Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15608/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuniliyi qorunmaqla ölkə ərazisinə gətirilmiş “Hyundai Sonata” minik markalı, qara rəngli, KMHEU41AP9A715150 şassi (ban) nömrəli nəqliyyat vasitəsinin idxal gömrük proseduruna uyğun olaraq rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. Cəmiyyət tərəfindən ölkə ərazisinə gətirilmiş “Hyundai Sonata” minik markalı, qara rəngli, KMHEU41AP9A715150 şassi (ban) nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə AR Dövlət Gömrük Komitəsində **********7166 saylı sorğu nömrəsi ilə bəyan edilmiş və bütün gömrük rüsumları ödənilmişdir. Daha sonra gömrük əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi ilə əlaqədar əlaqə saxlanılmış, həmin nəqliyyat vasitəsinin nə zaman alınmasını sübut edən sənədlərdə çatışmazlıq olduğunu və bəyannamənin ləğvinə zərurət yarandığı bildirilmişdir. Bu səbəbdən nəqliyyat vasitəsi X2 Baş Gömrük İdarəsinin duracağına yerləşdirilmiş və çatışmazlıqların aradan qaldırılması üçün bütün lazımi sənədlər gömrük orqanlarına təhvil verilmişdir. Lakin AR Dövlət Gömrük Komitəsinin 3-33/2-018386/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinin mümkün olmaması bildirilmişdir. Belə ki, imtinanın səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 94 saylı qərarı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarında da qeyd edildiyi kimi ödəniş tapşırığı və digər sənədlər AR Dövlət Gömrük Komitəsinə təqdim edilməsinə baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsindən imtina olunmuşdur. Nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Korea Respublikasından alınmış, avtomobilə dair ödəniş Korea Respublikasında fəaliyyət göstərən və "xxxx" MMC-nin törəmə şirkəti olan “Okean Trading” LTD tərəfindən həyata keçirilmişdir. Həmin pul məbləği "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “Okean Trading” LTD-nin Korea Respublikasındakı bank hesabına köçürülmüşdür. Həmin məbləğ bu günədək Cəmiyyət tərəfindən alınaraq ölkə ərazisinə gətirilən avtomobillərdə istifadə olunmamış, gömrük orqanlarına həmin ödəniş tapşırığı hər hansı rəsmiləşdirmə üçün təqdim edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, hazırki mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Aşağıda qeyd edilənlərə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia qaldırdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini cavabdeh olaraq göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 21.1.2.3-cü yarımbəndində X2 Baş Gömrük İdarəsi inzibati orqan kimi nəzərdə tutulmuşdur. Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi bu sahə üzrə ixtisaslaşmış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur qurumu olan X2 Baş Gömrük İdarəsində aparılır. Eyni zamanda, İddiaçı tərəfindən Koreya Respublikasından “Okean Trading LTD” şirkətindən idxal edilən mənşə ölkəsi Koreya Respublikası olan 1 ədəd "Hyundai Sonata (Benzin M)” markalı, mühərrikinin həcmi 1998 sm3, şassi/ban nömrəsi KMHEU41AP9A715150, istehsal tarixi xx.xx.2009-cu il olan avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə X2 Baş Gömrük İdarəsinə elektron formada **********1047 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1047 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 870323 9080, 42-ci qrafasında invoys dəyəri 3037,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 8840,00 manat, 46-cı qrafasında statistik dəyəri 5200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 2 - eyni malların sövdələşmə qiyməti üsulu İddiaçı tərəfindən seçilərək sərbəst iradə ilə bəyan olunmuşdur. **********1047 sorğu nömrəli gömrük bəyannaməsinə aid elektron çıxarışa nəzər yetirdikdə aydın görünür ki, **********1047 sorğu nömrəli gömrük bəyannaməsi gömrük əməkdaşı Əşrəf Babayev tərəfindən xx.xx.2023-cü il tarixdə saat 09:26:37-də bəyannaməçi İddiaçınə qaytarılmışdır. Bəyannaməni bəyannaməçiyə qaytarma səbəbi kimi nəqliyyat vasitəsinin buraxılış ilinin 10 ili ötməsi göstərilmişdir. Bundan sonra İddiaçı rəsmiləşdirilmə prosesi bitməmiş bəyannamənin ləğv edilməsi üçün 3-33-3300/1- 005360/2023 saylı xx.xx.2023-cü il tarixli müraciəti əsasında **********1047 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 08:19:41-də X2 Baş Gömrük İdarəsi tərəfindən ləğv edilmişdir. Eyni zamanda, "Okean Avto-2011” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Məmmədov xx.xx.2023-cü il tarixli 155 nömrəli məktub (əlavə olunur) ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə müraciət etmişdir. Komitə tərəfindən məktubda cavab olaraq qeyd edilmişdir ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. Bu tarixdən etibarən yalnız zavod buraxılış tarixinə görə yaşı 10 ili ötməmiş, eləcə də 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (rəsmi ödəniş tapşırığı, bank hesabından çıxarış və ya arayış) gömrük orqanlarına təqdim edilməklə minik avtomobillərinin idxal gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür». Sadalanan qanunvericilik aktlarının normalarından və yuxarıda qeyd olunanlardan göründüyü kimi, mövcud qanunvericilikdə malların və nəqliyyat vasitələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi aidiyyəti üzrə gömrük orqanlarında aparılır. İddia tələbindən də göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır.. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətini müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 Baş Gömrük İdarəsi haqqında əsasnaməyə əsasən: - bənd 1.1. X2 Baş Gömrük İdarəsi (bundan sonra –Baş İdarə) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) strukturuna daxil olan ixtisaslaşdırılmış gömrük idarəsidir. - bənd 3.1. Baş İdarənin əsas vəzifələri aşağıdakılardır: 3.1.5. aksiz markası ilə markalanmalı olan malların və sərbəst dövriyyə üçün buraxılış, müvəqqəti idxal, ixrac, təkrar ixrac, təkrar idxal və müvəqqəti ixrac gömrük prosedurları altında yerləşdirilən avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 21-ci və 21.1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və X2 Baş Gömrük İdarəsi müstəqil inzibati oranlar kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək bilavəsitə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin deyil, onun ayrı inzibati orqan kimi məhkəmə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququ olan X2 Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, hazırkı iddia tələbinə cavab verməli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi deyil, X2 Baş Gömrük İdarəsidir. Məsələ ilə bağlı iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı cavabdehi əsl cavabdehlə əvəz etməmiş, həmçinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-15608/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15608/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver