verdiyi diplomun Azərbaycan Respublikasının dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi qanunvericiliklə nəzərdə tutulmur. İddiaçıya verilmiş həmin diploma aid kvalifikasiyanın tanınması bundan sonrakı bütün müvafiq məqsədlərə çatmaq (əlavə təhsil almaq, ixtisa üzrə işlə təmin olunmaq və s.) üçün ona münasibətdə yetərli imkanlar yarada bilər. Məhkəmənin qənaətinə görə iddiaçı arzuladığı məqsədə çatmaq üçün daha əlverişli müdafiə vasitəsi seçməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi səlahiyyətli olmadığından, həmin qurum tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1548/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1548/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver