Məhkəmə qərarları › İş №2-1(112)-179/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-179/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-179/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə xx.xx.2019-cu il tarixinədək hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, prokurorluq işçilərinə xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq orqanlarında qulluq keçdiyi 1995-2000-ci illər ərzində (prokurorluq orqanlarında keçdiyi qulluğun ardıcıl gələn 60 ay ərzində) ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin xx.xx.2014-cü il tarixindən yenidən hesablanması və ödənilməmiş fərqin birdəflik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edimişdir. İddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericiliyə uyğun olaraq qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. Yaranmış pensiya hüququndan istifadə edərək 2014-cü ildən prokurorluq orqanlarında 25 il qulluq stajına görə pensiyaya çıxmışdır. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” 29 iyun 2001-ci il tarixli 167-İİQ saylı Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən “Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.” Həmin Qanunun 21.2-ci maddəsinə əsasən “Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir”. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.” Həmin Qanunun 21.4-cü maddəsinə əsasən Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə pul mükafatı həvəsləndirmə tədbiri tətbiq oluna bilər.” 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş, 7 fevral 2006-cı il tarixli, 54-İİİQ saylı “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən iddiaçıya verilən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ancaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya pensiya hesablayıb ödəyərkən 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən yenidən hesablamalar və ödəmələr həmin Qanunun normalarına əsasən aparılmamışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorkluq işçilərinə verilən pul ödənişləri bütün prokurorluq işçilərinə aid edilməklə hər il ödənildiyinə və daimi xarakter daşıdığına baxmayaraq eləcə də, ona verilmiş mükafatlar ididaçının əmək pensiyası hesablanıb ödənilərkən cavabdeh orqan tərəfindən nəzərə alınmamış, nəticədə iddiaçıya çatası pensiya məbləğində yaranmış fərq qədər maliyyə vəsaiti üzərində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının pozulmuş hüquqlarının bərpa olunması, yəni pensiyasının yenidən hesablanması və ödənilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin, cavabdeh orqan tərəfindən iddiaçının pensiya məbləğinə yenidən baxılması barədə müraciəti hərəkətsizlik nəticəsində təmin edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, iddiaçı 2006-2018-ci illərdə verilmiş maddi yardımlarla bağlı xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Lakin, iddiaçının özünün təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı qeyd edilən tarixlərdə Prokurorluq orqanında işləmədiyindən qeyd edilən arayış onun iddia tələbinin təsdiq edilməsi üçün sübut qismində qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin maddi yardımları prokurorluq orqanlarında xidmət zamanı almamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışdan göründüyü kim, iddiaçı 01 aprel 1995-ci il tarixdən 31 mart 2000-ci il tarixədək Azərbaycan Nəqliyyat Prokurorluğunda müxtəlif vəzifələrdə işləmiş, bu zaman ona aşağıda qeyd edilən mükafatlar və maddi yardımlar ödənilmiş, onlardan dövlət sosial sığorta ödənişləri edilmişdir: 1995-ci il noyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1996-cı il mart ayı 100 % vəzifə maaşı həmcində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1997-ci il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, noyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1998-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat; 1999-cu il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat, 2000-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafat. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı 1995-2000-ci illər ərzində hər il üçün 3 aylıq vəzifə maaşı məbləğinin 50 faizi miqdarında mükafat almışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi iddia tələblərinə aid olan addi yardım, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminati, ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti onun tərəfindən xidmət etdiyi illər ərzində alınmasını və həmin vəsaitdən dövlət sosial sığorta ödənişlərinin edilməsini təsdiq edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa ididaçı iddia ərizəsində iddiasını əsaslandırmaq məqsədi ilə bəzi qanunvericilik normalarına əsassız olaraq istinat etmişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.14 və 21.3-cü maddələrində nəzərdə tutulan əlavələr qulluq edən prokurorluq əməkdaşlarına şamil edilir və qeyd edilənlər Baş Prokurorun səlahiyyətindədir. Həmin Qanunun 21.4 və 20.8-ci maddələrinin məzmunundan görünür ki, həmin vəsait işləyən prokuruorkluq işçilərinə verilir. Həmin vəsaitin pensiyaya çıxan prokurorluq əməkdaşlarına verilməsi qeyd edilən qanunda nəzərdə tutulmamış və pensiyaçılara şamil edilə bilməz.Həmin Qanunun 20.9-cu maddəsinin mətnindən görünür ki, qanunverici tərəfindən həmin maddə tərtib edilərkən həmin maddənin birinci cümləsində, həm hal-hazırda fəaliyyət göstərən prokurorluq işçiləri, həm də pensiyaya çıxmış işçilərin və onların ailə üzvlərinə tibbi yardım göstərilməsi qeyd edilmişdir. Lakin, həmin maddənin ikinci cümləsində qeyd edilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti ancaq prokurorluq işçilərinəşamil edilməsi göstərilmiş, pensiyaya çıxmış əməkdaşlara şamil edilməsi qeyd edilməmişdir. Həmin Qanunun 23.1 və 23.1.2-ci maddələrindən də göründüyü kimi, həmin maddədə qeyd edilən pul mükafatı fəaliyyət göstərən prokurorluq əməkdaşlarına verilir, onların pensiyaya çıxmış prokurorluq əməkdaşlarına verilməsi nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərinmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Lerik rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ВТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, o, xx.xx.1981-ci il tarixdə prokurorluq orqanlarında işə başlamış, xx.xx.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə “Çörək Nəqliyyat” ATSC-yə hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci il tarixdən 19 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17/360 nömrəli arayışdan görünür ki, X2 həqiqətən 01 aprel 1995-ci ildən 02 may 1995-ci il tarixə kimi Azərbaycan Nəqliyyat prokurorluğunun şöbə rəisi, 02 may 1995-ci ildən 01 iyul 1995-ci ilə kimi Bakı Aviasiya prokuroru, 01 iyul 1995-ci ildən 31 mart 2000-ci il tarixə kimi Aviasiya Nəqliyyat prokuroru vəzifələrində işləmiş, ədliyyə müşaviri rütbəsindədir, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardımlar almışdır: 1995-ci il noyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1996-cı il mart ayı 100 % vəzifə maaşı həmcində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1997-ci il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, aprel ayı 50 % vəzifə maaşı həcmində, noyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1998-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat; 1999-cu il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat, 2000-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafafat. Yuxarıda göstərilən bütün ödənişlərdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. İşdə olan vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17/459 nömrəli arayışdan görünür ki, prokurorluq işçilərinə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ildə 3 dəfə (mart, sentyabr, dekabr aylarında) 100 % əmək haqqı həcmində maddi yardım verilmişdir. İşdə olan ərizədən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia, iddiaçının 1995-2000ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin xx.xx.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, digər hissələrdə, yəni, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, prokurorluq işçilərinə hər il onların əmək haqqının üçqat həcmində verilən maddi yardım və hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının pensiya təyin edilməsi zamanı nəzərə alınması hissəsində isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş prokurorunu müavini tərəfindnən verilmiş xx.xx.2019-cu il tarixli, 17/360 nömrəli arayışdan müəyyən edilmişdir ki, iddiaçı 1995-2000-ci il tarixlərdə 12.5 qat vəzifə maaşı həcmində mükafatlar almışdır və həmin mükafatlardan məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin mükafatlar onun pensiyası hesablanması zamanı nəzərə alınmalı və xx.xx.2014-cü il tarixdən pensiyası yenidən hesablanaraq, ödənilməmiş fərq məbləği birdəfəlik ödənilməlidir. Məhkəmə iddiaçının pensiya hüququnun 01 iyul 2017-ci il tarixədək yarandığını nəzərə alaraq hesab edir ki, keçmiş müddət üçün ödəmə ilə bağlı 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsi tətbiq olunmalıdır və həmin Maddəyə əsasən Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə eləcə də, iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı aşağıdakı əlavələrin pensiyasının yenidən hesablanması üçün nəzərə alınmasını xahiş etmişdir: müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, prokurorluq işçilərinə hər il onların əmək haqqının üçqat həcmində verilən maddi yardım və hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı. Bu vəsaitlərin verilməsi 29 iyun 2001-ci il tarixindək qəbul edilmiş və 19 iyul 2001-ci il tarixindən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda aşağıdakı kimi tənzimlənmişdir: -20.8-ci maddəyə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; -20.9-cu maddəyə görə, ... prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; -21.4-cü maddəyə müvafiq olaraq, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları ilə bağlı müavinət və maddi yardım aiddir. Göstərilmiş məbləğlərin pensiyanın hesablanması zamanı nəzərə alınmasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında" qanun iddiaçıya pensiya təyin edilən 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında aşağıdakılar nəzərdə tutulmuşdur: - 9.4-cu maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: 20.1.5. prokurorluq işçiləri; - 20.8-ci maddəsinə əsasən: bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qeyd edilmiş qanunvericiliyin tələblərindən göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq ştajına görə əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrin məbləği isə əmək haqqının məbləğindən aslıdır və onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının prokrurorluq orqanlarında işlədiyi dövrlər 19 iyul 2001-ci il tarixindən qüvvəyə minmiş ― “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun qəbul edilməsindən əvvələ aid olduğu üçün məhz 19 iyul 2001-ci il tarixli qanunda qeyd edilmiş əlavələr hazırki iş üzrə iddiaçının pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə görə, sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Göründüyü kimi, sadalanan normaların tələbinə müvafiq olaraq, əmək pensiyasının hesablanması zamanı şəxsin əmək pensiyasının təyin edilməsindən əvvəlki dövrdə aldığı əmək haqqı və digər gəlirləri diqqətə alınmalıdır. İş materiallarından aydın olur ki, iddiaçının əmək pensiyasının hesablanmasında diqqətə alınmalı olduğunu iddia etdiyi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almamışdır. Bu, obyektiv olaraq da mümkün deyildi, çünki iddiaçı adı çəkilən qanunun qüvvəyə minməsindən əvvəl vəzifəsindən azad edilmişdir. Məhkəmə, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun geriyə şamil edilməklə iddiaçıya münasibətdə tətbiq edilməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ―... pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır”. Göründüyü kimi, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”Qanunun qüvvəsinin geriyə şamil edilməsi üçün hər hansı əsas yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında”Qanunun tələbinə əməl edilmiş, yəni əmək pensiyasının miqdarı ona əmək pensiyasının təyin edilməsindən əvvəlki dövrdə aldığı əmək haqqı və digər gəlirləri diqqətə alınmaqla müəyyən edilmişdir. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9- 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından adı çəkilən qanunun qüvvəsinin geriyə şamil edilməsi və qazanmadığı hüququn ona verilməsi qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən, bu hal, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə də zidd olar. Belə ki, həmin maddəyə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Başqa sözlə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”Qanunun qüvvəyə minməsindən sonra müvafiq əlavələri almış şəxslərlə bu əlavələri almamış (konkret halda, iddiaçının) şəxslərin eyniləşdirilməsi ədalətsiz nəticə doğura bilər ki, bu da, adı çəkilən maddənin İ hissəsinə uyğun olmaz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 1995-2000-ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin xx.xx.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar