Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1752/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs:Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Hövsan südçülük sovxozu ərazisində mülkiyyətində olan torpaq sahəsində şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq müxtəlif tikililərin inşası başa çatdırılmış, müvafiq çıxarışlar alınmışdır. İnşaatın 7-ci mərhələsi olan ticarət mərkəsinin tikintisi də başa çatdırılaraq tikinti obyektinin istismarına icazə sənədi də verilmişdir. Cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilərək çıxarışın verilməsi həyata keçirilməmişdir. Halbuki, yaşayış kompleksinin 1-8-ci mərhələrində inşa edilən və çıxarış verilən digər tikililər kimi hazırkı tikili ilə bağlı da sənədlər mövcud olmuşdur. Etirazın əsaslandırılması: Etiraz onunla əsaslandırılmışdır ki, istismara icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, tikintiyə icazə sənədi əlavə edilməmiş, istismara icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasında aşırımlar nəzərə alınmamış, eskiz layihə qanunvericiliyə uyğun olaraq təsdiqlənməmişdir. Ölçülər layihə vəziyyətinə və istismara icazə sənədində qeyd edilən ölçülərlə uyğun olmadığı müəyyən edilmiş, baxış zamanı eskiz layihə və istismara icazədə əmlakının ölçüsünün 20364,4 kv.m qeyd olunmasına baxmayaraq 16574 kv.m olduğu müəyyən edilmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdehin 06 mart 2023-cü il tarixli məktubundan da görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə tikilinin inşa edildiyi torpaq sahəsi Bakı şəhərində yerləşməsinə baxmayaraq Abşeron Rayonunun İdarəçiliyində saxlanılan ərazidir. Odur ki, torpaq sahəsi Bakı şəhərində yerləşdiyindən aidiyyət qaydalarına uyğun olaraq işə Bakı İnzibati Məhkəməsində baxılması, torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində saxlanılmış torpaq sahəsi olduğundan isə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının hazırkı iş üzrə cavabdeh olan qurum tərəfindən həyata keçirilməli olması ilə əlaqədar cavabdehin düzgün seçilməsi baxımından da iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 noyabr 2013-cü il tarixli sərəncamda qeyd edilmişdir ki, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində Qolf meydançası, onun ətrafında 950 ədəd mənzil, 950 ədəd fərdi yaşayış sahəsi, otel, məktəb binası, ticarət və iş mərkəzinin tikintisinə icazə verilmişdir. X1 Baş İdarəsinin xx.xx.2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, "xxxx" kompelksində ticarət mərkəzi üzrə işçi layihəsini konstruktiv dayanıqlılıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar. Çıxarışlardan görünür ki, Hövsan südçülük sovxozu ərazisində yerləşən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar və əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Tikintidə Təhülkəsizliyə Nəzarət X3 Qrupunun 07 dekabr 2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, ticarət mərkəzinin təyinatının dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlilik və dayanıqlılıq tələblərini ödəyir. X4 Xidmətinin 24 fevral 2020-ci il tarixli aktında göstərilmişdir ki, iki mərtəbəli ticarət binası yanğın təhlükəsizliyi tələblərinə cavab verir. İstismara hazırlıq aktından görünür ki, ticarət mərkəzinə dair obyektin əsas göstəriciləri 20363,4 kv.m ümumi sahə, tikintialtı sahə 9261,1 kv.m, zirzəmili 2 mərtəbəli (A,B,C,D,E bloklar) göstərilməklə Abşeron Rayon İcra Hakimiyyətinin 28 noyabr 2013-cü il tarixli sərəncamına uyğun tikintiyə icazə verilməsinə istinad edilərək istismara hazır hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 15 may 2020-ci il tarixli tikinti obyektinin istismarına icazəsində qeyd edilmişdir ki, ticarət mərkəzinin tikinti altı sahəsi 9261,1 kv.m, ümumi tikinti sahəsi 20363,4 kv.m olmaqla istismarına icazə verilir. İcazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməmişdir. İddiaçının Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi yazılı izahatında qeyd edilmişdir ki, tikinti obyektinə kodun verilməsini nəzərdə tutuan Qaydalar 2013-cü il tarixdə nəzərdə tutulmamışdır. Kodun verilməsini nəzərdə tutan Qaydalar 12 yanvar 2015-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir. Aşırımların nəzərə alınmamasına münasibətdə isə qeyd edilmişdir ki, aşırımların normativlərə uyğunluğunun yoxlanılması cavabdeh yox, FHN-nin səlahiyyətindədir. Həmin Nazirliyin qurumlarının vermiş olduğu rəylərdən görünür ki, rəylər müsbət olmuşdur. İddiaçı, həmçinin bildirmişdir ki, eskiz layihə də RİH tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmişdir. Cavabdehin 12 dekabr 2022-ci il tarixli məktuba Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, inşa edilmiş qeyri-yaşayış binasının ölçüləri layihə vəziyyətinə və istismara icazə sənədindəki ölçülərə uyğundur. Ümumi sahə 17933,9 kv.m, divarlarının xarici tərəfindən hesablanmış ümumi sahə isə (zirzəmi-2009,7 kv.m, 1-ci mərtəbə 9170,2 kv.m, 2-ci mərtəbə 9170,2 kv.m) 20350.1 kv.m-dir. Qeyri yaşayış binasının faktiki ölçüləri eskiz layihə və istismara icazə sənədində qeyd edilən əmlakın sahəsi ilə eynidir. Cavabdehin 06 mart 2023-cü il tarixli məktubundan görünür ki, tikilinin inşa edildiyi torpaq sahəsi Abşeron rayonun İdarəçiliyində saxlanılmış keçmiş Hövsan südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə aid edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 18 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tikintiyə icazə barədə sərəncam verilərkən tikintiyə kodun verilməsi ilə əlaqədar qaydalar müəyyən edilməmişdir. Sərəncam qəbul edilərkən kod verilməsi ilə əlaqədar müraciət edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi mübahisə Ticarət mərkəzi binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar olmuşdur ki, adıçəkilən binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün, Qanunun 8.0.10.1-ci-ci maddədə nəzərdə tutulan sənədlərin mövcud olması mütləqdir. Maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə barədə sənədlər mövcud olduğu təqdirdə qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatından söhbət gedə bilər ki, iş materiallarından, cavabdehin imtinasından da göründüyü kimi hüququn qeydiyyatı üçün əsas olan tikinti obyektinin istismarına icazə sənədi qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edildiyindən cavabdehin imtinası qanuni etmişdir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş iş materiallarında olan tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikinti obyekti barədə əsas göstərilər, istismara icazə verən orqanın adı və ünvanı, tikinti obyektinin ünvanı, istismar təyinatı, istismara hazırlıq aktı, sifarişçi, layihəçi, podratçı və digər aidiyyət məlumatlar icazə sənədində öz əksini tapsa da, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi həmin sənəddə öz əksini tapmamış, həmin hal isə cavabdehin başlıca imtina əsaslarından biri qismində çıxış etmişdir ki, məhkəmə də həmin imtina dəlili ilə razılaşır. İddiaçı adıçəkilən kodun mövcud olmama səbəbi kimi tikintiyə icazə verilərkən, yəni 2013-cü il tarixdə həmin dövrdə mövcud olmuş qanunvericiliklə kodun verilməsinin nəzərdə tutulmadığını, kodun təqdim edilməsinin Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalar əsasında həyata keçirildiyinə istinad etsə də, məhkəmə həmin mövqe ilə razı olmamaqla bərabər aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şəhərsalma və Tikinti Məcəlləsinin: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 101.4. Tikinti obyektinin istismarına icazənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 3.1. Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 104.1. Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə-yə əsasən Tikinti obyektinin istismarına İcazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməsi mütləq tələb kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın: 2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçota almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;[8] 3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi; 3.1.2.4. tikinti obyektinin istismar təyinatı; 3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); 3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; 3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı. 3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən də aydın olduğu kimi istismara icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin göstərilməsi mütləq şərtdir. İddiaçının istinad etdiyi kodun verilməsinin yuxarıda adıçəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları əsasında təsbit edildiyi, yəni 2013-cü il tarixdə tikintiyə icazə verilməsi barədə sərəncamdan sonra qəbul edildiyi dəlili isə məhkəmə hesab edir ki, istər tikinti obyektinə istismara icazənin verilməsi, istər tikililərin dövlət reyestrinin aparılması məqsədləri baxımından, istərsə də Qaydaların 4.4-cü bəndin konkret tələbi baxımından qanunsuzdur. İlk növbədə 4.4-bəndin konkret tələbindən də göründüyü kimi reyestrin yaranmasından əvvəl başlamış tikililərə münasibətdə də tikinti obyektinin istismarına icazə verilməmişdirsə kodun verilməli olmasına dair xüsusi prosedur qayda müəyyən edilmişdir. Hazırkı iş üzrə tikintiyə icazə sənədinin 2013-cü il tarixli olması nəzərə alınmaqla iddiaçının xüsusi ilə istinad etdiyi kimi Qaydaların 2015-ci il tarixli olması nəzərə alınmaqla tikilinin reyestrin yaranmasından əvvəl inşa edildiyi mübahisə doğurmur. Lakin, həmçinin o da mübahisə doğurmur ki, həmin tikilinin 2020-ci il tarixə dək, yəni Qaydaların, xüsusi ilə də 4.4-cü bəndin qüvvədə olduğu müddətdə istismara icazə sənədi də mövcud olmamışdır. Həmin hallarda isə edilməli olan prosedur 4.4-cü bənddə konkret tənzimlənmişdir. Belə ki, reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. 4.4-cü bəndin tələbindən də konkret olaraq göründüyü kimi yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən tikintisinə icazə verilmiş tikili barədə məlumat və sənədlərin Reyestrə təqdim edilməsi və tikinti obyektinə kodun alınması mütləqdir. Lakin hazırkı iş üzrə nə iddiaçı tərəfindən, nə də yerli icra hakimiyyəti orqanı tərəfindən tikiliyə kodun alınması barədə hər hansı tədbir həyata keçirilməmişdir ki, bu səbəbdən də tikinti obyektinin istismara icazə sənədində zəruri məlumat kimi qeyd edilməli olan tikintiyə kodun göstərilməməsi tikintinin istismarına icazə sənədinin mötəbərliyini şübhə altına almaqla cavabdehin imtinasının qanuniliyi anlamına gəlir. Nəzərə alınmalıdır ki, Reyestrin aparılmasında məqsəd yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçota almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. Qaydalardan əvvəl tikilinin həyata keçirilməsi, bu səbəbdən də kodun təqdim edilməli olmaması, kodun verilməməsi kimi hallara istinad edilməsi isə məhkəmə hesab edir ki, həmin reyestrin aparılması məqsədləri ilə uzlaşmır. Bu səbəbdəndir ki, hətta tikililər Qaydalardan əvvəl inşa edilsə belə istismara icazə verilməmişdirsə məlumatların təqdim edilməsi və kodun verilməsi ilə bağlı tələb qanunvericilikdə öz əksini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçıya məxsus tikinti obyektinin istismarına icazə sənədinin rekvizitlərindən görünür ki, hazırkı iş üzrə təqdim olunan icazə sənədində tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi hissəsində qeydiyyat aparılmamışdır. Hazırkı halda, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Ali Məhkəmənin digər 2-1(102)-2274/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, tikinti obyektinin istismarına icazə sənədinin rekvizitləri dəqiq müəyyən edilmiş hazırki iş üzrə təqdim olunan icazə sənədində tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi hissəsində qeydiyyat aparılmamış, yəni həmin kod icazə sənədinə əlavə olunmamışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh tərəfindən kodun verilməməsi ilə yanaşı digər imtina əsasları da göstərilmişdir ki, həmin imtina əsasları tikintiyə icazə sənədi əlavə edilməməsi, qeyri-yaşayış binasında aşırımlar nəzərə alınmaması, eskiz layihənin qanunvericiliyə uyğun olaraq təsdiqlənməməsi, ölçülərin layihə vəziyyətinə və istismara icazə sənədində qeyd edilən ölçülərlə uyğun olmaması, baxış zamanı eskiz layihə və istismara icazədə əmlakının ölçüsünün 20364,4 kv.m qeyd olunmasına baxmayaraq 16574 kv.m olduğu müəyyən edilməsi ilə əlaqədardır. Məhkəmə hesab edir ki, adıçəkilən imtina əsaslarının müvafiq mütəxəssis rəyi və onun əsasında ekspert rəyinin əldə edildikdən sonra yoxlanılması zərurəti mövcuddur ki 30 iyun 2022-ci il tarixdən Sumqayıt İnzibati Məhkəməsi, daha sonra isə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş həmin iş üzrə əlavə məhkəmə xərcinin yaranmaması, eləcə də iş üzrə icraatın ağlabatan müddətdə yekunlaşdırılması zərurəti tikinti obyektinə kodun verilməməsi ilə əlaqədar qanuni imtina dəlilinin iddianın rəddinə əsas yaratdığı halda iş üzrə yekun nəticəyə gəlinməsi üçün işin digər imtina dəlillərini yoxlanılması ilə əlaqədar yenidən mütəxəssis və ilkin ekspertiza nəticələrinin əldə edilməsi ehtiyacını aradan qaldırmış olur. Başqa sözlə iddianın rəddi üçün tikinti obyektinə kodun mövcud olmaması ilə bağlı hal əsas yaradır ki, həmin imtina əsasların qanuniliyinin möhkəmləndirilməsi baxımından mütəxəssis və ekspertiza tətqiqatının aparılması, bununla da iddianın rədd ediləcəyi təqdirdə əlavə xərcin iddiaçıya həvalə edilməsi, eləcə də işin daha da əlavə müddətdə baxılmasını, məhkəmə zəruri hesab etmir. İddia bir imtina dəlili dəlilinin qanuniliyi baxımından qanunsuz və əsassızdır ki, ikintiyə icazə sənədi əlavə edilməməsi, qeyri-yaşayış binasında aşırımlar nəzərə alınmaması, eskiz layihənin qanunvericiliyə uyğun olaraq təsdiqlənməməsi, ölçülərin layihə vəziyyətinə və istismara icazə sənədində qeyd edilən ölçülərlə uyğun olmaması, baxış zamanı eskiz layihə və istismara icazədə əmlakının ölçüsünün 20364,4 kv.m qeyd olunmasına baxmayaraq 16574 kv.m olduğu müəyyən edilməsi ilə bağlı imtina dəlillərinin iddiaçının xeyrinə həll edilməsi iddianın təmin edilməsinə əsas yaratmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1752/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1752/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver