Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1787/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı oğlunun, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi-X3, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndələri-X2 və X1 iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə qarşı “tikintiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması və tikintiyə icazə verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra mətndə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasının və tikintiyə icazə verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı oğlu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması öhdəliyinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin və tikintiyə icazə verilməsi öhdəliyinin isə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin (bundan sonra mətndə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasına dair müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmış və razılaşdırmadan 16.06.2020-ci il tarixli, 02/2282 saylı məktubla imtina olunmuşdur. Sənədlərdə olan xırda çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırılma ilə bağlı yenidən müraciət olunmuş, bu dəfə də sənədlərə baxılıb yoxlama aparılmadan eyni məzmunlu 26.08.2020-ci il tarixli, 02/3203 saylı imtina məktubu göndərilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 sentyabr 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair 25.11.2020-ci il tarixli etirazda göstərmişdir ki, iddiaçı iddiasında tikintiyə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Tikintiyə icazə verilməsinin cavabdehin üzərinə qoyulması qeyri-mümkündür. Belə ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Republikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Ərazi Tikinti- Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər (Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması, tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi, Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi, Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi, Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi) göstərilən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni Mərkəzin tikintiyə icazə vermək səlahiyyəti mövcud deyil. Bakı şəhərində tikintiyə icazə vermək səlahiyyəti Azərbaycan Republikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət etməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. İddiaçı oğlu məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi- X8, məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi-X9, iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması öhdəliyinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin üzərinə qoyulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən 01.10.2010-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 10L saylı sahədə yerləşən 0,0788 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğlunun adına 19.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 894 nömrəli reyestr kitabının 84718 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən Bakı Dövlət Layihə İnstitutuna ünvanlanmış 30.10.2019-cu il tarixli 149 №li məktubdan müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən İddiaçı oğluna məxsus anbar binasının layihələndirilməsinə şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən sifarişçi "xxxx" MMC-nin 5604 №li şifariş əsasında hazırlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 saylı sahədə layihələndiriləcək anbar binasının yerləşdiyi ərazinin şəhərsalma əsaslandırılmasına dair İzahat yazısından müəyyən olunur ki, şəhərsalma layihələndirilən ərazi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 L saylı sahədə yerləşir və 0,0788 hektar sahəni əhatə edir. Ərazinin kordinatları Beynəlxalq Koordinatları sisteminə (WGS-84, UTM-39) uyğun ArcGİS proqramı vasitəsilə təyin edilmişdir. "xxxx" MMC-nin 30 oktyabr 2019-cu il tarixli №: 149 saylı müraciət məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 L saylı sahədə layihələndiriləcək anbar binasının yerləşdiyi ərazinin şəhərsalma əsaslandırılmasının Baş planı həll olunarkən ərazinin mövcud xüsusiyyətləri nəzərə alınmışdır. Qeyd edilməlidir ki, Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planında şəhərsalma əsaslandırması layihələndirilən ərazi funksional istifadəsinə görə “Ticarət əraziləri” kateqoriyasına aiddir. Şəhərsalma əsaslandırılması layihələndirilən ərazi hazırda boş torpaq sahələrindən ibarətdir. Sifarişçinin istəyini nəzərə alaraq, ərazidə 1 ədəd 1 mərtəbəli anbar binası layihələndirilir. Binanın elektrik xətləri, su xəttlərinin qoşulması və kanalizasiya şəbəkəsinin çıxışları texniki şərtə uyğun yerinə yetirilməlidir. Layihələndirilən ərazidə qeyri-yaşayış binasının tikinti və xarici ölçüləri ilə ümumi sahəsi 464.3 kv. metr təşkil edir. Ərazinin tikinti əmsalı - 0,59 . tikinti sıxlığı əmsalı isə - 0.59 təşkil edir. Layihələndirilən ərazinin mühəndis hazırlığında qeyd olunur ki, Baş plan həcmində yerinə yetirilmiş relyefin təşkili planının sxemi şəhər ərazisinin mövcud relyefinə uyğun olaraq həll edilmişdir. Layihələndirilən ərazisinin relyef fərqi 0,55 m olmaqla ümumi şimaldan cənuba doğru yönəlmişdir. Yer səthinin səviyyə qiymətləri 18,45 m. ilə 17,90 m. arasında dəyişir. Şaquli planlaşdırma sxemi ərazidən səth sularını kənarlaşdırmaqla, küçə və yollarda buraxıla bilən mailliklər verilməklə nəqliyyat və piyadaların təhlükəsiz hərəkətinə şərait yaradır. Eyni zamanda mövcud ərazinin bir hissəsinin layihələndirilən tikintiyə hazırlanması, yeraltı mühəndis kommunikasiyalarının çəkilməsi üçün əlverişli relyef şəraitinin yaradılması relyefin təşkili planında həll edilmişdir. Relyef nəzərə alınmaqla küçə və yolların uzununa maillikləri 0,4-1,3 % qəbul olunmuşdur. Layihədə qəbul olunmuş eninə və uzununa mailliklər səth sularının kənarlaşdırılması və nəqliyyatın hərəkətinə əlverişli şərait yaradır. Layihələndirilən ərazinin əsas texniki-iqtisadi göstəriciləri; Şəhərsalma əsaslandırılması layihələndirilən ərazinin sahəsi 0,0788 hektar; bina və qurğuların tikinti sahəsi 464,3 kv. metr, yeni tikililər üzrə 464.3 kv. metr; bina və qurğuların ümumi sahəsi ( binaların xarici ölçüləri ilə) 464.3 (yeni tikililər üzrə 464.3 kv.m); yolların sahəsi 148,0 kv.m; səki və meydançaların sahəsi 175.7 kv. metr; ərazinin prespektiv tikinti əmsalı 0,59; ərazinin prespektiv tikinti sıxlığı əmsalı 0.59. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 16.06.2020-ci il tarixli 02/2282№li məktubundan müəyyən olunur ki, İddiaçı oğlunun ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 03.06.2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: -şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyyğun işlənməmişdir; - istinad planı topoqrafiq əsas üzərində işlənməmişdir; -ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; -şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətinlərdə səhvlərə yol verilmişdir; - sifarişçi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X5 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26.08.2020-ci il tarixli 02/3203 №li məktubundan müəyyən olunur ki, İddiaçı oğlunun ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 12.08.2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: -şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyyğun işlənməmişdir; - istinad planı topoqrafiq əsas üzərində işlənməmişdir; -ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; -şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətinlərdə səhvlərə yol verilmişdir; - sifarişçi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X5 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28.10.2020-ci il tarixli 09/08-PA/4-77-4817 №li məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında anbar binasının tikintisinə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması və xidmət haqqının məbləği barədə müraciətə dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat iinfrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulduğundan təklif olunan ərazi-planlaşdırılması sənədinin tətbiqini məqsəduyğun hesab etmirlər. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.01.2020-ci il tarixli 3 nömrəli Qərarına əsaən müəyyən olunur və yalnız bu sənəd əsasında sifaişçilər tərəfindən müvafiq ödənişlər həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı oğluna ünvanlanmış 27.11.2020-ci il tarixli ******* №li məktubda bildirilmişdir ki, Bakı şəhərinin baş planının bir nüsxəsinin və həmin planın təsdiqlənməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarının surətinin verilməsi barədə 09.11.2020-ci il tarixli ərizəyə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhərinin baş planının hazırlanması prosesində başlanılmış və həmin planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulmuşdur. Belə ki, sonuncu mərhələdə mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılşadırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planı təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaqdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı oğluna ünvanlanmış 24.12.2020-ci il tarixli 0215196a №li mətubunda göstərilmişdir ki, ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə 11.12.2020-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi-planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilmməsi nəzərdə tutulduğundan, təklif olunan ərazi-planlaşdırılması sənədinin tətbiqini məqsədəuyğun hesab etmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1163 nömrəli 07.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihə əsasında inşa olunmalı anbar binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyğun işlənmişdir. İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihəyə əlavə olunmuş istinad planı torpoqrafiq əsas üzərində işlənmişdir. İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihə ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi nəzərə alınmaqla işlənmiş və mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsi mövcud kommunikasiyalar və onların mühafizə zonalarına düşmür. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihəyə əlavə olunmuş cizgilərindəki mətnlərdə (ölçülərində) səhvlərə yol verilməmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının cavabdeh Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə müraciəti ilə bağlı sonuncunun imtinasında qeyd olunan əsasların iş materialları və ekspert rəyi ilə təkzib olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar 6 nömrəli qərarı ilə təsdiq olunmuş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilir və tərkibində aşağıdakılar göstərilir: 2.4.1. şəhərsalma əsaslandırılması işlənilən ərazinin sərhədləri; 2.4.2. şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri daxilindəki tikintilərin mövcud vəziyyəti və yerləşdirilməsi nəzərdə tutulan obyektlər; 2.4.3. istifadə olunan torpaqların təyinatı göstərilməklə sərhədləri; 2.4.4. mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı; 2.4.5. qırmızı xətlər; 2.4.6. yerləşdirilməsi nəzərdə tutulan obyektlərin tikinti əraziləri və tikinti sahələri; 2.4.7. tarixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri, onların əraziləri və mühafizə zonaları; 2.4.8. mövcud su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı xətləri; 2.4.9. estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubu. Qaydaların 2.5-ci bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılmasının tərkibi aşağıdakılardan ibarətdir: 2.5.1. şəhərsalma əsaslandırılmasının əsas göstəriciləri barədə qısa izahat; 2.5.2. topoqrafik planda ərazinin 1:500 miqyasında Baş planı; 2.5.3. torpaqdan istifadə növü (mövcud və layihələndirilən); 2.5.4. küçə və məhəllədaxili yolların açılışı. Qaydaların 2.6-cı bəndində göstərilmişdir ki, bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 2.6.1. tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda; 2.6.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda; 2.6.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə; 2.6.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda; 2.6.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda. Qaydaların 3.2-ci bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və tabeliyindəki dövlət qoruqlarının ərazisinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir. Qaydaların 3.3-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalır, bir nüsxə sifarişçiyə verilir, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan-Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, iddia cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin üzərinə İddiaçı oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək, yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin üzərinə İddiaçı oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası tikintiyə icazə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı oğlundan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin üzərinə İddiaçı oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə iddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı oğlundan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1787/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1787/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver