Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1782/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin İddiaçı tərəfindən bəyan edilmiş 06 iyul 2020-ci il tarixli **********963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 29 iyul 2020-ci il tarixli **********3139 saylı Gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti "xxxx" Şirkəti ilə müqavilə bağlayaraq, ölkə ərazisində xammal qismində istifadə edilməsi üçün "köpükləndirilən polistriol" məhsulu almış və qeyd edilən məhsul 06 iyul 2020-ci il tarixdə Bakı şəhərinə çatdırılmışdır. Onlar idxal etdiyi məhsul barədə 06 iyul 2020-ci il tarixdə Gömrük bəyannaməsi təqdim etmiş və bəyannamədə malın ümumi gömrük dəyərini mal aldıqları qiymətə - 39134 manat (23020 ABŞ dolları) - göstərmişdilər. Bakı Baş Gömrük İdarəsi tərəfindən isə təqdim edilmiş bəyannamə qəbul edilməmiş, səbəb kimi isə statistik dəyərin dəqiqləşdirilməli olması göstərilmişdir. Onlar tərəfindən təqdim edilmiş gömrük dəyəri rəsmi sənədlərə (İnvoys. müqavilə və s.) əsasən göstərilsə də, Bakı Baş Gömrük İdarəsi malın gömrük dəyərinin düzgün olmadığı barədə qənaətə gəlib, bu barədə onlara hər hansı bir yazılı bildiriş təqdim etmədən onların bəyannamələrini qaytarmış, malı 3 gün ərzində gömrük nəzarəti altında saxlayaraq, bu hərəkətləri ilə Gömrük Məcəlləsinin tələblərini pozmaqla yanaşı, bir iqtisadi subyekt kimi Şirkətin də normal iş rejimində problemlər yaratmışdır. Belə ki, bəyan edilmiş mal Şirkətə məxsus zavodda tikinti materiallarının istehsalı üçün nəzərdə tutulmuş, həmin malın zavoda vaxtında çatdırılmaması istehsalda ciddi problemlər уaratmışdır. Göründüyü kimi, Bakı Baş Gömrük İdarəsi tərəfindən onlara yazılı bildiriş təqdim edilmədən, bəyan etdikləri malın statistik dəyərinin dəqiqləşdirilməsi tələb edilmiş, bu düzəlişlər ilə razılaşmadıqları üçün malı gömrük nəzarəti altında saxlayaraq, onların sərəncamlarına verməmişlər. Bu yolla İddiaçı Bakı Baş Gömrük İdarəsinin əsassız göstərişləri ilə razılaşmağa və malı gömrük nəzarətindən çıxarmaq üçün gömrük bəyannaməsində malın statistik dəyərinin yuxarı göstərilməsinə məcbur edilmişdir. Cavabdeh əsassız olaraq onlardan artıq vergi alınmasını təmin etmək üçün qarşılarında süni maneə yaratmış, bu hərəkəti ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərini pozmuşdur. Yəni Qanunda nəzərdə tutulmayan hərəkətin statistik dəyərin dəqiqləşdirilməsinin – onlar tərəfindən edilməsini tələb etmişdir. Malın statistik dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi mümkün deyildir, xüsusi gömrük statistikasını gömrük orqanı aparmalıdır. Yəni cavabdeh onlardan malın statistik dəyərinin dəqiqləşdirilməsini tələb edə bilməzdi. Hətta onlar Bakı Baş Gömrük İdarəsinə məktub ünvanlayaraq, İddiaçınə məxsus, 06 iyul 2020-ci il tarixli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş malın gömrük dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədar yarana biləcək gömrük borcunun İddiaçı tərəfindən gömrük orqanının depozit hesabına köçürülməsinin təmin edilməsini və Şirkətə məxsus malın istifadə üçün İddiaçınə verilməsini xahiş etmiş, onların bu müraciətləri də cavabsız qalmış, onlara məxsus mal gömrük nəzarəti altında saxlanmışdır.Onlar tərəfindən bəyan edilmiş malın gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslandığına görə cavabdeh bəyan edilmiş malın gömrük dəyərinin dəqiqləşdirməsini tələb edə bilməmiş, bu üzdən malın statistik dəyərinin dəqiqləşdirilməsini tələb etmişdir. Həmin malın statistik dəyərinin isə 1 kq-na görə 1,25 ABŞ dolları göstərməklərinin tələb edilməsi tam qanunsuz olmuş, buna baxmayaraq, onlar Şirkətə məxsus malın gömrük nəzarətində saxlanılması ilə Şirkətə daha yüksək zərər vuracağını görüb, cavabdehin əsassız şərti ilə razılaşmış və 09 iyul 2020-ci il tarixdə Gömrük bəyannaməsində gömrük dəyərini onlardan tələb edilən məbləğdə göstərməklə malı gömrük nəzarətindən çıxarmalı olmuşlar. Qanunvericiliyin tələbinə əsasən, gömrük dəyəri anlayışı statistik dəyər anlayışından fərqlidir və gömrük orqanı əgər onların malının gömrük dəyəri ilə razılaşmırlarsa, bu zaman Gömrük dəyərinin müəyyən edilməsi üçün qanunauyğun tədbirlər görə bilərdi. Lakin bir iqtisadi subyekt kimi onların qarşılarında süni maneələr yaratmaqla gömrük dəyərinin yuxarı göstərilməsinin tələb edilməsi qanunsuzdur. İşin diqqətəlayiq bir halı da ondan ibarətdir ki, gömrük bəyannaməsi elektron qaydada doldurulur və Gömrük Bəyannaməsinin 46-cı qrafasında statistik dəyər göstərilməlidir. Bəyannaməçi malın invois dəyərini olduğu kimi göstərib, əslində həmin dəyərə uyğun gömrük rüsumlarını ödəməlidir, lakin statistik dəyər qrafasında gömrük orqanının tələb etdiyi qiyməti göstərən zaman malın 42 qrafada olan invois dəyəri də avtomatik olaraq statistik dəyərə uyğun yazılır və bu hal malın invois dəyərinin artıq göstərilməsinə səbəb olur. Məhz Gömrük orqanı bundan istifadə elməklə statistik dəyərin dəqiqləşdirilməsi adı ilə bəyannaməni təsdiq etmədən qaytarır və şifahi olaraq statistik dəyərin nə qədər göstərilməli olmasını tələb edir. Əks təqdirdə isə bəyannaməni təsdiq etmir və mal gömrük nəzarətində saxlanılır. Gömrük orqanına qarşı qanunauyğun tədbirlər görülmədiyinə görə cavabdeh bundan sui-istifadə etməyə davam etmiş, 14 iyul 2020-ci il və 29 iyul 2020-ci il tarixlərdə də ölkəyə gətirdikləri mallarla əlaqədar bəyan etdikləri 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 29 iyul 2020-ci il tarixli **********3139 saylı Gömrük Bəyanamələrini statistik dəyərin dəqiqləşdirilməsi adı ilə qaytarmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur.Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.Aparılmış araşdırma zamanı 29 iyul 2020-ci il tarixli **********3139 saylı gömrük bəyannaməsinin sistemdə mövcud olmadığı və Bakı Baş Gömrük İdarəsinə həmin tarixdə təqdim edilmədiyi müəyyənləşdirilmişdir.İddiaçı MMC 06 iyul 2020-ci il tarixli **********8963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı gömrük bəyannamələrini gömrük orqanına təsdiqləyərək təqdim etmiş, idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır.Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələrin gömrük orqanının məcburi surətdə təsdiq etdirdiyini iddia edir ki, bu da iş materialları ilə sübut olunmur. Məhkəməyə təqdim etdikləri iddiaçının təsdiqlədiyi gömrük bəyannamələrinin 20 qrafasına baxış keçirdikdə aydın olur ki, iddiaçı malı “EXW Gebze” şərti ilə Türkiyə respublikasında təhvil almış və Azərbaycana idxal etmiş, eyni zamanda digər bəyannamədə isə “CİF Poti” şərti ilə Gürcüstan Respublikasında təhvil almış və Azərbaycana idxal etmişdir. Hətta iddiaçının çəkdiyi başqa xərclər nəzərə alınmasa belə təkcə yol xərci gömrük dəyərinin artmasına təsir edir və invoysda göstərilən qiymətlə gömrük rəsmiləşdirilməsinin aparılmasını istisna edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Bakı Baş Gömrük İdarəsinin İddiaçı tərəfindən bəyan edilmiş 06 iyul 2020-ci il tarixli **********963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26 oktyabr 2020-ci il tarixli **********9257 saylı Gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 26 avqust 2021-ci il tarixə təyin edilmiş, həmin iclasda hər iki tərəf iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi təmsil etdiyi qurumun hərəkətlərinin qanunvericiliklə nəzərdə tutulmuş olduğu, iddiaçı tərəfindən müvafiq gömrük bəyannamələrinin təsdiq edildiyini bildirildi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan sənədlər: -"xxxx" MMC tərəfindən təsdiq edilmiş 06.07.2020-ci il tarxli **********8963 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, tədarükçü “CFN KİMYA SANAYİ VE DİŞ TİCARER A.Ş” istehsal ölkəsi Türkiyə olmaqla ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (WG-100 A Natural White) (WG 150 A Natural White) (WG 300 A Natural White) malının invoys dəyəri 20520,00, gömrük dəyəri 48450,00 manat, statistik dəyəri isə 28500,00 ABŞ dolları göstərilmişdir. CFN KİMYA SANAYİ VE DİŞ TİCARET A.Ş. 4610 nömrəli invoysda 22800,00 kq mallara görə 20520,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. 3045315 nömrəli 23.06.2020-ci il tarixli köçürmə orderindən görünür ki, "xxxx" MMC tərəfindən CFN KİMYA SANAYİ VE DİŞ TİCARET Şirkətinin bank hesabına 20520,00 ABŞ dolları ödəniş edilmişdir. **********8963 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə statistik dəyərin dəqiqləşdirilməsi səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən təsdiq edilmiş 14.07.2020-ci il tarixli **********8144 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (EXPANDABLE POLYSTYRENE) istehsal ölkəsi Çin olan malın invoys dəyəri 18360,00, gömrük dəyəri 41905,00 manat, statistik dəyəri isə 24650,00 ABŞ dolları göstərilmişdir. OOO NORİS. 003 nömrəli invoysda 17,000 kq mallara görə 18360,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. 3059245 nömrəli 29.06.2020-ci il tarixli və 285101 nömrəli 08.05.2020-ci il tarixli köçürmə orderinlərdən görünür ki, "xxxx" MMC tərəfindən OOO NORİS Şirkətinin bank hesabına ümumilikdə 18360,00 ABŞ dolları ödəniş edilmişdir. **********8144sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə statistik dəyərin dəqiqləşdirilməsi səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. "xxxx" MMC ilə dolayı təmsilçi "xxxx" MMC tərəfindən təsdiq edilmiş 26.10.2020-ci il tarixli **********9257 sorğu nömrəli gömrük bəyannaməsində tədarükçü “CFN KİMYA SANAYİ VE DİŞ TİCARER A.Ş” istehsal ölkəsi Türkiyə olmaqla ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (WG 150 A EPS Expandable polystyrene malının invoys dəyəri 21660,00, gömrük dəyəri 41072,00 manat, statistik dəyəri isə 24160,00 ABŞ dolları göstərilmişdir. CFN KİMYA 6097 nömrəli invoysda 22800,00 kq mallara görə 21660,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. 3444946 nömrəli 12.10.2020-ci il tarixli köçürmə orderindən görünür ki, "xxxx" MMC tərəfindən CFN KİMYA SANAYİ VE DİŞ TİCARET Şirkətinin bank hesabına 21660,00 ABŞ dolları ödəniş edilmişdir. **********9257 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə qrafa 43 gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün göstərilməyib, qrafa 44 nəqliyyat qaiməsinin nömrəsi və ya tarixi düzgün göstərilməyib səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına 06.07.2020-ci il tarixli **********8963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26.10.2020-ci il tarixli **********9257 saylı gömrük bəyannamələri təqdim edilmiş, 06.07.2020-ci il tarixli **********8963 saylı gömrük bəyannaməsinin 20-ci qrafasından görünür ki, iddiaçı malı EXW Gebze” şərti ilə Türkiyə Respublikasında təhvil almış və Azərbaycana idxal etmiş, 14.07.2020-ci il tarixli **********8144 saylı bəyannamənin 20-ci qrafasından görünür ki, “CİF Poti” şərti ilə təhvil almış və Azərbaycana idxal etmiş, 26.10.2020-ci il tarixli **********9257 saylı gömrük bəyannaməsinin 20-ci qrafasından görünür ki, iddiaçı malı EXW Gebze” şərti ilə Türkiyə Respublikasında təhvil almış və Azərbaycana idxal etmişdir. İddiaçı qeyd edilən 3 gömrük bəyannaməsinin rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edildiyini, gömrük orqanı tərəfindən bəyannamənin bəyannaməçiyə statistik dəyərinin dəqiqləşdirilməsi səbəbi ilə geri qaytarıldığını, Şirkətə məxsus malın gömrük nəzarətində saxlanılması ilə Şirkətə daha yüksək zərər vurulacağı səbəbindən, cavabdehin əsassız şərti ilə razılaşdığını və Gömrük bəyannamələrində gömrük dəyərini onlardan tələb edilən məbləğdə göstərməklə malı gömrük nəzarətindən çıxarmalı olduqlarını, lakin inzibati orqanın bu hərəkətlərinin qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək, inzibati orqanın qeyd edilən hərkətlərinin qanunsuz sayılmasını xahiş etmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, gömrük orqanı tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmaması müəyyən edilməlidir. Lakin bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın mahiyyəti: İddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilsə də, mahiyyət baxımından iddia əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır (11.1-ci maddə). Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır (11.2-ci maddə). Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır (11.3-cü maddə). Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur (11.4-cü maddə). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci maddəsinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. İş üzrə araşdırma zamanı məhkəmə sorğusuna cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş raportda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilən gömrük bəyannamələri ilə rəsmiləşdirilən malların gömrük dəyərinin müəyyən edilməsi zamanı digər xarici ticarət iştirakçılarının adına rəsmiləşdirilən gömrük bəyannamələrindən istifadə edilmişdir. Həmin gömrük bəyannamələrinin surətləri təqdim edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı Rerapier” MMC 06 iyul 2020-ci il tarixli **********8963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26 oktyabr 2020-ci il tarixli **********9257 saylı gömrük bəyannamələrini rəsmiləşdirmək üçün gömrük orqanına təqdim etmiş, gömrük orqanı tərəfindən bəyannamədə qeyd edilən məlumatların düzgünlüyü qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlanılmış, daha sonra bəyannaməçi tərəfindən gömrük bəyannamələrindəki məlumatlar dəqiqləşdirilərək, təsdiqləyərək gömrük orqanına təqdim etmiş, idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır. Belə ki, Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı hazırki halda bəyan edilərək tərəfindən təsdiq edilmiş gömrük bəyannamələri üzrə gömrük orqanı tərəfindən statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə bəyannamələrin qaytarılması hərəkətinin qanunsuzluğunu tələb edir ki, bu zaman da iddiaçının hüquqi marağı iki cür ola bilər: ya artıq ödənilmiş gömrük rüsumunun qaytarılması və ya gömrük bəyannamələrinə düzəliş edilməsi. Belə ki, əgər təsdiq edilmiş gömrük bəyannamələri üzrə gömrük orqanının hər hansı bir hərəkəti qanunsuz hesab ediləcəksə, bu avtomatik olaraq gömrük bəyannaməsinin özündə düzəliş edilməsi ilə nəticələnməlidir. Hazırki halda gömrük bəyannamələrində 45 və 46-cı qrafalarında düzəliş edilməsinə səbəb olacaqdır. Məhkəmə tərəfindən İPM 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir. Bundan əlavə, Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə istinad edərək Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. Beləliklə, Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, iddiaçı öz iradəsi ilə cavabdeh inzibati orqana təqdim etdiyi gömrük bəyannamələrində malın statistik dəyərinin yuxarı göstərilməsinə cavabdeh tərəfindən məcbur edildiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük Bəyannamələrinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1782/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1782/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver