Məhkəmə qərarları › İş №2-1(112)-1551/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1551/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1551/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı (iddiaçılar İddiaçı3, İddiaçı4 qanuni nümayəndəsi) İddiaçı1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müraciətə cavab verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.12.2020-ci il tarixli və 07.06.2021-ci il tarixli şikayət ərizələrinə dair cavabdeh tərəfindən nümayiş etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi, “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci il aprel, may, iyun, iyul aylarında tətbiqi olunması ilə əlaqədar, 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına vurulmuş 2040 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi, 1-ci Qarabağ müharibə iştirakçısının yetkinlik yaşına çatmamış övladlarının hüquqlarının pozulması və onlara qarşı nümayiş olunan qanunsuz hərəkətsizlik zəminində, aylıq hər bir uşağa 170 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına 300 manat məbləğində vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1962-ci il təvəllüdlü ehtiyatda olan zabitdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Qarabağ müharibə veteranıdır. Yetkinlik yaşına çatmayan üç övladının müraciətinə cavabdeh tərəfindən baxaraq müraciət tarixinə himayədə olan şəxs olduqları üçün (18 yaşları tamam olmadığı üçün), onlara 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. ”Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar o və onun yetkinlik yaşına çatmayan üç övladı çətin maddi duruma düşmüşdür. 2020-ci il üçün Dövlət tərəfindən bir uşağın saxlanmasına 170 manat minimumu müəyyənləşdirilmişdi. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi olunması ilə əlaqədar o valideyn borcunu uşaqlara qarşı yerinə yetirə bilmədiyindən yetkinlik yaşına çatmayan uşaqlara ziyan vurularaq hüquqların pozulması ilə nəticələnmişdir. Bu barədə o, 07 dekabr 2020-ci il tarixli şikayət ərizəsi ilə cavabdehə müraciət edərək məlumat vermişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmiş və ona qarşı Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələbləri pozulmuşdur. 07 iyun 2021-ci il tarixdə yenidən cavabdehə müraciət edib şikayətinin həll edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 07 iyun 2021-ci il tarixli şikayət ərizəsinə dair təkrarən qanunsuz olaraq hərəkətsizliyə yol verilmiş və ona qarşı Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələbləri pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz, həmin etiraza əlavə təqdim etmiş və etirazları onunla əsaslandırmışıdır ki, iddia əsassız oldğundan aşağıdakı səbəblərə görə mümkünsüz hesab edilməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 1.2-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Yenə həmin Qərarın 2.3-cü yarımbəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Müvafiq məhkəmə icraatında iş üzrə iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, karantin rejiminin tətbiq olunduğu dövr ərzində o və onun 3 uşağı - İddiaçı2, İddiaçı3 və İddiaçı4 çətin maddi duruma düşmüş, habelə X7 xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməməsi onların maddi vəziyyətini daha da çətinləşdirmişdir. Ancaq qeyd edilən məsələyə dair vurğulanmalıdır ki, X6 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində aylıq 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına” dair məhkəmə prosesi Bakı İnzibati Məhkəməsində yekunlaşmışdır. Bakı İnzibati Məhkəməsinin məsələyə dair mövqeyi isə vətəndaş X6 aylıq müvafiq məbləğdə təqaüd aldığına görə onun yuxarıda qeyd edilən iddiasını əsassız hesab edərək iş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Habelə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 4.1-ci yarımbəndinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbui edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Ancaq iddia ərizəsinin sadə təhlilindən də müəyyən olunur ki, iddiaçıya iddia ərizəsində toxunduğu, həm də onun əsas iddia tələbi olan məsələyə dair heç bir əsaslandırma etməmişdir. Sadəcə karantin rejiminin tətbiq olunduğu dövr ərzində çətin maddi duruma düşdüyünü qeyd etmiş, heç bir şəkildə onun və uşaqlarının hüquqlarının pozulması hallarını aydınlaşdırmamışdır. Habelə qeyd edilən iddia ərizəsində cavabdeh tərəfindən ona qarşı edilən hərəkət və ya hərəkətsizliklərə dair də izahat verməyərək sadəcə müvafiq zərərin dəydiyini iddia etmişdir. Qərarın 5.1-ci yarımbəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxiiə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddia tələbində isə bəsit şəkildə iddiaçıların hüquqlarınm pozulduğu qeyd edilmiş, cavabdeh tərəfindən məhz hansı hərəkət və ya hərəkətsizliyin buna səbəb olduğu təsbit edilməmişdir. Həmin Qərarının 5.2-ci yarımbəndinə əsasən, bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddiaçı iddia ərizəsində 29 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2020-ci il yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək onun uşaqlarına ödənilməsini iddia etdiyi məbləği müəyyən etmişdir. Qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulan və onların yaşayış minimumunu müəyyən edən hüquq normaları hələ o demək deyil ki, bu və ya digər şəkildə həmin uşaqların, onların valideynlərinin dövlət tərəfindən müvafiq məbləğdə statik ödəmə almaq hüququ birbaşa yaşayış minimumunu müəyyən edən normalara nəzərən birbaşa yaranır. Əlavə olaraq qeyd edilməlidir ki, 4 dekabr 2004-cü il tarixli “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində yaşayış minimumunun təyinatı dairəsi dəqiq müəyyənləşdirilmişdir. Habelə müvafiq iddia ərizəsində iddiaçı hər nə qədər də yuxarıda yaşayış minimumunu müəyyən edən qanuna istinad etsə belə iddia etdiyi maddi zərərin hesablanması zamanı sadəcə 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin verildiyi təyinat ayları üzrə hesablamışdır. Ancaq iddia ərizəsində istinad edilən yaşayış minimumu fərdlərin aylıq yaşayış xərclərinin minimum məbləğini müəyyən etməkdədir. Bu isə sadəcə xüsusi karantin rejimində ödənilən birdəfəlik ödənişlərin təyinat ayları ilə məhdudlaşmaqdadır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iş üzrə iddiaçının əsas marağı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ödənilən birdəfəlik ödənişin əldə edilməsi olmuş, qeyd edilən iddia tələbinə dair əleyhinə qərar qəbul olunduqdan sonra əsassız olaraq sadəcə ödəmə almaq məqsədilə hazırkı iddia ilə məhkəmə müraciət etmişdir. Əlavə olaraq vurğulanmalıdır ki, iddiaçı ona dəymiş maddi zərərin səbəbi qismində sadəcə xüsusi karantin rejiminin tətbiq olunmasını göstərmişdir. Ancaq nəzərə alınmalıdır ki, xüsusi karantin rejiminin tətbiqi sadəcə Azərbaycan Respublikası dövlət sərhədləri çərçivəsində olmamış, bütün dünyada bu və ya buna bənzər müvafiq qabaqlayıcı tədbirlər alınmışdır. Bu tədbirlərin alınması ilə iddiaçı və onun uşaqlarına dəyən maddi zərər arasında səbəb-nəticə əlaqəsi qurmaq məntiqi olaraq mümkün olmamaqla bərabər, yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfındən də əsaslandırılmamışdır. Vətəndaş İddiaçı1 iddia ərizəsində onun Nazirliyə ünvanladığı 07 dekabr 2020-ci il və 07 iyun 2021-ci il taruxli müraciətlərinin cavablandırılmadığını iddia etmiş və bu hərəkətsizliyin qeyri-qanuni hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən qeyd edilən hər iki müraciətlə bağlı müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, vət. İddiaçı1 tərəfindən Nazirliyə ünvanlanan 7 dekabr 2020-ci il tarixli müraciəti Nazirliyə 12 dekabr 2020-ci il tarixində daxil olmuş və aidiyyəti üzrə nazirliyin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən 21 yanvar 2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmışdır. İddia edilən bir digər müraciət olan 7 iyun 2021-ci il tarixli müraciət isə müvafiq araşdırma zamanı aşkarlanmamışdır. Araşdırma zamanı vətəndaşın 28 iyun 2021-ci il tarixli müraciəti aşkarlanmışdır. Qeyd edilən müraciət isə Nazirliyə 2 iyul 2021-ci il tarixində daxil olmuş və Nazirliyin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən 14 iyul 2021-ci il tarixli, **********8 nömrəli məktubla cavablandırılmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (iddiaçılar İddiaçı3, İddiaçı4 qanuni nümayəndəsi) İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı2 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 20.04.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 14.07.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı1, anası X2 olan İddiaçı2 xx xxx 2004-cü ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14.02.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı1, anası X2 olan İddiaçı3 xx xxxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.07.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı1, anası X2 olan İddiaçı4 15 iyun 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 01.03.2017-ci il tarixli, 2(005)-89/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı X1 cavabdeh X9 qarşı nikahın pozulması və uşaqların atanın yanında qalması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 ilə X2 arasında Nərimanov rayon Qeydiyyat Şöbəsində 12 yanvar 2007-ci il tarixdə bağlanmış 22 saylı nikah qeydinin ləğv edilməsi, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx xxx 2004-cü il təvəllüdlü İddiaçı2, xx xxxxxx 2008ci il təvəllüdlü İddiaçı3 və xx xxxx 2012-ci il təvəllüdlü İddiaçı4 ataları İddiaçı1 yanında saxlanılması qət edilmişdir. - e-sosial.az tərəfindən İddiaçı3, İddiaçı2 və İddiaçı4 ünvanlanmış 20.04.2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, müraciət tarixinə himayədə olan şəxs olduqları üçün (18 yaşları tamam olmadığı üçün) onlara 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarının və Bakı Apellyasiya Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2-1(102) surətindən görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 190 manat birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2-1(102)-2504/2021 nömrəli qərarının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2- 1(112)-6461/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı1 tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 07 dekabr 2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, iddiaçı “Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin 2020ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan üç uşağına 2040 manat və valideynə 760 manat məbləğində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir. - İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 07 dekabr 2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, “Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı1 övladlarına vurulmuş 2040 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 07.12.2020-ci il tarixli müraciəti ilə bağlı 21.01.2021-ci il tarixli, **********2 №-li məktubun surətindən görünür ki, onun Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra Nazirlik) daxil olmuş müraciətinə Nazirliyin tabeliyində olan X3 (bundan sonra Agentlik) 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında (bundan sonra Filial) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq xüsusi karantin rejiminiin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün onu Filiala dəvət etmək mümkün olmamışdır. Müraciətinin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən onunla (***-***-**-**) əlaqə saxlanılmış, danışıq zamanı səhhəti ilə bağlı Filialdan heç bir iş tələbinin olmadığı, yalnız ona və qızı X5 işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsindən imtina səbəbləri barədə müvafiq məlumat verilməsini xahiş etmişdir. Ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyata olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na müvafiq olaraq ümumiləşdirilmiş informasiya bazasında yoxlama zamanı təqaüd aldığı, qızı İddiaçı2 isə müraciət tarixində 18 yaşından aşağı vətəndaş olduğu səbəbindən birdəfəlik ödəmənin verilməsindən imtina olunduğu və bu barədə mobil nömrələrinə SMS bildirişin göndərildiyi izah olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların tələbi iki hissədən ibarətdir. Birinci tələb müraciətlərinə cavab verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, ikinci tələb isə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddia tələbinin “07.12.2020-ci il tarixli və 07.06.2021-ci il tarixli şikayət ərizələrinə dair cavabdeh tərəfindən nümayiş etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi” ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçılar həmin şikayət ərizələrində Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan üç uşağına 2040 manat və valideynə 760 manat məbləğində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişlər. İddiaçıların 07.12.2020-ci il tarixli müraciətləri cavabdeh inzibati orqan tərəfindən 10.12.2020-ci il tarixdə poçt vasitəsilə qəbul edilmiş, aidiyyəti üzrə nazirliyin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən 21 yanvar 2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmış, qeyd olunan məktub poçt vasitəsi ilə iddiaçıların ünvanına göndərilmişdir. 07 iyun 2021-ci il tarixli müraciətin isə 11.06.2021-ci il tarixdə poçt vasitəsilə qəbul edilməsi barədə poçt zərfində qeydiyyat aparılsa da cavabdeh inzibati orqan tərəfindən araşdırma zamanı həmin müraciətin qeydə alınmaması müəyyən edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.0.2-ci maddəsinə əsasən müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. - 3.0.11-ci maddəsinə əsasən yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir. - 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. - 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. - 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. - 7.4-cü maddəsinə görə vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. - 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. - 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. “İnzibati icraat haqqqında” Azərbaycan Respublikası Qanununun: - 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçıların 07.12.2020-ci il tarixli müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən baxılmış, müraciətə cavab olaraq iddiaçılara 21 yanvar 2021-ci il tarixli, **********2 nömrəli cavab məktubu ünvanlamışdır. 07 iyun 2021-ci il tarixli, eyni məzmunlu müraciət isə cavabdeh inzibati orqana daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıların müraciətlərinə baxılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik olmamış, eyni zamanda iddiaçılar cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onların hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiklərindən ona qarşı yönəlmiş iddia tələbi mümkün hesab edilə bilməz. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçıların tələbi “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci il aprel, may, iyun, iyul aylarında tətbiqi olunması ilə əlaqədar İddiaçı1 yetkinlik yaşına çatmamış uşaqlarına vurulmuş 2040 manat məbləğində maddi ziyanın, yetkinlik yaşına çatmamış uşaqların hüquqlarının pozulması və onlara qarşı nümayiş olunan qanunsuz hərəkətsizlik zəminində, aylıq hər bir uşağa 170 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına 300 manat məbləğində vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin” Azərbaycan Respublikası ərazisində tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilir. Xüsusi karantin rejiminin tətbiqi ilə bağlı digər hallarda, konkret olaraq yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı ödəmələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər hansı cavabdehlik daşımır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıların hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, eyni zamanda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıların hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar