Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1722/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının qeydiyyata alınması və şəhadətnamə verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının qeydiyyata alınması və şəhadətnamə verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2021 03090 saylı ərizə ilə “THECHURCHİLL” PUB & BAR kombinasiya olunmuş əmtəə nişanının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi orqanında rəsmi qeydə alınmış və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamə (VÖEN) verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində cavabdehə elektron ərizə ilə müraciət edərək, “THECHURCHİLL” PUB & BAR kombinasiyalı əmtəə nişanının ƏXBT-nin 43-cü sinifi üzrə adına qeydə alınmasını xahiş etmiş, lakin cavabdehin Patent və X2 Mərkəzi tərəfindən əmtəə nişanının qeydə alınmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişi ilə ona imtina verilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, “təqdim etdiyiniz nişanın adı olaraq qeyd olunan “THECHURCHİLL” sözündə “The” söz önü artiklidir. “CHURCHİLL” isə məhşur X4 - Churchill adından götürülmüşdür. Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dünyanın bu günki simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Tərkibində bu kimi işarələri saxlayan nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr”in əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir.” Bundan sonra iddiaçı cavabdehin Apellyasiya Şurasına müraciət edərək göstərmişdir ki, iddia etdiyi əmtəə nişanı heç bir mənası olmayan və heç bir şəxsin adı olmayan “THECHURCHİLL” sözündən ibarətdir, ingilis qramatikasında adam adlarının əvvəlində artikıllar qoyulmur və “The” artiklı iddia etdiyi heç bir mənası olmayan uydurma “THECHURCHİLL” sözündən ibarətdir, “CHURCHİLL” sözünə istinad etməklə bu sözün məhşur X4-Churchill adından götürülməsinə istinad etmələri tam absurtdur, dünyada Churchill soyadını daşıyan minlərlə adam var, əgər iddiaçı həmin şəxlə bağlı əmtəə nişanının qeydə alınmasını tələb etsəydi, o zaman əmtəə nişanının konkret olaraq X4- Churchill kimi qeydə alınmasını tələb edərdi, halbuki, iddiaçının tələb etdiyi əmtəə nişanının adı çəkilən şəxsə heç bir aidiyyatı yoxdur. Bundan başqa şikayətində onu da qeyd etmişdir ki, əgər Ekspertiza Mərkəzi ilə razılışıb təqdim etdiyi əmtəə nişanının soyadla əlaqəli olmasını qəbul etsə də, o zaman yenə də cavabdehin imtinasına heç bir əsas ola bilməz. Belə ki, bir çox ölkələrə səfər etdiyi zaman, konkret olaraq “CHURCHİLL” adında fəaliyyət göstərən bar və restoranların mövcud olduğunun şahidi olmuş və həmin ölkələrdə də, bu əmtəə nişanları qeydiyyatdan keçmişdir. Belə ki, Amerika Patent İdarəsinin rəsmi saytın açıq axtarış bazalarında axtarış aparıldıqda, ümumiyyətlə onlarla “CHURCHİLL” adında əmtəə nişanının müxtəlif siniflərdə qeydiyyata alındığını aşkar etmək olar. Qeyd olunan siyahıdan bir neçəsi tərəfindən apellyasiya şurasına təqdim edilmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, cavabdehin istinadı ilə razılaşsa ki, bu ad Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dövlət xadiminin adıdır, halbuki iddiaçı bununla razılaşmır və buna baxmayaraq, cavabdehin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad edilməsi yenə də absurtdur. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqlarını pozur və iddiaçı da bu hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda göstərmişdir ki, İddiaçı 2021-ci il 15 dekabr tarixində 2021 03090 nömrəli iddia sənədi ilə “THECHURCİLL” nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 43-cü sinif (“kafe xidmətləri; restoran xidmətləri; bar xidmətləri; qəlyan xidmətləri; yeməklərin hazırlanması və evlərə çatdırılması xidmətləri”) xidmətləri üzrə qeydiyyata alınması üçün Agentliyə müraciət etmişdir. Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Mərkəz) 2022-ci il 22 aprel tarixli qərarı ilə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6-cı maddəsinin 2-ci hissəsinin “c” (tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələri təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır) bəndinə istinad edilərək “THECHURCİLL” nişanının qeydiyyata alınmasından imtina edilmişdir. Əmtəə nişanının qeydiyyata alınmasından imtina barədə Mərkəzin 2022-ci il 22 aprel tarixli qərarından iddiaçı tərəfindən Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra - Apellyasiya Şurası) etiraz ərizəsi verilmiş, lakin Apellyasiya Şurasının 2022-ci il 17 iyun tarixli A87-7/22 nömrəli Qərarı ilə etiraz təmin edilməmişdir. Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasına yol verilmir. “THECHURCİLL” nişanı qıraqları qara xətlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurdan, onun içərisində ağ fon üzərində, qara rəngdə, standart şriftə yazılmış “THECHURCHİLL” sözündən və onun altında yazılmış “pub&bar” sözlərindən ibarətdir. “THECHURCHİLL” sözü nişanın təsvirinin istehlakçının diqqətini cəlb etmək məqsədilə seçilmiş əsas elementdir və nişanın mərkəzi hissəsində ön mövqedə yerləşir. Nişanda “the” ingilis dili qrammatikasında müəyyən artikldır (Definite article), “pub, bar” sözləri isə ingilis dilindən Azərbaycan dilinə “pivəxana, bar” kimi tərcümə olunur və iddia edilən xidmətlər üzrə ümumişlək xarakter daşıyan, mühafizə olunmayan söz işarələridir və nişanların tərkibində yalnız mühafizəsiz element kimi istifadə edilə bilər. Nişanın əsas elementi olan “Churchill” sözü Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış görkəmli dövlət xadimi, natiq və yazıçı olan X4 Churchillin adının bir hissəsidir. Nişanın tərkibində tanınmış şəxslərin soyadı tanınmış şəxslərin və ya onların vərəsələrinin razılığı yoxdursa həmin ifadələr nişan və ya onun elementi kimi qeydə alınmır. Odur ki, ekspertizanın qənaəti əsaslıdır. Eyni zamanda iddia edilən nişanda əmtəə nişanının qeydə alınmasının hüquqi əsası mövcud deyil. İddiaçının “Amerika Patent İdarəsinin rəsmi saytının açıq axtarış bazalarında axtarış aparıldıqda ümumiyyətlə onlarla “CHURCHİLL” adında əmtəə nişanının müxtəlif siniflərdə qeydiyyata alındığı aşkar edilmişdir” barədə dəlillərini əsassız hesab edər. Belə ki, bu dəlil nişana mütləq olaraq Azərbaycan Respublikası ərazisində mühafizə verilməsinə əsas kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur. Yəni əmtəə nişanına dair iddia sənədinin verilməsi, həmin müraciətə baxılması və nişanın qeydiyyata alınması barədə normalar ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir. Buna görə də həmin ölkələrin qərarlarından biri digəri üçün məcburi hüquqi qüvvəyə malik deyildir. Onu da qeyd etməyi zəruri hesab edir ki, xarici ölkələrdə oxşar nişanın qeydiyyata alınması hallarında ekspertiza mərhələsində hansı prosedurların tətbiq olunduğu məlum deyil. Əmtəə nişanının əsas funksiyası bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının qeydiyyata alınması zamanı müvafiq maddi normaların tətbiqi və üçüncü şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmin edilməsi mütləqdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nişanın təhlili bütün nişanlar eyni cür dərk edilən faktor kimi deyil, hər bir əmtəəyə uyğun xüsusi yanaşma tələb edən bir məsələdir. Bunu nəzərə alaraq nişanın təhlili aparıldıqda nişanın tərkib hissəsi olan “CHURCHİLL” ifadəsinin məşhur ingilis ictimai və dövlət xadiminin soyadı ilə əlaqəli və ya bağlı olması aydın görünür. Qanunvericiliyin tələblərinə əsasən bildirir ki, nişanın qeydiyyata alınması barədə müvafiq normalara uyğunluq məsələsi araşdırılarkən, əlamətlər və meyarlar üçüncü şəxlərin hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Odur ki, sadə standart şriftlə təsvir edilmiş “THECHURCİLL” işarəsinə mühafizə verilərək qeydiyyata alınması, gələcəkdə üçüncü şəxslərin, yəni tanınmış şəxslərin vərəsələrinin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Üstəlik, qeyd edilən nişanın qeydiyyata alınması Qanunun 6-cı maddəsinin tələblərinin pozulması deməkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın müddəalarını rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı “THECHURCHİLL” işarəsinin əmtəə nişanı kimi qeydiyyata alınmasını xahiş etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli əmtəə nişanın qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişindən görünür ki, “2021 03090 №-li iddia ərizəsində iddia olunan “THECHURCHİLL” nişanı ƏXBT-nin 43-cü (kafe xidmətləri; restoran xidmətləri; bar xidmətləri; qəlyan xidmətləri; yeməklərin hazırlanması və evlərə çatdırılması xidmətləri) sinif xidmətləri üzrə iddia olunmuşdur. Təqdim etdiyiniz nişanın adı olaraq qeyd olunan “THECHURCHİLL” sözündə “The” söz önü artiklıdır, “CHURCHİLL” isə məhşur X4- Churchill adından götürülmüşdür. Çörçill İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Bövük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən cox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Nəzərinizə çatdırırıq ki, tərkibində bu kimi işarələri saxlayan nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr”in əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Qeyd: Qanunun 14-cü maddəsinin 5-ci abzasına əsasən iddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda, bildirişi aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.” - İddiaçının cavabdehə ünvanlandığı 2021 03090 №-li bildirişə cavabından görünür ki, rədd bildirişinə cavabı nəzərə alaraq və ekspertizanı yenidən apararaq əmtəə nişanını qeydiyyata almağı xahiş etmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının xx.xx.2022-ci il tarixli A87-7/22 saylı qərarı ilə qərara alınmışdır ki, iddiaçı (ərizəçi) İddiaçı məxsus “THECHURCHİLL” (2021 03090 nömrəli iddia sənədi) əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Ekspertiza) xx.xx.2022-ci il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunsun və təmin edilməsin. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının A87-7/22 saylı iş üzrə xx.xx.2022-ci il tarixli iclasının protokolundan görünür ki, “İddiaçı məxsus (2021 03090 nömrəli barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Ekspertiza) xx.xx.2022-ci il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən verilmiş etiraz ərizəsinə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının açıq iclasında baxılıb qərar qəbul edilmişdir.”
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı “THECHURCHİLL” PUB&BAR kombinasiya olunmuş əmtəə nişanının adına qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müracət etmiş, lakin cavabdehin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2022-ci il tarixli qərarı ilə əmtəə nişanın qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçının apellyasiya şikayətinə baxmış cavabdehin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının xx.xx.2022-ci il tarixli A87-7/22 saylı qərarı ilə iddiaçı (ərizəçi) İddiaçı məxsus “THECHURCHİLL” (2021 03090 nömrəli iddia sənədi) əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2022-ci il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq təmin edilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək 2021 03090 saylı ərizə ilə “THECHURCHİLL” PUB & BAR kombinasiya olunmuş əmtəə nişanının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Konvensiyaya, “Patent kooperasiyası haqqında” Müqaviləyə, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Sazişə, İntellektual Mülkiyyətin Ümumdünya Təşkilatını təsis edən Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə 1109 saylı 14 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris şəhərində 1883-cü il martın 20-də imzalanmış Konvensiyaya (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6-da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) qoşulmuşdur. Həmin Konvensiyaya əsasən: İxtira üzrə patentlər, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, xidmət nişanları, firma adları və mənşə, yaxud mənşə yerinin adları göstəriciləri və həmçinin qeyri-səmimi rəqabət sənaye mülkiyyətinin mühafizəsi obyektləridir. Ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur. İttifaq ölkələri qeydiyyatı rədd etmək, yaxud onu etibarsız tanımaq və səlahiyyətli hökumət dairələrinin icazəsi olmadıqda uyğun tədbirlərlə əmtəə nişanları, yaxud bu nişanların elementləri kimi gerblərin, bayraqların və İttifaq ölkələrinin başqa dövlət emblemlərinin istifadəsini onların daxil etdiyi rəsmi işarələr və nəzarət və keyfiyyət damğaları və həmçinin heraldika baxımından buna hər hansı təqlidi qadağan etmək haqqında razılaşırlar. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixi 448-İİQ saylı Qanuna əsasən qoşulmuş X3 Təşkilatının “Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa Sazişi”nə əsasən: (1) Bu Sazişin tətbiq edildiyi ölkələr Xüsusi ittifaq yaradır və nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin vahid təsnifatını (bundan sonra —«Təsnifat») qəbul edirlər. (2) Təsnifat aşağıdakılardan ibarətdir: (i) zəruri halda izahla müşayiət olunan siniflərin siyahısından; (ii) hər bir əmtəə və ya xidmətin aid olduğu siniflər göstərilməklə əmtəələrin və xidmətlərin əlifba ardıcıllını göstərən əlifba sırası (bundan sonra - «Əlifba sırası»). (3) Təsnifata aşağıdakılar daxildir: (i) Ümumdünya əqli Mülkiyyəti Təşkilatının təsis konvensiyasında adı çəkilən və əqli mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq büro (bundan sonra —«Beynəlxalq büro») tərəfindən 1971-ci il tarixdə nəşr edilən təsnifat; bu zaman nəzərdə tutulur ki, bu nəşrə daxil olan siniflərin siyahısının izahına, onun 3-cü maddədə göstərilən ekspertlər komitəsi tərəfindən işlənib hazırlanmasına kimi, həm müvəqqəti və həm də tövsiyələr kimi baxılır; (ii) bu Akt qüvvəyə minənə qədər, bu Sazişin 15 iyun 1957-ci il tarixli Nitsa Sazişinin 4(1) maddəsinə və 14 iyul 1967-ci il tarixli Stokholm Aktına müvafiq qüvvəyə minən düzəlişlər və əlavələr; (iii) bu Aktın 3-cü maddəsinə uyğun daxil edilən və bu Aktın 4(1) maddəsinə müvafiq qüvvəyə minən düzəlişlər. Xüsusi ittifaqın hər bir ölkəsi Təsnifatdan əsas və köməkçi sistem kimi istifadə etmə hüququnu özündə saxlayır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 3-cü maddəsinə əsasən əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: (...) b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasına yol verilmir. Həmin Qanunun 11-ci maddəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi” anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
4. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı. Məhkəmə hesab edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı anlayışında onun əsas xüsusiyyəti kimi fərqləndirmə qabiliyyəti göstərilmişdir. Lakin iddiaçının qeydiyyata alınmasını istədiyi əmtəə nişanı tanınmış şəxsin adıdır. Nişanın əsas elementi olan “Churchill” sözü Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış görkəmli dövlət xadimi, natiq və yazıçı olan X4 Churchillin adının bir hissəsidir. Nişanın tərkibində tanınmış şəxslərin soyadı tanınmış şəxslərin və ya onların vərəsələrinin razılığı yoxdursa həmin ifadələr nişan və ya onun elementi kimi qeydə alınmır. Ona görə də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddia edilən nişanda əmtəə nişanının qeydə alınmasının hüquqi əsası mövcud deyil. İddiaçının “Amerika Patent İdarəsinin rəsmi saytının açıq axtarış bazalarında axtarış aparıldıqda ümumiyyətlə onlarla “CHURCHİLL” adında əmtəə nişanının müxtəlif siniflərdə qeydiyyata alındığı aşkar edilmişdir” barədə mülahizəsini məhkəmə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur. Yəni əmtəə nişanına dair iddia sənədinin verilməsi, həmin müraciətə baxılması və nişanın qeydiyyata alınması barədə normalar ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir. Buna görə də həmin ölkələrin qərarlarından biri digəri üçün məcburi hüquqi qüvvəyə malik deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkasının Qanununun tələbləri isə tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı isə belə razılıq müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xarici ölkələrdə oxşar nişanın qeydiyyata alınması hallarında ekspertiza mərhələsində fərqli prosedurlar tətbiq oluna bilər, əmtəə nişanının əsas funksiyası bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.1.-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Həmin Qanunun 68.3.-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 68.4.-ci maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati akt qəbul edilməsindən əvvəl inzibati icraat aparılmış, bu zaman marağına toxunan şəxs həmin icraata cəlb edilmiş, inzibati orqan işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmış və bunun üçün zəruri sübutları toplamış, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilmiş və nəhayət, qəbul edilmiş inzibati akt qanunda nəzərdə tutulmuş qaydada əsaslandırılmışdır. Ona görə də, qərar inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul olunmuşdur. Eyni zamanda iddiaçi tərəf də məhkəməyə mübahisələndirilən qərarın əsassızlıgını göstərən halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə iddiasının əsasını sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya 2021 03090 saylı ərizəsi üzrə “THECHURCHİLL” PUB & BAR kombinasiya olunmuş əmtəə nişanının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva