Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16021/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı ARDNŞ İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ARDNŞ İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyatın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci döngə 38 ünvanı, 39 T 414090.0860; 4471919.1831 coğrafi koordinatlarda yerləşən 0,03 ha-dan ibarət bir hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq vətəndaş X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023cü il tarixli, **********81 reyestr və ********** qeydiyyat nömrəli olan çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində vətəndaş X2 tərəfindən tikinti işləri aparılmış və hal-hazırda tikinti işləri davam etdirilir. X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də əsassız olaraq xahişimiz təmin edilməmişdir. Göründüyü kimi, məqsədli təyinatı və “Azneft” İB-nin daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi yaşayış sahəsi kimi qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 32-ci Qaraçuxur, 1-ci döngə, 38 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının (xx.xx.2023-cü il tarixli, **********81 reyestr və ********** qeydiyyat nömrəli olan çıxarış) ləğv edilməsi barədə tələb irəli sürmüş və cavabdeh qismində Suraxanı RİH göstərmişdir. Halbuki, hazırki iddia üzrə cavabdehlik daşıyan orqan Suraxanı Rayon İcra Hakimiyyəti deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 3-cü və 4-cü bəndlərində yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri səciyyələnmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR-in vəzifəsidir. Bəhs olunan normativ-hüquqi aktların tələblərindən də göründüyü kimi daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifələrindən biri də hüquqların dövlət qeydiyyatını həyata keçirməkdir. Nəzərə alınmalıdır ki, iddiaçı X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını mübahisələndirsədə, tələbini səlahiyyətli orqana qarşı irəli sürməmişdir. İddiaçı hazırki tələbi hüquqlarını dövlət qeydiyyatını həyata keçirmək səlahiyyətli olmayan yerli icra hakimiyyətinə qarşı irəli sürmüşdür ki, bu hal hazırki vəziyyətdə iddianın düzgün cavabdehə yönəlmədiyinin göstəricisidir. Bu hal isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyini göstərir. Eyni zamanda Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan, hazırki iddia yalnız çıxarışın ləğv edilməsi formada mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə hazırki işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, çıxarışın özü inzibati akt hesab olunmur və onun verilməsinə əsas olan sənəd mübahisələndirilmədən, hazırki iddia tələbinin müstəqil formada baxılması mümkün deyildir. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbi ilə yanaşı, çıxarşın verilməsinə əsas olunan sənədin (inzibati akt olduğu halda inzibati məhkəməyə, çıxarışın verilməsinə əsas mülki əqd olarsa mülki məhkəməyə) ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli, müvafiq imtina aldıqdan sonra isə məhkəməyə müraciət etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-16021/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16021/2023
22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver